ŞƏKİ: QÜRURLU OLMAQ SƏLAHİYYƏTİ

 

   (əvvəli ötən sayımızda)

  

   Ekoloji mühitin daha da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanmış, həyata keçirilən ağac əkini kampaniyalarında ümumilikdə 84 min 910 ədəd ağac əkilmiş, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 110 hektar ərazidə meşə əkinləri aparılmışdır. 

   Bununla yanaşı,istər dövlət, istər bələdiyyə, istərsə də şəxsi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə olunmalı; kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının istehsalçılar tərəfindən qeyri-rəsmi istifadə olunmasının qarşısı alınmalı; torpaqların heç bir sənədləşdirmə aparılmadan fermerlər tərəfindən zəbt edilməsinə son qoyulmalı; torpaqlardan istifadəyə görə icarə haqqının dövlət büdcəsinə ödənilməsi təmin olunmalı; Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi mövcud nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirməlidir.

  

   Tədbirlər kollegial şəkildə müzakirə olunaraq həyata keçirilir

 

   2011-ci ildə Şəki şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılmış Şurada rayonumuzda həyata keçiriləcək bütün tikinti, təmir və yenidənqurma işlərinin layihələri müzakirə edilmişdir. Kollegial şəkildə təsdiq olunmuş layihələr əsasında hesabat ilində Şəkidə geniş abadlıq-quruculuq işləri aparılmışdır.

    Şəhərdə olarkən cənab Prezident demişdir: "Şəki indi yeni inkişaf mərhələsindədir. Bütün dövrlərdə bu şəhər Azərbaycan tarixində xüsusi yerə malik olub. Şəkinin inkişafı ilə bağlı əsas istiqamətlər müəyyən edilmişdir. Qısa müddət ərzində böyük layihələrin master-planı hazırlanmışdır və mənə təqdim edilmişdir. İndi o planın icrası başlanmışdır".

   2011-ci ildə tikinti,abadlıq-quruculuq sahəsində əsasən aşağıdakı işlər görülmüşdür:

   Mirzə Fətəli Axundov adına mədəniyyət və istirahət parkında; şəhərin mərkəzində yerləşən Axundov büstünün ətrafında; Mirzə Fətəli Axundovun ev muzeyində abadlıq və yenidənqurma işləri aparılmış; M.F.Axundov prospektində yerləşən bir sıra binaların dam örtükləri, fasadları öz əvvəlki görünüşündə bərpa edilmiş;

    Salman Mümtaz küçəsində yaşıllıq zolağının daraldılması və yaranan yağış sularının axıdılması üçün arxlar tikilmiş; Heydər Əliyev və M.Ə.Rəsulzadə prospektlərində yol kənarı məhəllə divarlarının daş və kərpiclə üzlənməsi işləri aparılmış, həyətlərə giriş darvazaları qədim memarlıq üslubunda, əsaslı surətdə bərpa edilmiş;

   Salman Mümtaz küçəsində, Oğuz şossesində yol ayrıcında dairələrin yenidən qurulması başa çatdırılmış; Oğuz şossesində körpü quraşdırılmış və bu əraziyə çəkilmiş yol asfaltlaşdırılmış;

   H.Əliyev, M.Ə.Rəsulzadə, M.F.Axundov prospektlərində, Salman Mümtaz küçəsində müasir işıqlandırma sisteminin qurulması işi aparılımış; yeni yaşıllıq zolaqlarının, kiçik parkların salınması diqqət mərkəzində saxlanmış, bir sıra çoxmərtəbəli ictimai yaşayış binalarının dam örtükləri, fasadları əsaslı təmir edilmişdir.

 

   Şəhərin yeni Baş planı

 

   2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşmişdir:

   Şəki Şəhər İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanmışdır.

   Baş Plana əsasən bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, perspektivdə Oxud, İnçə, Kİş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur.

   Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının, Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni inzibati binanın inşası da nəzərdə tutulmuşdur.

   2012-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin, yetkinlik yaşına çatmayan uşaqlar üçün 30 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və 25 yerlik sosial sığınacağın tikintisi, Şəki Dövlət Dram Teatrının və M.F Axundov adına kino teatrın, bir sıra yaşayış binalarının fasadlarının və dam örtüklərinin əsaslı təmir edilməsi, ictimai binaların həyətlərində sakinlərin öz şəxsi vəsaiti hesabına tikilmiş və camaat arasında "Xeyir-Şər" evləri adlanan tikililərin də təmiri,yenilərinin tikilməsi, sadə idman qurğularının quraşdırılması və idman meydançalarının yaradılması da nəzərdə tutulmuşdur.

 

   Xidmət sahələrinin fəaliyyəti

 

   2011-ci ildə kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır.

   Şəki Elektrik Şəbəkəsinin rəhbərliyinin işinə səhlənkar yanaşmasının nəticəsidir ki, əhali sektoru üzrə 38 min 335 abonentin cəmi 78-85 %-i ödənişə cəlb olunmuşdur. 2011-ci ildə təkcə əhali istehlakçıları tərəfindən 518 min 123 manat debitor borc qalığı qalmışdır bu borcun əsas hissəsi əhali qrupunun üzərinə düşür. Təhlillər göstərir ki, əhali qrupunun üzərinə yazılmış borc abonentin ödədiyi vəsaitlə uyğunluq təşkil etmir. Başqa sahələr üzrə olan borclar hansısa şəkildə silinərək əhalinin və rayon ərazisində yaşayan məcburi köçkünlərin istifadə etdiyi elektrik enerjisi sərfiyyatı kimi yazılır.Şəhər İcra Hakimiyyəti başçısının istər şəhər ərazisində, istərsə də kənd və qəsəbələrdə keçirdiyi səyyar görüşlərdə qaldırılan məsələlərin əsas hisəsini əhalinin elektrik enerjisi ilə təminatında yaranan problemlər təşkil edir.

   

   (ardı gələn sayımızda)

 

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2012.-15 mart.-S.7.