TƏBRİZİM

  

   Baxdıqca hüsnünə doymayır gözüm,

   Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

   Qoymaram yadları girsin qoynuna,

   İzin ver qolumu salım boynuna!

   Sənin bayramına, sənin toyuna

   Dili bir, qanı bir qardaşın gəlib,

   Dərdinə aşina sirdaşın gəlib.

 

   Sən çıxdın qarşıma duzla, çörəklə,

   Bağından dərdiyin güllə, çiçəklə,

   İkiyə bölünməz saf bir ürəklə,

   Təbrizim, Təbrizim, aman Təbrizim,

 

   Yox olsun başından duman, Təbrizim!

   Qədrini ayrılıq çəkənlər bilər,

   Hicranda göz yaşı tökənlər bilər,

   Ömrünə qaranlıq çökənlər bilər,

   Bağından gül-çiçək dərdim, Təbrizim,

   Yenə təzələndi dərdim, Təbrizim!

  

   Nə qəşəngdir yol boyunca söyüdlər,

   Söyüdlərin kölgəsində igidlər

   Babalardan dinləyirlər öyüdlər,

   Coşur damarlarda qanı, Təbrizim,

   Yoxdur bu mərdlərin sanı, Təbrizim!

 

   Ağlasan ağlaram, gülsən gülərəm,

   Yaşasan yaşaram, ölsən ölərəm,

   Varımı səninlə yarı bölərəm,

   Gəl bir də üzündən öpüm, Təbrizim!

   Başına gül-çiçək səpim, Təbrizim!

  

 

   Nədir o, mənalı, dərin baxışlar?

   Nədir gözlərindən yağan yağışlar?

   Nədir qəlbindəki payızlar, qışlar?

   Yetimtək boynunu burma, Təbrizim!

   Məlul-məlul baxıb durma, Təbrizim!

 

   Sənin çiçəyinə, gülünə qurban!

   Mənə qardaş deyən dilinə qurban!

   Vətəninə qurban, elinə qurban!

   Baxdıqca hüsnünə doymayır gözüm,

   Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

 

   DİLİMƏ DƏYMƏ

 

   Mən sənin dilinə dəymirəm, cəllad,

   Gəl sən də bu ana dilimə dəymə!

   Sənin də bağın var, gülün var, çəkin,

   Bağımda əkdiyim gülümə dəymə!

 

   Həsədlərlə baxdın çəmənimə sən,

   Gör bir nələr etdin vətənimə sən,

   Yan - deyib, od vurdun bədənimə sən,

   Altında atəş var, külümə dəymə!

 

   Mən ağa dedim, qaraya qara,

   Sən məni istədin çəkəsən dara,

   Yenicə sağalır vurduğun yara,

   Mənim bu yaralı könlümə dəymə!

  

  

   ANAM DİLLİ QARDAŞIM

 

   Dinlə qan qardaşını, qabar əlli qardaşım

   Mən sözlü, mən arzulu, mən könüllü qardaşım,

   Görürəm ki, qanından rəng alıbdır dan yeri,

   Dərdli, qəmli kamanı ürək telli qardaşım.

  

   Azadlıq günəşindən can gəlsin torpağına,

   Təbrizli, savalanlı, ərdəbilli qardaşım.

   Uzun illər kilidli dilin açıldı artıq,

   Doğma anam laylalı, anam dilli qardaşım!

 

 

   YAD GÜL DƏRƏ BİLMƏZ

 

   Yad gül dərə bilməz çəmənimdən,

   Heç qüvvə ayırmaz məni bir an

   Öz doğma elimdən, Vətənimdən.

   Hər yerdə günəşdir mənə bayraq

   Baş əymərəm aləm yağı olsa,

   Qan axsa da sel tək bədənimdən.

   Ölsəm qalacaqdır əməlim sağ,

   Düşmən mənə əl vursa, əminəm,

   Atəş açılacaqdır kəfənimdən.

   Heç qüvvə ayırmaz məni bir an  

   Öz doğma elimdən, Vətənimdən.

  

 

   YASİN ƏVƏZİNƏ

  

   Ürəyimin yaxınları, eşidin,

   Diləyimin yaxınları, eşidin:

   İllər yaman artırır bu yaşımı.

   Ya tez, ya gec yerə qoysam başımı, 

   Nə ağlayın, nə də fəryad qoparın,

   Vədinizə əməl edin, nəhayət,

   Məni Araz sahilinə aparın.

   İllərdir ki, qəlbimdədir bu həsrət

   Məzarımı o torpaqda qazdırın,

   Göz yaşımdan yaratmışam bu çayı.

   Məni üzü Təbriz sarı basdırın,

   Qibləm olsun Arazımın o tayı,

   Ancaq, yalnız bircə bunu etməyin,

   Gözlərimin qapağını örtməyin.

   Üfüqlərdən çəkilərkən sis, duman,

   Bəlkə bir də qara torpaq altından -

   Vüsal günü qardaşımı görüm mən.

   Qardaşımı, sirdaşımı görüm mən.

   Mənim əzizlərim, mənim dostlarım,

   Elə bilməyin ki, köçüb gedirəm.

   Yarıya çatıbdır ömür baharım,

   Bir də xahişimi təkrar edirəm:

   Vaxtında dünyadan köçdüyüm gündə,

   Tutsun tabutumdan o taylı əllər.

   Yasin əvəzinə qəbrim üstündə,

   Bir vüsal mahnısı oxusun ellər!

  

 

   BURAX!

 

   Söyləmə: "Gəl səni qəfəsə salım,

   Yanıb külə dönsün vətənin nəşi!"

   Burax boğazımı, qoy nəfəs alım,

   Tutma gözlərimi, görüm günəşi!

 

   Sən kəsə bilməzsən mənim dilimi,

   Dilimin rişəsi ürəyimdədir.

   Dostunam, söyləyib sıxma əlimi,

   Gözün məndə deyil, çörəyimdədir.

 

 

   LAYLA

 

   Bir komada balasına layla çalır bir ana,

   Dərdlərini sanki bir-bir yada salır bir ana.

   Bu laylada sakit axan bulaqların səsi var,

   Bahar çağı pıçıldaşan yarpaqların səsi var.

    Bu laylanı uzaqdan

   Ürəyimin qulağıyla eşidirəm bayaqdan.

    Bir igidin balasıdır bu körpə,

    Bir şəhidin balasıdır bu körpə.

    Yaxşı fikir verirəm,

    Mən tanışam bu laylanın hər sözüylə

   Təbrizdəki o daxmada beşiyi də görürəm,

   Qana dönmüş ürəyimin gözüylə.

    Bu laylanın hər səsində

   Sanıram ki, mənə doğma bir mahnının sətri var.

    Bu laylanın nəfəsində

   Tarlaların, meşələrin, çəmənlərin ətri var.

    Ehtiyac yox suala,

    İnanın ki, bu layla

    İgidlərin adını,

    Şəhidlərin adını

 

 

   Gizlinə

 

   Körpəciyin qulağına pıçıldayır hər gecə.

   Bu laylada bir xalqın, bir vətənin

   Qövr eləyən yaraları göynəyir.

   Çiçəyinə qan çilənmiş çəmənin

   Bülbülləri qəm yeyir.

   Mürgüləyən körpənin gülümsəyir gözləri,

   Nəsə deyir gözləri.

   Eşitsin ana Vətən,

   Bilirəm bu sirri mən:

   Körpə sabah öz əliylə,

   Xalqın böyük əməliylə

   Quracağı dünyasından razıdır,

   Anasının laylasından razıdır!

  

 

   MÜCAHİDLƏR MAHNISI

  

   Biz gedirik azadlıqçün döyüşə,

   Sinələri dağlamayın, analar!

   Şəhid olsaq yaşarmasın gözünüz,

   Başa qara bağlamayın, analar!

  

   Bir vaxt deyib-gülənlərin yasını,

   Düşmən bağrı dələnlərin yasını,

   Bu günlərçün ölənlərin yasını

   Uzun illər saxlamayın, analar!

  

   Unudulmaz azadlıqçün ölənlər,

   Bizi anar bizdən sonra gələnlər -

   Bizim kimi el qədrini bilənlər,

   Ağlamayın, ağlamayın, analar!

  

 

   TƏBRİZLİ ANALAR

 

   Mən təbrizli analara bələdəm,

   Fəxrimdir bu əziz, qoçaq analar.

   Körpəsinin beşiyinin başında,

   Sübhə qədər qalar oyaq analar.

 

   Məhəbbəti çiçəklənər ilk gündən,

   Zərrə bezməz öz analıq yükündən.

   Balasına namərdliyi kökündən

   Saf südüylə edər yasaq, analar.

 

   Hər kəlməsi, hər sözü gül qoxuyar,

   Laylasını diləklərdən toxuyar.

   Ürəklərdən keçənləri oxuyar

   Kitab kimi varaq-varaq, analar.

 

   Xata çıxsa övladının əlindən.

   İnsanlara ziyan dəysə dilindən,

   Üz döndərsə vətənindən, elindən

   Kandarına basmaz ayaq, analar.

  

   Ta əzəldən dar günündə ellərin,

   Qarşısına sinə gərər sellərin.

   Nəfəsini kəsər qara yellərin,

   Dayaqlara olar dayaq, analar.

  

   Qan axarkən Təbrizdə su yerinə,

   Döyüşlərdə ürək verər ərinə.

   Nalə çəkib, şəhidlərin qəbrinə

   Güllər səpər qucaq-qucaq, analar!

  

 

   KÖÇƏN DEYİLƏM

 

   Qoy əcəl bilsin ki, vəslin bağından,

   Gül-çiçək dərməmiş keçən deyiləm.

   O taylı dilbəri özümtək azad,

   Bəxtiyar görməmiş köçən deyiləm.

  

   Sinəmdə bir dərya sözüm var yenə,

   Olümdən, əcəldən deməyin mənə.

   Süleyman Rüstəməm, xalqa, Vətənə

   Borcumu verməmiş köçən deyiləm!

  

 

   ÖZ GÜLÜSTANIM

  

   Özgə torpağına göz dikməmişəm,

   Mənə kifayətdir öz gülüstanım.

   Yolunda hazıram candan keçməyə

   Vətəndir, Vətəndir şöhrətim, şanım.

  

   Qardaş, xəbərdaram güzəranından,

   Gülləri yad dərən gülüstanından.

   Canım canındandır, qanım qanından,

   Yox, dözə bilməyir buna vicdanım.

  

   Qəm-qüssə çəkməzdim bəlkə də bunca,

   Təbrizi görsəydim bir də doyunca.

   Vüsal həsrətilə Araz boyunca,

   Yolları yollara yamayan canım!

  

 

   VÜSAL HƏSRƏTİ

  

   Vüsal həsrətilə yanıram yenə,

   Yoxdur əzəl gündən hicranla aram.

   Şerimlə, mahnımla çəkərək nərə,

   Hicran cəbhəsini mən gərək yaram.

   

   Ey nisgilli bacım, dərdli qardaşım,

   Savalan sayağı ağardı başım.

   Bu tayda gülşəndir torpağım, daşım,

   Sizsiz ola bilməz ürəyim aram.

  

   Qəflətdən oyanmış görürəm sizi,

   Dağ kimi dayanmış görürəm sizi,

   Al qana boyanmış görürəm sizi,

   Dərdiniz dərdimdir, yaranız yaram.

   

   Halı cəlladların yamandır, yaman,

   Yoxalır köləlik, dəyişir zaman.

   Süleyman Rüstəməm, eşitsin cahan:

   Sizə havadaram nə qədər varam!

   

 

   DEYİLMİ?

 

   Durnalar, siz deyin, qan qardaşlarım

   Gəlib dərd əlindən zara, deyilmi?

   Odlar torpağının ürək parçası

   Arazın o tayı, ora deyilmi?

 

   İnsanlar göz açmır əlindən yasın,

   Gülləri qaradır baharın, yazın.

   Qoca ər evinə satılan qızın,

   Örtüyü günütək qara deyilmi?

  

 

   Süleyman, bağlısan o doğma yerə,

   Vətənim deyirsən gündə min kərə.

   Təbriz gözəlindən sənə xatirə,

   Bağrında sızlayan yara deyilmi?!

  

 

   BİR ANLIQ HƏYƏCAN

 

   Sevgilim, həyatla vida çağımda

   Borcunu yerinə yetirməyə gəl.

   Gəl, ötən günlərin xatıratını,

   Gəlişinlə cana gətirməyə gəl!

  

   Gəl, başıbəlalı Təbrizdən danış,

   Ürəyi yaralı Təbrizdən danış,

   Səngərli, qalalı Təbrizdən danış,

   Vüsal çiçəkləri bitirməyə gəl.

  

   Uzaqda olsan da yanımdan mənim,

   Qanın ayrı deyil qanımdan mənim,

   Canıma yaxınsan canımdan mənim -

   Ölsəm, məni yerdən götürməyə gəl.

  

   Ömrümün dünəndə qaldı baharı.

   Mənim xoş günümdə gəlmədin, barı

   Qırıb məftilləri, udub yolları,

   Məni son mənzilə ötürməyə gəl!

  

 

   VƏFALI QALIB

  

   Yenə könlüm quşu xəyala dalıb,

   Başımın üstünü dumanlar alıb.

   Yarı yolda Araz kəsib yolumu,

   Məni min dərdə, min bəlaya salıb.

  

   Sevgilimdən uzaq düşüb könlüm,

   Bilsin aləm, qanım yaman qaralıb.

   Gecələr yatmıram sabaha qədər,

   Məni əqrəbmi, ya ilanmı çalıb!

 

   Qan çəkib yol çəkən gözüm, heyhat,

   Uzun illər ötüb, yaşım çoxalıb.

   Xeyli var ki, vüsal küsüb məndən,

   Mənə bir ayrılıq vəfalı qalıb.

 

 

   Süleyman Rüstəm

 

   Ədalət.-2012.-10 mart.-S.5.