"Yaxşı
padşahın nağılı"
(Hekayə)
Sizə kimdən deyim, yaxşı
padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə
ya Çində, ya Maçində bir yaxşı padşah
varmış.
Bu padşah çox adil padşah
imiş. Hamıdan, hamıdan adil.
Yaxşı padşah heç vədə
öz rəiyyətlərinə güldən ağır
söz deməzmiş.
Nə incidərmiş onları, nə
boyunların vurdurarmış, nə də asarmış.
Padşahın yaşı
ötmüşdü, amma ömrü boyu o nəinki adam,
heç taxtabiti, birə də öldürməmişdi.
Elə buna görə də
padşahın çarpayısı birəylə dolu idi və
padşah yazıq gecələr yata bilmirdi. Gecənin bir
yarısı, görürsən, dururdu,
çırağı yandırırdı, bir-bir birələri
tuturdu, amma öldürmürdü.
Onları arvadının
çarpayısına atırdı. Padşah
arvadıyçün əldən-ayaqdan gedirdi.
Lap "getmə gözümdən,
gedərəm özümdən" idi. Birələri də
arvadının çarpayısına onu incitmək, ona əziyyət
vermək üçün atmırdı.
Yox, padşah bilirdi ki, birələrin
arvadına heç bir ziyanı dəyməyəcək.
Arvadı, maşallah, elə bərk
yatırdı ki, istəyirsən üstünə bir qoşun
birə, taxtabiti burax, vecinə deyildi.
Arvad elə bərk yatırdı və
həm də elə bərk xoruldayırdı ki, büllur - dəmir-beton
sarayın sütunları tir-tir titrəyirdi.
Padşah qaragün birtəhər
canını birələrdən qurtarıb mürgüləyən
kimi gözünün çimirini almamış təzədən
dik atılırdı - onu arvadının xorultusu
oyadırdı. Sübh tezdən arvad yuxudan dururdu - aya deyirdi sən
çıxma, mən çıxım, günə deyirdi sən
çıxma, mən çıxım.
Amma padşah səhər, xorultu kəsiləndən
sonra da yata bilmirdi - axı işi-gücü vardı.
Bir məmləkətin ki, padşahı
səhər yatıb yuxuya qala, o məmləkətin işləri
nə sayaq olar?
Padşah belə bədbəxt
padşah idi.
Sözün düzü,
padşahın öz padşahlığı üçün
də çox gözü atmırdı. Padşah olmaqdan lap
bezmişdi.
Ondan olsaydı çoxdan taxt-tacdan
əl çəkərdi. Amma əl çəkmirdi.
Çünki əl çəksəydi taxta vəziri
çıxacaqdı.
İşdi şayiə vəzir
şah olsaydı, o, nəinki məmləkətdəki
bütün birələri, taxtabitiləri, milçəkləri
və qarğaları qırıb öldürəcəkdi.
Vəzir həm də o biri vəzirləri,
vəkilləri, kim bilir bəlkə elə padşahın özünü
də cənnətə vasil edəcəkdi.
Odur ki, padşah taxtı-tacdan əl
çəkmirdi. Nə qədər yatmaq tamarzısı olsa
da, həmişəlik yuxuya qərq olmaq istəmirdi.
Padşah həm adil padşah idi, həm
bədbəxt padşah idi, həm də çox
ağıllı, tədbirli padşah idi. Hamıdan, hamıdan
ağıllı. Hamıdan, hamıdan tədbirli.
Deməli yaxşı padşah adil
idi, bədbəxt idi və ağıllı, tədbirli idi. Amma
padşah həm də yaman yalqız, təpə-tənha
padşah idi. O səbəbdən ki, məmləkətdə hərənin
bir babı, bir curu, bir dostu var idi.
Padşahın səkkiz
aşpazı, səkkiz faytonçusu, səkkiz dəlləyi,
səkkiz vəzir-vəkili, bir qoşun qaravulçusu və
bir qoşun saray şairi vardı.
Bir aşbazın o birindən zənd-zəhləsi
gedirdi, çünki biri deyirdi ki, bu dünya bir puçdur, o
biri deyirdi, xeyr, əsla belə deyil.
Faytonçular elə hey bir-birinin ənginə
qoyurdular. Sözləri çəp gəlirdi.
Biri deyirdi həyatın mənası
var, o biri deyirdi, dünyasında ola bilməz, yoxdur ki, yoxdur.
Şairin biri o birindən danos yazırdı ki, bəs flankəsin
işlətdiyi qafiyələr əzəl-axır məmləkətimizi
bərbad edib xaraba qoyacaq.
Qaraulçuların bir-birini
görməyə gözləri yox idi.
Vəzirlər, vəkillər
bir-birinin ətini yeməyə hazırdılar. Amma buna
baxmayaraq, onların heç biri tək, yalqız deyildi. Hərə
öz həmpeşələrinin, işdaşlarının
arasında idi. Bircə padşah tək idi. Padşahların həmpeşələri
olmur.
Padşahların həmpeşələri
də olmur, arzuları da. Faytonçular şair olmaq istəyirdi,
şairlər dəllək, dəlləklər vəkil, vəkillər
vəzir, vəzirlər padşah. Yeni padşah olmağın
hamı tamarzısıydı. Hamı, bircə padşahdan
savayı.
Padşah onsuz da padşah idi və
odur ki, heç bir şey arzulamırdı.
Hamı bir-birindən material
verirdi, öz həmpeşələrindən padşaha qiybət
qırırdılar. Amma padşah heç kəsə
heç kəsdən material, danos verə bilməzdi, heç
kəsdən heç kəsə şikayətlənə bilməzdi.
Heç kəslə qiybət
qıra bilmirdi. Ürəyini bircə arvadına aça
bilirdi, amma arvadı da onu atdı.
Baş vəzirə qoşulub
qaçdı, bilmirəm Yaponiyaya, ya da həbəşlər
ölkəsinə. Bəlkə də Kanar adalarına.
Günlərin bir günü baş
vəzir papağını qoyub qabağına fikirləşdi,
xeyli fikir edib anladı, qandı ki, padşah heç bir vaxt
ölüb-eləyən deyil və deməli bu gərək
taxt-tacdan gözünü çəksin.
Baş vəzir isə yaman
padşah olmaq istəyirdi. Padşah olmaqdan da artıq
padşahın arvadına gözü
düşmüşdü.
Padşahın arvadı bir gözəl
idi, bir gözəl idi, dilnən-söznən deyib qurtarmaq
olmaz. Dünyayi aləmdə tayı-bərabəri yox idi: incəmiyan,
nazikbədən, büllurbuxaq, almayanaq, gəl məni gör,
dərdimdən öl. Ağzına qoşa badam sığmaz.
Mərmər sinəsində
naz-nazı ipək paltarın altından bir cüt şamama
baş qaldırıb "mənəm-mənəm" .
Yanaqlar - yaqutun qıraqları kimi,
elə bil qar üstünə qan damıb, qaşlar - qurulu
yay, kipriklər yaydan çıxmış ox kimi elə uzundu
ki, tamam gözünün üstünü tutub, saçlar
şəvə kimi. Beli elə nazik idi ki, gilas yesə deyərdin
boyludur.
Boğazı elə zərif idi, su
içsə görünərdi, yeriyəndə yerə naz eləyir.
Padşah da onu yaman istəyirdi. Yaman da qısqanc idi padşah.
Lap arvadını xoruzdan gizlədəndi.
Qoymazdı arvadının
üstünə bir erkək milçək qonsun.
Bəli, baş vəzir, nə fənd
işlətdisə, fürsət tapdı, padşahın
arvadıynan xəlvəti görüşdü. Nə dedi
ona, nə boyun oldu, nə və"dlər verdi, deyə bilmərəm,
əl-qərəz, günlərin bir günü qoşulub
qaçdılar. Bilmirəm Məqribə, ya Məşriqə.
Baş vəzir, daha
doğrusu təzə
padşah vədinə
xilaf çıxmadı
- arvadının xorultusunu
maqnitofona yazdı və bu xorultunu
məmləkətinin himni
elan etdi.
Hər gecə təzə
məmləkətin radiosu
xorultu-himni verirdi və təzə padşah ləzzətlə
qulaq asırdı.
Axı o
cavan arvadını yaman sevirdi. Sevəndə isə xorultunu
da musiqi kimi dinləyirsən.
Bunlar burda sevişmədə olsun, sizə kimdən deyim, qoca padşahdan.
Qoca padşaha arvadının
vəfasızlığı və baş vəzirin xəyanəti yaman yer eləmişdi.
O öz rəiyyətinə
yad radionu dinləməyi qadağan etmişdi. Amma gecələr xəlvətdə
bütün əhali sabiq padşah arvadının xorultusuna qulaq asırdı.
Bəziləri
ona görə qulaq asırdılar ki, maraqlıydı: axı heç kim padşah
arvadının xorultusunu
bundan əqdəm eşitməmişdi. Başqaları
acıqcan qulaq asırdılar: əcəb
oldu bizim maymaq padşaha, yaxşı elədi arvad, onu qoyub
qaçdı.
Bəziləri
də ürək ağrısıyla dinləyirdilər:
axı necə oldu ki, bizim
müdrik padşahımız
bu cür arvadı əldən verdi, bu
cür məlahətli
xorultunu himn eləmək ağlına
gəlmədi.
Amma yad radionu hamıdan gizlicə padşah özü də tuturdu.
Müəyyən saatlarda padşah
kirimişçə aradan
çıxırdı. Tranzistorunu götürüb sarayın
məlum yerinə girirdi. O, radionu qurur, illərlə dinlədiyi və əbədi itirdiyi xorultunu sanki yenidən eşidir və uzaq gənclik
günlərinin xatirələrinə
dalırdı.
Keçib gedənləri bir-bir yadına salırdı - arvadıyla rəqs meydançasında ilk tanışlığını,
ulduzlu may gecəsində
onu tramvaya ötürməsi, sevgilisinin
saçlarının və
ağacların o axşamkı
qoxusu və ilk öpüş-büllur sarayın
qaranlıq dəhlizindəki
ilk öpüşləri... hər şey, hər şey bir-bir gəlib dururdu padşahın gözləri qabağında.
Padşahın gözləri yaşarırdı.
Axı padşah yaman
yuxaürək padşah
idi.
Xorultu kəsilir və
gecə düşürdü.
Qoca, yalqız padşahın yalqız yatağındakı
yalqız uzun gecəsi. Yataqda artıq arvadı
yox idi, birələr, taxtabitilər
də harasa qeyb olmuşdu. Amma onsuz da indi
padşah yata bilmirdi.
Bütün gecəni gözünü
də qırpmırdı.
Yuxusuzluq
bəlasına düçar
olmuşdu.
Qış düşəndə padşahın halı lap pis oldu. Uzun qış gecələri uzandıqca uzanırdı.
Yuxusuz padşah gözlərini
dama zilləyirdi - naxışlı dam göylər
qədər uzaq idi. Padşah çarpayısında uzanıb düşünürdü.
Yaman düşünən padşah
idi.
O düşünürdü:
nə olardı, heç olmasa bircə saat yataydım, yuxumda da arvadım vəfasızı görəydim.
Nə gözəl olardı, o vəfasız gələrdi
yuxuma, yanıma, bu sarayıma, ölkəmə.
Heç kəs də bilməzdi, heç kəsin də ağlına gəlməzdi,
heç nə də lazım olmazdı - nə danışıq, nə barışıq, nə söhbət, nə qeybət...
Amma birdən padşahın
ağlına gəldi
ki, yaxşı, axı sabiq arvadı başqa birisinin də yuxusuna girə bilər.
Padşah bir az da fikirləşdi və lap dəli oldu: birdən doğrudan arvadı kiminsə yuxusuna girir, bax elə
bu saat rəiyyətlərindən
biri onu yuxuda görür. Bəlkə lap elə təzə baş vəzirim görür onu. Padşahı od götürdü.
O, yerindən sıçradı.
Adil, rəhmdil və
sakit padşah lap özündən çıxmışdı.
Belə xəyanəti o heç kəsə bağışlaya
bilməzdi - nə arvadına, nə birinci vəzirinə, nə axırıncı faytonçuya. Padşah dərhal
tədbir tökdü.
O yaman tez-tədbir padşah idi: bütün rəiyyət - baş vəzirdən aşpaza qədər hər səhər yazılı surətdə gecəki yuxusunun məzmununu padşaha təqdim etməlidir.
Bu gündən
etibarən padşahın
işi-peşəsi yuxuların
məzmununu oxumaq idi.
Çoxusunun məzmunu qatmaqarışıq,
dolaşıq və səfeh idi. Tezliklə bu padşahın pisini vurdu. O qərara gəldi ki, bu axının
qabağını alsın.
Padşah yuxuları ixtisara salmaq haqqında fərman verdi.
Ancaq bazar günləri yuxu görməyə
icazə verilirdi. Bəzi imtiyazlı şəxslərin - vəzirlərin,
vəkillərin - həftədə əlavə yarım yuxu
görməyə icazələri vardı - cümə
günləri.
Padşah razıydı ki, heç
kim, heç vaxt onun qanunlarını pozmur.
Hamı ancaq icazəli günlərdə
yuxu görür və gördükləri haqqında müfəssəl
məlumat verirdi. Amma ortalığa təzə bir məsələ
çıxdı. Yuxular az olsa da, hər halda yenə də
biməna, biməzmun və səfeh idilər.
Bu yuxuların məmləkətə
heç bir xeyri yox idi. Padşah çox fikirləşib
axırı tapdı.
O, bir komissiya düzəltdi. Həmin
komissiya yuxuları təyin və tənzim etməli,
yoxlamalı, onlara icazə verməli və nəzarət eləməliydi
- heç bir dolaşıqlıq,
qatma-qarışıqlıq, məntiqsizlik olmamalıdır.
O yana, bu yana yozulan şeylər
görməməli, qara basmaq olan - qadağandır! Yuxular
sağlam ruhlu, aydın və açıq olmalıdır.
Yuxuların həftəlik
icmalını oxuyanda padşahın üzü
gülürdü. Axı hamı eyni şeyi
görürdü, amma hərə öz üslubunda, ruhunda:
biri padşahı uca dağın başında, biri
güllü-çiçəkli bağda, biri ağ atın
belində görürdü.
Belə yuxuları padşah
çox bəyənirdi - o yeknəsəklikdə müxtəlifliyi,
müxtəliflikdə yeknəsəqliyi xoşlayırdı.
Padşah öz-özünə
düşünürdü: "nə qəribə
yuxulardır. Mən
- at belində! Axı mən
ömrümdə at minməmişəm.
Görəsən at belində necə
görünürəm? Kaş özümü bircə dəfə yuxuda görəydim".
Ancaq görə bilmirdi.
Çünki yata bilmirdi.
Yuxusuz gecələri uzandıqca
uzanırdı.
Bir gecə - ilin
ən uzun gecəsi - arvadının
hörükləri kimi
uzun və qara Şəbiyeldada - padşahın qəlbi kədər və yalqızlıq qəmiylə
lim-həlim doldu.
Qəlbi daşa dönmədi,
yox, amansızlaşmadı.
Özünün özünə yazığı
gəldi.
Düşündü ki, bax indi bütün rəiyyətim arxayın-arxayın
və xoşbəxt-xoşbəxt
yatır (yuxu görmürlər - çərşənbədir!)
Amma mən gözümün çimirini ala bilmirəm.
Rəiyyət bəxtiyardır və rahatdır, çünki padşahları
mənəm - adiləm
və müdrikəm.
(Ardı var)
ANAR
Ədalət.-2012.-14
mart.-S.5.