Bura Xan Lənkərandır

 

  Ölkəmizin dilbər guşələrindən olan, öz təbii relyefi ilə bir çox regionlardan seçilən Lənkəran baharı qarşılamağa hazırlaşır. Zəngin təbiətli bu rayon qışı arxada qoymaqla həm də daha bir ilə yekun vurdu.

  

   Ancaq hər gün inkişaf edən, yeni-yeni uğurlara imza atan Azərbaycan adlı məmləkətdə Lənkəranın da öz yeri, öz payı var. 2011-ci ildə rayondakı sənaye müəssisələri 22 milyon 981 min manatlıq məhsul istehsal etmişdir. Bu sahədə çalışanların orta aylıq əməkhaqları 192 manata çatmış, daha 1281 nəfər işlə təmin edilmişdir. Lənkəran aqrar sahədə də bir sıra uğurlara nail olmuşdur. Burda 3162 ton taxıl, 7112 ton kartof, 125154 ton tərəvəz yığılmışdır. Ümumilikdə ötən il rayonda 99,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları əldə edilmişdir.

   Lənkəranda heyvandarlığa xüsusi önəm verildiyindən ötən il bu rayonda 28923 ton süd, 5461 ton ət, 15 milyon 90 min ədəd yumurta, 37,6 ton yun istehsal edilmişdir.

   172 ton balıq məhsulları, 2 milyon 100 min ədəd kərpic, 505 ton tomat, 146 tondan çox konservləşdirilmiş meyvə-tərəvəz, 135 ton çay, 18 milyon 638 min litr süd məsulları istehsalı da 2011-ci ilin hesabına düşür.

   Əhalinin yaşayış səviyyəsinin yüksəlməsi nəticəsində Lənkəranda ötən il onların şəxsi vəsaiti hesabına mənzil şəraitini yaxşılaşdırmaq üçün 13 milyon manatlıq tikinti işi aparılmışdır.

   Abad elin abad yolu

   Rayonun gəzməli, görməli yerləri, istirahət mərkəzləri çoxdur. Belə istirahət guşələrində ağsaqqallara daha çox rast gəlmək olur. Uzun müddət müxtəlif vəzifələrdə çalışmış, indi təqaüddə olan Akif Mustafayev də həmyaşları ilə görüşüb, hal-əhval tutmağa həmişə macal tapır. O öz rayonu haqqında da həvəslə danışdı:

   - Rayonumuzun cənubda öz yeri olduğu üçün çalışırıq ki, sakinlərimiz, hətta günü-gündən çoxalan müsafirlərimiz gözəllikdən zövq alsınlar. Son illər Lənkəran şəhərinin tikinti-abadlıq işləri daha sürətlə aparılır.

   Ona görə də bir-birindən gözəl xiyabanları, küçələri, binaları görmək indi adi hal alıb. Şəhərin mərkəzindəki yeni yaşayış massivi tam hazır olandan sonra buranın ayrı hüsnü olacaq. Şovu və Osaküçə kəndlərində 220 şagird yerlik məktəb binası, şəhər 4 saylı orta məktəb üçün 560 şagirdə xidmət edəcək əlavə korpus inşa edilmişdir.

   Rayon mərkəzindəki 3 saylı orta məktəb, 17 saylı uşaq bağçası əsaslı təmirdən çıxmışdır. Hirkanda 480 şagird üçün, Xarxatanda 360 şagird üçün, Şiləvarda 220 şagird üçün məktəb binalarının inşasına start verilmişdir.

   Lənkəran şəhərində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qərargahına, Daşınmaz Əmlakın Reyestr Xidmətinin, Ağır Cinayətlər Məhkəməsinin inzibati binaları, "Palmalife" turizm istirahət mərkəzi, "Starway" xidmət kompleksi, "Alov" şirniyyat sexi, 2 mərtəbəli "Sevimli" ticarət mərkəzi 5 mərtəbəli "Şah" istirahət və xidmət kompleksi inşa edilmişdir. Bunlarla bərabər tikintisi davam etdirilən binalarımız da var. 

   Heydər Əliyev Mərkəzinin, çoxmərtəbəli yaşayış evlərinin, Polis şöbəsinin inzibati binasının, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin burdakı regional şöbəsinin inzibati binası bunlara misaldır. "Xalq Bank", "Beynəlxalq bank" üçün binaların, "Palıdlı sahil" istirahət mərkəzində yeni otelin, Qurumba kənd ərazisində cəzaçəkmə müəssisəsinin tikintiləri davam etdirilir.

   Yollara da daim diqqət göstəririk. Ələt-Astara magistralının Lənkəran hissəsində, Lənkəran-Lerik, Lənkəran-Zövlə avtomobil yollarında təmir işləri aparmışıq. "Azəryolservis" ASC-nin yardımı ilə Vilvan-Osaküçə-Türkənçil yolunda 2 dəmir-beton konstruksiyalı körpü inşa etmişik. 45-dən çox müxtəlif məsafəli küçələrdə təmir işləri apararaq asfalt vurmuşuq.

   Kəndlərimizi yaddan çıxarmamışıq. Aşağı Nüvədi, Gərmətük, Nərimanabad qəsəbələrində, Seyidəkənar, Kənarmeşə, Şilim, Gərmətük-Balaşürük, Boladi, Veravul kəndarası yollarda asfaltlaşdırılma işləri aparılmışdır. Osaküçə, Vilvan, Veravul, Siobli, Şovu, Təngivan kəndlərində maşın piyada körpüləri yenidən qurulmuş ya əsaslı təmir edilmişdir. Belə işlərimiz çoxdur, hamısını xatırlaya bilmirəm. Onu deyim ki, abad el yolundan məlum olar. Bir Lənkəran elə-belə yer deyil axı...

   Akif müəllimin danışığında bir qürur hissi duyulurdu.

 

   Rahat yaşamaq hər birimizin haqqıdır

 

   200 mindən çox əhalisi olan Lənkəranın kifayət qədər ərazisi var. Şəhərətrafı kəndlər, qəsəbələrlə bərabər dağlarda da xeyli lənkəranlı yaşayır. Lənkərandan 12-13 kilometrlik məsafədə yerləşən Liman şəhər sakini Kamil müəllimlə görüşümüz bir sıra qayğılara aydınlıq gətirdi. Ömrünü gənc nəslin təlim-tərbiyəsinə, təhsilinə həsr etmiş Kamil Hüseynov rayonun infrastrukturunu da yaxşı bilir.

  

   (ardı gələn sayımızda)

 

 

   Səxavət Məmmədli

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-10 mart.-S.5.