DÖZÜMÜN SONU YOXMUŞ...

 

  "Ürək dözmür ayrılığa..." kitabının müəllifinə

 

  Öncə bir az minnətdarlıq, bir az içimdən gələn və adını da bilmədiyim duyğuların işığında təşəkkür ifadə edən bu sözlərlə başlayıram yazını. Ona görə ki, bu kitab məni yenidən özümdən-özümə qaytardı. Elə bil əl boyda bir uşaq idim və bu kitab da qosqoca, nurani bir el ağsaqqalı, yurd-yuva bilicisi, cığır, iz tanıyıb, çəhlim yolağa seçib dünyanın hər üzünü görmüş dözümlü, müdrik və canında-qanında həyat eşqi sönməyən nur topası...

  

   Beləcə, əl-ələ tutub gedirik özümdən özümə, özümdən kəndimə, kəndimdən elimə, obama. Yol əslində bir neçə saatlıqdı. İndiki kimi yadımdadı, Bakıdan Tuğa marşrut avtobusu işləyirdi. Hər səhər saat 7:00-da Bakıdan yola düşür, axşam çağı gün batmaq istəyəndə, yəni 18-19 arası Tuğa çatırdım. Yol da Yevlaxdan, Bərdədən, Ağdamdan, bugünkü Xocavənddən, Füzulidən keçirdi. Doğrudur, kəsə yol da vardı. Daha tez çatmaq üçün Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli yolunu deyirəm. Amma bu yolda sovet sərhədçiləri bizi evimizə getməyə qoymurdu. Çünki sovet pasportumuzda, yəni şəxsiyyət vəsiqəmizdə möhür, özü də "Z" hərfi yox idi. Ona görə də bizi sərhəd zolağı boyunca hərəkət etməyə qoymurdular. Dəhşətdi, öz evinin içində, öz torpağında gərək sovet əsgəri sənə icazə verəydi hərəkət edəsən, evinə-eşiyinə gedəsən, doğmalarına baş çəkəsən. Məhz bu çətinliyə görə də məcbur olub yolun daha uzun hissəsini seçirdik. Nə isə...

   Qarşımdakı kitab həmin o nurani, o dünya görmüş, o içi od-alov dolu, Azərbaycanı beş barmağı kimi tanıyan, ovuc içi kimi görən Kişidi. Mən bu kişinin ətəyindən, əlindən tutmuşam. O da məni 20 il bundan əvvəlki günlərimə qaytarıb aparır və mən Dağlıq Qarabağı, Kəlbəcəri, Laçını gəzirəm. O qədər arxayın, o qədər ürəklə, heç nəyi özümə yaxın buraxmadan dolaşıram bu yerləri. Qulaqlarımda rəhmətlik Səxavət Məmmədovun səsi cingildəyir. Səxavət oxuyur:

 

   Azad bir quşdum,

   Yuvamdan uçdum

   Bir bağa düşdüm-

   Bu gənc yaşımda...

 

   Bəli, onda mən də həm azad idim, həm də gənc idim. Ayağımın altında doğulduğum torpaq, başımın üstündə ulduzlarını saydığım göy üzü, damağımda təndir çörəyinin ətri, ovcumda bulaq suyu, ruhumda dağ havası... Və mən bunların içində böyüyürdüm. Heç kimə yük olmadan, heç kimin əlinə baxmadan. Böyüyürdüm və elə bilirdim ki, belə də davam edəcək. Heç ağlımın ucundan da gəlib keçmirdi ki, məni Tuğu itirmək, Qaradağlı faciəsini yaşamaq, Xocalı soyqırımını qanıma, yaddaşıma hopdurmaq gözləyir. Hardan biləydim ki?! Onda dünya mənim üçün sözdən, musiqidən, gəzib-görməkdən, dost məclislərindən ibarət idi. Qəflətən hər şey dəyişdi. Düşmənin namərdliyi dumandan çıxan yırtıcı kimi kəsdi qarşımı. Və mən qanla yazılan, şəhidlərin ruhu bahasına yaşanan bir həyatın davamçısı oldum. O həyat bu gün də yaşanır. Ancaq...

   "Ürək dözmür ayrılığa..." kitabı mənim son günlərimi alt-üst etdi. Onsuz da fevral ayı mənim üçün həmişə çox kədərli olub. Daha doğrusu, son 20 ildir ki, mən bu ayın təqvimdən silinməsini istəyirəm. Amma gücüm çatmır, hökmüm keçmir. Bax, bu ayda mən həmin o əvvəldə xatırlatdığım dünya görmüş nurani kişi adlandırdığım kitabını, yəni "Ürək dözmür ayrılığa..."nı əldə etdim və çox çətinliklə də oxudum. Hər səhifəsini bəlkə də bir saata... Ona görə ki, ilk cümləsindən bu kitab məni özümdən aldı. 25-30 il bundan əvvəlki günlərimə qaytardı, 20 il bundan əvvəlki faciələrimin yuxusunu qaçırdı. Elə bildim ki, hər şey indi, bu dəqiqə baş verir... o toplar elə indi atılır...o mərmilər elə indi partlayır... o fəryadlar indi ərşə dirənir... o körpələrin başı indi kəsilir... o anaların bətni indi yarılır... o insanlar indi diri-diri torpağa basdırılır... o yollara partlayıcılar indi düzülür... o evlər, o binalar, o maşınlar indi göyə sovrulur... o yollar indi keçilməz olur...o yollarda pusqular indi qurulur...

   Bəli, tanınmış yazıçı-publisist Ziyəddin Sultanovun "Ürək dözmür ayrılığa..." kitabı ilk səhifəsindən başlayaraq məni Dağlıq Qarabağa çəkib apardı. Kitabın ilk sənədli povesti "Xocalı faciəsi" adlanır. Mən bu povesti oxuduqca orda tanıdıqlarımı, xüsusilə qan qohumlarımı bir-bir xatırlayıram. Mənə elə gəlir ki, bu sənədli povest daha çox gündəlikdi. Hadisələrin xronoloji ardıcıllığı, zamanın davamlılığı, xüsusilə, canlı şahidlərin pıçıltıları məni bütünlüklə öz qoynuna alır. Mən o mühitdən qopub ayrıla bilmirəm. İstər Xocalı faciəmizlə bağlı povest üçün seçilmiş yarım başlıqlar, istər bir kəndin şəhər olması, istər bu şəhərin hər gecə gülləbaran edilməsi və bütün bunlara da baxmayaraq, bu şəhərin döyüşməsi, yaşaması və ən sonda odlara qalanması... Bütün bunlar mənim də gördüklərimdi, mənim də yaşadıqlarımdı. Ona görə də Ziyəddin müəllimə bu tarixi gerçəklikləri sənədləşdirmək, tarixləşdirmək və Azərbaycan oxucusuna çatdırmaq istəyinə görə, daxilən minnətdaram. Həmin minnətdarlığı da hər yerdə dilə gətirirəm. Birincisi, həqiqətlərin gələcək zamanlara çatdırılması yolundakı əməyinə görə. İkincisi, yazdıqlarını yaşadığına görə. Üçüncüsü, bütün bunları yazan ürəyin dözümünə görə.

   Mən "Ürək dözmür ayrılığa..." kitabındakı "Göylərdən gələn gəlin" sənədli povestini ayrıca kitab kimi öncədən oxumuşdum və bu kitab məni son dərəcə mütəəssir etmişdi. Həmin kitab barəsində, yaşadıqlarımı, duyduqlarımı elə "Ədalət" qəzetində dərc etdirmişdim. Əsərin qəhrəmanı, Laçından olan bir gəlinin və bütövlükdə laçınlıların döyüş yolunun, mübarizliyini və namusu, qeyrəti hər şeydən üstün tutub ölümü şərəfləndirməsi məni kövrəltmişdi. Düşmənə əsir düşməməyi qərar verib ölümü sevindirən laçınlı gəlin təkcə mənim üçün yox, həm də hər kəs üçün paklığın bir simurq quşuna çevrilmişdi. Ona görə də həmin povest barəsində duyğularımı təkrarlamaq istəmirəm. Ancaq "Oxunmamış kitab" sənədli povesti mənim üçün təzə bir mövzu təsiri bağışladı. Çünki bu povestin qəhrəmanı Azərbaycan cəmiyyətində yaxşı tanınan, ölkə həyatında öz dəsti-xətti, öz izi olan Əhməd Əhmədzadəni Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Yazıçı-publisist Ziyəddin Sultanov da hamının tanıdığı bir insanın hamının bilmədiyi, hamının görmədiyi ömür məqmalarını, həyat səhifələrini qələmə alıb. Əhmədzadələr sülaləsinin - Molla Cüma səcərəsinin bir budağı olan Əhməd müəllimin Azərbaycanın müxtəlif regionlarındakı fəaliyyəti, xüsusilə Füzulidə, eləcə də Şəmkirdəki işləri barəsində ürəklə, həvəslə, necə deyərlər, qəhrəmanın həyat yolunu sevə-sevə tərənnüm edir. Təbii ki, bu da qəhrəmanın fəaliyyətinin çoxşaxəli olması, ictimai-siyasi fiqur kimi bütövlüyü, ən əsası isə onun ziyalılığından irəli gəlir. Bu da müəllifin geniş yaradıcılıq manevrlər etməsinə imkan yaradır.

   Kitabdakı sənədli hekayələr də elə sənədli povestlər kimi oxucunu çox da uzaq olmayan 90-cı illərlə, döyüş səhnələri ilə, qaçqınlıq, köçkünlüklə, yurd nisgili ilə üz-üzə qoyur. Bu hekayələri oxuyarkən ürəyimdən gəlib keçdi ki, yəqin ki, nə vaxtsa Ziyəddin müəllim buradakı məqamları ayrı-ayrılıqda inkişaf etdirib iri həcmli əsərlərə çevirəcəkdi. Bunun üçün onun həm əlinin altında kifayət qədər yazı materialları, faktlar, həm güclü yaddaş, həm də yaradıcılıq imkanları kifayət qədərdir.

   Bəli, mən "Ürək dözmür ayrılığa..." kitabını elə ürəyim dözməyə-dözməyə də, ağrıya-ağrıya da nəhayət ki, oxuyub başa çıxdım. Əslində bu kitab da məni mənim onu oxuduğum kimi oxudu, məni başa çıxdı. Çünki mən o kitabda nələr gördümsə, bu kitab da onları təkrar məndə gördü. Biz bir-birimizə güzgüyə baxan kimi baxdıq... Mən iki məqama önəm verdim. Bu kitab artıq tarixləşdi, olduğu kimi, olduğu yaşda qalmaq haqqını qazandı. Mən isə yaşadıqlarımı təkrar bu kitabla yaşadığıma görə 20 il də qocaldım. Amma təəssüf eləmirəm. Çünki qocaldığım həmin o 20 ilin ən xoş anlarını yenidən o yerlərdə, o xoş xatirələrlə baş-başa qaldım. Buna görə də sağ olun, Ziyəddin müəllim!

   Və nəhayət kitabın tərtibatı və onun alov içərisindən qara dumana bürünən görünüşü. Mənə elə gəlir ki, burda da iki məqam var. Bu bizim yanıb bütünlüklə dünyanı da yandıracağımıza və haqqımızı hər kəsə qandırıb qəbul etdirəcəyimizə də işarədi. İkincisi, bu, bizim qanımızın rənginin torpağımızın rənginə qarışacağına və bu qanın sünbül kimi cücərib, boy verib yavaş-yavaş qaranlıqları bürüyəcəyinə də bir işarədi. Hər halda, mən ilk olaraq bu iki məqamı kitabın tərtibatında - üz qabığında gördüm. Yəqin ki, bu kitabı oxuyanlar da öz fikirlərində, öz mövqelərində haqlı olacaqlar.

 

 

  Əbülfət MƏDƏTOĞLU

  abulfatm@box.az

 

  Ədalət.-2012.-3 mart.-S.8.