Əyyub Qiyas və onun "Sonuncu büt" romanı

 

   Əyyub Qiyasla tanışlığım

 

   Yazıçı Əyyub Qiyas haqqında ilk dəfə Yusif Məhəmmədoğlu danışmışdı mənə. Onda Bakıya hələ yeni gəlmişdim. Ədəbi mühitdə çox az adamla ünsiyyətim var idi. Haqqında danışılan istənilən adamın yazdıqlarına o dəqiqə maraq göstərir, tapıb oxumağa çalışırdım. Yusif Əyyub Qiyas haqqında danışanda da eyni maraqla onun kitablarını axtarmışdım. Amma şəxsi problemlər, mütaliə edəcəyim kitablarımın çoxluğu bu marağımı bir müddət boğmağıma səbəb oldu. Sonra qəzetlərin birində ədəbiyyat səhifəsi aparmağa başladım. Elə həmin qəzetdə çalışdığım vaxt partiya sədrlərindən birindən ədəbiyyat və mədəniyyət haqqında müsahibə almalı oldum. Növbəti dəfə həmin partiya sədri Əyyub Qiyas haqqında mənə xeyli məlumat verdi. 

   Əyyub Qiyasla təsadüfən toy məclisində, dostum Yusif Məhəmmədoğlunun övladlarının xeyir işində rastlaşdıq. Yazdıqlarından öncə özüylə tanış oldum.

   Fikirli, yorğun bir az da eqosit görkəmi vardı Əyyub Qiyasın. İlk görüşdən aldığım təəssürata görə ünsiyyətdən qaçan, içinə çəkilmiş bir adama bənzəyirdi. Yusif onu yenidən təqdim elədi: "Yazıçı, dramaturq, Xəzər TV-də yayımlanan "Susmuş vicdan" serialının ssenari müəllifi Əyyub Qiyas." Öz-özümə düşündüm ki, bu adam bu qədər işi necə çatdırır. Onda bu qədər yaradıcı enerji hardandır görəsən?

   Xəbər Portallarının birində çalışmağa başlayan kimi ilk işim Əyyub Qiyasla söhbətləşmək oldu. Yeni iş yerimdə ilk müsahibəm uğurlu alındı. O gün ətraflı söhbət eliyəndən sonra Əyyub Qiyas mənə iki kitabını, "Sonuncu büt" və "Köpək bürcü"nü hədiyyə elədi. İki samballı, qalın kitab..

   "Sonuncu bütü" oxuduğum ərəfədə Əyyub Qiyas məni Sumqayıta dəvət elədi. Sonra görüşlərimiz, kitablar və həyat haqqında söhbətlərimiz intensivləşdi. Uzun zaman maraqlandığım yazıçıyla aramızdakı yaş fərqinə baxmayaraq çox tez dostlaşdıq. İlk təəssüratım tamamilə dəyişdi. Anladım ki, Əyyub Qiyas eqosit yox, ağayana adamdır.

   Əyyub Qiyasın yaradıcılığı ilə tanışlığa maraq göstərməyim mənə həyatda bir dost da qazandırdı. 

   Bu yazını yazmağa qərar verəndə isə nə dostluq, nə də digər münasibətləri göz önünə gətirməmişəm. Sadəcə oxuyub bəyəndiyim, oxumağa dəyər bir əsər haqqında oxucularla fikir bölüşmək istəyirəm.

 

   "Sonuncu büt"

 

   İlk olaraq Əyyub Qiyasın "Sonuncu büt" romanını oxudum. Maraqlı mövzusu və süjet xətti olan romanı bir gecəyə, birnəfəsə oxudum. 28 il məhbəs həyatı yaşayandan sonra azadlığa çıxan Məmmədağanın qəribə və təzadlı həyatı, dövrünün siyasi-ictimai həyatına müəllifin münasibəti, yazıçı Rüfərin əsərin alt qatında gizlənən faciəsi məni xeyli düşünməyə məcbur elədi. Oxuya-oxuya hiss elədim ki, sanki Məmmədağa ilə birlikdə həbsdən azad olunub azadlığın ləzzətini yaşayıram. Hətta bəzi epizodlarda özümü təsvir olunan səhnənin içində hiss elədim. Mənə elə gəldi ki, Məmmədağayla birlikdə evlərinin balkonunda oturub çay içirəm, anasıyla, jurnalist qardaşıyla birlikdə söhbətləşirəm, onunla quş uçurdub "razborkalara" gedirəm. Hətta Məmmədağaya verilən xüsusi qonaqlıqlarda badə qaldırdığımızda oldu. Romanı oxuya-oxuya Məmmədağayla dostlaşdıq. Və sonda onun ölümü məni bərk sarsıtdı...

    Əsər Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanda türk-erməni, qaçqın-yerli münasibəti haqqında yazılan ən maraqlı əsərlərdən biridir. Müəllif bütün bu münasibətlərə özünəməxsus bir şəkildə yanaşır. Ən əsası əsərdəki insan mənzərələri, obrazların psixoloji durumu, dövrün siyasi mənzərəsi olduqca diqqət çəkir.

 

   Düşündürücü tandem

 

   (keçmiş və gələcək)

 

   Həbsdən çıxan Məmmədağanın ilk rastlaşdığı keçmişidir. Müəllif 28 ildən sonra azadlığa çıxan qəhrəmanı ilk olaraq keçmişiylə- süpürgəçi Qızbacıyla qarşılaşdırır. Vacib və olduqca maraqlı məqam odur ki, Məmmədağa keçmişi ilə qarşılaşandan sonra onun yaddaşında yenilənmə başlayır və o, Qarabağ torpaqlarında sonuncu bütə çevrilənə qədər bütün yaşadıqlarında keçmişlə bu günü paralel davam etdirir. Əsərin qəhrəmanı Məmmədağa adi məhlə ceyillərindəndir. Həyatının 28 ilini həbsxanada, qapalı almdə yaşayan bir adamdır. Onun azadlıq haqqındakı təsəvvürləri, həyata və insanlara olan münasibəti təxminən 28 il əvvəlki kimi qalıb. Qızbacıyala-keçmişiylə qarşılaşandan sonra Məmmədağa çox şeyin dəyişdiyini dərk edir;

   Onun quş damının yerində Qarabağ qaçqını Muxtar "Super market" tikib, Qızbacı qocalıb, ermənilər bu şəhərdə köçüb gedib, bıçaqladığı Rüfət "dəli olub", "qanuni oğrular" qaydaları pozur, şəhər dəyişir, ölkədə çoxlu partiyalar yaranıb. Qarabağ işğal olunub...

   Adətən müəllif yaratdığı əsas qəhrəmana şişirdilmiş şəkildə yanaşır, ona heyran olur , qəhrəmanını ideallaşdırır. "Sonuncu büt" də müəllif Məmmədağaya xüsusi simpatiya göstərmir, onu ideal yox, həyati qəhrəmana çevirir. Oxuyanda hiss edirsən ki, Məmmədağa kimilərlə hər addımbaşı olmasa da, hərdən rastlaşmaq mümkündür. Ancaq müəllifin yaratdığı sevimli obraz anasını qocalar evinə qoyan, dəli sayılan, Məmmədağanın uşaqlıq dostu, bıçaqladığı Rüfətdir.

   Həyat detalları o qədər çoxdur ki, əsəri kənara qoyub oxu prosesindən uzaqlaşmaq istəmirsən. Məsələn, həbsxanadan yenicə çıxan Məmmədağaya şəhər polis rəisinin göstərdiyi münasibət olduqca həyati bir detaldır. Polis rəsinin Məmmədağaya münasibətində rejimin iyrəncliyi, sovetdənqalma idarə üsulunun hələdə işlək olması diqqət çəkir. Məmmədağanın quş damının yerini Muxtara satan, rüşvətə, korrupsiyaya bulaşmış rejimdir. Elə buna görə də rüşvətə öyrəşmiş polis rəisi Məmmədağanın haqqını tələb edəcəyindən qorxur.

   Müəllif dövrünün cinayətkar mühitini, cinayətkar mühitin qanunlarını da ustalıqla qələmə alır. Nəzərə çarpan detallardan biri də odur ki, cinayətkar aləmin qanunları rejimin qanunlarından daha ədalətli, daha işləkdir.

 

   Zəngin həyat detalları

 

   Əsərdə müasir həyatımızın bütün detalları öz əksini tapıb. Qoca gorqazanla Mərdanın qarşılaşdığı epizodda müəllif birnəfəsə seçki prosesini, Elçibəy hakimiyyətini, onun devrilməsini, xalq hərəkatını işıqlandırır. Xalq hərəkatında fəal iştirak edən, xalqın yanında olan Mərdan sonradan satqınlıqda, hakimiyyəti verməkdə günahlandırılır. Yeni quruluşda, rejimdə də Mərdana yer yoxdur. O uzun müddət vətəndən didərgin düşür. Seçkilərdə iştirakının qarşısı ənənəvi metodlarla alınır. Mərdanla gorqazan qocanın söhbətində maraqlı detallar diqqət çəkir. Mərdan çox ehtiyatla qoca gorqazana seçkidən necə uzaqlaşdırılmasını danışır. "Nəsə hazırlanır elə bil...Deyəsən müharibə olacaq" 

   Bu parçanı oxuyanda, hardasa gizli qatda müəllifin müharibəni, döyüşü arzulamağı diqqətimi çəkdi. Nədənsə mənə elə gəldi ki, qanla verilən torpaqların geri qaytarılmasının yolunu müəllif ancaq müharibədə görür.

   Bu cür epizodlarda müəllif siyasi baxış sərgiləmir və məhz müəllifin uğuru odur ki, rejimə, ədalətsizliyə, siyasi proseslərə ziyalı, yazıçı mövqeyi nümayiş etdirir. Sadəcə təsvir etdiyi hadisələrdə müəllifin mövqeyi hiss olunur. Hiss olunur ki, müəllif ədalətin tərəfindədir. Müəllifin əsas ustalığı ondan ibarətdir ki, adından siyasilik tökülən romanı siyasi konyukturaya çevirmir. Səlis və oxunaqlı ədəbi dildə, ədalətsizliyi, nizamsızlığı və rejimin iyrəncliyini göstərir. Dövrünün hadisələrinə tutduğu güzgüdə siyasi-ictimai mənzərə aydın canlanır. Ən əsası, mən bu əsərdə müəllifin siyasiləşmədiyini, sözlə və ədəbiyyatla ustalıq nümayiş etdirdiyini hiss eləyirəm.

 

   Yazıçı Rüfətin fahişə sevgisi, mistik detallar

 

   Fahişəyə vurulan Rüfətin çırpınışları da çox canlı və realdır. Öncə qeyd etdiyim kimi, Rüfətə xüsusi rəğbətlə yanaşan müəllif sanki onun bu çırpıntılarına, dəli aşiqliyinə haqq qazandırmağa çalışır. Hətta müəllif erməni məkrini yazmaq üçün, bunun iyrənc fəsadlarını qələmə almaq üçün də Rüfəti qurban seçir.

   Məhz erməni Arturikin yalanı nəticəsində Məmmədağa Rüfətin oğurluq etdiyinə inanır və sevimli dostunu bıçaqlayır. Yenə də, erməni məkri, yenə də erməni yalanı...

   Bu hadisədən sonra iki gəncin, iki türk övladının həyatı darmadağın olur. İki ailə gözüyaşlı qalır. Rüfət yaralanır, Məmmədağa isə həbsə düşür. Arturik isə bu yolla öz məkrli planını həyata keçirir, fitnəkar erməni xislətini göstərir

   Müəllif mistik elementlərdən, simvollardan ustalıqla istifadə edib. Qəbirstanlıq, naməlum məkandan (bəlkədə o dünyadan) gələn telefon zəngləri əsərin mistik ruhundan xəbər verir. Ancaq bütün bu müəllif detallarda daha açıq boyalardan istifadə edib. Əsərdə əsas hədəf erməni məkri, qisas və cəmiyyətin problemləridir.

 

   Postmodernist ironiya

 

   Posmodern mətnlərə xas ironiya "Sonuncu büt" də ustalıqla işlənib.

   Dedektiv ustası Çingiz Abdullayevun Parisdə, Üzeyir bəylə bağlı tədbirdə iştirakı haqda qəzetdə oxuyan Məmmədağa çox fikirləşsədə Çingiz Abdullayevlə-Üzeyir bəy arasında bir əlaqə tapa bilmir.

   Ümimiyyətlə əsərin qəhrəmanı Məmmədağa başdan-ayağa pomodern bir obrazdır. Onun quşbazlığı, Muxtarla və uşaqlıq dostu Rüfətlə münasibətləri çox maraqlıdır. Məmmədağa gah quşbazlıq edir, Dağıstana quşbazların yarışmasına , gah Muxtarla yeyib-içməyə, qadınlarla əylənməyə gedir , gah da dostu Rüfətlə siyasi prosesləri müzakirə edir. Mənə elə gəlir ki, 28 il həbsdə yatmış adam dövrünün siyasi, ədəbi mənzərəsinə, mühitin iyrəncliyinə başdan-ayağa ironiyadır.

   Onun "razborka"larıda, siyasi şərhləri də, Qarabağın azadlığı ilə bağlı verdiyi təkliflərdə ironiyadır. Qarabağı partizan hərəkatı ilə geri qaytarmağın mümkünlüyünə inanan müəllif, bu barədə təklif də verir. Ölkədəki 50 partiyanın üzvlərinin 10 faizini partizan hərəkatına cəlb edib, Qarabağı azad etməyin mümkünlüyünə inanan Məmmədağanın inamı, bəlkədə siyasətə ironiya ilə yanaşan müəllifin inamıdır.

   Məmmədağanın mistik şəkildə ölümü, uşaqlıq düşmənindən qisas alması və sonda erməni məkrinin qalib gəlməsi də çox maraqlıdır. Əslində mistik qatda Məmmədağa və əsərin müəllifi qalibdir. "Sonuncu büt" dəki "sonuncu büt" rəmzləndirməsində müəllifin işarələri, demək istədikləri dəqiq anlaşılır.

 

   Və son...

 

   Mən "Sonuncu büt" romanı haqqında uzun-uzadı yaza bilərəm. Ancaq əsərin zəif və güclü tərəflərini göstərib oxucuya istiqamət vermək, əsəri ədəbi cəhətdən təhlil etmək fikrindən uzağam. Sadə və anlaşılan dildə əsərin diqqətə layiq bir əsər olduğunu oxucuya çatdırmaqda məqsədim odur ki, bu cür dəyərli əsərlər diqqətdən kənardan qalmasın. Peşəkar romançı Əyyub Qiyasın haqqında bəhs etdiyim romanı kifayət qədər maraqlı və ideyalı bir əsərdir. Müasir tələblərə cavab verən peşəkar əsərlərin diqqətdə qalması, eyni zamanda müəllifin zəhmətinə diqqətsizlikdir. Əminəm ki, dostum Əyyub Qiyasın bu əsəri oxucuların diqqətini yenidən cəlb edəcək və əsər haqqında maraqlı təhlillər və yazılar yazılacaq.

 

 

Cəlil Cavanşir

 

Ədalət.-2012.-14 mart.- S.5.