ALLAHA APARMAYAN YOL-YOLSUZLUQ (N.ƏBDÜLRƏHMANLININ
"YOLSUZ" ROMANI HAQQINDA)
Eyni ədəbi nəslə mənsub
sənətkarların bənzərsizliyi bir də ondadır
ki, gerçəkliyi ən müxtəlif tərəflərdən
təsvir edirlər, biri digərini təkrar etmir, hətta eyni
mövzudan yazanda da müxtəlifliyin çox mükəmməl
birliyini yaradırlar...
80-cilər ədəbi nəslinə
mənsub olan Nəriman Əbdülrəhmanlı həmin nəslin
simasını müəyyən edən nasirlərdəndir. Onun
qəhrəmanlarının əksəriyyəti dönəlgəsi
dönən, bəxtsiz, yalqız adamlardır. Bu ədəbi
qəhrəmanlar sırasına bu dəfə yolsuzlar əlavə
olundu: "...hər kəs öz yolunu-izini tapmağa
çalışır, getdiyi YOLun düzgünlüyünə
inanır, amma çoxları bütün YOLların O-na
apardığını dərk eləmir, daha doğrusu, son məqamacan
hara getdiyindən xəbəri olmur, bunu da ömür
adlandırır..."
Görkəmli dilçi alim,
professor Tofiq Hacıyev yazır: "Sənətkarın
varlığı, həqiqətə münasibəti və bu
münasibətin fəallıq dərəcəsi onun
üslubu ilə müəyyənləşir. Üslubun
yaranmasını həyati zərurət şərtləndirir;
bu zərurəti gerçəkləşdirənsə
yazıçının öz şəxsiyyətidir. Bu
üslubun məzmununu həyat özü diktə edir. Onun
formasının müəyyənləşməsində, məzmun
tərəfilə forma tərəfinin vəhdətə
salınmasında isə başlıca faktor
yazıçıdır". (T.Hacıyev "Molla Nəsrəddin"in
dili və üslubu. Bakı, "Yazıçı", 1983,
səh.5)
Görkəmli alimin bu fikirləri
N.Əbdülrəhmanlının
yaradıcılığına və şəxsiyyətinə
da aiddir...
Üslub - insanın
özüdür. N.Əddülrəhmanlının bir bənzərsizliyi
də üslubudur. Mübaliğə etmədən demək
olar ki, bu, ədəbiyyatımızda oxşarı olmayan
üslubdur.
İctimai formasiyanın dəyişməsinin
mənfi nəticələri bütün sahələrdə
özünü göstərdi. Bu mənfi təsir ədəbiyyatdan
da yan keçmədi. Ən vacib məsələlərdən
biri - oxucu itirildi..
80-cilər ədəbi nəslinin
digər bir istedadlı nümayəndəsi Baba Vəziroğlu
müsahibələrinin birində deyir: "...Bu gün
çox adam çox söz deyir, amma nəticə
ortadadır, ədəbiyyat oxunmur. Ciddi ədəbiyyat
heç oxunmur. Əgər görsəm ki, ədəbiyyata
bizim şövqlə yaratdığımız illərdəki
qədər maraq var, hamıdan yaxşı yazaram..."
("Kaspi" qəzeti, 7-4 yanvar 2012-ci il)
Yazıçının bu fikirləri
ilə razılaşmamaq çətindir. Ancaq o da faktdır
ki, ciddi ədəbiyyatın hər zaman öz oxucusu olur (sayca
az olsa da) və o az oxucu bu gün bir az da azalıb, ancaq var...
N.Əbdülrəhmanlının əsərləri
də ciddi ədəbiyyat örnəkləridir və təbii
ki, oxucusu da azdır...
* * *
Bəlkə də dilimizdə ən
çox deyimlər yolla bağlıdır...
Yol başlanğıcı və
sonu olan bir anlayışı ifadə edir...
Yol - körpüdür...
Yol təkcə məkanları,
dünyaları birləşdirmir, həm də ürəkləri
birləşdirir.
Yollar həm də ayrılır və
ayırır...
Yol insan ömrünün
başlanğıcı və sonudur..
N.Əbdülrəhmanlının
"Yolsuz" romanı ÖMÜR YOLU, insanın bu
ÖMÜR YOLUnu necə getməsi haqqındadır. Əgər
insan bu ÖMÜR YOLUnu düzgün gedirsə,
ömrünün mənası olur, ona verilmiş ömür
möhlətini düzgün yaşayır, əgər
başqa YOLla gedirsə, bu... YOLSUZLUQ olur...
Bu əsərdə dünya, həyat,
hadisələr, ömür... haqqındakı fikir - qənaətlər
ya psixoloqun özünün, ya da onun müəlliminin
düşüncələrinin təsdiqidir.
Roman müqəddəs 7 rəqəmi
üzərində qurulub: yol isminin altı halı və
Yolsuzdan bəhs edir, hər bölüm 7 fəsildən, hər
fəsil 7 epizoddan, hər epizod 7 cümlədən ibarətdir.
Bölümlərin əvvəlində Qurani-Kərimdən ayələr,
sonra müəllimin, ya da psixoloqun nəticə - qənaətləri
ilə başlayır. Psixoloq bu təsdiq formasında ifadə
olunmuş fikirləri özünün və
başqalarının hərəkətləri, hadisələr,
anımlar, ən xırda detallar və s. vasitəsilə izah
edir, münasibət bildirir... Ayələr, psixoloqun və
psixoloqun müəlliminin düşüncələri
bölümlərdəki hadisələrlə, insan xarakterləri
ilə çox dəqiqliklə və məntiqi
ardıcıllıqla əlaqələndirilir.
Belə üslub və dəqiq məntiqi
ardıcıllıq yazıçının bədii təfəkkürünün
bənzərsizliyidir...
Roman bu sadə cümlə ilə
başlayır: "Bir neçə ay qabaq qadınım evdən
getdi".
Bu gedişin səbəbləri, nəticələri
fonunda Psixoloqun və onu əhatə edənlərin
ÖMÜR YOLUna nəzər salınır.
* * *
Doğulduğu yurdu, konkret
coğrafi məkanı - kəndi, bulağı, mərzi, təpəni,
dağı, meşəni... sevməyən adam böyük Vətəni
də sevə bilməz...
Ailədə xoşbəxt ola bilməyən
adamın da (xoşbəxtlik nisbi anlayış olsa da) xoşbəxtliyindən,
mənalı ömründən danışmaq absurddur...
Psixoloqun 37 yaşı var və bu
ömrün 8 ilini aktrisa ilə yaşayıb. Ancaq
ayırılıqlarından 3 il əvvəl Psixoloq hiss edir
ki, qadın artıq ona məxsus deyil.
Qadın
Pırtlaşıqsaç Rəssamın yanına gedir,
psixoloq da bunun səbəbini araşdırmağa
çalışır.
1) "...Yol... ...gedilməsə, dərk
olunmaz" - Psixoloqun müəllimi belə deyirmiş və
baş vermiş hadisələri dərk etmək
üçün Psixoloq YOLa çıxır. Psixoloqun ilk səfəri
teatradır. Psixoloq xaraktercə 8 il yaşadığı
aktrisadan tamam fərqlidi.
İlk tanışlıqdan bir həftə
sonra aktrisanın oynadığı (işlədiyi) teatra
gedir, aktrisa aldadılıb atılmış qız rolunu oynayır.
Psixoloq sonuncu dəfə teatra gedəndəsə
aktrisa ərini atıb başqasını sevən qadın
rolunu oynayır - sanki psixoloqla öz həyatını səhnədə
"yaşayır"...
Televizorda hardasa baş verən zəlzələnin
dağıntısı göstərilir. Psixoloq isə
düşünmür ki: "...insanın içində,
taleyində, düşüncəsində baş verən zəlzələnin
dağıntıları daha qorxuncdu..."
Ailənin dağılması da zəlzələdir
və onun təsirindən Psixoloq uzun müddət xilas ola
bilmir. Ancaq bu zəlzələnin səbəbi Psixoloq yox,
YOLundan azmış aktrisadır. Aktrisa deyir: "...həyat
başdan-ayağacan itkilərdən ibarətdir,
qazandıqların itirdiklərinin müqabilində o qədər
azdı ki, az qala, yaşamağa mənasızlığını
qəbul etməli olursan..."
Həyat və insanın həyatda
itirdikləri baxımından aktrisanın bu fikri doğrudur. Psixoloq
sonralar hadisələri tutuşdurarkən aktrisanın bu fikrə
gəldiyi günü də dəqiq müəyyən edir.
Ancaq aktrisa düşüncələrindən düzgün nəticə
çıxara bilmir. Psixoloq bu məqamda da özünü
günahkar bilir: əgər o vaxt, aktrisa o sözləri deyəndə
Psixoloq ona kömək etsəydi (Psixoloq bu qərara gəlir
ki, aktrisa atacağı addımı götür-qoy
edirmiş, "keçid" mərhələsindəymiş)
bəlkə də onlar ayrılmazdılar...
* * *
2) "Yolun... ...doğruluğunu -
əyriliyini yolçu bilər" - bu qənaət Psixoloqun
özünə məxsusdur.
Psixoloq hər addım atanda,
atdığı addımın (gedəcəyi YOLun)
düzgün olub-olmadığını dəfələrlə
ölçüb-biçir. 8 il əvvəl evlənəndə
də gecəni səhərəcən yatmayıb verdiyi qərarın
düzgün olub-olmadığı haqqında
düşünür. Ancaq elə məsələlər var
ki, onu əvvəldən müəyyən etmək çətin,
bəzən mümkün olmur: "...birgə həyatımızın
necə olacağınısa, yaşamamış bilmərik,
onsuz da həyatda qeydsiz-şərtsiz zəmanət veriləcək
bir nəsə tapmaq çətindi, hər şey də
olmasa, çox şey təsadüfdən, bizim alın
yazısı, bəxt, qismət adı qoyduğumuz olacaqlardan
asılıdı..."
Psixoloq təmasda olduğu
insanları həmişə "öyrənir", axı
onlar həm də Psixoloqun əsərinin ədəbi qəhrəmanlarıdır...
Psixoloq qəbuluna gələcək
Şair haqqında fikirləşir, Şairi daha yaxşı
tanımaq, iç dünyasına bələd olmaq, nələr
haqqında düşündüyünü bilmək
üçün kitabını tapıb şeirlərini
oxuyur. Bədbin ruhlu şeirlərdən belə qənaətə
gəlir ki, Şairin həyatında çox şey
qaydasında deyil. Şeirlərini oxuması və
görüşəndə haqqında danışması,
şeirlərini bəyəndiyini etiraf etməsi, yadında
qalan misralardan nümunə gətirməsi Şairi kövrəldir
və aralarında səmimi söhbət üçün zəmin
yaranır. Psixoloq çalışır ki, şairi həyatla
barışmağın daha vacib olduğuna inandırsın,
düşüncələrlə gerçəklik
arasındakı bağların qopmasına imkan verməsin.
Psixoloqun işlədiyi
klinikanın baş həkimi olan professor da şeir yazır və
qələm adamı kimi Psixoloqun rəyini soruşur. Psixoloq nəzakət
xatirinə bir-iki tərifli söz deyir və "xüsusi
status" qazanır - baş həkim Psixoloqun
yığıncaqlara-filana gəlməkdən də azad edir
ki, yazı-pozusu ilə məşğul olsun. Baş həkim
alababat şeir yazsa da (ancaq "ürək
bulandırmır") düz deyir ki, bu dünyada
danışılan yox, yazılan qalacaq...
Baş həkim və Şair
timsalında Psixoloq qələm adamının (hətta zəif
yazsalar da) Sözə, xüsusən xoş sözə necə
həssas olduqlarını göstərir.
Psixoloq müxtəlif xarakterli
insanlarla təmasda olur, ancaq ünsiyyətdə olduğu
adamlar onun içini bürümüş və getdikcə
böyüyən boşluğu doldura bilmir. Şairlə
görüşü isə istisnadır (Digər biri - rəsam-şair
də bu qismə aiddir...) Psixoloq Şairi gerçəkliklərlə
barışmağa təhrik etdikcə, özünü də
olub-keçənlərlə barışmağa
hazırlayır...
Digər tərəfdən Psixoloq
düşünür ki, sonsuzluğacan davam edən bir şey
yoxdur, hər şey hardasa, nə vaxtsa sona yetir, yaxud
başqalarıyla əvəz olunur. Buna baxmayaraq, bir-birinə
mənəvi ehtiyacı olan insanlar da var, onların münasibətisə
sona - ölümə qədər davam edir...
İnsan dərk etdiyi vaxtdan öz
ömrü, həyatının mənası,
yaşamının məqsədi haqqında
düşünülüb. Nə qədər ki, insan, cəmiyyət
var, bu düşüncələr də olacaq. Psixoloq da həyatının
mənası, məqsədi haqqında düşünmür,
ancaq burada da insanın özündən daha çox, taleyin,
qismətin, qədərin rolu var...
Dünyanın, həyatın sirrinə
vaqif olmaq istəyən şah müdrik alimə
insanlığın tarixini bir cümləyə sığışdırmağı
tapşıranda o müdrik alim bir parça kağıza
yazır: "İnsan doğulur, əzab çəkir və
ölür..."
Psixoloq da düşünür ki,
yaşamaq - elə əzab çəkməkdi...
* * *
3) "Yola... ...çıxanda tələsmə,
hara gedəcəyini dərk eləməyə
çalış" - bu, Psixoloqun müəlliminin
sözüdür.
N.Əbdülrəhmanlının
romanlarında ("Yalnız" və "Yolsuz"da) əgər
belə demək mümkünsə, aktiv bədii obrazlar yoxdur.
Onun ədəbi qəhrəmanlarının mübarizəsi
öz içlərindədir, daxili mübarizədir. Bu ədəbi
qəhrəmanların daxilində aramsız və amansız
seçim mübarizəsi gedir: hər addım atanda, hər
hansı bir qərar qəbul edəndə, iki variantdan, yaxud da
çox variantdan birini seçəndə.
Bu ədəbi qəhrəman tipi
bizim müasirimizdir, bizə çox tanışdır:
gerçəkliklə barışmağa məhkum edilmiş,
heç nəyi dəyişə bilməyən, demək olar,
çox şeyi taleyin, qismətin, qədərin öhdəsinə
buraxan insanlar!..
Ancaq bu ədəbi qəhrəman
tipi mübarizə aparmamaq, kor-koranəlik ovqatı da
yaratmır. "Yaşamaq - elə əzab çəkməkdi"
- qənaətinə gələn Psixoloqun bu fikri passivlik, mübarizə
aparmamaq anlamına gəlmir, elə növbəti
bölümdə Psixoloq düşünür ki, ömür
də elə səfər kimidir, uğursuzluqları da olur,
uğurları da, yaşamaq - gözlənilməzliklərə
hazır olmaq deməkdi, maneələri adlamaq deməkdi, nələrisə
təzədən başlamaq deməkdi...
Yolda
maşınına mindirdiyi kişinin də oğlu YOLundan
azıb, YOLsuzluq edib, dələduzlara qoşulub və ona
dörd il iş kəsiblər, indi əziyyətini atası,
anası, arvadı və iki uşağı çəkir...
(Ardı var)
SABİR
BƏŞİROV,
fəlsəfə
doktoru
Ədalət.-2012.-3
mart.-S.9.