"AZƏRBAYCAN
MÜHACİRƏT NƏSRİ"
ƏDƏBİ
HƏYAT
Azərbaycan mühacirət ədəbiyyatı... Artıq bu anlayış müasir ədəbiyyatşünaslığımızın tərkib hissəsinə daxil olmuşdur. İndi yeni yazılan ədəbiyyat tarixi dərsliklərində də ayrıca "Mühacirət ədəbiyyatı" adlı bölmələr, fəsillər vardı. Ancaq mühacirət ədəbiyyatı deyilən prosesin öz tarixi bu anlayışın tam formalaşmasından çox-çox əvvəllər yaranmışdır. İndi qarşıda o vəzifə durur ki, mühacirət ədəbiyyatı sistemli şəkildə tədqiq olunsun, Azərbaycandan kənarda yaranan , lakin hər sətrində Azərbaycan həqiqətlərini əks etdirən əsərlər təhlil olunsun.Çünki bu əsərlər uzun müddət oxucuların əksəriyyətinə bəlli olmamışdır. Əlbəttə, bu sahədə indiyə kimi müəyyən araşdırmalar aparılıb; Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Şamil Qurbanov, Vaqif Sultanlı, Asif Rüstəmli, Azər Turan, Bədirxan Əhmədov, Aybəniz Kəngərli və b. öz məqalə və monoqrafiyalarında mühacirət ədəbiyyatının ayrı-ayrı nümunələrindən söz açmışlar.
Filologiya üzrə fəlsəfə
doktoru Nikpur Cabbarlının "Azərbaycan mühacirət
nəsri" monoqrafiyasını isə bu problemlə
bağlı ilk sistemli elmi tədqiqat işi hesab etmək olar.
Kitaba ön söz yazan akademik Bəkir
Nəbiyevin təbirincə desək: "Nikpur Cabbarlı Azərbaycan
mühacirətşünaslığında mötəbər
söz sahibi olan bir alim kimi tanınmışdır.Azərbaycan,
Türkiyə və Almaniyanın müxtəlif arxiv və
kitabxanalarında mühafizə edilən kitabların,
dövri mətbuatın, əlyazmaların minlərlə
saralmış və yıpranmış səhifələrindəki
zəruri informasiyaları təfəkkür süzgəcindən
keçirib dəyərləndirən bu alim 3 monoqrafiyanın,
nüfuzlu elmi nəşrlərdə dərc olunmuş 40-a
yaxın orijinal məqalənin müəllifidir".
Müasir ədəbiyyatşünaslıq
üçün çox dəyərli olan bu monoqrafiya
mühacirət ədəbiyyatının bir qolunu-nəsr əsərlərini
tədqiq edir. Monoqrafiyanın ayrı-ayrı fəsillərinin
adlarına diqqət yetirəndə də müəllifin tədqiq
etdiyi mövzuya dərindən bələdliyini hiss edirsən:
"Azərbaycan mühacirət ədəbiyyatı: elmi-nəzəri
statusu və xronoloji sərhədləri", "Milli istiqlal
hərəkatının inikası", "Azərbaycanlıların
soyqırımı ümumbəşəri faciə kimi",
"Totalitar sovet rejiminin ifşası", "Vətəndaş
cəmiyyəti probleminin bədii-fəlsəfi dərki",
"Atatürkün bədii-sənədli obrazı". Göründüyü
kimi, mühacirət nəsrində əhatə olunan problemlər
çoxşaxəlidir.
Nikpur Cabbarlı ilk növbədə
diqqəti "mühacir və mühacirət" sözlərinin
mənasına yönəldir. Yazır ki: "...mühacirət
dedikdə siyasi, iqtisadi, dini və s. motivlərlə
könüllü, yaxud məcburi olaraq vətəni tərk
edib, xarici ölkəyə köçmək və orada məskunlaşıb
yaşamaq başa düşülür..." Daha sonra Azərbaycanın
XX əsr tarixində baş verən siyasi mühacirətlərin
səbəblərini izah edir. Mühacirətşünaslığın
müstəqil bir elm sahəsi kimi öyrənilməsi tarixini
də müəyyənləşdirib bunu Mirzə Bala Məhəmmədzadənin
xidmətləri ilə bağlayır.
Kimlər mühacir sayılır,
hansı əsərləri mühacirət ədəbiyyatının
nümunələri kimi qəbul etmək olar? Kitabın
başlıca məğzini ifadə edən bölgülər
bunlardır
A) Vətəndəki quruluşa və
qayda-qanuna münasibətdə açıq müxalifət
mövqeyində dura bilir;
B) Hər zaman, heç olmasa, zəif
də olsa, nostalgiyanın acısını ifadə edir;
C) Vətən mühiti ilə
bilavasitə deyil. Yaddaş vasitəsi ilə
bağlıdır və mənsub olduğu xalqın
çağdaş həyatından zaman və məkan
baxımından ayrı düşmüşdür;
Ç) Vətəndəki tarixi dəyişiklikləri
öncədən duyur və kəskin hiss edir;
D) İkidilliliyə və ikimədəniyyətliliyə
(məs: V.Nabokovun yaradıcılığı), yaxud ən
azı bir dili digər dillə və ya doğma (milli) mədəniyyəti
yaşadığı ölkənin mədəniyyəti ilə
zənginləşdirməyə meyllidir;
E) Vətəni həm daxildən,
həm də xaricdən görür (çıxış və
yeni sığınacaq nöqtələrindən
dünyanın miqyaslı görünüşü);
Ə) Ölkələr, xalqlar, mədəniyyətlər
arasında körpü salır. (Qeyd edək ki, N.Cabbarlı
bu bölgünü görkəmli rus alimi Yuri Borevin təsnifatından
əxz etmişdir).
N.Cabbarlı yazır: "Azərbaycan
mühacirət ədəbiyyatı XX əsr hadisəsidir. Bir
qədər də konkretləşdirsək, bu ədəbiyyatın
xronoloci sərhədləri 1920-1991-ci illəri, yəni Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan Azərbaycan
Respublikasının müstəqilliyinin bərpasına qədər
olan dövrü əhatə edir".
Əlbəttə, Azərbaycan
mühacirət ədəbiyyatı Azərbaycançılıq
ideologiyasına əsaslanır və milliyyətçi,
türkçü, vətənçi, istiqlalçı,
xalqçı, hürriyyətçi və cümhuriyyətçi
bir ədəbiyyatdır. Nikpur Cabbarlının tədqiqatında
məhz bu başlanğıc nöqtə onun bütün
fikir və mülahizələrinin başlıca
trayektoriyasını müəyyənləşdirir.
Mühacirət nəsrini kimlər və hansı əsərlər
təşkil edir. Mən istəyirəm ki, oxucuların əksəriyyətinin
tanış olmadığı əsərləri, onların
müəlliflərini sizə tanıdım. Əlbəttə,
N.Cabbarlının tədqiqatına istinad edərək.
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ.
Onun "Qəzetəçi Seyyid" hekayəsi həyatını
milli istiqlal hərəkatına həsr etmiş bir insandan-qəzetəçi
Seyyiddən söz açır. "Heç bir mükafat və
işrət bəkləməyən həqiqi xalq vətənpərvəri"-qəzetəçm
Seyyid 1920-ci il 27 aprel işğalından sonra bolşeviklər
tərəfindən "qurşuna düzülür".
FUAD ƏMİRCAN. "İntiqam
alan kölgə" hekayəsində Azərbaycanın
müxtəlif bölgələrində qızıl istilaya
qarşı baş verən çoxsaylı üsyanlardan
birinin-Zaqatala üsyanın təsviri öz əksini
tapmışdır. Əsərin qəhrəmanı Murad
düşmənə əsir düşməkdənsə,
şərəfli ölümü intixab edir.
MİRZƏ BALA MƏHƏMMƏDZADƏ.
"Vətən qaldı!.." hekayəsində müəllif
mühacirətdə yaşayan bir həmyerlisinin (Rəşidin)
Vətəndə baş verən hadisələrlə
maraqlandığını təsvir edir. Məlum olur ki,
istiqlal mücahidlərinin əksəriyyəti ya
öldürülmüş, ya da yerləri bəlli deyil.
NAĞI ŞEYXZAMANLI. "Azərbaycan istiqlal mücadiləsi xatirələri" bəddi-sənədli əsərində Xalq Cümhuriyyətinin süqutuna qədər bir dönəmdə ən mühüm hadisələri əks etdirir. (Yeri gəlmişkən qeyd edək ki, N.Cabbarlı haqqında söz açdığı əsərlərin müəlliflərinin də tərcümeyi-halını, aqibətini unutmur. Məsələn,Nağı Şeyxzamanlı Müsavtın Gəncə təşkilatının yaradılmasında böyük rol oynamışdır. O, 1918-ci ilin əvvəllərində Gəncə Milli Komitəsinin nümayəndə heyəti ilə İstanbula gedərək, Osmanlı dövlətinin Azərbaycana hərbi yardım göstərməsi üçün uğurlu danışıqlar aparmışdı . Nağı Şeyxzamanlı 1919-cu ilin avqustundan 1920-ci ilin 27 aprelinədək Azərbaycan Milli Təhlükəsizlik təşkilatının rəisi vəzifəsində çalışmış, işğaldan sonra Türkiyəyə mühacirət etmiş, 1967-ci ildə orada vəfat etmişdir.-səh. 52).
MƏHƏMMƏD ALTUNBAY. "Hürriyyətə uçan türk" xatirələrimndə müəllif uşaqlıq dövrü xatirələrini qələmə almış, 1920-ci il Gəncə üsyanından söz açmışdır.
B.E. AĞAOĞLU. "Solovkidə gördüklərim" əsərində müəllif bolşevik rejiminin mənfurluğunu tənqid edir. Bu əsər tədqiqatçının qeyd etdiyi kimi, "Azərbaycan davası"nın sürgün cəbhəsi barədə şəxsi müşahidələr əsasında yazılmışdır. Solovki məhbusları vətənlərin azadlığı, millətlərinin istiqlalı uğrunda bolşevik rejiminə qarşı mücadilə yürüdən və məhz buna görə də ukraynadan, Türküstandan, Qafqazdan, Krımdan, Tatarıstan və Başqırdıstandan bu "buzlu cəhənnəmə" sürgün edilən insanlar-alimlər, ədiblər, şairlər, jurnalistlər, mühəndislər, həkimlər, müəllimlər, zabitlər, vəkillər, kəndlilər və fəhlələrdir (səh. 79).
ABAY DAĞLI.
"Onlar türklərdi" əsərində
müəllif Sibirə sürgün edilən
türklərin taleyindən söz
açır. (Yeri gəlmişkən
qeyd edək ki,
N.Cabbarlı mühacirətdə yaşayan
bu yazıçı haqqında ayrıca bir monoqrafiya da yazmışdır.
Heç şübhəsiz, Azərbaycan
mühacirət nəsri içərisində MƏHƏMMƏD
ƏMİN RƏSULZADƏnin "Bir türk milliyyətçisinin
Stalinlə ixtilal xatirələri" əsəri
mühüm yer tutur. Tədqiqatçı yazır: "M.Ə.Rəsulzadə
əsərin ön sözündə, Stalini bütün
yönləri ilə təsvir etmək, onunla bağlı həqiqətləri
təkrarlamaq niyyəti olmadığını nəzərə
çarpdırır. Çünki "ən qorxunc rus
çarlarına nəsib olmayan bir iqtidarla otuz ilə yaxın
bir müddətdə sovet imperatorluğundakı iki yüz
milyon insanın müqəddəratına hökm verən, yer
kürəsinin üçdə birini kontrolu altına
almış, bütün dinləri inkar edən kommunist dininin
bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir
rejimin ən böyük müməssili Stalini. Onun necə bir
demaqoq, bir diplomat, bir diktator və necə bir terrorist, bir
generalissimus, Fironlara, Neronlara, Çingizlərə rəhmət
oxutduran bir tiran, bir qızıl çar olduğunu hürr
millətlər cəmiyyətində bilməyən kimsə
yoxdur".
Tədqiqatçı bu əsərin
janrı ilə bağlı mübahisələrə də
öz münasibətini bildirir. Yazır ki: "Stalinlə
ixtilal xatirələri" memuar ədəbiyyatının
kamil bir nümunəsidir.
Stalini yaxından müşahidə
edən M.Ə.Rəsulzadənin bir müqayisəsi son dərəcə
maraqlıdır. O, Stalinlə İvan Qroznı arasında bənzərlikdən
söz açır. Bu qəddar rus çarı Stalinin
dünyagörüşündə dərin iz
buraxmışdı. Stalinə görə "Müdhiş
İvan da bir növ, inqilabçı idi". Stalinin Rəsulzadəyə
söylədikləri də bu fikri təsdiq edir: "-Bir
adamı öldürməkdən, əlbəttə, bir
şey çıxmaz; bir çox adamı birdən
öldürməli ki, kütləvi bir təsiri olsun, dedi və
əlavə etdi: Biz tərbiyə etmək üçün
xalqı kütlə halında təlim edəriz, bu təlimatımıza
kolayca uymaları üçün onları icabında kütlə
halında tədib edəriz" (səh. 95-96).
ƏHMƏD AĞAOĞLUnun "Sərbəst
insanlar ölkəsində" əsərindən söz
açan tədqiqatçı onu fəlsəfi bir əsər
adlandırır, ayrı-ayrı müəlliflərin əsərlə
bağlı fikir və mülahizələrinə də
münasibətini bildirir (Qeyd edək ki, Nikpur Cabbarlı
öz əsərində müəlliflərə tez-tez istinad
edir və bu cəhət, qətiyyən onun
monoqrafiyasının əhəmiyyətini azaltmır, ədəbiyyatşünas
üçün bu, vacib və zəruri bir keyfiyyətdir ki,
bizim bütün qüdrətli ədəbiyyatşünaslarımız
bu üsula əl atmışlar. Çünki istənilən
bir əsərlə bağlı çoxlu mübahisələr
olur və bu məqamda sənin hansı mövqedən
çıxış etməyin vacibdir).
N.Cabbarlı yazır ki, "Sərbəst
insanlar ölkəsində" əsəri M.F.Axundzadənin
"Kəmalüddövlə məktubları" əsərini
xatırladır. Hər iki əsər, müəlliflərinin
fəlsəfi, siyasi, sosioloji baxışlarının bədii
ifadəsi kimi, ədəbiyyatşünaslarla yanaşı,
filosof və sosioloqların da araşdırmalarının
predmeti olmuşdur (səh. 101).
Tədqiqatda bir fəsil də
Atatürkün bədii -sənədli obrazının Azərbaycan
mühacirət nəsrində
işıqlandırılmasına həsr olunmuşdur. Burada
müəllif, Əhməd Ağaoğlunun "Sərbəst
Firqə xatirələri" əsərindən söz
açır. Bu xatirələrdə Atatürkün canlı
obrazının konturları əks olunmuşdur. Təkcə
Atatürkün deyil, o zamankı türk cəmiyyətinin,
Atatürkün dostlarının və düşmənlərinin
obrazları da göstərilən əsərdə öz təcəssümünü
tapıb.
Təbii ki, Nikpur Cabbarlının
"Azərbaycan mühacirət nəsri" monoqrafiyası
haqqında yalnız müəyyən təsəvvür yarada
bildik. Biz də o fikrə şərik oluruq ki:
"Araşdırmaya cəlb olunan bədii örnəklər
yalnız ideoloji-siyasi tutumu ilə deyil, bədii-estetik dəyəri
ilə də milli ədəbiyyatımızın
"qızıl fondu"na daxil olmuşdur. Azərbaycan milli
hərəkatının müxtəlif mərhələlərinin
ən önəmli hadisələri ədəbiyyatımızda
ilk dəfə məhz M.Ə.Rəsulzadənin, Ə.Ağaoğlunun,
M.B.Məhəmmədzadənin, F.Əmircanın, Ə.Yurdsevərin
əsərlərində canlandırılmış, istiqlal
mücahidləmizin dolğun bədii obrazları da ilk dəfə
bu əsərlərdə yaradılmışdır. Ona
görə də bir ədəbiyyatşünas kimi mənim təklifim
budur ki, Nikpur Cabbarlının bu monoqrafiyası heç bir
düzəliş olmadan yeni yaradılan ədəbiyyat tarixi dərsliklərində
yer tutsun.
Vaqif YUSİFLİ
Ədalət.-2012.-10 mart.-S.19.