ALLAHA APARMAYAN
YOL-YOLSUZLUQ (N.ƏBDÜLRƏHMANLININ
"YOLSUZ" ROMANI HAQQINDA)
(əvvəli ötən şənbə
sayımızda)
N.Əbdülrəhmanlının yaradıcılığında əsərdən-əsərə keçən obrazlar var. Bunlardan biri də Ana obrazıdır. "Yolsuz" romanında da Psixoloqun anası və bacısı ilə münasibətləri diqqət çəkir. Ana heç vaxt oğlnun qərarlarının əleyhinə getmir, onu nədənsə çəkindirmir, ancaq illərin sınağından çıxmış, özünü doğrultmuş məsləhətlərini də verməyi unutmur
"...amma yadında saxla, kişiyə baş yoldaşı lazımdı, artistdən-filandan ev qadını çətin olar, dünyanı görə-görə gəlmişik, öz sözümüzü demişik, mən istədim, oğlum etibarlı əllərdə olsun, yaşayışından nigaran qalmayım, bilim ki, təkcə arvadı yox, həm də arxası-dayağı var..."
İndi - mənəviyyatın
korlandığı, əxlaqın aşındığı
zamanda qadının arxa-dayaq olması haqqındakı fikirlər
"köhnəlmiş" sayıla bilər. Ancaq mənəvi-əxlaqi
dəyərlər də elə ail əvə başqa məsələlər
haqqındakı "köhnə" fikirlərə söykənib
yaşayır...
Anası və bacısının
məqsədi yenə də (heç nə güdmədən)
Psixoloqa arxa-dayaq tapmaqdır. Ananın təbii arzusunu da
başa düşmək olar - Ana nəvə görmək istəyir!
Ən azı, nəslinin davamı üçün...
***
4) "Yolu... getməmiş dərk
eləyə bilməzsən" - bu da Psixoloqun qənaətidir.
Ekzistensial fəlsəfənin mühüm
müddəalarından biri də seçim variantıdır. Necə
edəsən kt, seçimdə səhv etməyəsən,
necə edəsən ki, düzgün hesab etdiyin seçim səni
məqsədə çatdırsın. Axı məlumdur ki,
çox vaxt düzgün seçim insanı xoşbəxt edə
bilmir, sənin düz hesab etdiyin YOL (həqiqətən də
düz olan YOL) başqalarına - səni əhatə edənlərə,
işlədiyin kollektivə, geniş mənada cəmiyyətə
sərf etmir, onlar istəyir ki, onların getdiyi YOLla gedəsən
(əslində, düzgün olmayan, əyri YOLla)...
Psixoloq əyalət filosofu
haqqında düşünür: "...əyalət filosofu
romantik düşünüb, pafoslu danışmağı
xoşlasa da fürsətdən xirtdəyindən
yapışmağı bacarır, adama elə gəlir, həyat
ondan ötrü irili-xırdalı fürsətlər aləmidi;
üstəlik, o fürsətlərdən ən sərfəlisini
seçmək qabiliyyəti var, seçim eləmək
qarşısında qalanda şişi də, kababı da
yandırmamağı bacarır, buna görə də
bütün burulğanlardan diri çıxır..."
Cəmiyyətin
formalaşdırdığı və hamıya qəbul
etdirdyi fikirlərdən biri də budur: düzgün
seçim - sərfəli seçimdir, şişi də,
kababı da yandırmamaq bacarığıdır. Bütün
dolanbaclardan çıxmaq üçün düzgün YOLu
yox, sərfəli seçimi etmək lazımdır...
Tamamilə zərərli fikirdir -
ancaq gerçəklik də budur...
Psixoloq aktrisanın qastrolda
olduğu yerlərə getmək üçün səfərə
çıxır. Getdiyi əyalət şəhərində
yaxın tanışı ilə rastlaşır, bu adam da onu Dərvişlə
görüşdürür. Dərviş Psixoloqun yaxın
tanışının rəhbəri olduğu teatrın
aktyoru olub, iki əvvəl qəzada ailəsini itirib, o vaxtdan
da hövllənib, tərki-dünya olub. Dərd aktyoru Dərviş
edib...
Dərvişlə teatrın rəhbərinin
dialoqu romanı maraqlı epizodlarındandır. "Biz olmayan
yerləri" görən Dərviş oralarda "gələnləri
və gedənləri" görür, gələnlər də,
gedənlər də ağlayır. Gələnlər gələcəklərini
bilib, gedənlər özlərindən sonra gələnlərin
gələcəklərini görüb ağlayırlar. Dərviş
göy üzündə sərgərdan, öz cisimlərini
axtaran ruhlar gördüyünü deyir. O cismlərin bir hissəsi
torpağın altında, bir hissəsi də torpağın
üstündəymiş. Dərvişin öz cismisə
yolayrıcında oturub yollara baxırmış. Çox
uzaqlardan YOLunu azan adam da gördüyünü deyir və həmin
adamı da Psixoloqa oxşadır...
Dərviş Psixoloqun iç
dünyasını da "oxuya" bilir. Psixoloq qorxur ki, Dərviş
onun iç dünyasını "oxuyub", xarakteri, əməlləri
haqqında hər şeyi deyə bilər - həyatın
cismani şeylərlə doldurmağa can
atdığını, dünya nemətlərindən qopa bilmədiyini,
cismlə ruh arasında əlavə yaratmaq istəyini, ancaq hər
cəhddə uğursuzluğa düçar olduğunu, səkkiz
il qadını olmuş kəsn ruhuna bələd
olmadığını, qəlbinə yol tapa bilmədiyini,
qadının ehtiyac duyduğunu başqalarında
axtarmasına yol verməməyi bacarmamasını, Dərvişin
dərk etməyə çalışmasını, ancaq onu dərk
etmək məqamına çatmamasını... Ancaq Dərviş
bütün bunları Psixoloqa demir..
Dərviş yeməyini də
dünyanın ən əzablı işini görən adam
kimi yeyir, cisminə qulluq göstərməyə məcbur olduğuna
görə özündən də, Psixoloqdan da, teatrın rəhbərindən
də zəhləsi gedir...
Psixoloq Dərvişdən
soruşur ki, səhnədə oynadığı rolları
xatırlayırmı? Dərviş də cavab verir ki, özgələrinin
sözlərini əzbərləyib
çığır-bağır saldığı günləri
çoxdan unudub. İnsan gərək öz sözlərini
söyləsin.
Dünyada ən böyük dərdlərdən
biri öz sözünün olmaması, öz
sözünü deyə bilməməkdir...
İnsan başqalarının
sözünü deyəndə mövqeyi, ad-sanı, hörməti
olur, cəmiyyət ona hörmət edir. Öz
sözünü demək üçün ya özünü
dəliliyə vurmalısan, ya da həqiqətən dəli
olmalısan ki, heç kəs sənin sözünü ciddi qəbul
etməsin...
Dərviş dünyanın
faniliyini dərk etmiş insandır, başqalarını da
buna inandırmağa cəhd edir...
Dərviş cismin dərdini
çəkib ruhunu itirənlərdən deyil...
Dərviş yanıqlı səslə
dünyanın faniliyindən, ömrün ötüb-keçəcəyindən,
insandan bir ovuc torpaq, bir də sərgərdan ruh qalmasından
oxuyur...
Psixoloq Kor Səyyah haqqında əsər
yazmaq istəyir, o əsərin bəzi parçalarını
yaddaşında canlandırır. Dərvişlə Kor Səyyahı
birləşdirən məqamlardan biri də insan
ömrünün mənasıyla bağlıdır. Bu
dünyada Kor Səyyah nələr görməyib? Sonda gəldiyi
nəticə isə budur: içində hara baxırsa, YOLlar
görür, bütün YOLların sonunda isə ÖLÜM
var. "...cavanlığımda bunu sezə bilməzdim,
yetkinliyimdə yaxına buraxmaq istəmədim,
qocalığımdasa qaçılmazlığını
duydum, amma artıq gec idi, keçmişi geri qaytara bilməzdim...
...insanın öz keçmişindən canını qurtara
bilməməsi, bəlkə də ən böyük əzabdı,
yaxşı da olsa, pis də olsa, sənin
yaşadığın ömürdü, artıq nəyisə
dəyişdirə, çıxarıb ata bilməzsən,
ağrılarını da torpağa gömülənəsən
daşımağa məhkumsan..."
***
5) "Yolda... ...uğuruna kimin,
yaxud nəyin çıxacağım bilən varmı?" -
sualının cavabı yoxdur. Əgər olsaydı, insan həyatında
bu qədər hadisə baş vermişdi. Psixoloq belə nəticəyə
gəlir: həyat məlumluğu, aydınlığı ilə
yox, məchulluğu, bilinməzliyi ilə
maraqlıdır.
Kurort şəhərinə gedəndə
Psixoloq aşiq-məşuqu xatırlayır. Aşiq əvvəlsə
sonu bilinməyən YOLa düşsə də sevdiyi qızla
görüşmədən sonra qərara gəlir ki, hər
şeyi yenidən başlayacaq: iş tapacaq, evlənəcək,
ev tikəcək, bu sevginin atəşi onu uzun illər
yandıracaq, ancaq o, yavaş-yavaş gerçəkliklə
barışacaq - YOLu təzədən başlayacaq. Psixoloq bu
məqamda da Aşiqə həsəd aparır - olub-bitənlərlə
barışmasına, hər şeyi yenidən başlamaq istəyinə
və ümidinə görə...
Kurort şəhərində - kafedə
Psixoloq daha bir bəxtsiz insanla tanış olur - şirindil
ofisiant qadınla. Qadının əri yaxşı sənətkardır,
yaxşı gəliri də olur, ancaq içkiyə
qurşanıb, çox vaxt elə küçələrdə
yıxılıb qalır və qadın onu axtarıb
tapmağa gedir... Ofisiant qadının dərdini biləndən
sonra Psixoloq ondan cismani yaxınlıq umduğuna görə
utanır...
Kor Səyyahın taleyi Psixoloqa
rahatlıq vermir, daimi onu düşünür:
"...ölümün nəfəsini duyanda anladım ki, əriş-arğac
elədiyim uzun-uzun YOLLar SƏNə qovuşmaq
üçünmüş, SƏNin nurunda yox olmaq
üçünmüş, SƏN-də dinclik tapmaq
üçünmüş; SƏNin nurunu tutub gələndə
anladım ki, SƏNə gətirib çıxarmayan YOLLar əslində,
YOLSUZLUQdu, fani dünyanın dolaşıqlığında
azmaqdı, ilahi NURundan məhrum olmaqdı, bir də onu
anladım ki, için korluğu gözün korluğundan betərdi..."
Məncə, romandakı ideyalardan biri budur. Bu, həm
də bütün zamanların ən böyük ideyasıdır...
***
6) "Yoldan...
...gileylənmə, YOLu
gedənlərdən danış"
- bu, Psixoloqun müəlliminin sözüdür.
"Yolsuz"
romanını bəxtsiz,
talesiz insanlar romanı da adlandırmaq olar. Əsərin
sonunda daha bir bəxtsiz insan taleyi təsvir
olunur - bu, Psixoloqun YOLundan azmış qardaşıdır.
İçkiyə qurşanmış bu zavalı anasına, bacısına,
qardaşına, öz
ailəsinə və uşaqlarına dərd, başıaşağılıqdan başqa bir şey verməyib. Nəticəsi də bəlli
- insult.
İnsan bəxtini, taleyini seçə
bilməz - bu, məlumdur. YOLu isə seçə bilər və
seçməlidir. Psixoloqun içkiyə qurşanmış
qardaşı da YOLsuzdur. Psixoloq belə düşünməkdə
haqlıdır ki, dərviş də, kor səyyah da, ofisiant
qadın da, qardaşı da YOLSUZ idilər. Psixoloq El
Şairini də, özünü də bu siyahıya daxil
edir...
Həqiqət
işığını hamı görür, o işıqda
hər şey olduğu kimi görünür, ancaq heç kəs
onu bir cür qavrayır.
Psixoloqa görə, adamın bu
dünyada yaşamağının mənası yoxdursa, onun
ölümü bir-iki doğmasından başqa kimsəni
ağrıtmır, çünki o zavalı Allahın möhlət
verdiyi qədər yaşayacaq, ancaq məsləhət
gördüyü kimi ömür sürməyəcək...
Həyatın təkrarı,
danışıqlar, söhbətlər, zarafatlar... insanın
yaşadığı günlər kimi oxşardır, ancaq
bunu dəyişmək də mümkün deyil, başqa YOL
yoxdur, alnımıza yazılan elə budur...
Payız günlərinin birində
redaktor qohumu zəng edib Psixoloqa deyir ki, aktrisa qadın -
Psixoloqun keçmiş həyat yoldaşı intihar edib...
***
"Yalqız"
romanında bir neçə ideya var. Bunlardan birini əvvəldə qeyd etmişəm: Allaha aparan YOLDAN, Allahın
YOLUNDAN başqa yol yoxdur. Əgər YOL Allaha aparmırsa
o, YOLSUZLUQDUR. Qeyd etdiyim kimi, bu, bütün zamanların ən böyük ideyasıdır.
İkincisi, insan dünyanın
faniliyindən yapışıb
cisminin dərdini çəkməməlidir. Üçüncüsü, həyat,
dünya məlumluğu,
aydınlığı ilə
yox, məchulluğu, bilinməzliyi ilə maraqlıdır...
Dördüncüsü, Azərbaycan ədəbiyyatında
(M.F.Axundovun "Aldanmış
kəvakib" povesti istisna olunmaqla) ayrı-ayrı əsərlərdə
bəxtdən, taledən
danışılır, ancaq
bütövlükdə insanın
taledən asılılığı
N.Əbdülrəhmanlının yaradıcılığında ifadəsini tapır.
Bu əsəri dili, üslubu, təhkiyəsi cəhətdən
ancaq "Yalqız"la
müqayisə etmək
olar. Bu baxımdan
N.Əbdülrəhmanlı çağdaş nəsrimizdə
sayılıb-seçilə biləcək bir əsər yaratmağa
nail olub...
Bu fikri bir dəfə yazmışam: 80-cilər ədəbi
nəslinin bir sıra nümayəndələri,
o cümlədən N.Əbdülrəhmanlının
əsərlərini, xüsusən
romanlarını oxuyanda
(60-cıların - Ə.Əylisli, Anar, Elçin, İ.Məlikzadənin... əsərləri
kimi) Azərbaycan türkcəsinin çox nəhəng potensialı haqqında düşünməli
olursan: nə qədər səlis, sərrast, axıcı, ən mürəkkəb fəlsəfi fikirləri ifadə etməyə qadir olan dilimiz
var!..
Kədərlisi budur ki,
"Yolsuz" romanı
ölüm sükutuyla
qarşılandı. Halbuki,
ən azı, 2011-ci il Milli
Kitab Mükafatının
qaliblərindən biri
kimi əsər haqqında yazılmalıydı...
Ancaq Nəriman heç nəyə məhəl qoymadan (ən azı, ədəbi tənqidin susqunluğunu nəzərə almadan və üzülmədən)
Ədəbiyyat Vətənində
görməli olduğu,
həm də yalnız onun görə biləcəyi
işləri vicdanla və ləyaqətlə görməkdə davam edir...
SABİR
BƏŞİROV,
fəlsəfə doktoru
Ədalət.-2012.-10 mart.-S.9.