TAPINDIĞIMIZ
HƏQİQƏT - İNSAN HAQQI
"Sevinirəm ki, Azərbaycan insanı şikayət
edir"
"Ədalət"in şənbə
sayının iki səhifəsini ədalətdən
danışmağa həsr edirik. Yeni layihədi. Uzun müddət
davam etməsinə çalışacağıq. Ədalətin
qalib gəlməsi hər kəsin arzusu olsa da, az hallarda
reallaşır. Ədalət hər gün bir az da yoxa
çıxır. Onu düşüncəmizdə
yaratdıq, dilimizə gətirdik, nəhayət əməlimizə
çatanda büdrədik. Bəlkə geriyə qayıdaq:
daha dəqiq düşünək,
düşündüyümüzü təhrif etmədən
çatdıraq. Belədə ədalətin qalib olma
ehtimalı artar.
Uzun və incə olmayan yola
çıxırıq. Milli Məclisin Hüquq Siyasəti və
Dövlət Quruculuğu Komitəsinin sədri Əli
Hüseynlidən sonra söz verdiyimiz kimi, ədaləti
İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət
Aslanova ilə birgə axtardıq. Rəbiyyət xanımdan
ali səviyyəyə yüksəlməsinin sirrini öyrəndik.
Onun da hüquqlarının bir vaxtlar pozulduğunu bildik. Hətta
hüquq pozuntusuna yol verdiyinin etirafını da eşitdik. Bəs
necə, ədalətli olmaq bu qədər çətin.
- Nə vaxt ədalətsiz
oluruq?
- İnsan yarandığı
gündən həmişə ədalət
axtarışında olub. Hansı məqamlarda ədalətli,
hansı məqamlarda ədalətsiz oluruq? Bu suala birmənalı
cavab vermək mümkün deyil. Əksər hallarda
özümüzdə deyil, daha çox ətrafdakılarda ədalətin
səviyyəsinə qiymət verməyə
çalışırıq. İnsanın özündən
uzaqlaşaraq başqalarının hadisələrə
münasibətindəki ədaləti qiymətləndirmək
hissi subyektivdir. Başqalarının taleyinin səndən
asılı olduğunu anlayanda çox vaxt ədalətsizlik
başlayır, çünki maraq və mənafelər önə
çıxır. Mənafeyini, istək və
arzularını kənara qoyub, ideal mövqe göstərənlərin
sayı azdı. Kommunizm ideologiyası meydana gələndə
sosial ədalət prinsipi önə çıxdı və
ictimai marağın şəxsi maraqdan
üstünlüyü fikrini cəmiyyətə təlqin
etdilər. Zaman keçdikcə məlum oldu ki, bu, süni,
bürokratik ideyalar idi. İnsanın iç
dünyasındakı "mənim marağım, mənim istəyim"
ədalət hissini üstələməyə başladı.
- Bəs nə vaxt ədalətli
oluruq?
Ədalətli insan ilk növbədə
özünün mənsub olduğu mənəvi məkanla
başqasının mənəvi məkanı arasında
toqquşma yaratmamalıdır. Hər kəsin
yaşadığı maddi, mənəvi bir mühit var.
Başqası həmin məkanın sərhədlərinə
azacıq da olsa toxunacaqsa, ədalət prinsipi, birgəyaşayış
qaydaları pozulacaq. Ədalətli olmaq, öz
hüquqlarının harada bitdiyini, başqasınınkının
harda başladığını sona qədər dərk etməkdir.
Bu, yüksək kamillik zirvəsi adlanır. Birgəyaşayışın
əsas atributu konfliktə yol verməmək, psixoloji
münaqişəyə getməmək, qarşı tərəfin
hüquqlarının çərçivəsini
anlamaqdır.
- Hansı dövlət ədalətlidir?
- Filosoflar deyirdilər ki,
yaşlı insanların taleyinə məsuliyyətlə
yanaşan, orta nəslin gözəl yaşamasını təmin
edən, doğulan hər bir körpənin sağlam
böyüməsinə, cəmiyyət üçün
layiqli vətəndaş olmasına yardım göstərən
dövlət ədalətlidi. Bu prinsiplər sosial dövlətin
filosoflar tərəfindən irəli sürülən tezisləridir.
Təcrübədə isə gördük ki, sosializmdə həmin
model alınmadı.
- Bizim cəmiyyətdə ədalətin
payı çoxdur, yoxsa ədalətsizliyin?
- Demokratiyanın ən vacib cəhətlərindən
biri odur ki, ədalət prinsipini gerçəkləşdirir
və ona arxalanır. Azacıq da olsa pozuntu varsa, artıq meydana anarxiya,
partokratiya, totalitar rejim çıxır. Rejimləri bir-birindən
fərqləndirən ədalət prinsipinə münasibətdir.
Azərbaycan hüquqi, demokratik, dünyəvi - yəni ədalətli
dövlətdir.
- Korrupsiyaya yol verilməsi və
rüşvət tələbetmə halları ilə əlaqədar
Ombudsman aparatına daxil olan şikayətlərin sayı
ötən ilə nisbətən 30,6 faiz artıb. Bunu son
hesabatında insan hüquqları üzrə müvəkkil
Elmira Süleymanova deyib.
- Azərbaycan vətəndaşının
müvafiq qurumlara şikayət etməsi yaxşı
haldı. Birincisi ona görə ki, insanlar
hüquqlarının müdafiəsinə qalxır, ikincisi isə
vacib qanunların qəbul edildiyi təsdiqini tapır. 20 il əvvəl
insanlar hansı qanunlara əsasən hara, necə, müraciət
edəcəklərini bilmirdilər. Bu gün Milli Məclisin qəbul
etdiyi qanunlar Azərbaycan vətəndaşına müvafiq
strukturlarda qanunvericiliyin gerçəkləşməsi
üçün öz tələblərini irəli sürməyə
imkan verir. Qanunlar çərçivəsində
hüquqlarının müdafiəsini tələb edən
insanın haqqını kimsə poza bilmir. Özünə
qarşı əvvəlki laqeydlik yoxdu. Şəffaf cəmiyyət
belə olur. Sevinirəm ki, Azərbaycan insanı şikayət
edir, deməli, kifayət qədər maariflənib,
hüquqlarına məsuliyyətlə yanaşır və
qanunların gerçəkləşməsi üçün
iddiasını irəli sürmək əzmindədir
Müraciətlərin xarakteri də
dəyişib. Daha hüquq sisteminə aid dövlət
strukturlarından şikayətlər demək olar ki, yoxdu.
Zaman keçdikcə problemlər həllini tapır.
- Bəlkə zaman problemləri
yaddan çıxartdı, onları daha böyük miqyasda yeniləri
ilə əvəz etdi?..
- Problem aradan qaldırılmayana qədər
unudulmur. Əksinə, zaman dəyişdikcə daha da şaxələnir.
Bir vaxtlar bizə qlobal görünən əngəllər
ciddi islahatlar nəticəsində indi yoxdu. Artıq Azərbaycan
vətəndaşı məhkəmə - hüquq sistemindən
şikayət etmir. Ümumiyyətlə, müraciətlərin
məzmunu yuxarı vəzifəli məmurlara aid deyil. Əsasən
aşağılarda məmur-vətəndaş, yaxud sadə vətəndaşlar
arasında anlaşılmazlıqlar olur.
- Ailə-məişət zəminində
mübahisələri özündə əks etdirən
şikayətlər sayına görə birinci olar...
- Təəssüf ki, belə
şikayətlərin sayı çoxdur. İnsan birinci
növbədə təfəkküründə islahat
aparmalıdır. Başa düşməlidir ki, onun
azadlığı başqasının azadlığı
başlayana qədərdir. Demokratiyanın bu aksiomunu tərəflərdən
ən azı biri dərk etməyəndə mübahisələr
yaranır. Və hamı özünü haqlı sayır.
Şikayətləri araşdıranda isə məlum olur ki,
iddiaçı özü qanun pozuntusuna yol verib. Haqsız
olduqları halda öz istəklərini gerçəkləşdirmək
üçün Milli Məclisə müraciət edirlər.
Milli Məclis isə məhkəmə deyil, yalnız bir tərəfi
dinləyir. İkinci tərəfi dinləmək
imkanımız yoxdur. Məhkəmə hər iki tərəfi
dinləyib, yekun qərar verir.
- Məhkəmədə olan
işi Milli Məclis nəzarətə götürə bilir?
- Milli Məclisin müvafiq komitəsi
həmin işlə bağlı qanunun işlək mexanizmə
malik olub-olmamasını nəzarətdə saxlayır. Məlum
olanda ki, qüvvədə olan qanunun problemi həll etmək
gücü yoxdur, əlavə və dəyişikliklər
edilir. Milli Məclisdə qəbul olunan qanunlara zaman-zaman olunan
əlavə və dəyişikliklər yeni tələblərdən
irəli gəlir. İnsanların
qarşılaşdıqları istənilən problemin həlli
üçün qanunlar bir az da zənginləşməlidir
ki, bir daha onların hüquqları pozulmasın.
- Rəhbərlik etdiyiniz İnsan
Hüquqları Komitəsinin həll edə bilmədiyi
şikayətlər olur?
- Deməzdim ki, həll edə
bilmirik, sadəcə, müraciət müəllifləri
ünvanı düzgün seçmirlər. Sonuncu qəbulda nə
qədər insan işə qəbul olunmaq üçün
şikayət etmişdi. Əksəriyyəti Fövqəladə
Hallar, Daxili İşlər nazirliklərində, sərhəd
xidmətində, yaxud hansısa dövlət orqanlarında
işləmək istəyirlər. Biz onlara izah edirik ki,
dövlət qulluğuna qəbulla bağlı fəaliyyət
göstərən quruma müraciət etməli, müvafiq
testlərdən keçməlisiniz. Bəzən insanların
istəkləri ilə qanunların müddəaları
üst-üstə düşmür. Həmçinin də
övladlarının xaricdə müalicəsi
üçün müraciət edənlər var.
Düzdür biz bununla bağlı Səhiyyə Nazirliyinə
müraciət edirik, amma elə məsələlər var ki,
bu Milli Məclisin səlahiyyətinə daxil deyil.
- Bəzi deputatlar gileylənirlər
ki, seçicilərinin şikayətlərini rəsmi qurumlar
qarşısında qaldıranda laqeydliklə üzləşirlər.
Siz belə hallarla qarşılaşmısız?
- Göndərdiyimiz məktublara
nazirlər ən yüksək səviyyədə cavab
yazırlar. Daxili İşlər Nazirliyinə göndərdiyim
elə bir məktub yoxdur ki, nazir Ramil Usubovun şəxsi
imzası ilə mənə cavab gəlməsin. Bütün həmkarlarıma
da eyni münasibət göstərilir. Milli Məclislə icra
strukturları arasındakı münasibətlər elə
qurulub ki, çox böyük məsulliyyət hissi ilə
yanaşma özünü göstərir. Yüksək vəzifəli
rəsmilər ildə iki dəfə parlamentə hesabat verməyə
gəlirlər. Narazılığını mətbuat vasitəsilə
bildirən deputat parlamentdə hesabat zamanı gileyini dilinə
gətirsə, pis olmaz. Millət vəkillərinin əllərinin
altında 3 və 4 nömrəli dövlət telefonları
var. İstədikləri zaman sözlərini deyə bilərlər.
Qəzet səhifələrində məsələ
qaldırıb, reklam olunmağa ehtiyac yoxdur. Yaxşı olar
ki, yuxarı instansiyalara vacib məsələ ilə
bağlı müraciət etsinlər. O qədər şəxsi
xahişlər olur ki. Subyektivliyə yol vermək lazım
deyil.
- Müşahidələrinizə əsasən
hansı sahələrdə inkişaf, hansı sahələrdə
geridəqalma özünü göstərir?
- Cənab prezidentin tez-tez səsləndirdiyi
bir fikir var: "İslahatlar bütün sahələrdə
paralel getməlidir". Cəmiyyətin dinamik
inkişafına nail olmaq istəyiriksə, bir tərəfi
inkişaf etdirib, digər sahəni yaddan çıxarmaq olmaz.
Malaziyanın keçmiş baş naziri Azərbaycanda səfərdə
olanda ondan Malaziya möcuzəsinin sirrinin nədən ibarət
olduğunu soruşduq. Cavab verdi ki, sənayeləşməyə
üstünlük veriblər. Nəticədə Malaziya
iqtisadiyyatı böyük uğurlar qazanıb. Bu gün
dünyada konkret model yoxdur, Çin, Malaziya, Yapon və
başqa modellər var. 20 il ərzində Azərbaycanın
keçdiyi yolun özü bir modeldir.
Düşünürdülər ki, Azərbaycan yalnız neft
sahəsinə böyük diqqət yetirəcək, amma belə
olmadı, qeyri-neft sektorunun inkişafına da ciddi fikir verildi.
"Azərbaycan gələcəyə baxış-2020"
konsepsiyası irəli sürüldü. Bu, ölkənin
bütün sahələr üzrə paralel inkişaf
konsepsiyasıdır, prioritet istiqamətlərin gündəmə
gətirilməsidir. Hazırda hər hansı bir sahədə
yüksək tələblərə cavab verilməməsi
müvəqqəti hal kimi qəbul olunmalıdır.
Müqayisə etmək imkanı olan hər bir şəxs
10-15 il əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı
görür. Müxtəlif sahələrdə bizi qane etməyən
məqamlar ola bilər. Bu, ondan irəli gəlir ki, hazırda
Azərbaycan dünya miqyasında ən aparıcı dövlətlərdəki
inkişafı görür və məhz ona doğru gedir.
- İnkişaf etmiş bir
çox ölkələrin təhsil sistemindən bəhrələnmək
istəyimizsə hələ ki, nəticə vermir...
- İngiltərə, Almaniya,
Fransa, Amerika təhsil sistemini Azərbaycana köçürmək
istəyirik. Bu, mümkün deyil. 40 ildir Bakı Dövlət
Universitetində dərs deyirəm. Bilirəm ki, Harvardın,
Oksfordun təhsil sistemini Azərbaycana köçürmək
üçün çox böyük islahatlar lazımdır
və ilk növbədə islahatların nədən
başlayacağını müəyyənləşdirməliyik.
İslahat təkcə ali məktəb qapılarını dəyişdirmək,
tələbələrə hansısa məişət tipli
şərait yaratmaqla deyil, müəllimlərin yetişdirilməsi
nəticəsində baş verəcək. Xaricdə təhsil
alıb gələn gənclərimiz təhsildə müasir
düşüncənin bərqərar olmasına çalışacaq
və yeni nəsil yetişəcək. Sovet zamanında təhsil
alan şəxs kimi, düşüncəm nə qədər
yeniləşsə belə, konservativliyini saxlayacaq. Məni
Marksizm-Leninizm fəlsəfəsi yetişdirib. Heç vaxt
keçmişə yox deyə bilmərəm, çünki o
mənimlə birlikdə gəlir. Bu baxımdan yeni gələn
nəsil təbii ki, məndən fərqlənəcək,
yeni mənəvi mühitin formalaşmasında maraqlı
olacaq.
- Yeni nəsil görünmür
axı, sanki kölgədə qalıblar...
- Necə yəni
görünmür?.. Yeni nəsil çox aydın
görünür, sağınıza, solunuza baxın
onları görə biləcəksiniz.
- Xaricdə yüksək səviyyədə
təhsil alıb gələnlər var. Onlar söz sahibinə
çevrilmirlər, hansısa sahənin inkişafına təsiretmə
imkanları yoxdur.
- Atalar-oğullar
qarşıdurması həmişə olub, olacaq da. Xaricdə
adlı-sanlı universitet bitirib ölkəyə qayıdan
kimi böyük bir sahənin idarəçiliyinin onlara verilməsindən
danışırlar. Bu, belə olmur. Yerli məkanın
özünəməxsusluğunu və idarəetmə təcrübəsini
nəzərə almaq lazımdır.
- Kimlərdən öyrənsinlər?
- Vəzifədə olan təcrübəli
insanlardan.
- Konkret mexanizm var?
- Onlar dövlət
strukturlarında yerləşdirilməlidir. Bu gün xaricdə
təhsil alıb, ölkəyə qayıdan gənclərin
müəyyən hissəsi hələ də öz yerini
tapmayıb, cəmiyyətdə bir gərəksizlik
yaşayır. Ona görə də çox vaxt özəl
strukturlara üz tuturlar.
- Təhsil aldıqları müddətdə
yüksək inkişaf etmiş cəmiyyətdə
yaşayanlar ölkələrində az məvaciblə işləməyə
razı olmurlar...
- Elə insanlar tanıyıram ki,
onlar Amerikada yüksək maaşla
çalışırdılar, indi isə vətənlərində
iki dəfə az əməkhaqqı alırlar. Vətən təəssübkeşliyindən
çıxış edən bu gənclər durumlarından
razıdırlar. Onlar yeni nəslin başqa ölkələrdə
yaşamasının qarşısını almaq
üçün bu ənənəni formalaşdırmaqda
maraqlıdırlar.
- Yəni arzuladığın,
yaşamaq istədiyin dünyanı özün qurmalısan?
- Bəli, həmin gənclərin
körpə övladları - gələcəkləri var.
Onlar övladlarını da aparıb Amerikada yaşaya bilməzlər.
Əksinə, övladlarının yaşayacağı gələcək
mühiti yeni baxış forması ilə burda
qurmalıdırlar. Pessimist deyiləm, inanıram ki, belə də
olacaq. Mənim də öz övladım xaricdə təhsil
alır. Onunla birlikdə təhsil alan gənclər Azərbaycanda
baş verən proseslərin həqiqi mahiyyətini dünyaya
çatdırmaq istəyi ilə təşkilatlar
yaratmağı düşünürlər. Ən
böyük arzuları geri qayıtmaq, Azərbaycanı
böyük dövlətlər səviyyəsinə
qaldırmaq üçün bilik və bacarıqlarını
səfərbər etməkdir. Vətəndən kənarda
yaşayan həmin gənclərin vətənpərvərlik
hissini yüksək qiymətləndirirəm. Eyni zamanda Azərbaycanda
təhsil alan gənclərin hissləri təqdirəlayiqdir. Təhsil
sahəsində ən vacib məqamlardan biri istedadlı gənclərin
seçilməsidir. Dünyanın adl-sanlı universitetlərində
belə, təhsil alanların hamısı yüksək
istedada sahib olmurlar. Bəşəriyyətin yükünü
4-5 faiz istedadlı insan daşıyır. Ölkəmizdə
İslam ölkələrinə mənsub olan beyin mərkəzlərinin
toplantısı keçirildi. Artıq Azərbaycan dünyaya
bəyan edir ki, təkcə eşitməyə deyil, həm də
sizə deməyə sözümüz var. İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələr arasında
sağlam rəqabət mövcuddur. Azərbaycan rəqabətə
nə dərəcədə davamlı olduğunu ortaya qoymaq
üçün onları bura dəvət etmişdi. Zəif,
dünya fövqündə rəqabət gücü olmayan
dövlət onları dəvət etməzdi. Əgər biz
böyük bir elm, bilik məkanına inteqrasiya olunuruqsa, bu,
yalnız bərabər hüquqlar arasında baş tuta bilər.
- Biz güclü dövlətik. Amma
ərazimiz hələ də işğaldadır...
- Biz çox güclüyük,
ancaq torpaqlarımızı işğal edən və onu
işğalda saxlayanın kim olduğunu hər kəs
yaxşı bilir. Düşmənimiz yalnız Ermənistan
deyil. Dünyada böyük xristian həmrəyliyi, onu
nümayiş etdirən güclər, dövlətlər
mövcuddur. Azərbaycanın gücü həmin qüvvələr
qarşısında dura bilməsindədir,
balanslaşdırılmış siyasət yeritmək
iqtidarında olmasındadır, öz həqiqətlərini
yavaş-yavaş qəbul etdirmək əzmindədir. Bu
gün Azərbaycan müstəqil siyasət yeridirsə,
bloklara qoşulmursa, Cənubi Qafqazda digər dövlətlərdən
fərqli olaraq iqtisadi qüdrətini, sosial, siyasi, mədəni,
beynəlxalq nüfuzunu qoruyub saxlayırsa, bu, böyük
gücün nəticəsidir. Bizə dost olan və olmayan ətrafımızdakı
dövlətlərin hər birində nə qədər həll
olunmayan, nəzarətdən çıxan münaqişələr
var. Dağlıq Qarabağ problemi olmasa, Azərbaycan
dünyanın ən güclü, uğurlu siyasət
yürüdən dövlətlərindən biri olar.
- Dağlıq Qarabağ probleminin
həlli istiqamətində yürüdülən siyasətdə
ziddiyyətli məqamlar nəzərə çarpır. Bir tərəfdən
ermənilərin vəhşi olduğunu təbliğ edirik, o
biri tərəfdən vəhşilərlə müxtəlif
səviyyələrdə görüşərək, əvvəlki
münasibətləri bərpa etmək istəyirik. Vəhşi
ilə dost olmaq nə qədər mümkündür?
- Dağlıq Qarabağ probleminin
həlli ilə əlaqədar götürülən xətt
çox düzgündür. Həqiqəti ortaya
qoymamızın əsas qayəsi odur ki, ermənilər
yüzilliklər boyu türk insanını, azərbaycanlını
dünyaya vəhşi şəkildə təqdim edib. Azərbaycanlı
obrazını əvvəlki təqdimat, təssəvürdən
xilas etmək, onun yüksək ziyalı, mənəviyyat
sahibi olduğunu dünyaya çatdırmaq əsas vəzifədir.
Görülən işlərin nəticəsidir ki, Azərbaycan
dünyanın ən aparıcı beynəlxalq təşkilatlarının
forumlarını keçirdiyi mədəniyyət mərkəzinə
çevrilib. Xocalı soyqırımının 20-ci ilinə
görə keçirilən böyük yürüş ermənilərin
dünyada bizim barəmizdə yaratdıqları iyrənc mifin
aradan qaldırılmasına yönəlmiş addım idi.
Düşmən ölkə, millət olan ermənilərlə
aparılan danışıqlara gəlincə, nə erməniləri
Ermənistandan, nə də azərbaycanlıları Azərbaycandan
köçürmək mümkündür. Taleh bizi bir yerdə
yaşamağa məhkum edib. Deməli, heç olmasa birgəyaşayış
prinsiplərini düzgün müəyyən etməliyik. Beynəlxalq
hüquq normalarına uyğun bütün imkanlardan istifadə
edəcəyik. Ermənistan bu gün hələ ki,
qeyri-konstruktiv mövqedədir və onun arxasında duran
böyük, qlobal güclərə arxayındır. Amma
dünyanın işini bilmək olmaz.
- Deyirsiz, balansın xeyrimizə dəyişmə
ehtimalı var?
- Balans hər dəqiqə dəyişə bilər.
İqtisadi baxımdan gücləndikcə, dünyanın
aparıcı dövlətlərinin enerji təhlükəsizliyinin
təminatçısı olduqca, Azərbaycana münasibət
dəyişir. Dünyada hər şeyi maraqlar idarə edir.
Çörçilin məşhur ifadəsində deyildiyi
kimi, "Əbədi dostlar deyil, əbədi maraqlar var".
Qonşularımızın Azərbaycana qarşı sərgilədiyi
mövqeyə baxmayaraq, yenə də böyük təmkin
nümayiş etdiririk. Beynəlxalq standartlara uyğun olaraq
qonşuluq siyasətini gerçəkləşdirir, bizə
qarşı beynəlxalq hüquq münasibətlər sisteminə
sığmayan əməllərinə rəğmən
hansısa qüvvələrin plasdarmına çevrilməyəcəyimizi
bəyan edirik. BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü statusunu almağımız Azərbaycanın
regional etirafdan, qlobal etirafa yüksəlmiş nüfuzuna
sübutdur. Qətiyyətlə "biz varıq" deyə
bilirik. Lakin vaxtı ilə "biz Azərbaycandanıq"
ifadəsini dilə gətirib sözümüzü qətiyyətlə
deyə bilmirdik. Azərbaycan münaqişələr içərisində
itib-batmış qeyri-stabil dövlət imicini
yaşayırdı və bura gəlməkdən qorxurdular. Bu
gün əksinədir, Beynəlxalq "Eurovision" Mahnı
Müsabiqəsinin keçirildiyi məkan olan Azərbaycana
bütün dünya gəlməyə can atır.
- Ermənistan təmsilçisi isə
gəlmir.
- Onların beynəlxalq müsabiqədən
imtina etmələri mədəni səviyyələrinin
aşağı olduğunun bir daha təsdiqidir.
- Bəlkə Avronestin İrəvanda
keçirilən tədbirində iştirak edən
azrbaycanlı millət vəkillərinin sərt
çıxışlarından çəkiniblər
- Ermənistana gedib parlament
tribunasından onlara işğalçı olduqlarını
demək, həqiqəti söyləmək çox
böyük cəsarət tələb edirdi. Millət vəkilləri
ora qonaqlığa yox, missiyalarını həyata keçirməyə
getmişdilər. Kimin işğalçı, kimin işğala
məruz qaldığını düzgün etiraf etmək
lazımdır. İşğala məruz qalanla
işğalçı arasında bərabərlik işarəsi
qoymaq olmaz.
- Hansı orta məktəbdə
oxumusuz?
- Oxumadığım məktəb
qalıb ki... Azərbaycanın demək olar bütün
bölgələrində uşaqlığımın xatirələri
var. Çox maraqlı taleyim olub. Kəlbəcərdə
doğulmuşam. Kəlbəcərin dağları, İstisu,
ordan Basarkeçərə gedən yol, gözümün
qarşısından çəkilmir. Sonra Tərtərə gəlmişik,
Oğuzda, Qaxda yaşamışıq. Ən nəhayət
Bakı. Orta məktəbin sonuncu siniflərini paytaxtda oxumuşam.
Atamın hərbiçi olması
bu rayonları yaşayış məskənimə
çevirib.
- Nə vaxtsa hüququnuzu pozublar?
- Mənə dəyən zərbələr,
hüquqlarımın pozulması və onun bərpası
yolunda qiyamçı ruhum olmasaydı, bəlkə də
bugünkü Rəbiyyət Aslanova olmazdım. Hər bir
insanın həyatında başqaları tərəfindən
hüquqlarının pozulması ehtimalı, cəhdləri
var. İnsan o zaman güclü, qətiyyətli olur ki, həmin
sədləri qıra bilir, öz hüquqlarının
müdafiəsində dayanır, həqiqət uğrunda
mübarizəsini ortaya qomaq cəsarətini özündə
tapır. Şərlə xeyirin mübarizəsi həmişə
olub və bundan sonra da olacaq. Xudu müəllimdən
dünyada xeyir, yoxsa şər əməlin çox
olduğunu soruşmuşdum. Demişdi ki, onlar həmişə
bərabərdir, birinin digərini üstələdiyi vaxt olsa
da, müvəqqətidir. Dünyanın balansını bu iki
qüvvə qoruyur. Xoşagəlməz düşüncənin
gün ərzində insan xəyalında fırlanması da
şərə xidmətdir. Həmişə xeyirin içərisində
yaşamaq mümkün deyil.
- Siz necə, kiminsə
hüquqlarını pozmusuz?
- Mənim də kimlərinsə
hüquqlarını pozduğum hallar olub.
Çox dəcəl, dərslərdə
rahat oturmayan şagirdlərdən, tələbələrdən
olmuşam. Baxmayaraq ki, yüksək qiymətlərlə
oxuyurdum, amma sakit ola bilmirdim. Dərsdən
qaçdığım, qrupla birlikdə
yayındığımız vaxtlar olub. Bununla yanaşı,
müəllim tərəfindən hüquqlarım pozulanda onun
müdafiəsinə qalxmaq iqtidarındaydım. Müəllimlərimi
böyük hörmətlə xatırlayıram. Qədim
dünya tarixindən dərs deyən Yusif müəllimin
metodikası o qədər yüksək səviyyədə idi
ki, bu gün də onu heç nə ilə müqayisə edə
bilmirəm. İmtahanda "5" almaq istəyirdim, o isə
dedi ki, "5"-ə bilmirəm. Dedim ki, onda "2"
yazın. Evdən məni cəzalandırdılar, yay tətilində
heç yerə aparmadılar. Bütün yayı oxudum və
qiymətimi düzəltmək üçün avqustun 25-də
universitetə getdim. Yusif müəllimin rəhmətə
getdiyini eşitdim. Çox pis oldum, o halımı hələ
də unuda bilmirəm. Kimə imtahan verəcəyimi
soruşdum. Kafedradan dedilər ki, göndəriş yoxdur,
çünki kəsilməmisən, Yusif müəllim elə
imtahan günü "5" yazıb.
- Hər ikinizin istədiyi oldu:
Yusif müəllimin tələbəsi dərsi əla mənimsədi
və "5"- ni də aldı.
- Möhtəşəm müəllim
idi. Həmişə onun ruhuna dualar oxuyuram. Yusif müəllimin
əməli ədalətdən yoğrulmuşdu. Tələbə
kimi, həmin an keçirdiyim hissi müəllim kimi, fəaliyyətimdə
qoruyub saxlayıram.
O prinsiplə yaşayıram ki,
kiminsə haqqını tapdamaq lazım deyil. İmkan ver, tələbə
oxusun gəlsin, sonra onun qiymətini yaz.
- 80-ci illərdə Dövlət
Televiziyasında veriliş aparırdız. Necə oldu ki, məhz
Sizi seçdilər?
- Təklif gələndə
Bakı Dövlət Universitetinin dossentiydim. O zaman üç
güclü veriliş vardı: "Qoşma", "Zəriflik",
"Gözəllik". Gözəllik verilişinin
aparıcılığı üçün Az.TV-dən mənə
dəvət gəlmişdi. Müsahibə aldığım
insanlar Xudu Məmmədov, Firudin Köçərli, Nürəddin
Rzayev, Bəxtiyar Vahabzadə kimi ziyalılar idi. Onlarla mənəvi
gözəllikdən danışmaq, cəmiyyətdəki
gözəlliyi qorumağın elmi yollarını axtarmaq
tamaşaçıya böyük zövq verirdi.
"Qoşma"-nı Kamal Abdulla, "Zəriflik"-i Zəhra
Quliyeva aparırdı. Çox təəssüf ki, bu gün
elə verilişlər yoxdur. "Gözəllik"in
ömrü 3 il oldu. 90-cı il hadisələri başladı.
Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra
"Gözəllik" verilişinin hər kadrını
yandırdılar.
- Niyə?
- Deyilənə görə, həmin
lentlərdə gümüş vardı və onları
yandırıb gümüşü çıxarıblar. Bu,
Xalq Cəbhəsinin mədəni irsə olan münasibətinin
göstəricisidir. Biz həmin çəkilişləri
çox axtardıq, tapmadıq. Böyük insanların
gözəl fikirləri yer alan lentləri yandıranlara nə
ad verəsən...
- Hansı kriteriyalara görə,
verilişi Sizə tapşırdılar?
- Bir çox kriteriyalara görə
mən bu verilişə seçilmişdim. İlk növbədə
gənc və gözəl idim.
- İndi televiziyada tələblər
dəyişib.
- O zaman belə məsələlərə
çox ciddi yanaşılırdı və təsadüfi
adam seçilmirdi. Bu gün isə təsadüfi adamları dəvət
edirlər, onların heç sual vermək qabiliyyətləri
yoxdur.
- Sizinlə söhbət
maraqlıdır.
- Ancaq məndən cavabını
bildiklərinizi soruşdunuz. Xoşuma gəlməyən bir cəhət
var: kollektiv düşüncə tərzi.
Uşaqlarımı heç vaxt bağçaya verməmişəm.
Çünki bağçada uşaqlara eyni şeyləri
öyrədirlər. Maddi imkanım olmadığı vaxtlarda
belə, övladlarıma dayə tutmağa
çalışırdım. Dayələr tamamilə
başqa kitablardan onlara nələrisə mənimsədirdilər.
Oğlum 5 yaşında olanda ona Mixail Korşunovu oxutdururdum.
Ağlaya-ağlaya oxuyurdu, heç nə başa
düşmürdü, amma mən onu başa sala-sala
oxutdururdum. Böyük rus yazarının fərqli
düşüncə tərzini onun beyninə yeritməyə
çalışırdım. Başqa ədibləri də
onun kimi. İnsan hər gün yeniləşməsə,
maraqsız olar. Biz bəzən
düşündüyümüzü deyil, kimin nə
düşündüyünü deyirik.
- Fərqli məzmunda verdiyimiz
suallara rəsmi şəxslər ənənəvi cavablar
verirlər. Siz də rəsmi şəxs hesab olunursuz. Bilmədiklərimizə
bildiklərimiz səviyyədə cavab verəcəyinizi
düşünürük.
- Yəni statusum daha açıq
danışmağa imkan verməyəcək?
- Jurnalist təcrübəmizdən
çıxış edərək, bəli deyirik.
- İstəmədən belə
alınır demək.
- Sizin daha çox müdafiə
mövqeyində duracağınız artıq
düşüncəmizdə oturuşub.
- Xeyr. Mən müdafiə
xarakterli deyil, pessimist əhvali-ruhiyyəli olmaq istəmirəm.
Çünki bədbinlik insanı məhv edir.
Gültəkin Qəhrəmanlı
Ceyhun
Musaoğlunun yeni layihəsi: "Ədalət"də ədalətdən
danışaq
Ədalət.-2012.-10 mart.-S.13.