AKİF QƏHRƏMANLI "SİYASİ OYUNLAR BİTMƏYƏCƏK" KİTABINI TƏQDİM EDİR (1)

 

   Girişsiz-filansız təqdim etmək istəyirəm bu yazını. Ona görə ki,mənim onun haqqında yazacağım bütün fikirlər öz kitabını təqdimin içində ifadə olunmaqdadır.Və üstəlik də geniş oxucu kütləsinə az tanış olan bu imzanın sahibini də onun öza biyoqrafiyasından öyrənmək mümkündü.Yalnız bunu deyim ki, çox-çox illər öncəsindən tanıdığım Akif Qəhrəmanlı həqiqi anlamda "arxa planda" qalan və mütəvazi bir həyat yaşayan qələm sahibi olmuşdur.Və bütöv bir tərcüməçi nəsli onu gözəl tanıyır.O özü də bizim siyasi ədəbiyatımızda olan tərcüməçilərin arxa planda qalmasını ürək ağrısı ilə izah edir.

   - Çox qısa giriş sözümüzün davamı kimi keçək suallara Akif bəy. Bu vaxtadək rus dilindən Azərbaycan dilinə çoxlu kitab və başqa mətnlər tərcümə etdiyiniz ücün oxucular sizi tərcüməçi kimi tanıyırlar. Bu günlərdə eşitdim ki, orjinal kitabınızı çap etdirmisiz. Xeyirli, uğurlu olsun! Çox yaxın bir tanış kimi, həm də qələminizə bələd dost kimi bilmək istərdim ki, bu kitab hansı zərurətdən yarandı?

   -Bilirsiniz ki, mən yazıçı deyiləm, bədii əsərim yoxdur. Ona görə də indiyədək kitab buraxdırmamışam. Tərcümə etdiyim kitablar isə əsasən ictimai-siyasi mövzularda olduğu üçün geniş oxucu kütləsi arasında elə də populyarlıq qazanmayıb. Oxucunun qəlbini ələ alan, müəllifinə şöhrət qazandıran kitablar buraxmağı kim istəməz ki!? Bundan ötrü xüsusi qabiliyyət, bədii təfəkkür lazımdı ki, o da məndə yoxdur. Öz sahəmin çox möhtəşəm mütəxəssislərinin əksəriyyətindən fərqli olaraq mən həmişə imkan daxilində cari mətbuat səhifələrində də çıxış etməyə çalışmışam. Atalar yaxşı deyib ki, "Aşıq gördüyünü çalar". Ömrüm boyu dövlət idarəetməsinə, siyasətə aid mətnlərin tərcüməsi ilə məşğul olduğuma görə mətbuat səhifələrindəki çıxışlarım da əsasən siyasi icmallardan və şərhlərdən, dil məsələlərinə aid yazılardan ibarət olub. Bu yaxınlarda keçmiş yazılarımdan birini gözdən keçirmək zərurəti yaranmışdı. Amma nə qədər axtardımsa, tapa bilmədim: nə evdə, nə də kitabxanada. "Müsəlmanın sonrakı ağlı" zərb- məsəlinin təsdiqi olaraq yalnız bundan sonra mətbu çıxışlarımın mətnlərini axtarıb toplamağa başladım. Çoxunu tapa bilmədim. Vaxtı ilə yığıb saxladığım materialların da əksəriyyəti evdə itib-batmışdı. Ona görə qərara aldım ki, bu materialları toplayıb kitab halına gətirim.

   -Bu qədər təvözkar bir girişdən sonra,yəqin bilməmiş deyilsiz ki, indiki kitab bolluğunda hər hansı bir kitabın çapı həm də risk deməkdir: yəni bunun təbliği var, oxuculara çatdırılması var.

   -Sizin və mənim kitab adlandırdığımız bu çap məhsulu əslində "arxiv materialları toplusu"dur. Kitab çapının risk olduğu barədə dediyinizə gəldikdə bu məsələni elə kitabın giriş sözündə "çözmüşəm", yəni demişəm ki, heç kimin kitabını heç kəsin oxumadığı bizim zəmanədə mənim bu kitabımı da kiminsə oxuyacağına əmin deyiləm. Oxuyan olacaqsa, mənim həyat və fəaliyyətim haqqında az-çox təsəvvür əldə edəcəkdir, oxuyan olmayacaqsa, təəssüflənməyə dəyməz, çünki bu, necə bir ömür yaşadığım haqqında mənim öz vicdanım qarşısında hesabatımdır. Kitab, bax, bu zərurətdən yarandı. Axı nə görkəmli dövlət xadimi və ictimai xadim deyiləm, nə də dahiyanə fikirlər söyləməmişəm ki, məndən sonra bu yazıları kimsə axtarıb toplasın və çap etsin.

   -Düşüncələrinizdən xəbərdar olduğuma görə aydınlıq üçün bu sualı verirəm: nədir sizi incik salan bizim mətbuat dünyasında və xüsusən də tərcümə məsələlərində. Söz sonuncudan gedəndə çox ağır və yaralı ittihamlarla çıxış edirsiniz. Bunların arxasında, məncə, bir yaradıcının böyük haqqı olduğu da göz qabağındadır. Nədir sizi rəncidə edən?

   -Mətbuat dünyasında baş verənlərdən az-çox xəbərdar olsam da, məncə, bütövlükdə bu böyük sahə haqqında fikir söyləmək səlahiyyətinə malik deyiləm.Bunu mətbuat nəhənglərimiz, mətbuat fədailərimiz edə bilər. Sualınızın cavabında onu deyə bilərəm ki, məni həmişə jurnalistlərin və tərcüməçilərin dil qüsurları narahat edir. Nəinki sıravi bir əməkçidən, hətta fizika, riyaziyyat və ya kimya alimindən də səlis, qrammatik dil tələb etmək yersizdir. Axı onların iş materialı dil deyildir. Öz peşələrini yaxşı bilmələri onların cəmiyyət üçün faydalı işlər görməsinə kifayət edir. Mətbuat, ümumən kütləvi informasiya işçilərinin isə iş materialı dildir. Onların çörəyi dildən çıxır. Dilin ən birinci mühafizi də, təbliğatçısı və təəssübkeşi də mətbuat işçiləri olmalıdırlar. Milyonlarla adam müxtəlif kütləvi informasiya vasitələrinin dili ilə tərbiyə olunur. İnsanlar sözlərin düzgün yazılışını və tələffüzünü məhz kütləvi informasiya vasitələrindən öyrənirlər.

   Öyrənməlidirlər. Amma belədirmi? Mətbuatda çalışanlar, teleradio işçiləri dili bilmirlərsə, yaxud təhrif edirlərsə,oxucular və tamaşaçılar onlardan nə öyrənə bilər? Yəni mətbuatımızın bugünkü vəziyyəti barədə danışırıqsa, mən ilk növbədə mətbuat işçilərinin, jurnalistlərin dilindən narazıyam. Əgər qələm əhli dil sahəsində savadsızlıq, laqeydlik,naşılıq göstərirsə, əhalinin qalan hissəsindən nə ummaq olar? Nəsil-nəsil Azərbaycanın vicdanlı ziyalılarını düşündürmüş bir məsələ indi də aktuallığını saxlayır: biz tarixi-mədəni abidələrimizi qorumağı bacaran xalq deyilik. Qədim köklərə malik olduğumuzu göstərmək üçün həmişə dilimizin tarixinə istinad etmişik.  

   -Bildiyiniz elə bir mənbə varmı ona istinad eləmək mümkündü?

   - Bildiyimi deyəcəyəm: təkçə Elməddin Əlibəylinin və İsmayıl Vəliyevin tədqiqat əsərlərini oxumaq kifayətdir görəsən ki, dilimizin tarixi bizi çox qədimlərə, lap şumerlərə bağlayır. Bununla qurrələnirik. Belədirsə, soruşan gərəkdir: savadsız əcdadlarımızın tarixin keşməkeşlərindən keçirib bizə təhvil verdikləri doğma Azərbaycan dilinə özünü savadlı hesab edən bizlər niyə qənim kəsilməliyik?

   Ana laylası ilə eşidib öyrəndiyimiz, tarix qarşısında üzümüzü ağardan bu dilin qədrini niyə bilmirik? Əziyyətə qatlaşıb öyrənmək əvəzinə dilimizin sözlərini,hikmətli ifadələrini necə gəldi təhrif etməyə, lüğət fondumuzu əcnəbi məfhumlarla zibilləməyə vicdanımız necə yol verir?

   Bu suallar kütləvi informasiya vasitələrində çalışan hər bir jurnalisti düşündürməlidir.Özünü bu Vətənin, bu xalqın övladı sayan hər kəs dilimizin qayğısını çəkməyə borcludur. Dil ilə bağlı proseslərin ən mühüm tərkib hissələrindən biri də tərcümədir. Adamların əksəriyyəti tamamilə yanlış olaraq tərcüməyə mexaniki iş kimi baxırlar,halbuki tərcümə çox böyük yaradıcılıq işidir, ciddi məsuliyyət tələb edən işdir.

   - Nə eləmək lazımdı ki, bu xətalardan yan keçək? Bu xətalar nədən yaranır və bu ətrafda müzakirələr getsə də heç bir nəticə əldə edilmir?

   -Mən ömrümü tərcümə işinə həsr etmişəm. Yekəxanalıq olmasın, tərcümə sahəsində özümü məşhur nağıl qəhrəmanı Cırtdanın aldatdığı divdən fərqli bir div hesab edirəm.

   Yəqin ki, deyəcəklərim ayrıca bir məqalənin mövzusudur, amma yaratdığınız fürsətdən istifadə edib öz fikirlərimi qısaca bildirmək istəyirəm.

   Adını tərcüməçi qoyan adam ilk növbədə anlamalıdır ki, onun tutduğu yolda bir fərd eyni vaxtda üç adamı təcəssüm etdirir, yəni o, əsərini tərcümə etdiyi müəllifin dilini, öz ana dilini, üstəlik, əsərin mətnindəki siyasi, tarixi, coğrafi, toponimik, mədəni, məcazi, fəlsəfi və sair sözləri, məfhumları və ifadələri də dəqiqliyi ilə bilməli, bilmirsə, tapıb öyrənməlidir. Bunlarsız tərcümə yoxdur. Bunlarsız tərcümə hər hansı əsərin, mətnin oxucuya təhrif olunmuş şəkildə təqdim edilməsidir, müəllifinin isə ən azı nüfuzuna xələl gətirilməsi, onun sənətkarlığı haqqında oxucuda yanlış təsəvvür yaradılması deməkdir.

   Bu gün bir çox dillərdən Azərbaycan dilinə tərcümə edənlərin meydana çıxması nə qədər sevindiricidirsə, tərcümə sənətindəki naqisliklər, bu ağır,lakin vacib və şərəfli peşəyə başdansovdu münasibət bir o qədər qanqaraldıcıdır.Mən bu sözləri kimi isə aşağılamaq və ya tənqid etmək xatirinə demirəm, öz təcrübəmə əsaslanıb deyirəm.Əgər birisi rusun "vareniki" sözünü "mürəbbə" kimi, "Sevr Müqaviləsi"ni "şimal müqaviləsi" kimi tərcümə edirsə, burada təkcə dilbilməzlik yox, tarixbilməzlik də aşkar görünür.

  

   (Davam edəcək)

 

   Tofiq Abdin

   abdin41@mail.ru www.tofigabdin.com

 

   Ədalət.-2012.-10 mart.-S.15.