Bura Xan Lənkərandır

 

   (əvvəli ötən sayımızda)

  

   - Bu ilin sərt qış günlərini arxada qoyduğumuzu düşünürdük. Ancaq qış qabaqda imiş deyəsən, gör necə qar yağır. İki çərşənbə qoymuşuq arxada, ancaq hələ də yazdan əsər-əlamət yoxdur. Onu deyim ki, bir neçə günü çıxmaq şərtilə bu qış kəndlərimizdə belə işıqsız qalmamışıq. Ötən il Lənkəran şəhərində, Şilavar, Digah, Darquba kəndlərində 2863 ədəd "Smart" kart tipli sayğac quraşdırılmış, 1642 ədəd elektrik dirəyi dəyişdirilmişdir. 10 kilovoltluq elektrik xətlərində 18576 metr uzunluğunda köhnə naqillər dəyişdirilmişdir. Şəhər mərkəzində, kəndlərdə transformator yarımstansiyaları yaradılmışdır. 2011-ci ildə rayonda 14008 ədəd "Smart" sayğacı quraşdırılmışdır. İstehlakçılara verilmiş elektrik enerjisinin ödənişi 96,9 faiz olmuşdur.

   Rayonumuzun qaz təsərrüfatı da ötən il sakinlərimizə yaxşı xidmət göstərdi. Təmir-bərpa işlərini də unutmamışıq, 29 ədəd qaz tənzimləyici şkaf, 25 ədəd müxtəlif ölşülü siyirtmələr təzələnmişdir. 197 qaz tənzimləyici şkaf təmir edilmişdir. İndi Lənkəranda 2 şəhər, 8 qəsəbə, 83 kənddə 43420 abonent var. Dövlət Proqramına əsasən "Azəriqaz" İstehsalat Birliyi rayonun qazla təmin olunması üçün bir qədər də fəal çalışsalar, uzaq dağ kəndlərimiz də bu qayğıdan azad olar.

   Rayonumuzda içməli su sarıdan korluğumuz yoxdur. Şəhərdəki Su-Kanal idarəsi ilin bütün günlərində su xətlərində və kanalizasiya sistemində cari təmiri dayandırmır. Lənkəranın 19 küçəsində su-kanal xətlərinə xidmət edən texniki qurğularda əsaslı təmir aparılmışdır. Bürcəli kəndində içməli su, Göyşaban kəndində isə çirkab su təmizləyici qurğuların inşasına başlanmışdır. 170 milyon dollar dəyərində olan bu tikintidən sonra Lənkəranın su və kanalizasiya sistemi müasir standartlara cavab verəcək.

   İnsana rahat və xoşbəxt yaşamaq üçün elə də çox şey lazım deyil. Bu hər birimizin haqqıdır.

 

   Lənkəranın mənəvi dünyası da zəngindir

 

   Cənubun incisi olan Lənkəran həm də bu bölgənin mədəni mərkəzi hesab edilir. Bir çox alimləri, din xadimləri, hərbçiləri Lənkərana şöhrət gətirmişdir. İndi burda fəaliyyət göstərən Lənkəran Dövlət Universiteti, Humanitar və Tibb Kollecləri, Türk və Peşə liseyləri, 89 ümumtəhsil məktəbi, "Araz" hazırlıq kursları gələcək nəslin elmi dünyagörüşünü formalaşdırır. Hazırda universitetdə 1650, Humanitar və Tibb Kolleclərində 1169 nəfər tələbə təhsil alır. Qeyd etdiyimiz kimi əsasən cənub bölgəsini təmsil edən bu gənclər çox güman ki, elə bu bölgədə də fəaliyyət göstərəcəklər.

   Arxada qalan tədris ilində orta məktəbi bitirən 1395 nəfər lənkəranlı məzundan 937 nəfəri ali məktəblədə oxumaq üçün sənəd vermişlər. Onlardan 355 nəfəri öz istəklərinə qovuşmaqla müxtəlif ali məktəblərdə təhsil alırlar. 14 nəfər məzun 600-dən çox, 43 nəfər isə 500-dən çox bal toplamışlar.

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılıq Paytaxtları" Proqpamına əsasən Lənkəran şəhəri 2011-ci ildə "Azərbaycanın Folklor Paytaxtı" elan edilmişdir. Bu gün də Lənkəranda bir-birindən maraqlı festivallar, müsabiqələr, dəyirmi masalar, konsertlər, elmi praktiki konfranslar keçirilmişdir. Şəhərin Heydər Əliyev Xatirə Parkında bayram tədbiri keçirilmiş, yerli sənətkarların əl işləri nümayiş etdirilmişdir. Cənub bölgəsinin çox zəngin olan milli mətbəxinin nümayişi də unudulmamışdır.

   Axarlı-baxarlı Lənkəranın turistlər tərəfindən sevilməsi də təsadüfi deyil. Dəniz sahilindəki, eləcə də digər səfalı yerlərdəki istirahət mərkəzləri ötən il də müsafirlərə nümunəvi xidmət göstərmişdir. "Turizm ili" elan edilmiş 2011-ci ildə burdakı turizm obyektlərində monitorinqlər keçirilmiş, xidmətin keyfiyyəti bir qədər də yüksəldilmişdir.

 

   "Çayçılığın şöhrətini qaytaracağıq"

 

   Lənkəranın bir vaxtlar bütün dünyaya səs salan, öz ətri, öz dadı olan çayından danışmamaq günah olardı. Adına nəğmələr qoşulan bu çoxillik bitki haqqında daha ətraflı məlumat almaq üçün bu sahədə xeyli təcrübəsi olan Sərhəd Məmmədovla həmsöhbət oluram.

   - 70-80 -ci illərdə Lənkəran çayı az qala bütün dünyanı "zəbt" etmişdi. Müəyyən səbəblər üzündən sonralar bu əvəzsiz bitkiyə münasibət dəyişdi. Çayçılığın şöhrətini yenidən qaytarmaq fikrindəyik. Ötən il rayonun Hirkan, İsti-su qəsəbələrində, Girdəni kənd ərazisində 80 hektar çay plantasiyası salmışıq. Bu il daha 100 hektar ərazidə çay əkini aparılmasını nəzərdə tutmuşuq. Lənkəran çay filialında da yeni çay sahəsi salınmış, subtropik ağaclardan ibarət bağ yaradılmışdır.

   Ümumilikdə isə ötən il rayonda 190 hektar sahə şumlanaraq çay bitkisi üçün hazırlanmışdır. Bu çoxillik bitkinin miqyasını böyütmək üçün dibçəklərdə 3 milyon 798 min ədəd çay ştili yetişdirilmişdir.

   Bu istiqamətdə işlərimiz çox olacaq, çünki insan orqanizmi üçün çox xeyirli olan bu bitki həm də kifayət qədər gəlirli sahədir. Sadəcə buna xeyli vaxt və xüsusi diqqət lazımdır. Camaatımız indi-indi Lənkəran çayının qədrini bilir, çünki bu gün içdiyimiz çayın nə olduğunu çoxumuz bilmirik.

   Sərhəd kişinin sözlərindəki təəssüfü başa düşmək çətin deyil. Hanı Lənkəranın çay dərən şən qızları? Ancaq belə getsə yaxın vaxtlarda bu nəğmə yenidən gündəmdə olacaq.

   ... Bir azdan təbiət öz yaşıl donunu geyinəcək. Onda Lənkəran daha gözəl olacaq, onda Lənkəran başqa qayğılarla yaşayacaq.

 

   Səxavət Məmmədli

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

   Ədalət.-2012.-13 mart.-S.6.