"Mən "Oskar", "Kann" mükafatlarını nəzərdə tuturam..."

 

"Bunların arasında peşəkar və qeyri-peşəkar aktyorlar var idi

 

- Nəyə görə məhz rejissorluq sənətini seçdiniz?

   - Rejissor sənətini seçməyim belə oldu ki, mən uşaqlıqdan bu sənətlə maraqlanırdım, həvəsim var idi. Atam rejissordu, anam isə televiziyada işləyirdi, mən də istər-istəməz aktyorlarla görüşürdüm, kinostudiyaya gəlib-gedirdim. Əslinə qalsa, bu gün mənim seçdiyim peşə məhz uşaqlıqdakı düşüncələrimin nəticəsidir. Belə olur da - uşaqlıqdan gözəl fantaziyaların olur, sonra onları həyata keçirmək istəyirsən (gülür).

   - Sizi bir çox filmlərdə də görmüşük. Aktyorluq sənətini niyə davam etdirmədiniz?

   - Belə bir dövr var idi əvvəllər, səhv etmirəmsə, təxminən yeddi-səkkiz filmdə çəkilmişəm. O vaxt kinostudiyanın daxilində belə bir ümumi kino mühiti var idi. Bu yaradıcı mühitdə "Mozalan" da, dublyaj da, animasiya da işləyirdi. Təbii ki, televiziya filmləri də çəkilirdi. Kinostudiyanın ümumi ab-havasında qaynayırdıq, filmlər göstərilirdi, hamı bu atmosferayla yaşayırdı. Mən sentimental-retro düşüncələri ilə yaşayan insan deyiləm, gələcəyə istiqamətlənmiş insanam. Düşündüm ki, aktyor olmaqla istədiyim zirvələrə qalxa bilmərəm, ona görə də bu sənəti seçdim. İnsan peşəsini düz tapmalıdır, məhz peşə səni istiqamətləndirib hansısa nəticəyə gətirib çıxara bilər.

   - Hal-hazırda "Dolu" adlı film çəkirsiniz. O, əvvəl çəkdiyiniz filmlərdən ilə fərqlənir?

   - Bu film əvvəl çəkdiklərimdən köklü surətdə fərqlənir. Ən əsası odur ki, bu gün bizim yaradıcı qrupumuzun, xalqımızın, cəmiyyətimizin düşüncəsində olan ilkin fikirlərdən biri Qarabağ problemidir. Qarabağ haqqında filmdir, bununla bir qədər qürur da duyuram. Bu film Aqil Abbasın "Dolu" romanı ssenarisi əsasında çəkilir. Aqil Abbasın özü müharibə iştirakçısıdır yazdığı hadisələrin canlı şahididir. Deyim ki, bəzi dramatik psixoloji hadisələrin özü şahidi olub. Onun üçün bunları o, "Dolu" romanı adında qələmə alıb. Onu da deyim ki, bu romanın təkcə Azərbaycanda yox, Türkiyədə başqa ölkələrdə böyük müvəffəqiyyəti olub.

   Filmin bəstəkarı Polad Bülbüloğludur. Filmin montaj prosesi gedir, iki çəkiliş günümüz var. İnşallah, düşünürəm ki, yəqin ki, film üç-dörd aya hazır olacaq.

   - "Dolu"nun süjet xətti, eşitdiyimizə görə, çoxşaxəlidir. Yəni hadisələrin inkişafı bir xətt üzrə getmir.

   - Filmin süjet xətti o qədər rəngarəngdir ki, bir-birinə zəncirvari bağlı hadisələr çoxdur. Mən danışmağa başlasam, gərək filmin hamısını danışam. Qısa məzmunu könüllülər batalyonunun böyük olmayan bir həyatından bəhs edir, bunun içində həm ağır döyüşlər var, həm mənfi qəhrəman, həm bayraqdar Azərbaycan qəhrəmanı var. Yəni ki, bütün bunların hamısının müharibə şəraitində, Qarabağda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq, mətinlik, daxili sarsıntı ilə bərabər yaşadıqları kişiliklərdir. Bütün bunlar filmin əsas süjet xəttidir.

   - Film haqqında bir qədər məlumatımız var, yəni ki, İnternet saytlarında şəkilləri, çəkiliş prosesini görmüşük. Filmdəki baş rolların ifaçıları haqda danışa bilərsiniz?

   - Filmdə Elvin Əhmədov, Rza Rzayev, Fuad Poladov, Məmməd Səfa, Əliqulu Səmədov, Şamil Süleymanov, Gülzar Qurbanova, Fərhad İsrafilov digər aktyorlar çəkilmişlər. Personajların sayı çoxdur. Bütün aktyorlara öz minnətdarlığımı bildirirəm. Bunların arasında peşəkar qeyri-peşəkar aktyorlar var idi. Peşəkar deyəndə - bacaran bacarmayan demək deyil, yəni bu işlə müntəzəm məşğul olan insanları nəzərdə tuturam. Bu filmdə qeyri-peşəkar, aktyorluq sənəti ilə müntəzəm məşğul olmayan aktyorlar da baş rola çəkilib.

   Əslinə qalsa, bizdə baş rollarda çəkilən Elvin Əhmədov, Rza Rzayev kimi aktyorlar da peşəkar deyildirlər. Hər ikisi incəsənətin ayrı sahəsi ilə məşğuldur. Amma mən çox şad oldum, ilk növbədə həm Elvinə, həm Rzaya, ümumilikdə bütün aktyorlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz hamımız bu filmin üzərində böyük əzmlə işlədik.

   - Adlarını çəkdiyiniz qeyri-peşəkar aktyorların oyunu zamanı çəkiliş prosesində hər hansı bir çətinlik çəkdinizmi?

   - Yox, çətinlik çəkmədim. Əksinə, hər biri öz işlərinə böyük məsuliyyətlə yanaşırdı. Bilirsiniz, insanda şəxsiyyət çox vacibdir. Mən həm Elvinin, həm Rzanın qəlbinə yol tapıb, hadisəni bir dəfə anlatdığım halda, onlar artıq bu hadisələri davamlı, ardıcıl olaraq özləri tamamlayırdılar. Bu da onların zəkalı insan olmalarının göstəricisidir. Ümumiyyətlə, bütün aktyorlardan çox razıyam.

   - Necə düşünürsünüz, bu filmdəki rollardan hansı daha çox tamaşaçılar tərəfindən seviləcək?

   - Düşünürəm ki, filmdəki bütün rollar tamaşaçılar tərəfindən seviləcək. Hər halda, məqsədim budur. Çünki burada mənfi qəhrəman dediyimiz düşmən obrazları var, qalan bütün qəhrəman rolları nümunəvidir. Hər kəsin düşüncəsinə təsir edəcək rollar var. Belə deyək də, "Dəli kür" filmindəki Cahandar ağa obrazı, "Yeddi oğul istərəm" filmindəki qəhrəmanlar bizim düşüncəmizə görün nə qədər müsbət təsir ediblər. Filmin personajları da bax bu qədər dəyərlidirlər. Deyərdim ki, davamlı surətdə yaddaşlarda qalacaqlar. Ümumiyyətlə, filmin məqsədlərindən biri də insanlara nümunələr göstərməkdir.

   - Filmdəki baş rolları şərh edə bilərsiniz?

   - Yox, çoxdurlar, kimlərsə yadımdan çıxa bilər.

   - "Dolu" son illərdə çəkilən "Biz qayıdacağıq", "Yaddaş", "Xoca" kimi filmlərdən nə ilə fərqlənir? Bu filmin özünəməxsus xüsusiyyəti nədən ibarətdir?

   - Dünyada nə qədər sənətkar var, hər birinin yaratdığı əsər də özü qədər fərqlidir. Hər kəs özünün daxili aləmini nümayiş etdirir. Mən Vahid Mustafayevin "Xoca" filminin televiziyada piar-kampaniyasına baxdım. Məmnuniyyətlə bu sözü qeyd etmək istəyirəm ki, Vahid Mustafayevin bu gün kinonun cəmiyyətə anladılmasındakı rolu böyükdür. Mən deyərdim ki, "Xoca" filmi çox gözəl nümunədir. Buna görə ona minnətdaram.

   - Çox təvazökar insansınız. Bir anlığa təvazökarlığınızı kənara qoyub deyə bilərsinizmi ki, bu film, həqiqətən də, Azərbaycana səs salacaq?

   - Əlbəttə ki, hər bir kəs iş görəndə onun maksimum uğurunu düşünür. Maksimum uğur deyən zaman mən "Oskar", "Kann" mükafatlarını nəzərdə tuturam. Əlbəttə ki, bu bizim daxilimizdə olan ilkin sektordur, bu vacibdir. Nəyi bacarırıqsa, əlimiz nəyə çatırsa, nəyi istəyiriksə, onun maksimumunu işləyirik. Çox çalışacağıq ki, bu, dünya səviyyəli bir film olsun. Demirəm ki, gedək, "Oskar" alaq. Bizim məqsədlərimizdən biri Türkiyə məkanıdır, bizim məqsədlərimizdən biri Rusiya məkanıdır, bizə yaxın olan ölkələrdir. Mən durub deyə bilmərəm ki, film çəkən kimi biz onu Hollivudda kinoteatrda göstərə biləcəyik. Hər filmin öz imkanları, öz məhdudiyyətləri var. İnşallah, üzümüz ağ çıxar (gülür).

   - Filmin təqdimatını nə vaxta planlaşdırırsınız?

   - Bu, təkcə mənim yox, həm də kinostudiyanın, Mədəniyyət Nazirliyinin planıdır. Allah kərimdir, düşünürəm ki, yay-payız aylarında filmin təqdimatı ola bilər.

   - vaxtsa, serial çəkmək fikriniz var?

   - Serial çəkmək, əslinə qalsa, tamam başqa təcrübədir. Demirəm ki, filmdən tam fərqlidir, yox, yaradıcı, təşkilati nöqteyi-nəzərdən filmdən fərqlənir. Biz bir saat yarımlıq filmin üzərində bir il işləyiriksə, serialda bu ən azı bir həftəyə hazır olunur. Bir həftəyə, on günə, bir saata gözəl material vermək üçün əlbəttə ki, külli miqdarda maddi vəsait, böyük bir komanda lazımdır. Komandanın böyüklüyü məhz vəsait istəyir.

   - Belə başa düşdüm ki, serial çəkmək film çəkməkdən çətindir.

   - Bəli, təşkilati nöqteyi-nəzərdən çox çətindir. Yaradıcı insan üçün bir dəfə artıq çətindir (gülür).

 

 

   Ədalət.-2012.-13 mart.-S.8.