O,
Azərbaycanı dünyaya
tanıtdırır
"İnternetin imkanlarından
effektiv istifadə etməliyik"
Dünya Azərbaycanlı
Gənclər Birliyinin
təsis qurultayında
II panelin mövzusu
"Azərbaycan lobbi
quruculuğu: müasir
dünyanın reallıqları
və tarixi təcrübə gənclərin
baxış bucağında"
olub.
APA-nın məlumatına
görə, II paneldə Dünya Azərbaycanlıları
Əlaqələndirmə Şurasının üzvü,
Avropa Azərbaycan Cəmiyyətinin sədri
Tale Heydərov "Azərbaycanlı gənclərin
lobbi quruculuğunda fəal
iştirakı: mövcud təcrübə
və müasir dünyanın
reallıqları" mövzusunda məruzə
edib.
T.Heydərov əvvəlcə rəhbəri
olduğu təşkilat barədə danışıb: "Təşkilatımız
4 il əvvəl London şəhərində təsis olunub. Hazırda
bizim Londonda, Parisdə, Berlində, Brüsseldə və
Bakıda ofislərimiz fəaliyyət göstərir. Məqsədimiz
Azərbaycanı bütün istiqamətlər üzrə
Avropa ölkələrində tanıtmaqdır. İlk istiqamət
Azərbaycanın Avropa mediasında yaxşı imic
qazanmasına yönəlib. Hazırda təşkilatımız
bu istiqamətdə işlər aparır. Amerikalı azərbaycanşünas,
jurnalist və professor Tomas Qoldsun rəhbərliyi altında Azərbaycanın
müstəqilliyinin 20-ci ildönümü ilə
bağlı film çəkilməkdədir. Həmin filmdə
xarici jurnalistlər, diplomatlar, dövlət xadimləri Azərbaycan
haqqında təəssüratlarını
bölüşüblər. Məqsədimiz bu filmi xarici
telekanallarda və festivallarda göstərməkdir".
T.Heydərov təbliğat sahəsində
internetin rolunun əhəmiyyətini də vurğulayıb:
"Biz internetin imkanlarından effektiv istifadə etməliyik. Digər
istiqamət isə Avropa ölkələrinin parlamentlərində
aparılan lobbiçilik işindən ibarətdir. Bizim cəmiyyət
İngiltərədə Britaniya-Azərbaycan Dostluq Palatası
qurub. Hazırda bu palata İngiltərə parlamentində ən
böyük palatalardan biri hesab olunur. Palatanın 60-dan
çox üzvü var. Biz palata üzvlərinin bir neçə
dəfə Azərbaycana səfərini də təşkil
etmişik. Bu cür səfərlərin böyük effekti
var. Çünki biri var onlar Azərbaycan haqqında haradasa
oxusunlar, biri də var ölkəyə gələrək
buradakı inkişafı öz gözləri ilə
görsünlər".
T.Heydərov lobbiçilik fəaliyyətində
nəşrlərin rolundan da danışıb: "Hazırda
bizim təşkilatın jurnalı nəşr olunur. "Akademik
tarix" seriyasından nəşr olunan Məmməd Səid
Ordubadinin "Qanlı illər" və "Qafqazda erməni
məsələsi" kitabları bu cəhətdən vacib
hesab oluna bilər. Akademik Ziya Bünyadovun "Azərbaycan
VII-VIII əsrlərdə" əsərini, "Azərbaycan
yazıçılarının seçilmiş əsərləri"
toplusunu və digər kitabları qeyd edə bilərəm.
"Qafqazda erməni məsələsi" kitabı
ABŞ-dakı erməni lobbisi arasında böyük
narahatlığa səbəb olub. Kolumbiya Universitetinin erməni
əsilli professoru Corc Uritinyanın "Ararat" jurnalında
yazdığı məqalə xüsusilə diqqət çəkir".
Anar
Ədalət.-2012.-13
mart.-S.4.