O BİR ƏFSANƏMİ, 3000
YAŞINDA?..
Min illərdir
yol gəlib gəncliyinə qovuşan şəhər
Hələ keçən ilin
payızında Böyük Şamaxı haqqında bir
neçə sayımızda dalbadal silsilə məqalələr
dərc etmişdik. "Böyük Şamaxı" ifadəsini
əbəs yerə işlətmədim. 3000 ilə yaxın
yaşı olan Şamaxının ayrı-ayrı dövrlərdə
necə bir qüdrət və şöhrət sahibi olması
tarixin silinməz yaddaşındadır. Bütün Şərqdə məşhur
olan bu qədim
diyarın adı ən qədim mənbələrdə
çəkilməklə hər bir azərbaycanlının
qəlbində qürur hissi
oyadır. Şamaxının timsalında biz
həm də Şirvanşahlar kimi möhtəşəm bir
dövlətçilik dövrünü də xatırlayıb
keçmişimizə fəxrlə baxırıq. Və bu mövzu, bu istiqamət öz
aktuallığını saxlamalıdır qənaətindəyəm.
Budəfəki yazı mövzumuzun tələbi
isə başqadır. Ancaq hər-halda qədim
yurdun yeni
uğurları da onun keçmiş və gələcək
şöhrətini birləşdirən amillərdir. Bu günün
uğurları qədim dövrlərə daha
parlaq işıq salaraq
Şamaxını gəncləşdirməkdədir...
Ölkə tərəqqidədir
2011-ci
il, eləcə də ötən səkkiz il ərzində Azərbaycanda
böyük sosial-iqtisadi tərəqqiyə nail olunmuş, əhalinin
rifah halının yaxşılaşdırılmasında və
bölgələrimizin inkişafında yeni uğurlar əldə
olunmuşdur.
Prezident İlham Əliyev
yanvarın 16-da keçirilən Nazirlər Kabinetinin
iclasındakı nitqində demişdir:
"2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr
uğurla icra edilibdir. Elə bir vəzifə
yoxdur ki, icra olunmamış qalsın. Yəni nəzərdə
tutduğumuz bütün
planlar həyatda öz
əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin
uğurlu inkişafı davam
etmişdir."
Ümumiyyətlə,
ötən il ölkə
iqtisadiyyatının bütün sahələrindəki
inkişaf meylləri qorunub
saxlanılmış, respublikamızda böyük
infrastruktur layihələri uğurla həyata keçirilmişdir.
2011-ci ildə ümumi daxili
məhsul artımı 0,1 faiz təşkil
etmiş, onun
adambaşına həcmi isə 7 min
dolları keçmışdir. Sevindirici
haldır ki, ölkə
iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz
artmışdır. Keçən il investisiya qoyuluşunun həcmi
20 milyard dollara
çatmışdır. İki il ərzində ölkə iqtisadiyyatına 37
milyard dollar vəsaitin
qoyulması göstərir ki, Azərbaycanda
nə qədər böyük işlər
görülüb. Keçən
il kənd təsərrüfatı məhsulları
istehsalı 5,8 faiz, əhalinin pul gəlirləri 19,6 faiz
artmış, valyuta ehtiyatlarımız 41
milyard dolları ötüb
keçmişdir. 2011- ci
ildə ölkəmiz üçün çox vacib olan enerji sahəsində də
böyük uğurlar
əldə edilmişdir. Azərbaycan
öz mövqelərini möhkəmləndirərək
Avropa İttifaqı ilə strateji enerji əməkdaşlığına
dair çox vacib Bəyannamə imzalamışdır. Azərbaycan
artıq Avropanı enerji, xüsusilə təbii
qazla təmin edə biləcək ölkə
kimi tanınır.
Şamaxı üçün tarixi bir il
2011-ci il Şamaxı
üçün də
tarixi bir ildir. Ötən
ilin ən mühüm
hadisəsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Şamaxıya səfərləridir. 2011-ci ilin
sentyabr ayının 13-də dövlət
başçısı Sabir qəsəbəsində
böyük şairimiz
M.Ə.Sabirin heykəlinin, Vergilər Nazirliyinin
Tədris Mərkəzinin açılış mərasimlərində
iştirak etmiş,
Şamaxı Olimpiya İdman
Mərkəzində, Cümə məscidində,"Şirvan"
mehmanxanasında və Şamaxı Astrofizika
Rəsədxanasında gedən yenidənqurma və bərpa
işləri ilə tanış olmuşdur.
Ölkə Prezidentinin Şamaxıya bu tarixi səfəri, həmçinin rayonda
qısa müddət ərzində görülmüş
işlərə yüksək qiymət verməsi
Şamaxıda gündən-günə genişlənən tikinti-quruculuq işlərinə yeni vüsət verməklə əhali
arasında əhval-ruhiyyənin canlanmasına səbəb olmuşdur.
Dövlətimizin
başçısı cənab İlham Əliyevin
dediyi kimi,
Şamaxıya xüsusi diqqət göstərilir.
Bunu rayona səfərindən sonra
"Şamaxı rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında" Sərəncamın imzalanması və həmin
Sərəncama əsasən rayona Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat
Fondundan ilkin olaraq beş milyon manat vəsaitin
ayrılması bir daha
sübut edir.
Keçən il oktyabrın 30-da ölkə Prezidenti
cənab İlham Əliyev Ağdaş-Ucar-Ağsu
rayonlarına səfəri çərçivəsində
yenidən Şamaxıda olmuş,
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı
şəkildə yenidən qurulması ilə bağlı
görülən işlərlə və "Şərədil"
istirahət mərkəzi ilə tanış olmuşdur.
İşgüzarlıq və
qazanılan uğurlar nikbin danışmağa əsas
verir
Şamaxı Rayon
İcra Hakimiyyətinin
başçısı Asif Məmmədov
söhbətimiz zamanı keçən il
görülən işlər barədə
danışdı:
- Ümumiyyətlə, 2011-ci il ərzində rayonumuzda
qarşıya qoyulmuş vəzifələrin
icrası əsasən təmin edilmişdir.
Xüsusilə cari ilin may ayından başlayaraq Şamaxıda uzun
illərdən bəri yığılıb qalmış vacib problemlərin həlli, rayonun
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
və tikinti-quruculuq işlərinin
genişləndirilməsi istiqamətində məqsədyönlü
tədbirlərin həyata keçirilməsi rayon sakinləri tərəfindən
razılıq hissi ilə
qarşılanmışdır. Hesabat
ilində rayonda 161,6 milyon
manat dəyərində ümumi
məhsul buraxılışı olmuşdur.
Bu rəqəm 2010-cu illə müqayisədə
5,8 milyon manat və yaxud 3,7 faiz çoxdur. Qeyd olunan müddət ərzində
rayonda əsas kapitala
yönəldilən investisiyaların həcmi 73 milyon, tikinti-quraşdırma işlərinin həcmi
67,4 milyon, sənaye məhsulunun həcmi
4,5 milyon manat təşkil
etmişdir. Ötən ildə pərakəndə
əmtəə dövriyyəsi 138,3 milyon,
əhaliyə göstərilən pullu
xidmətlərin həcmi 2,6 milyon manat olmuşdur. Rayonda
sahibkarlığın inkişaf etdirilməsi,
dövlət tərəfindən bu sahəyə
hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzində olmuşdur. 2011-ci ildə Şamaxıda
sahibkarlıq fəaliyyəti ilə məşğul
olanların sayı artaraq 1621 subyektə
çatdırılmış, rayon
üzrə 603 daimi iş yeri
açılmışdır. Ümumi məhsul
buraxılışında qeyri-dövlət sektorunun
xüsusi çəkisi 68,3 faiz təşkil etmişdir.
Ümumiyyətlə, ötən səkkiz il
ərzində Şamaxı rayonunda 8960 yeni iş yeri
açılmışdır. Üzümçülüyün
inkişafına dair Dövlət
Proqramının qəbul edilməsi, istehsal,
emal və xidmət sahələrinin
yaradılması ilə bağlı nəzərdə tutulan layihələr rayonda
yeni iş yerlərinin
açılması üçün real imkanlar
açacaqdır. Məlum olduğu kimi, Şamaxı əsasən aqrar
rayon olmaqla onun iqtisadiyyatında kənd təsərrüfatı
sahəsi mühüm yer
tutur. Görülən məqsədyönlü
tədbirlər nəticəsində ötən bir il ərzində bu sahədə 42 milyon
manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2010-cu illə
müqayisədə 5,6 milyon manat çoxdur. Keçən
il rayon üzrə
17354 hektar sahədə taxıl biçini aparılmışdır.
Havaların əlverişsiz keçməsinə baxmayaraq sahələrdən 29931 ton məhsul götürülmüşdür.
Bu rəqəm əvvəlki illə
müqayisədə xeyli çoxdur.
2011-ci ildə həmçinin 18457 hektar
sahədə payızlıq taxıl əkini
aparılmışdır. Qeyd etməliyik
ki, istər məhsul istehsalının
artımında, istərsə də əkin sahələrinin
ilbəil genişləndirilməsində kənd təsərrüfatı
məhsulları istehsalçılarına verilən dövlət
yardımı əsaslı rol
oynamışdır. Keçən il rayon üzrə 5142 nəfərə 1023294 manat yardım verilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin rayonumuza göstərdiyi böyük
qayğısı sayəsində keçən əsrin
70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük
rayonlarından birinə çevrilmişdir.
Sonralar keçmiş
SSRİ hökumətinin məlum qərarı və buna uyğun olaraq respublika rəhbərlərinin
düşünülməmiş iqtisadi
siyasəti nəticəsində üzümçülüyün
məhv edilməsi ilə rayon
iqtisadiyyatına ağır zərbə vurulmuşdur.
Maraqlıdır ki, antialkoqol
kampaniyası nəticəsində ancaq Azərbaycanda
üzüm bağları
dağıdıldı. Keçmiş
müttəfiq respublikaların heç
birində belə vəhşilik edilməmişdir. Bu da sovet
rəhbərlərinin Azərbaycana qarşı mənfi
münasibətinin nəticəsi idi. İndi bu sahənin
dirçəldilməsi istiqamətində ilk
addımlar atılmağa başlanılmışdır. Lakin bu sahədə sistemli surətdə
daha böyük tədbirlərin
həyata keçirilməsinə, xüsusilə dövlət
dəstəyinə ciddi ehtiyac
duyulurdu."2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət
Proqramı"nın qəbul edilməsi bu
gəlirli sahənin yenidən dirçəldilməsi üçün əlverişli imkanlar açır. Dövlət
Proqramında üzümçülük
və şərabçılığın mövcud
vəziyyəti ətraflı təhlil edilmiş,
onun inkişaf
yolları aydın göstərilmişdir. Həmin proqramda nəzərdə tutulmuş
tədbirlərin icra olunması ilə əlaqədar
rayonda ilkin işlərin
görülməsinə başlanılmışdır. Belə ki, təcrübəli
mütəxəssislərin iştirakı ilə rayonumuzda 2012-2020-ci illər ərzində üzümçülüyün və şərabçılığın
inkişafı ilə bağlı tədbirlər planı
hazırlanmış, bu sahədə
görüləcək əsas işlər müəyyənləşdirilmişdir.
Keçmiş
illərin təcrübəsi göstərir ki,
üzüm Şamaxının böyük sərvəti olmaqla
onun əsas gəlir mənbəyidir. Məlumat
üçün diqqətinizə
çatdırım ki, hazırda rayonda 1347 hektar üzüm bağı vardır. Keçən
il isə 221,8 hektar
sahədə yeni üzümlük
salınmışdır. Taxılçılıq
və üzümçülüklə yanaşı
heyvandarlıq da rayon
iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir.
Ötən ilin sonuna kimi rayonda iribuynuzlu
mal-qaranın sayı 36877 başa,
xırdabuynuzlu heyvanların sayı 181461 başa,
quşların sayı isə 206344 başa
çatdırılmışdır ki,
bu da 2010-cu illə
müqayisədə xeyli çoxdur.
Həmin dövrdə ət istehsalı 4783 ton,
süd istehsalı 21073 ton,
yun istehsalı 371 ton
və yumurta istehsalı 12,289 milyon ədəd olmuşdur.
İl əzində isə arı ailələrinin
sayı 4790-a çatdırılmışdır...
(ardı gələn
sayımızda)
MƏZAHİR ƏHMƏDOĞLU
Ədalət.- 2012.- 6 mart.- S.6.