O DAĞLARIN ZİRVƏSİNDƏN BAXANDA...

 

  (əvvəli ötən sayımızda)

  

   Abadlıq və tikinti-quruculuq işlərinin miqyası genişlənir

 

   Hesabat dövründə rayon ərazisində tikinti, təmir, abadlıq və quruculuq işləri ardıcıl və keyfiyyətlə aparılmış, yeni tikintilərə başlanılmışdır.

   2011-ci ildə Balakən çay sistemində 180 metr uzunluğunda 700 m3 həcmində daş-beton bəndlərində cari təmir işləri aparılmış və təmir olunan bu bəndlərin hesabına Mahamalar və Hənifə kəndlərinin xeyli ərazisi sel sularından xilas olmuşdur.

   2011-ci ildə - avqust ayının 20-21-də yağan güclü leysan yağışlar nəticəsində İnter çayı öz məcrasından çıxmış, bütövlükdə Şərif kəndi və ona qonşu olan digər kəndlər sel sularına məruz qalmışdır. Həmin məsələ ilə əlaqədar aidiyyəti yuxarı qurumlara müraciət edilmiş, rayona əlavə texnika gətirilməklə İnter çayının məcrası 5 km uzunluğunda təmizlənməklə yatağı dərinləşdirilmişdir. Çayın üzərində təhlükəli vəziyyətdə olan körpülər təmir olunmuşdur.

   Katex kəndinin seldən mühafizəsi üçün 500 metr uzunluğunda daş-qum valın yığılması təmin olunmuşdur.

   Ümumiyyətlə, 2011-ci ildə 360 m/m3 həcmində çay məcralarında tənzimləmə işləri aparılmışdır. Kənd təsərrüfatı bitkilərinin suvarılması ilə əlaqədar 60 m/m3 həcmində kanalların təmizlənməsi işləri görülmüşdür.

   Hesabat dövründə şəhərin 7 küçəsində abadlıq işləri aparılmış, arxlar, bardür və səkilər yenidən qurulmuş, H.Əliyev prospekti 1,6 km məsafədə hər iki tərəfdən 2,5 m-dən çox genişləndirilmiş, səkilərə üzlük daş döşənmişdir. Prospekt boyunca sahibkarlıq obyektləri, yaşayış binaları aqlayla üzlənmişdir ki, bu da prospektin əvvəlki görkəminin tamamilə dəyişməsinə səbəb olmuşdur. Prospektdə nəqliyyatın ikitərəfli hərəkəti təmin olunmuşdur.

   H.Əliyev prospekti boyunca, R.Səmədov və M.Əsədov küçələrində 5,5 km məsafədə yeni işıqlandırma sistemi qurulmuş, elektrik və optik rabitə xətləri yeraltı kabel xətti ilə əvəz edilmişdir.

   "Dövlət Bayrağı" meydanında dövlət atributları ilə bəzədilən abidə ucaldılmış, N.Nərimanov adına park müasir üslubda yenidən tikilmiş və sakinlərin istifadəsinə verilmişdir. 12 kommunal yaşayış binası təmir olunmuşdur. Şəhərdə 4 bulaq kompleksi tikilmiş, 4 yol qovşağı əsaslı təmir edilmişdir.

   Hesabat dövründə rayon baytarlıq idarəsinin inzibati binasının və "Gənclər evi"nin tikintisi başa çatdırılmış və həmin binalar istifadəyə verilmişdir.

   220 şagird yerlik Katex kənd 2 ¹-li və 180 yerlik Qazbölük kənd tam orta məktəblərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, Xalatala kəndində 360, Katex kəndində 180 yerlik, Qullar kəndində 80 yerlik məktəblərin təməli qoyularaq tikinti işlərinə başlanmışdır.

   Təhsil şöbəsinin, 9 məktəbin, 3 kənd uşaq bağçasının təmiri büdcə vəsaiti hesabına, 7 uşaq bağçasının təmiri bələdiyyələrin vəsaiti hesabına aparılmışdır. 

   Tarix - diyarşünaslıq muzeyi, mərkəzi və uşaq kitabxanası, Hənifə kənd mədəniyyət evi və Uşaq İncəsənət məktəbində təmir işləri aparılmışdır.

   Hesabat dövrü ərzində sahəsi 11660 m2 olan 106 ədəd fərdi yaşayış evi, sahəsi 810 m2 olan 18 ədəd xidmət və sahibkarlıq obyektləri tikilərək istifadəyə verilmişdir.

   Hesabat dövründə rayonun qazlaşdırılması sahəsində ciddi irəliləyiş əldə olunmuş, 1800 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı ilin əvvəlinə olan 4491 nəfərdən 6291 nəfərə çatdırılmışdır. Şəhərin və 8 kəndin qazlaşdırılması yekunlaşmaq üzrədir. 2 kəndə (Qazma və Püştətala) qaz xətlərinin çəkilməsinə başlanmışdır.

   Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü antiinhisar siyasəti, ticarətin təmərküzləşməsi səviyyəsinin aşağı salınması nəticəsində əmtəə bazarında sahibkarların sayı artmış, onların fəaliyyəti üçün əlverişli şərait yaranmışdır. Bunu hesabat ilində əhaliyə satılan mallar və göstərilən xidmətlərin real həcmi də sübut edir. 2011-ci ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 114,3 milyon manat olmuşdur ki, bu da 2010-cu illə müqayisədə 17 faiz, 2003-cü illə müqayisədə 5,3 dəfə çoxdur. Hesabat ilində əhaliyə 39,3 milyon manatlıq pullu xidmət göstərilmiş, adambaşına düşən xidmətlər 427 manat olmuşdur.

 

   Aztəminatlı ailələr diqqət mərkəzindədir

 

   Hesabat ilində sosial cəhətdən ən az müdafiə olunan vətəndaşlara dövlət tərəfindən verilən ünvanlı sosial yardım proqramının uğurla icra olunması üçün zəruri tədbirlər görülmüş, Balakən rayonu ünvanlı dövlət sosial yardımın təyin olunması məqsədilə alternativ müraciət mexanizmlərinin tətbiqi üçün pilot rayon seçilmişdir. Nəticədə ünvanlı sosial yardım təyin olunmasında şəffaflıq və ədalətlilik təmin olunmuş, şikayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. 01 yanvar 2012-ci ilə ünvanlı sosial yardım alan 1450 ailənin 6185 üzvü olmuş, hər ailəyə ödənilən orta aylıq yardım 99,80 manat təşkil etmişdir. Hesabat dövründə 3214 nəfərə sosial müavinət, 257 nəfərə təqaüd ödənilmişdir.

 

   Təhsilə xüsusi qayğı

 

   2011-2012-ci tədris ilinin başlanğıcında ümumtəhsil məktəblərində 11987 şagird təhsilə cəlb edilmiş, məktəblərdə onların təlim və tərbiyəsi üçün normal şərait yaradılmışdır. Məktəblərin 26-sı birtipli layihə əsasında tikilmiş binalarda, 4-ü 6 günlük, qalanı isə 5 günlük iş həftəsində fəaliyyət göstərir. 13 məktəbdə dərslər 2 növbədə tədris olunur. 2-ci növbədə oxuyanlar bütün şagirdlərin 6,4 faizini təşkil edir.

   2011-2012-ci dərs ilinə hazırlıqla bağlı məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə xeyli iş görülmüş, aparılan təmir işləri vaxtında tamamlanmışdır. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı 14 məktəb və rayon təhsil şöbəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur.

   Fənn olimpiadalarının Respublika turunda iştirak edən 8 nəfər şagirddən 1 nəfəri III yeri, 3 nəfəri isə IV yeri tutmuşdur. Təhsil Nazirliyinin "Məktəblərin 2010-2011-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə" 18 may 2011-ci il tarixli əmrində fənn olimpiadalarıının respublika turunda Balakən rayonunun məktəblərinin fəal iştirakı xüsusi vurğulanmışdır. Noyabr ayında 2011-2012-ci dərs ilinin fənn olimpiadalarının birinci turu keçirilmişdir.

   2011-ci ildə mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında IX siniflər üzrə müvəffəqiyyət faizi 86% təşkil etmişdir. XI siniflər üzrə imtahanda iştirak edən 724 nəfər şagirddən 589-u müvəffəq olaraq attestat almış, müvəffəqiyyət faizi 81 % olmuşdur. Buraxılış imtahanlarında həm IX, həm də XI siniflər üzrə nəticələr əvvəlki illərlə müqayisədə daha yüksək olmuşdur. Bununla belə, Gülüzanbinə, Acılıqbinə, Qullar, Mahamalar və Qazbinə tam orta məktəblərinin göstəriciləri aşağıdır.

  

 

   (ardı gələn sayımızda)

 

   MƏZAHİR ƏHMƏDOĞLU

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

   Ədalət.-2012.-14 mart.-S.6.