YOXUŞLAR
"Nahid,
qardaşım, sən bu yazınla elə bil məni
özümə tanıtdın. Etiraf edim ki, həyatımın
ağrılı-acılı günlərini gətirib qoydun
gözümün önünə...
Əziz dost, böyük zəhmət
çəkmisən. Təşəkkürlər, təşəkkürlər."
Bəxtiyar
Vahabzadə
Uzaq dağlıq rayonun buz nəfəsli
ucqar kəndindən paytaxtın qaynarına düşən
ucaboy, şüvərək, gur saçlı, xoş sifətli
bu oğlan heç cür ağlına
sığışdıra bilmirdi ki, elə bir gün gələcək,
ustad Rəsul Rza ona deyəcək: "Nahid, sənin o
yazıların lirik miniatür deyil, bəyaz şeirlərdir.
İstəyirsən gətir onları misralara düzüm.
Yaxşı olar ki, belə yazıların olanda "Mənsur
şeirlər" başlığı altında verəsən"...
...Yarım əsri arxada qoyan o
çağlar sanki dünən olub. Biz - universitetin "təzə"
tələbələri "köhnələrə" - yuxarı
kurslarda oxuyanlara qəribə bir maraqla baxardıq. Yaşar
Qarayevi, Şamil Salmanovu, Ağacavad Əlizadəni, Famil
Mehdini, Şamil Qurbanovu... tez-tez görürdük,
yazılarını oxuyurduq. Əlibala Hacızadənin lirik
hekayələri universitet qəzetində çap olunurdu. Onun
yaxın dostu Nahidin səsini efirdən eşidirdik, Azərbaycan
radiosunun efirindən!
İllər ötdükcə bu səs
gurlaşdı, Nahid qələm və söz sahibi oldu, əvvəl
Azərbaycan radiosunun, sonra televiziyasının yaradıcı
kollektivlərinə rəhbərlik etdi...
Tale elə gətirdi ki, onunla
çiyin-çiyinə işləmək mənə nəsib
oldu: altmışıncı illərin axırlarında Azərbaycan
Televiziyasının Gənclik Baş Redaksiyasında. O,
baş redaktor idi, mən şöbə müdiri. Mərhum
şair Tofiq Mütəllibov məktəblilər,
yazıçı Fuad Tarıverdiyev kiçikyaşlı
uşaqlar redaksiyalarına rəhbərlik edirdilər.
Məni üçüncü mərtəbəyə
(o vaxt radio ikinci, televiziya üçüncü mərtəbədə
yerləşirdi) baş redaktor qaldırmışdı. O,
özünəməxsus operativlik və istiqanlılıqla az
vaxt içərisində Komitə sədri İmran Mirzəyev,
müavin Nəbi Xəzri, radionun Xəbərlər və Təbliğat
Baş redaksiyasının baş redaktoru Hacı Hacıyevlə
danışıb (o vaxt həmin redaksiyada redaktor idim)
onların razılığını almış, məni
özünün dediyi kimi "aləmin bir-birinə
qarışdığı" "Gənclər"
redaksiyasına gətirmişdi.
Nahidin sonralar xatirələrində
yazdığı kimi: "Yaşımızın,
ömrümüzün gözəl çağları idi. Ürək-ürəyə
verib işləyirdik. "Gənclər" redaksiyası az
vaxtda önə çıxdı, şöhrətləndi,
tamaşaçıların rəğbətini
qazandı..."
Baş redaktorun təşəbbüsü
ilə "Gənclər" redaksiyası həftəlik
"Səhər" verilişi hazırladı. Moskvada nəşr
olunan "Radio i televideniye" jurnalı bu proqram haqqında
qoşa səhifəlik reportaj dərc etdi. Respublika qəzetləri,
jurnalları, xüsusilə də gənclər mətbuatı
baş redaksiyanın ayrı-ayrı verilişləri haqqında
vaxtaşırı olaraq materiallar verməyə
başladı.
Hələ qələmi bərkiməmiş,
təcrübəsiz cavanların
çalışdığı "Gənclər"
redaksiyası üçün baş redaktorumuz əsil
nümunə, örnək idi: təvazökarlığı,
redaktəsi, yazıları - əlindən düşməyən
qələminin "məhsulu" ilə!
Bizə elə gəlirdi ki, onun qələmində
qeyri-adi bir sehr var. Sanki nağıllardakı "sehirli
çubuq" kimi qələmini
hazırladığımız materialların, süjetlərin,
müsahibələrin, kompozisiyaların, müxtəlif
verilişlərin üstündə gəzdirərək
yazıların elə bil "rəngini" dəyişdirirdi:
dili rəvan, səlis, tamaşaçıları özünə
cəlb edən baxımlı, maraqlı verilişlər
yayınlanırdı.
Baş redaktor televiziya
tamaşaçılarının ürəyinə yol
tapmağı bilirdi və bunu gənc jurnalistlərə
öyrədirdi: özünəməxsus qayğı ilə,
səylə, səbrlə, yorulmaq bilmədən. O, qələminin
fəhləsi, əsil zəhmətkeş idi. Və bu zəhmətin,
gərgin işə dözümün kökü onun
uşaqlığına kölgə salan müharibə illərinə
gedib çıxırdı.
Nahid anasını bir
yaşında itirmişdi, sonra atası vəfat etmişdi. O,
arxa cəbhə deyilən zillətdə boy
atmışdı: sal daşlar arasından sivişib boylanan
şiv kimi. Ruzigarın qovğasında hər cür əzaba
dözmüş, bir əlində kitab, o birində çubuq,
qabağında quzular, üfüqdə başı buludlu
dağlar, sonralar həsrətini çəkdiyi, yuxularında
gördüyü dağlar...
Yarıac-yarıtox dolanıb
çörəyə həsrət qalsa da, dərsdən
qalmadı, analığının "Bəs quzuları kim
otaracaq?" sualına sinif müəlliminin "dərsini də
oxuyar, quzulara da baxar" cavabını qulağında
sırğa elədi. Zəhmətinə güvəndi, məğrur
böyüdü, aclığın əzrayıl üzü
onu özgə qapısı döyməyə məcbur edə
bilmədi. Ancaq tələbə vaxtı qapı döyməli
oldu: üçüncü kursda oxuyanda statdankənar
müxbir kimi, baş redaktorun tapşırığı ilə,
əsərlərini oxuyub özlərini görmədiyi məşhur
sənətkarların qapılarını açdı, Rəsul
Rza, Mir Cəlal, Süleyman Rəhimov kimi görkəmli qələm
sahiblərindən müsahibələr aldı. 1957-ci ilin
yazında ilk oçerki efirdə səsləndi və az sonra
verilişlərinə görə aldığı qonorar əlaçı
tələbə təqaüdünü üstələdi.
Beləcə, taleyini efirlə,
ekranla bağladı. Yaddaşına silinməz izlər həkk
edən uşaqlıq çağları arxada qalsa da, unuda
bilmədi o illəri, cəbhəyə yola salınan
oğulları, ataları, bir də... atları: lap axırda kəndin
atlarını yığıb müharibəyə göndərəndə
atlar kəndə, örüşə, dağlara sarı
boylanıb elə kişnəmişdi ki, arvad-uşağı
qəhər boğmuşdu...
Zaman keçdi, o çağlar, o
mənzərələr necə varsa, eləcə Nahidin mənsur
şeirlərinə, hekayələrinə, povestlərinə
köçdü. O, yalnız radio dinləyicilərinin,
televiziya tamaşaçılarının deyil,
çoxsaylı oxucuların ürəyinə yol tapan əsərlərin
müəllifi - istedadlı yazıçı kimi şöhrətləndi.
Bakıda və həmçinin sovet dönəmində
dünyaca məşhur olan "Sovetski pisatel" (Moskva) nəşriyyatında
kitabları çapdan çıxdı.
Öz zəhmətinə güvənən,
yaradıcı işindən zövq alan, vəzifə borcuna məsuliyyətlə
yanaşan Nahid Hacızadə səlahiyyət pillələrində
də yüksəldi. Vaxtilə Azərbaycanda yeganə
efir-ekran məkanı olan Dövlət Televiziya və Radio
Verilişləri Komitəsində rəhbər vəzifələr
daşıdı: 30 il gənclər və ədəbi dram
verilişləri baş redaksiyalarının baş redaktoru,
Komitə sədrinin birinci müavini.
Yaxınları, həmkarları həmişə
Nahidə qibtə ediblər və əslində elə indi də
həsəd aparırlar. Əlbəttə, ona görə yox
ki, o, istedadı, qələmi, bacarığı, təşkilatçılığı
sayəsində zaman-zaman inkişaf edib, püxtələşib,
yüksəlib. Həm də ona görə ki, vəzifə, səlahiyyət
heç vaxt onu bir insan kimi dəyişə bilməyib, səmimiyyətini,
sadəliyini, düzgünlüyünü, bir sözlə,
şəxsiyyət bütövlüyünü!
İngilis yazıçısı
Tekkerey mütəfəkkircəsinə obrazlı şəkildə
deyib: "Rəftar əkərsən - adət biçərsən,
adət əkərsən - xasiyyət biçərsən,
xasiyyət əkərsən - tale biçərsən". Tələbəlik
çağlarından tanıdığım,
çiyin-çiyinə çalışdığım, rəftarına,
adətinə, xasiyyətinə vaqif olduğum Nahid
ömrü boyu öz taleyinin əkinçisi olub. İndi
müdrik yaşında zəhmətinin bəhrəsindən
qürur duyub deyir: "Tanrıma, taleyimə minnətdaram ki,
ömrün bu çağına yetirdi məni".
Taleyinə şükür edən
bəndəsinə Tanrısı nə verməyib? İnsan,
Ziyalı, Yazıçı olmaq istedadı, Ər, Ata, Baba
olmaq səadəti!
Sənət aləminə öz dəst-xətti
ilə qədəm qoyan istedadlı nasirin şeir kimi
axıcı dili müqtədir sənətkarların,
çoxsaylı oxucuların diqqətini cəlb etdi. Söz sənətinin
silahı olan Dilin Nahid Hacızadə qələmində sanki
muma döndüyü, Sözün zərgər dəqiqliyi, zərrəbinlə
öz yerində işləndiyi xüsusi vurğulandı.
Real həyat materialı, poetik
duyum, hisslərin zənginliyi - bütün bunlar
yazıçının qələmindən çıxan
hekayələrin, povestlərin, pyeslərin, romanların
cövhəri, əsas məziyyətləridir. Onun əsərlərini
oxuyanda elə bil adamın ürəyinə bir işıq
seli axır. Bu əsərlərdə insana, təbiətə,
gözəlliyə məftunluqdan doğan poetik təsvir
gözümüzü, könlümüzü oxşayır,
məhəbbətin yaşarılığı, qüdrəti
("Məhəbbət ölüncə var",
"Payız leysanları"), torpağa, doğma yurda
bağlılıq ("Dağlar, sizdə gözüm
qaldı"), müharibəyə, haqsızlığa, qəddarlığa
nifrət ("Bir ana tanıyırdım",
"Köçündən ayrılan durna"), mənəvi-əxlaqi
keyfiyyətlər təbii, həyati, bədii boyalarla qələmə
alınıb.
Nahid Hacızadə yarım əsrdir
ki, yazıb-yaradır. Radio, televiziya, qəzet və nəşriyyatlarda
işlədiyi uzun illər ərzində söz-sənət
adamları ilə sıx ünsiyyətdə olan
yazıçı-jurnalist deyir: "Könül dünyamda
lay-lay, bəlkə də qalın cildlərə
sığmayan xatirələr uyuyur".
O, görkəmli
yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar,
səhnə ustaları haqqında xatirələrini qələmə
alır, mətbuatda dərc etdirir. Bu xatirələr oxucular tərəfindən
rəğbətlə qarşılanır, maraq doğurur.
Onlar çoxdan tanıdıqları, əsərlərini
dönə-dönə oxuduqları məşhur sənət
adamlarını Nahid Hacızadənin "təqdimatında"
elə bil təzədən tanıyır, özləri
üçün "kəşf" edirlər.
Adətim üzrə qələm
dostumun hər bir xatirəsini oxuyan kimi zəng edib təəssüratımı
"isti-isti" onunla bölüşür, "gün o
gün olsun ki, sənin xatirələrini kitab şəklində
görək" deyirdim, hər dəfə yeri düşəndə
söhbəti təzələyirdim.
Və nəhayət, "Yada
düşdü" oxuculara üz tutdu. "Bu, mənim
üçün bir borc idi - mənəvi borc", - deyə
yazıçı vurğuladı. O, həyatı boyu
ünsiyyətdə olduğu insanlara - Azərbaycan ədəbiyyatı,
incəsənəti və mədəniyyətində
böyük xidmətlər göstərən söz və sənət
adamlarına, el sənətkarlarına, görkəmli şəxsiyyətlərə
öz mənəvi borcunu verdi.
Kitabın redaktoru, təcrübəli
jurnalist Dilarə xanım Vəkilova "Yada
düşdü"nün son səhifəsində müəllifə
müraciətlə yazdı: "Siz müasir oxucuya, xüsusən
də gənclərə çox gərək olacaq bu
kitabın nəşrini gerçəkləşdirməklə
yaddaşlarda yaşayan insanlara, həmçinin
özünüzə sözdən bir abidə qoydunuz, təməlində
nəciblik, sədaqət, etibar duran bir abidə -
İnsanlıq abidəsi!"
"Yada düşdü" cəmiyyətimizdə
artıq unudulmaqda olan çox məsələləri yada
saldı. Oxucu qıtlığından şitkayətləndiyimiz
bir zamanda problemlərimizi ürək ağrı-acısı
ilə qələmə alan, maraqla oxunub əks-səda
doğuran publisistik yazılar müəllifi İradə
xanım Tuncay "Yada düşdü"nü
özünün dediyi kimi birnəfəsə oxuyanda
"artıq unutmağa başladığımız
olub-keçənlər" yadına düşdü. Və
keçib gəldiyimiz "həqiqətən mədəniyyətimizin
intibah dövrü"nü "maddiyyata başı
qarışmış millətimiz"in yadına saldı.
İradə xanım Tuncayın
böyük həcmli, dolğun məzmunlu, oxucunun
ağlına, ürəyinə işləyən məqaləsi
Yazıçılar Birliyinin Natəvan klubunda "Yada
düşdü" kitabının təqdimatı mərasimində
birmənalı olaraq təqdir edildi.
Xalq şairi Fikrət Qoca, filologiya
elmləri doktoru, professor Qəzənfər Paşayev, "Azərbaycan"
jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi
Vaqif Yusifli, yazıçı Elçin Hüseynbəyli,
şair Oqtay Rza "Yada düşdü"nü Nahid
Hacızadənin yaradıcılığında və
ümumən ədəbiyyatımızda təqdirəlayiq
hadisə kimi dəyərləndirdilər.
Son illərdə dünyada ən
çox memuar ədəbiyyatının oxunduğunu diqqətə
çatdıran şair Fikrət Sadıq Nahid Hacızadənin
"Yada düşdü" kitabı ilə bu janrın Azərbaycan
ədəbiyyatında "yüksək mərtəbəyə
qalxdığını" diqqətə
çatdırdı.
Qələm dostumun həyatı
xatirələr xəzinəsidir. O, "Yada
düşdü"nün ikinci kitabını yazıb
tamamlayıb və eyni adlı ədəbi-bədii, nostalji
jurnalın nəşrinə başlayıb. Bu gözəl təşəbbüsü
alqışlayan ədəbiyyatşünas alim Nizami Cəfərov
jurnalın ilk nömrəsində yazmışdı:
"İnanıram ki, tanınmış söz adamı,
görkəmli ziyalımız, yazıçı Nahid
Hacızadənin redaktorluğu ilə belə bir ədəbi
jurnalın - "Yada düşdü"-nün nəşri
nüfuz qazanacaq və o bu nüfuzu qoruyub
saxlayacaqdır".
Artıq üçüncü
nömrəsi çoxsaylı oxucular tərəfindən rəğbətlə
qarşılanan, nəfis şəkildə nəşr olunan,
gözəl tərtibatı zövqləri oxşayan dərin
məzmunlu, bənzərsiz ədəbi dərgi göstərir
ki, Nizami müəllim zənnində yanılmayıb. Bu da
ürəkaçan faktdır ki, indiki mətbuat bolluğunda
"Yada düşdü"-nün xeyli abunəçisi var.
* * *
Nahid Hacızadənin ad
günündə birlikdə işlədiyimiz unudulmaz
çağları xatırladım. O zaman hələ qırışlarla
naxışlanmamış alnında qıvrılan gur
saçları, qayğılı, fikirli, narahat anlarında
belə təbəssümlə işıqlanan çöhrəsi,
Gədəbəy bulaqlarının suyu kimi dumduru gözləri
xəyalımda canlandı. Və bir də yoxuşlar...
büsbütün yaşıl, gül-çiçək
çələngli, bağlı-bağatlı dağ
yamacına söykənən kənddən zirvəyə
yüksələn yoxuşlar. Uşaqlıq, yeniyetməlik,
ilk gənclik çağlarında üz tutduğu
yoxuşlar. Və sonralar unutmayacağı, yuxusuna girəcəyi,
qələmə alacağı yoxuşların zirvəsi
dağlar.
"Dağlar, sizdə
gözüm qaldı", - deyə qələminə güc
verəcək, ürəkdən bağlandığı sənətinin
yoxuşlarında ömrü boyu yol gedəcək, yüksələcək,
sevəcək, seviləcək, sevinəcək, Allahına
şükür edəcək. "Tanrıma, taleyimə minnətdaram
ki, ömrün bu çağına yetirdi məni", - deyəcək
qələm dostlarına, sənətsevərlərə,
oxucularına. Və onlar da yazqabağı ad günü
münasibətilə bahar ovqatlı gözəl qələm
sahibinə zirvəyə üz tutan sənət yolunun
yoxuşlarında uğurlar diləyəcəklər!
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2012.-10
mart.-S.11.