BİR ANLAM VAR - HÜQUQ
"Ədalət"in şənbə
sayının iki səhifəsini ədalətdən
danışmağa həsr edirik. Yeni layihədi. Uzun müddət
davam etməsinə çalışacağıq. Ədalətin
qalib gəlməsi hər kəsin arzusu olsa da, az hallarda
reallaşır. Ədalət hər gün bir az da yoxa
çıxır. Onu düşüncəmizdə
yaratdıq, dilimizə gətirdik, nəhayət əməlimizə
çatanda büdrədik. Bəlkə geriyə qayıdaq:
daha dəqiq düşünək,
düşündüyümüzü təhrif etmədən
çatdıraq. Belədə ədalətin qalib olma
ehtimalı artar.
Uzun və incə olmayan yola
çıxırıq. Ədalətin hüquqa söykəndiyini
bildiyimizdən ilk olaraq Milli Məclisin Hüquq Siyasəti və
Dövlət Quruculuğu Komitəsinin sədri Əli
Hüseynlini yanımızda görmək istədik. Çox
sağolsun, onunla xeyli irəlilədik.
Növbəti şənbə yol
yoldaşımız Milli Məclisin İnsan Hüquqları
Komitəsinin sədri Rəbiyyət Aslanovadı.
-Siyasətini dəstəklədiyiniz
zümrədə tənqidlərə məruz qalan xeyli sayda
şəxs var. Onların arasında adınız demək olar
ki, çəkilmir. Əli Hüseynlinin fəaliyyətindən
narazılıq edənlərə rast gəlmirik...
- Sizdə müfəssəl məlumat
yoxdur. Bir neçə gün əvvəl poçta daxil
olmuş ərizə və şikayətlərdə
ünvanıma çoxlu tənqidi fikirlərin yer
aldığını gördüm.
- Poçtunuzdan xəbərimiz
yoxdur, biz ümumi yanaşmadan, jurnalistlərin münasibətindən
danışırıq...
- İcra və yaxud da məhkəmə
hakimiyyətində təmsil olunsaydım, daha çox tənqidə
məruz qalardım. Qanunverici fəaliyyətin insanlarla
birbaşa təması yoxdur. Ümumi qanunvericiliyin ruhu və
standartları çox yaxşıdır.
- Bəs niyə deputat həmkarlarınızdan,
məsələn, Siyavuş Novruzov tez-tez tənqid atəşinə
tutulur?
- Siyavuş Novruzovu sadəcə
yaxşı tanımırlar. Siyavuş Novruzov parlamentdə
hakim partiyanın o nümayəndəsidir ki, digərlərindən
fərqli olaraq deklorativ çıxışlar etmir.
İnsanlarımızın sosial-iqtisadi hüquqları ilə
bağlı ən qətiyyətli fikirləri söyləyən
insanlardan biri Siyavuş Novruzovdur.
Biz məsələlərə ənənəvi
yanaşırıq. Parlament cəmiyyətin
güzgüsüdür. Zövqü oxşamayan
çıxışların varlığı, opponentlərimizə
ünvanlanan tənqidlər cəmiyyətin simasını
göstərir. İstənilən parlamentdən, istənilən
siyasi fəaliyyətdən insanlar narazı olacaq. Zövqü
korlayan çıxışlar başqa ölkələrin
parlamentlərində də var. Gəlin buna həssas
yanaşmayaq. Əsas odur ki, parlamentin fəaliyyəti var, o
açıqdır, yaxşı ki, onu görürlər və
hətta bəyənmirlər də.
- "Ədalət"
sözünə münasibətiniz necədir,
uşaqlıqdan bu ifadəni necə qavramısız, onu
görmüsüzmü?
- Hamımızı yaradan
Allahdır. Məncə tərəzi bürcü altında
dünyaya gəlməyim daxili ədalət hissimin daha
çox inkişafına səbəb olub. Bu xüsusiyyətim
həm şəxsi, həm cəmiyyət, həm də siyasi
həyatda üstünlük yaradıb. İndi mənim
üçün ədalət qanunun aliliyidir, ona nail olmaq
lazımdır. Hansısa istək, emosiya, şəxsi fikir əsas
deyil, ancaq qanun var və qanunun aliliyi birmənalıdır.
- Qanunlar ürəyə işləmirsə,
işlək deyilsə?..
- Deməli, qanunun aliliyi təmin olunmur. Bizim qanunvericilik
sistemi ilə bağlı hesabatlar mövcuddur. Həmin
hesabatlarda açıq göstərilir ki, qanunvericiliyimiz əsas
etibarilə, beynəlxalq təşkilatların tövsiyyələrinə,
Avropa standartlarına uyğundur.
- Avropa standartı ilə azərbaycanlı
həyatı arasında fərq var axı...
- Başqa seçimimiz yoxdur. Biz
hüquqi dövlət quruculuğunda Şərq modelini deyil,
Qərb modelini qəbul etmişik. Ona görə də
qurduğumuz dövlət Avropa standartlarına uyğun gəlməlidir.
Azərbaycan prezidentinin bu istiqamətlə bağlı siyasi bəyanatları
var. Dünyada bir çox dövlət idarəçiliyi
modelləri olsa da, Avropa İttifaqına üzv olan ölkələrin
modelləri ən yaxşı nümunədir. Ola bilsin
reallıqlarımızda fərq var, amma ən real yolu
seçmişik.
- Avropa standartlarına uyğun qəbul
olunan qanunlar həyata keçəndə həmin kriteriyalara
cavab vermir. Bunun səbəblərini harada axtarmaq
lazımdır?
- Sizinlə razıyam. Səbəblər
çox ciddidir, böyük elmi araşdırmaların
mövzusudur. Elə məsələlər var ki, cəmiyyət
ona heç zaman uyğunlaşmayacaq. 1998-ci ildə prezident
Heydər Əliyevin təşəbbüsü ilə
ölüm cəzası ləğv olundu. O zaman da, indi də
bəziləri ölüm cəzasının ləğvini qəbul
etmir. Yaşamaq hüququ fundamental, təbii, Allah tərəfindən
insana verilmiş hüquqdur, onu heç kim insanın əlindən
ala bilməz. Bu mütərəqqi, sivil dünyanın gəldiyi
bir nəticədir. Nə yaxşı ki, biz də ona gəlib
çıxa bildik.
- Amma Amerikada ölüm cəzası
ləğv olunmayıb...
- Bəli, ona görə də
Amerika həmişə tənqid olunur. Siyasi baxımdan şəxsən
mənim üçün ölüm cəzasının ləğvi
çox vacib bir faktordur. Çox təəssüf ki, 1992-ci
ilin yanvar və fevralında ölüm cəzası icra
olunub. Azərbaycanda insanlar var ki, Əbülfəz Elçibəyin
siyasi baxışlarını bölüşür, yazar,
mütəfəkkir kimi ona hörmətlə yanaşır.
Necə ola bilər ki, SSRİ vaxtında o dövrün sistemi
ilə bağlı fərqli bəyanatlar vermiş və hətta
müəyyən dövrdə dissident olan insan əfv
müraciətindən imtina edir, ölüm cəzası
mexanizmi işə düşür? Bu, paradoksal vəziyyətdi.
- Həmin hadisə bir
çoxlarının yadındadır, qatillərin hansı əməllər
törətdiyini bilənlər az deyil...
- Biz predmeti müzakirə etmirik.
Stalinin repressiyaları dövründə də qurbanların
qatil olduğuna ictimaiyyəti inandırırdılar. Biz cinayət
qanunvericiliyində cəmiyyətimizin qəbul etmədiyi bir
sıra dəyişiklik həyata keçirmişik. Evlənmək
məqsədilə qızın qaçırılması adam
oğurluğu kimi qəbul olunur.
- Koroğlu da Nigarı
qaçırtmışdı, indi ona heykəl qoydular.
- Qız qaçırma heç də
mentalitetdən irəli gəlmir, xalqa mənsub olmayan yad
ictimai fikirdir. Xalqın mentalitetində, tarixi dəyərlərində,
ilk yazılı mənbəmiz olan "Kitabi- Dədə
Qorqud"da belə düşüncəyə rast gəlmirik.
Təbliğ olunan dəyərlərdə evlənmək, ailə
səadətinə çatmaq kimi yüksək fikirlər var.
Zamanında Şimali Qafqaz xalqlarında milli geyim formasında
soyuq silah-xəncər gəzdirmək icazəsi vardı.
Bu gün isə heç kim xəncər
gəzdirmir, Kalaşnikov avtomatı gəzdirirlər. Bu, sovet
dönəmində milli mənəvi dəyərlərə
yad, başqa məqsədli yanaşma idi, acı nəticələrini
də gördük.
- Müstəqilliyinin 20 ili tamam
olan Azərbaycan vətəndaşları hüquqi dövlət
anlayışını nə dərəcədə mənimsəyə
bilib? Cəmiyyətdə qanunlara hörmətlə
yanaşmanı necə yaratmaq olar?
- Ədalət və qanunun aliliyi paraleldir. Formal
hüquqi nöqteyi-nəzərdən biz hüquqi dövlətin
bütün atributlarını yaratmışıq. Bir
çox nəticələr əldə etsək də, qanunun
aliliyinə tam nail ola bilməmişik. İnkişaf təkcə
iqtisadi göstəricilərdən asılı deyil, həm də
qanunun aliliyi təmin olunmalıdı. Yüksək inkişaf
iqtisadi, siyasi, elmi potensialın vəhdətindədir. Əlbəttə
buna nail olmaq mümkündür, çünki insan
potensialı və maliyyə ressursları var. İndiki
inkişaf mərhələsində problemi duyuruq və cəmiyyətimizi
narahat edən əsas faktor da budur. Hansısa
davranışlarında məhdudiyyətlər olsa belə,
insanlar qanunun aliliyinin təmin olunmasını istəyirlər.
İnsanlar istəyirlər ki, qanunun aliliyi bütün təbəqələr
üçün bərabər olsun. Niyə biz vətəndaşların
yeraltı keçidlərdən istifadəsini, bütün
sürücülərin təhlükəsizlik kəməri
taxmasını, yaxud lazım olan onlarla belə qaydaları tətbiq
edə bilmirik? Ona görə ki, insanlar fərqli
davranışlar görürlər. Məsələn,
sürücülər görür ki, Dövlət Yol Polisi əməkdaşları
təhlükəsizlik kəməri taxmır. Əslində
insanların bunu başqalarından gözləməyə
haqları da var. Dövlət, hakimiyyət orqanlarının
nümayəndələri bu məsələlərdə
nümunə göstərməlidir.
- Bunun üçün uzun illər
lazımdır, yoxsa tez bir zamanda reallaşması
üçün müəyyən proqrama ehtiyac var?
- "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası mövcuddur. Eyni
zamanda, insan hüquqlarının səmərəli
qorunması haqqında artıq bir dövlət proqramı da qəbul
olunub. Bunların deklorativ deyil, real icrasını təmin edə
bilsək, o zaman arzuolunan ciddi dəyişiklik əldə edərik.
Əks təqdirdə istəklərimizlə mövcud
reallıqlar arasında ziddiyyət yarana bilər. Buna yol verməməliyik.
Çox ciddi əhəmiyyətli qərarlarımız olsa
da, həmin çağırışlara, proqramlara adekvat
çevikliklə cavab verə bilmirik.
- Problem nədədir, bəlkə 20 il azdır
- Səmərəli idarəetməyə, peşəkar vərdişlərə yiyələnmək vacibdir. 20 il ərzində biz özümüz-özümüzlə qalmışıq. Əvvəla cəmiyyətimizdə yeni bir model yoxdur, bütün modelləri özümüz fikirləşirik. Əgər istədiyimiz nəticəyə
nail olmasaq, onda təəssüf etməli olacağıq ki,
bizim potensialımız bu qədərdir. Son 7-8 ildə
hansısa layihələrin nəticələrini
müşahidə edirik. Ondan əvvəlki illərdə isə
dövlət quruculuğunun əsaslarını qurmuşuq.
Neft və başqa sahədəki gəlirlər isə 2004-dən
sonrakı illərə təsadüf edir.
- Ekspertlər hesab edirlər ki, istədiyimiz
cəmiyyəti qurmaq üçün peşəkar mütəxəssislər
olmalıdır. Bizdə mütəxəssis
çatışmazlığı daha çox təhsilin səviyyəsi
ilə əlaqələndirilir. Konkret Sizin təmsil
olunduğunuz sahədə dünya sisteminə inteqrasiya
baxımından yeni mütəxəssislər yetişir?
- Konkret olaraq hüquq sistemində
yetişmir. Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin bununla bağlı dedikləri müxtəlif cür
yozuldu. Amma Ramiz müəllim haqlı idi. İdeyası, fikri
ondan ibarət idi ki, Azərbaycan təhsil sistemində
hüquq fakültəsini bitirən elə kadr yoxdur ki, ona idarəetməni
tapşırasan. Prezident Administrasiyasının şöbələrində
peşəkar hüquqşünaslar çalışır,
amma onların əksəriyyəti Avropada, Qərbdə kurslar
keçib. Sorbon, Strasburq, Harvard universitetlərini bitirib
şöbələrdə işləyən gənc, olduqca
peşəkar hüquqşünaslar var. Bizim komitənin əməkdaşlarından
biri də Harvardı bitirib. Səmərəli idarəetmənin
bir neçə üsulundan istifadə olunur. Əgər
ölkənin özünün potensialı çatmırsa,
onda bir sıra ölkələrdən xüsusi mütəxəssislər
dəvət olunur və onlar bu vəzifələri icra edir. Əbu-Dabi,
Dubay, Malayziya, Sinqapurda bugünkü mükəmməl idarəetmə
cəlb olunan mütəxəssilər sayəsində baş
verib. Növbəti mərhələdə isə Avropa ölkələrinə
öz mütəxəssislərini yetişdirmək məqsədilə
göndəriblər. İndi həmin mütəxəssislər
öz ölkələrini idarə edirlər. Biz isə
sırf bu üslubu seçməmişik, öz mütəxəssislərimizin
bu işi başlamasına çalışmışıq. Ən
mütərəqqi təcrübəni və ən mütərəqqi
idarəetməni Azərbaycana gətirmək əsas məqsəddir.
Hələ ki, bu modeldən istifadə edə bilməmişik.
Uzaqbaşı kimsə gedib hardasa təhsil alır və ən
yaxşı halda da qayıdıb gəlir, nəsə tətbiq
edir.
- Siz də sovet təhsil sisteminə
skeptik yanaşırsınız?
- Hətta SSRİ vaxtında da təhsil
mühiti baxımından Moskva, Ukrayna kimi ölkələr Azərbaycandan
üstünlüyü ilə fərqlənirdi. Amma mexanizm
olaraq eyni mahiyyəti daşıyırdıq. Nəyisə əzbərləyib,
onu müəllimə danışmalısan, düşünmək
qabiliyyətin olmamalıdır. İndiki vərdişlərimiz
isə daha çox Avropa strukturlarındakı fəaliyyətimizdən
yaranıb və demək olar ki, bizim üçün yeni bir
universitetdir. İndiki vəziyyətdə təhsil, onun
hazırlayacağı kadrlar, vərdişlər
düşünmə imkanı verməyən, əzbərçi
sovet təhsil sistemindən də bərbad vəziyyətdədir.
Təhsil olmazın formada rüşvət və korrupsiyaya
uğrayıb. Ona görə də yaxın illərdə
effektiv nəticə olacağını düşünmürəm.
Tam məsuliyyətimlə deyə bilərəm ki, biz
hüquq sistemində qanunvericiliyi, təcrübəni sırf
Qərb, Avropa modeli ilə Azərbaycana gətirmişik. Amma təhsildə
o model hələ bura gəlməyib, gəlibsə də
yarımçıqdır.
- Adı var, amma özündən əsər-əlamət
yoxdur...
- Bəli. Çoxlu misallar çəkə
bilərəm. Ortada hansısa bir strategiya da yoxdur. Təhsil elə
bir sahədir ki, orada bu gün işə başlayarsan, amma nəticəsini
on ildən sonra görə bilərsən. Bizə peşəkar,
idarəetmədə səmərəli vərdişlərin
yaranması üçün düşünən,
araşdıran, çıxış yolu tapa bilən kadr
lazımdır. Hələliksə bütün neqativləri
bir kənara qoyuram. Hesab edək ki, yaxşı təhsil
ocaqları var, rüşvət yoxdur, amma bu təhsil sistemindən
yenə də peşəkar kadr çıxa bilməz.
- Dövlət xətti ilə
xaricdə təhsil almağa göndərilən tələbələrin
də kifayət qədər problemləri ortaya
çıxır...
- Bununla bağlı
sualınıza cavabı həmin sahəyə cavabdeh olanlardan
alın. Soruşun ki, niyə onların övladları, nəvələri
rus bölməsində təhsil alır? Niyə onlar öz
övladlarını, nəvələrini Avropaya oxumağa
göndərirlər? Mənim kənardan baxışım
ondan ibarətdir ki, bu, təsadüfi deyil, vəziyyət belə
tələb edir. Azərbaycan iqtisadi baxımdan sürətli
inkişaf mərhələsindədir, vətəndaşla
dövlət orqanları, o cümlədən, insanların
özləri arasında çoxlu mübahisələr
yaranır. İşlər çoxalıb, hakimlərin
işləri artıb. Biz sistemli korrupsiyaya son qoymuşuq, amma
hakimlərin ayrı-ayrı hallarda qeyri-qanuni maraqlarına, bəzən
rüşvət almalarına son qoya bilməmişik. Bunun da səbəbləri
var və əsas etibarilə maddi təminatla
bağlıdır. Hər hansı beynəlxalq ekspert Azərbaycanın
hüquq sistemini analiz etsə, böyük dəyişikliklərin
şahidi olar. Hesabatlar var və orada Azərbaycanın digər
postsovet ölkələrinin hüquq sistemləri
üçün nümunə ola biləcəyi qeyd olunur. Bu
etimad var deyə, Dünya Bankı məhkəmə sistemində
problemin olmasına baxmayaraq, külli miqdarda vəsait
ayırıb. Müqayisə aparmaq istəmirəm, amma
heç bir mütəxəssis sübut edə bilməz ki,
onlar təhsil sahəsində dünyada sınaqdan
keçmiş bir sistemi Azərbaycana gətiriblər.
-Təhsil sistemində
korrupsiyanın qarşısını necə almaq olar?
- Yalnız fundamental islahatlar həyata
keçirilərsə, oradakı korrupsiyanın əhəmiyyəti
qalmayacaq. Azərbaycanda 12 illik təhsil sistemini müzakirəyə
çıxarıblar. Hamıya elə gəlir ki, 12 il həm
də 1 il artıq oxumaq deməkdir. Bu cür təhsil sistemində
istər 5, istərsə də 15 il oxumağın heç bir
faydası yoxdur. Ona görə də ümumiyyətlə, Azərbaycanda
istənilən bir sahədə neqativ problemin həlli yolu
struktur institusional islahatlardan keçir. Dünya başqa model
bilmir və yeni kəşfə də ehtiyac yoxdur. Təxminən
dünya 50 ildir bu işlə məşğuldur.
- Bizdə insanlar islahatın
"I"-sindən də qorxurlar. İslahatlara getməyin
ağır nəticələri də tarixdən bəllidir...
- Ziddiyyətlərin daha çox nədə
yarandığını korrupsiyaya qarşı mübarizə
siyasətində gördük. Əlbəttə ki, gəlirlərin
bu qədər yüksək olmasının müsbət cəhətləri
də var. Sosial layihələrin icrası, məktəblərin,
xəstəxanaların tikilməsi yaxşı haldır. Amma
təəssüflər olsun bütün islahat ideyaları ilk
növbədə prezidentdən gəlir və o, ölkənin
inkişafı ilə bağlı hansısa mesajlar, bəyanatlar
verir. Növbəti təbəqələrdə - hökumət
üzvlərindən istədiyimiz islahat təklifləri
görmürük. Çünki islahat qeyri-qanuni gəlirdən
imtina etməkdir, mövcud rahat şəraiti
sındırmaqdır.
- Media nümayəndələri,
QHT təmsilçiləri zaman-zaman islahat təklifləri
verir. Bu təkliflərin qəbulundan isə xəbər
çıxmır...
- Hüquq sahəsində fərqli
fikir, tənqidə fərqli yanaşma var və hüquq
müdafiəçiləri, QHT-lərlə çox
yaxşı bir əlaqə mövcuddur. Azərbaycanın
hüquq sistemi əməkdaşlıq, problemlərin
açıq müzakirəsi baxımından həm də
yaxşı nümunədir. Hətta qəbul etmədiyimiz
problemlər, məsələn siyasi məhbuslarla bağlı
fikirlər var ki, biz onu neçə illərdir hüquq
müdafiəçiləri ilə birgə işçi
qrupunda müzakirə edirik.
- Belə deyirlər, hər
hansı qurumun başında olan adamın şəxsiyyət
kimi şarmı da olmalıdır. Bu fikirlə razısız?
- Avropanın heç bir ölkəsində
dövlət məmurlarını, parlament üzvlərini, vəzifəli
şəxsləri kimsə tanımır. Onlar tez-tez dəyişirlər
və sonra heç kim bunun fərqində olmur. Ola bilsin həmin
şəxslər işlədikləri dövrdə
tanınırlar. Təxminən 20 il sonra yeni nəsil gələndə
bizdə də Avropadakı kimi yanaşma olacaq. Hətta indiki
gəncllik üçün siyasi personlar o qədər
maraqlı deyil. İndiki gənclik bizim gəncliyimizdən
daha bacarıqlı, daha ağıllı, daha dünyəvidir.
Şarma və cəmiyyətin münasibətinə gəldikdə,
hesab edirəm ki, ümumiyyətlə vəzifəli şəxslər
insanlar üçün o qədər maraqlı deyil.
Yaxşı ki, belədir. Çox sevinirəm ki, mətbuat
vaxtı ilə üzünü siyasi personlara tutsa da, indi daha
çox şou-biznesə yönəlib. Bu, bizi bir az xilas edir.
- Amerika cəmiyyəti istəyir
ki, onların prezidentləri gözəgəlimli olsun...
- Amerika cəmiyyəti ilə
yaxından tanış deyiləm. Mənim üçün
Amerika sadəcə olaraq keçmiş SSRİ-nin reklamlı
bir modelidir.
- Gənclikdən razılıq
edirsiz. Onların əməyindən, düşüncəsindən
isə cəmiyyətin inkişafında ya az istifadə olunur,
ya da heç olunmur.
- Parlamentə yaş senzi ilə
bağlı prezident tərəfindən layihə daxil
olmuşdu. O qanunun tələbi tamamilə qəbul
olunmadı. Sonradan biz məlumatlar əldə etdik ki, ucqar
rayonlarda yaş məhdudiyyəti tətbiq olunarsa, orda
heç müəllim qalmaz. Biz məsələyə birtərəfli
yanaşırdıq və hesab edirdik ki, yeni nəsil gəlməlidir.
Amma gördük ki, bir sıra yerlərdə köhnə nəsli
əvəz edən yoxdur. Hüquq sistemində isə bu qanun tətbiq
edildi. 65 yaş senzini həyata keçirdik. Biz yüksək
pensiya təminatını da yaratdıq. Yaş gəlib
çatanda o insanlar özləri rahat şəraitdə
pensiyaya getməkdə maraqlı olacaqlar.
- Korrupsiyaya qarşı mübarizə
Azərbaycanda nə səviyyədədir?
- Sürətli inkişaf,
böyük maliyyə gəlirləri var və belə bir
şəraitdə korrupsiyaya qarşı mübarizədə
daha çox effekt verə bilən institusional islahatlar, şəffaflığın
artırılması, daha səmərəli idarəetmə
modellərinin tətbiqi, vətəndaşla məmurların
təmaslarının minimuma endirilməsi zəruridir. Çoxlu
iş görmüşük, elə sahələr var ki, nəticəsi
əldə olunub. Məsələn, Dövlət Miqrasiya Xidmətindən
bir dəfə də olsun korrupsiya faktı, rüşvət
alınması barədə hər hansı informasiya
almadıq. Dövlət Qulluğuna qəbulla bağlı da
yaxşı nəticə əldə etmişik. Düzdür
bəzi hallarda narazı qalınır ki, seçim mərhələsində
subyektiv yanaşma olur, amma bunlar boş söhbətlərdir.
10 il bundan əvvəllə müqayisə etsək, müsbət
nəticələr çoxdur, amma problemlər də kifayət
qədərdir, demək olar hər gün yaranır. Görmədiyimiz,
bilmədiyimiz, əvvəllər
qarşılaşmadığımız problemlər ortaya
çıxır. Baş verən dəyişikliklər,
sürətli inkişaf və onların yaratdığı
problemlərin aradan qaldırılmasına eyni sürətlə
adekvat reaksiya göstərə bilmirik.
- Hüquqi maarifləndirmənin
lazımi səviyyədə olmamasının burada payı
varmı?
- Məncə bu, bəhanədir.
Elə sahə var ki, istək rəsmi bəyan edilib,
reallıqda həyata keçmir. Korrupsiyaya qarşı bir
komissiyanın mübarizəsi ilə bütün işlərin
düzəlməsi mümkün deyil. Gərək
bütün strukturlar özləri ilə bağlı olan
işlərdə islahatları davam etdirib, düzəlişlərə
nail olsunlar. Zamanında
pensiyaların alınması da problem idi, amma elə ki, kart
sisteminə keçildi problem aradan qaldırıldı.
- Niyə korrupsiya faktları
aşkara çıxanda daha çox aşağılar cəzalanır?
- Axı yuxarıdakılara
sübut etmək mümkün olmur. Rüşvət cinayəti
alınma anında protokollaşdırılmalıdır. Ona
görə də biz görüşlərdə
aşağı təbəqəli məmurlara deyirik ki, sonra
sizi heç kim qorumayacaq. Dövlət orqanlarının
müvafiq sahələri bilməlidirlər ki, korrupsiyaya
qarşı komissiya harada yaxşı nəticə yoxdur onu
yaxşı bilir. Kimsə düşünürsə ki, biz
deklorativ bir bəyanatla ötüşəcəyik, bu, belə
olmayacaq. Nəticə olmayan yerlərdə də buna nail
olacağıq. Biz orda yaxşı nəticələr əldə
edirik ki, əlaqədar təşkilatlar özləri bunu istəyir.
Bütün Qərb ölkələri və bəzi Şərq
ölkələri də o zaman korrupsiya xəstəliyinə
qalib gəliblər ki, dövlət orqanındakı təminatla,
müvafiq özəl strukturlardakı təminat eyniləşib.
Bu, peşəkarların dövlət orqanlarında
qalmasına imkan verir. Bizdə isə özəl sektora
axın daha çoxdur. Yaxşı maddi təminat müəyyən
mənada vicdanlı davranışın əsaslarından
biridir. Normal maddi təminat olmasa, işdə müstəqillik
mümkün deyil.
- Bir az da özünüzdən
danışın. Orta məktəbi harda oxumusuz, ali təhsili
harda almısız?..
- Bakıda 135 saylı məktəbdə
Azərbaycan bölməsində təhsil almışam. Ali məktəbi
isə Tverdə bitirmişəm. Təhsilimi başa vurduqdan
sonra 1991-ci ildə Azərbaycana qayıdıb Ali Məhkəmədə
iclas katibi işləmişəm. 1993-94-cü illərdə
siyasi baxımdan artıq mənim seçimim vardı.
Baxmayaraq ki, o zamankı hakimiyyətin dövründə
hüquq sistemində çalışırdım, amma mənim
üçün qəbul olunan vəziyyət deyildi. Əslində
isə əmək fəaliyyətinə bir qədər tez
başlamışam. İlk dəfə qəbul imtahanı verəndə
kəsilmişdim və ona görə də tələb olunan
müəyyən mərhələni keçməliydim. I
kursu bitirdikdən sonra ordu xidmətində oldum.
- Heydər Əliyevin
qayıdışını gözləyirdiz?
- Biz gözləmirdik, buna
hazırlaşırdıq. Bu, elə-belə baş vermir, səbəbləri
var. 1990-cı il 19-dan 20-ə keçən gecə Rusiyadan
Bakıya uçuş dayandı. Tətil dövrümüz məhz
həmin vaxta təsadüf edirdi. O gecə Heydər Əliyev
Moskvada Azərbaycan nümayəndəliyində olmuşdu. Elə
əvvəllər də Rusiyada təhsil alan tələbələrlə
çox sıx əlaqə yaradırdı. Təsadüfi
deyil ki, Rusiyada təhsil alan tələbələrin əksəriyyəti
sonda vətəndə siyasətlə məşğul oldu.
1993-cü ildən sonra Ali Məhkəmə
sədrinin köməkçisi işlədim. 1995-ci ildə
Prezident Administrasiyasında əfvlə bağlı sektor ilk dəfə
yaradıldıqdan sonra hüquq-mühafizə orqanlarında
çalışdım. 1996-cı ildə Murtuz Ələsgərov
Milli Məclisin sədri seçildi və 4 il onun köməkçisi,
katibliyin rəisi oldum. 2000-ci ildə YAP-ın siyahısı
ilə mojaritar sistemlə seçkiyə qatıldım və
deputat seçildim. Heydər Əliyevin təşəbbüsü
idi ki, partiyadan çoxlu sayda gənc və əsasən də
hüquqşünaslar parlamentə seçilməlidir.
- Yəqin nailiyyətlər əldə
etməyinizdə siyasi fəaliyyətinizin də rolu az
olmayıb...
- Siyasi fəaliyyətim dövlət
qulluğunda çalışıb
çalışmamağımla bağlı deyil. Siyasi
baxışlarım daxilimdə olan bir hissdir, həmişə
də olacaq. Siyasi fəaliyyətim olmasaydı belə, arzuma
çatardım. Çünki yalnız hakim olmağı istəyirdim.
- Hazırdasa hakim deyilsiz.
- 2000-ci ilin hakim testlərindən
uğurla keçərək, hakimliyə namizəd oldum və
bir neçə gündən sonra parlament seçkilərində
iştirak təklifi aldım. Hakimliyə iddiam 1994-95-ci illərdə
də olub və həmin dövrdə Ali Məhkəmənin
sədri Xanlar Hacıyev və Ədliyyə naziri Südabə
Həsənova tərəfindən təqdimatım verildi. Amma
o zaman bir sistem vardı, ancaq rüşvətlə hakim təyin
olunmaq mümkün idi. Sistem həmin dövrün parlamentində
mövcud idi və müxtəlif strukturlar onu icra edirdilər.
Bəlkə taleyin işidir ki, hakim olmadım.
- Özünüzü hansı məmur
postunda görürsüz?
- Özümü məmur
görmürəm.
- Qarşıda hədəf yoxdur?
- Xeyir. Səmimi deyirəm ki,
özümü hansısa vəzifədə görmürəm
və maraqlı da deyil. Görürsünüz, siyasi
mövzuda danışsam da fikirlərim daha çox hüquqa
yönəlir. Təəssüf, iş fəaliyyətimiz elədir
ki, sırf peşəkar hüquqşünas kimi fəaliyyət
göstərə bilmirəm. Çünki siyasi fəaliyyətlə
məşğulam və onu da davam etdirməliyəm.
- Bizim də səmimiyyətimizi qəbul
edin: Şərəfli iş olardı ki, Əli Hüseynli Azərbaycanda
Konstitusiya Məhkəməsinin sədri təyin edilsin.
- Konstitusiya Məhkəməsinin
hakimi olmaq niyə şərəfli deyil ki?.. Avropa modelində
rəhbər əlavə yüklənmiş, inzibati məsuliyyəti
olan bir şəxsdir. Mənim üçün birinci şəxsin
məsuliyyəti yersizdir. Konstitusiya Məhkəməsinin sədri
təxminən elə hakimi qədər əməkhaqqı
alır. Sədrlə hakimin statusu da eynidir.
- Birinci adam olsaz, həmin sahəyə
daha çox xeyir verərsiz.
- Sorğu keçirin görün
məhkəmə sədrləri nə qədər işə
baxırlar, özlərini nə dərəcədə peşəkar
hüquqşünas hesab edirlər?.. Yeri gəlmişkən,
deyim ki, indiyə kimi çalışdığım
insanların üzərimdə haqları var. Xanlar Hacıyev,
Fuad Ələsgərov, Murtuz Ələsgərovla birlikdə
çalışmaq mənim üçün böyük
iş təcrübəsi əldə etməkdir.
- Bəs təyinat
üçün namizədliyiniz irəli sürülsə?
- İmtina edə bilərəm.
- İmkanlı adamsız?
- Nə mənada?
- Maddi baxımdan...
- Mən necə imkanlı ola bilərəm?
- Öyrəşdiyimiz oliqarxlarla
müqayisədə...
- Siz
məni oliqarx hesab edirsiniz? Mən necə imkanlı şəxs
ola bilərəm? Əlbəttə, imkanlı deyiləm. Amma
orta təminata mənsub şəxsəm, çox adi bir həyat
tərzi sürürəm və bundan zövq alıram. Azərbaycanda
dövlət orqanlarında çalışanların
hamısının imkanlı şəxslər olduğunu
düşünürsüzsə, yanılırsız.
- Amma dövlət orqanlarında
çalışan imkanlı şəxslərin sayı az
deyil...
- Hüquqi dövlətdə
imkanlı şəxs olmaq normaldır. Hətta dövlət
qulluğunda çalışan insanın da kifayət qədər
mülkiyyəti ola bilər, amma bir şərtlə: maraqlar
toqquşması təmin olunur və bütün sivil
dünyada maraq toqquşmasını təmin edən qanunlar
mövcuddur. Yəni peşə fəaliyyəti ilə həyata
keçirilən vəzifə ilə digər özəl
mülkiyyət sahibi arasında toqquşma baş vermir.
Toqquşma baş verərsə, bu, korrupsiya halı olur. Bu
gün Amerikada heç kim prezidentliyə namizədin
milyardlarının olması sualını qoymur.
Çünki hamı hesab edir ki, həmin milyardlar onun
özünündür.
- Çünki həmin gəlirləri
necə əldə etməsinin hesabatı ortadadır...
- Bəli, var və o, yeni gəlirlər
də əldə edəcək. Hamının kasıb
olması kimi yanaşma yoxdur, sadəcə olaraq hər bir kəsə
çörək qazanma imkanının yaradılması əsas
məsələdir. Avropanın bir çox ölkələrində
iqtisadi inkişaf və digər nazirlər tanınmış
iş adamları, varlı insanlar, siyasət adamlarıdır.
O ölkələrdə bir nəzarət mexanizmi var, bizdə
isə hələlik belə bir hal mövcud deyil. Amma
inkişaf etmiş ölkələrin tarixinə baxsaz,
hamısında ilkin mərhələnin belə olduğunu
görərsiz. Buna dözümlə yanaşmaq
lazımdır.
Gültəkin Qəhrəmanlı
Ədalət.-2012.-3
mart.-S.12-13.