Qələm adamları Novruz bayramını necə keçirəcək?

 

   Doğma kəndini arzulayanlar daha çoxdur...

 

   Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəkon bayramı) - türklər üçün yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Novruz Şimal yarımkürəsində yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılanır. Martın 21-i İran Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır

   Novruz bayramı həmçinin Bahar təqvimində ilin ilk günüdür.

   2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

   Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulayır, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı bayram günü tonqal qalamaqla, mahnılar oxumaqla oda, atəşə, günəşə olan etiqad inamını ifadə edirlər. Ancaq Novruz bayramı Atəşpərəstlikdən İslamdan daha qədim bayramdır. Xalqımızın bu gözəl bayramını yazıçılarımız qələm adamlarımız necə qeyd edir? Bu münasibətlə qələm adamları arasında Novruza sayılı günlər qalmış sorğu keçirmək qərarına gəldim. Bir sözlə, qələm adamları Novruzu harda necə keçirəcək mövzusunda kiçik bir sorğu keçirdim. Respondetlərim isə müxtəlif yaş kateqoriyasına aid, ölkəmizdə ölkəmizdən kənarda yaşayan qələm adamlarıdır.

   Ustad şairimiz, qardaş Türkiyə Cümhuriyyətində yaşayan Məmməd İsmayıl bayramın gəlişindən sevinsədə nisgillidir: "Başqa bir yerdə yox, təbii ki, burda qardaş qürbətdə-Çanaqqalada keçirəcəyəm bayramı. Ölkəmizin Novruz bayarmını indidən təbrik edirəm. yazıq ki, son 17 ildə mənə vətəndə bayram keçirmək qismət olmur. Hər kəsin qarşıdan gələn Novruz bayramını təbrik edirəm".

   Getdikcə islama daha çox meyillənən Həmid Herisçinin fikirləri isə hər zaman olduğu kimi maraqlıdır. Novruz bayramını harda necə keçirəcəksiniz sualımıza Həmid özünə məxsus cavab verir: "Novruz tonqalı başında kimsə qalmayanda, tonqal közə düşəndə bu ocağa tərəf mənim kölgəm irəliləyəcək..."

   Yazar Babək Göyüşün fikirləri isə çox sentimentaldır: Qəribədir, Novruz bayramının adı gələndə sevincimdən elə titrəyirəm ki, sanki Karlson kimi belimə vibrasiyalı telefon birləşdiriblər. Nədənsə, bütün bayramların (hətta, xalam oğlu Bayram da daxil olmaqla) içində ən çox gözlədiyim, gözləyə-gözləyə də nənəmin hazırladığı xəmirə, xəmirinin urvasına, urvasının da kisəsinə bulaşdığım o anları heç nə ilə əvəz edə bilmərəm. Kənd arvadlarının növbə ilə hər evdə bişirdikləri şəkərburanın, paxlavanın, qoğalın iyi isə öncə balaca damların balaca havaçəkənindən bayıra çıxar, fırlana-fırlana ağacların budaqlarını yalayar, ordan da görə qalxıb harasa gedərdilər. Təbii ki, o iylərin hara getmələri mənim kimi kənd uşaqlarını maraqlandırmazdı. Bizi maraqlandıran daha çox rəngbərəng yumurtaların döyüşdürülməsini, papaqatmanı, qapıpusmanı səbirsizliklə gözləməyimiz idi. Novruz bayramı bizim tərəflərdə çöl bayramı idi, ta ilk çərşənbələrdən son bayram axşamınadək təkcə uşaqlar deyil, kəndimizin qocaları da qoltuqlarına mütəkkə qoyub çöldən içəri çəkilməzdilər, hətta çəkdikləri tənbəkinin də iyi o bayram günlərində biz uşaqlara xoş gələrdi. Novruz bayramının ən maraqlı məqamlarından biri martın 22-də səhər tezdən Ayğır bulağından üzü Qazağa doğru axan çayımızda üzümüzü yumağımız idi. həmin səhər bütün kənd adamları boyaboy çay kənarında düzülər, üz-gözlərini yumaq üçün növbə gözləyərdilər. Yadıma gəlir, üzyumaq prosesində həmişə uşaqları qabağa buraxardılar. Elə qayıdıb evə gələndə qabaqda biz gedərdik, daha doğrusu qaçıb gedərdik. Ancaq bayram süfrəsinə ailəliklə bir yerdə əyləşərdik, son əyləşən isə nənələrimiz olardı... İndi mənim üçün Novruz bayramının heç dadı qalmayıb. Kəndimiz, budaqları yalanan ağaclarımız, un kisəmiz, süfrəmizə son əyləşən nənəmiz, mütəkkəli babamız, Ayğır bulağından üzü Qazağa doğru axan çayımız o yanlarda qalıb...Bu yanlarda isə Novruz bayramına bir həftə qalıb... Elə o yanlarda da..."

   Qazaxda yaşayan gənc yazar Bəxtiyar Hidayət isə bayrama özünəməxsus planla hazırlaşır: "Bayramı evdə qarşılayacam övladlarımla. Papaqatmaya da gedəcəm uşağa qoşulub. Sonra da bir az evdən qaçıb dostlarla da qeyd edəcəyik, 1-2 plan var bu haqda.Tonqal üçün ot yığmışam ki, uşaqlar sevinsinlər."

   Gənc şair Bəxtiyar Elcan isə kəndlərini arzulayır: "Kəndə getməyi çox istəyirəm. Orda tonqallar yanacaq, papaq atılacaq, lopa alışdırılacaq, məzarlaın üstündə şam yandırılacaq, yumurta dığarlayacaqlar. Amma təssüf ki, bu il də Novruzu qanadını toz basmış kəpənəyin şəhərində keçirməli olacam - Bakıda.

   Burda isə hər şey divarlarla əhatələnib, rəsmiyyətlə örtülüb. Odur ki, Novruz bayram dadı vermir."

   Gənc yazar Alpay Azər Novruzu ailəsi ilə birlikdə qeyd edəcək: "Novruz bayramını çox güman ki, ailəm və valideynlərimlə birgə keçirəcəm. Bir tanış qadına paxlava və şəkərbura sifariş vermişəm, bir qurman kimi səbirsizliklə iki paxlavanı birini çaysız, birini çayla içəri ötürcəm. Bu gün tonqala baxa-baxa uşaqlığımı xatırayıb bir az kövrələcəm. Bayram günü isə həm televizora baxacam, həm də şəhərdə gəzəcəm. Yenə arada uşaqlığıma qayıdacam, amma kövrəlməyəcəm."

   Yazıçı Rövşən Yerfi bayramda doğma kəndinə də gedəcək: "Novruz bayramınının ilk gününü evimdə, sonrakı günlərini isə doğma kəndim Yerfidə olmağı planlaşdırıram. İlin ən əziz günlərində səni sevən insanlar arasında olmağın, əzizlərini ziyarət etməyin ayrı ləzzəti var.Ötən günləri xatırlamaq, rəhmətlikləri yad etmək,nostalji hisslər keçirmək, qayıdandan sonra da bir neçə gün bayram əhval-ruhiyyəsini tərk etmək istəməmək mənim üçün Novruz bayramının yadda qalan xüsusiyyətidir."

   Naxçıvanda yaşayan şair Elxan Yurdoğlu gələnəklərə daha çox bağlıdır: "Bizim tərəflərdə belə bir inam var ki, Novruz bayramında evində olmayan kəs 7 il bayramı öz evində keçirə bilmir. Bu həqiqətən də mənim başıma gəlib. 1994-2000-ci ilin Novruzlarını öz evimizdə keçirə bilməmişəm. 2001-ci ildən etibarən isə hər il Novruz bayramını ata ocağına yığışırıq. Biz 3 qardaş ailələrimizlə birgə. Axır çərşənbəni elə edəcəyik. Novruz uşaqlıq xatirələriylə daha çox yadda qalır deyə hər il Novruzu kənddə keçirməyə üstünlük verirəm və belədə uşaqlıq xatirələri də canlanır, dirilir. Necə keçirəcəyimə isə uşaqlıqdakı ki, həyətdə tonqal qalayıb ağırlığımız uğurluğumuzu tökəcəyik üstündən atlamaqla, bizim tərəflərdə şar düzəldirlər, yandırıb şar atacağıq, qonşuların qapılarını dinləməyə gedəcəm, papaq atacam. Bir sözlə, uşaqlıqda neyləyirdimsə onu etməyə çalışacam."

   DGTYB-nin başqanı Əkbər Qoşalı da kəndi arzulayır: "Novruz Bayramını kənddə keçirmək istərdim. Kənddə bayramın ayrı ləzzəti var. Amma deyəsən Bakıda keçirməli olacam. Fürsətdən istifadə edib, kollektivinizi, bütün yazarlarımızı,xalqımızı ən əziz bayramımız -YENİ GÜN Bayramı münasibəti ilə təbrik etmək istərdim.

   Brüsseldə yaşayan satirik şair Mirzə Sakit bayrama xüsusi hazırlaşır: Mən hal-hazırda Brüsseldəyəm. Amma buna baxmayaraq, öz adətimiz üzrə stola bayram xörəkləri düzəcəm. Hal-hazırda Bürüsseldə oğlumla ikimizik. Əlimdən də bütün yeməkləri bişirmək gəlir. Hətta plov dəmləməyi də düşünürəm.

   Şairə Rəbiqə Nazimqızı bayramı ailəsiylə keçirəcək: Novruz bayramını evdə keçirəcəyəm, valideynlərim və qızımla birgə. Hərçənd, bu aralar Bakıdan çıxmağı daha çox istərdim, şəhərin səs-küyündən, informasiyadan uzaq olmaq. Amma hələlik bunun üçün vaxt yoxdu...Necə keçirəcəyimə gəlincə, yəqin, anam bütün təfərrüatların qeydinə qalacaq. Mənsə dua edəcəm, özüm üçün, yaxınlarım üçün, dostlar üçün...Tonqal üzərindən atılmağı planlaşdırıram, bu dəqiqdir.

 

 

  Cəlil Cavanşir

 

  Ədalət.-2012.-15 mart.- S.7.