İslamı
tanıyaq, sevək və yaşayaq
Bu günümüzün
insanlarında belə bir fikir var ki,hamımız Allahı qəbul
edirik,onu sevirik,amma dindir,Peyğəmbərdir, ibadətdir,bunlar
artıq şeylərdir,təki ürəyimiz düz
olsun,ürəyimiz təmizdir,heç kimin malına,namusuna
göz dikmirik,bacardığımız qədər də
yetimə-yesirə yardım edirik,bunlar kifayətdirgBunların
hamısı yanlış və şeytan vəsvəsi ilə
qəlblərə girən fikirlərdir.
Əgər belə olsaydı,Allah
heç zaman yer üzünə peygəmbərlər,din
göndərməzdi.Qəlbim təmizdir deyən görəsən
nəyi nəzərdə tutur? Qəlbinin təmizliyini necə
müəyyən edir və ya həmin qəlbini görəsən
hansı yuyucu məhlulla yumuşdur ki,buna belə
arxayındır? Bundan əlavə,lap qəbul edək ki,bu
insanların qəlbləri həqiqətən də təmizdir.Bəyəm
bunlar insanı ibadət etməkdən azad edirmi? Əgər
belə olsaydı,onda insanların ən şərafətliləri
olan Peyğəmbərlər,İmamlar niyə ibadət
edirdilər? Bəyəm onların qəlbləri bizim bu
günümüzün günahkar insanlarının qəlbi qədər
təmiz deyildi? Allah Quran ayəsi ilə Peyğəmbərə
bildirmişdi ki, onun bütün olmuş və olacaq
günahlarını bağışlamışdır.Buna
baxmayaraq,Peygəmbər Allahdan ən çox qorxan,ona ən
çox ibadət edən bir insan və qul idi. Peyğəmbərin
həyat yoldaşı Aişədən (Allah ondan razı
olsun) nəql olunur ki, bir gün Peyğəmbərin ayaq
üstə uzun-uzadı namaz qılmaqdan ayaqlarının
şişmiş olduğunu görərək ona belə
demişdir ki, Ey Allahın Rəsulu, Allah sənin
keçmiş və gələcək günahlarını
bağışlamış olduğu halda,sən niyə bu qədər
sərasər namaz qılırsan? Onda Peyğəmbər cavab
vermişdir ki, Allah mənim günahlarımı
bağışlamış olsa da belə, mən buna görə
ona şükr edən bəndə olmayımmı? Məncə
Peyğəmbərin bu cavabı bir çoxlarını ibadət,
namaz barədə düşünməyə vadar etməlidir.
İbadət biz insanların
Allahın bizə vermiş olduğu nemətlər
müqabilində şükür nümayişidir.Allah bizə
olmazın nemətlər bəxş etmiş, bizi biz istəmədən
və xəbərimiz olmadan bu işıqlı dünyaya gətirmiş,yaşadığımız
surəcə bizləri qorumuş və qoruyur, Günəşi,
Ayı,havanı,suyu bizim qulluğumuza vermişdir.Bunların
müqabilində isə Allah bizdən yalnız Ona və onun
nemətlərinə şükr etməyi tələb
etmişdir. Bu gün bir çoxları öz sözlərində
mənasını bilmədən Allaha şükürlər
edirlər,lakin həmin şükrün mənasını və
qaydasını bilmirlər.Allahdan uşağının əsgərlikdən
sağ-salamat gəlməsini istəyirlər,övladları gələn
kimi isə araq məclisi quraraq Allaha asilik edirlər.Beləcə,onlara
Allah tərəfindən bəxş edilmiş xoş günləri
Allaha asiliklə qeyd edirlər.Beləmi şükür edirlər
Allahın vermiş olduğu nemətlərə?..
Allah-Təala dünyada
bütün insanlara nemət bəxş edir,möhtac
olduqları şeyləri yaradıb,hər kəsə göndərir.
İnsanlara əbədi səadətə aparan yolu göstərir.Nəfsinə,pis
yoldaşlara,zərərli kitablara aldanaraq,bu səadət
yolundan ayrılaraq küfr yoluna düşənləri
peşman olub,əfv dilədiklərində hidayət
yoluna-düz yola qovuşdurur, onları əbədi fəlakətdən
xilas edir. Yaxşıca düşünülməli və
anlanmalıdır ki,hər kəsə neməti göndərən
yalnız Allahdır.Hər şeyi var edən yalnız
Odur.Saydıqca tükənməyən nemətləri bizlərə
göndərən də Odur.Allah o qədər mərhəmətlidir
ki,ona küfr edən,ona asilik edən bəndələrinin də
ruzisini kəsmir.Hər bir quluna imkan verir ki,yolunun səhv
olduğunu anlasın və can boğazdan çıxana qədər
heç olmasa tövbə etsin.
İnsanlardan bir çoxunda belə bir fikir var ki,hələ gəncəm,yaşa dolandan sonra (bəziləri 40 yaş,bəziləri 60 yaş deyir) ibadət edərəm,Həccə gedərəm.Bu fikrin özündə gizli küfr var. Çünki heç kim bu dünyada nə qədər yaşayacağını əvvəlcədən bilmir və billə də bilməz və özünə 40 və ya 60, 80 yaş ömür "yazanlar" bir dəfə oturub fikirləşsinlər ki,onların nə qədər yaşıdları var idi ki, 40,50,60 yaşa gəlib çatmadılar.Bəs onların bu yaşa çatmasına kim verib qarantiyanı?.. Ona görə də belə ağılsız sözlərlə özlərini aldatmasınlar.Mən özüm də bir neçə il bundan qabaq belə düşünürdüm.Bir gün özümlə təkbətək qalaraq düşündüm və nə qədər səhv fikirdə, səhv yolda olduğumu dərk etdim və ağlayaraq tövbə edərək Allaha baş əydim və Ona təslim oldum.Allah gözümün qarşısında olan pərdəni, qulağımda olan tıxacı götürdü.Allah Quranda məhz mənim kimi adamlar üçün demişdir ki,onların gözləri var, amma (haqqı)görmürlər,qulaqları var, amma (həqiqəti) eşitmirlər,dilləri var, amma (haqqı) danışmırlar.Bunun mənasını dərk edən hər bir insan ayılmalıdır,Allahın dininin və kitablarının bu dünyaya əbəs yerə gəlmədiyini,dində və Quranda bir xilas yolu olduğunu dərk etməlidirlər.Çünki Allah insanı yaratdıqda ilk olaraq ona əql və düşünmə qüdrətini verdi.İnsan da həmin əql və düşünmə qüdrəti ilə hardan gəldiyini,harda olduğunu və hara gedəcəyini düşünməli və bilməlidir ki,hamımız Allahdan gəlmişik, bu dünyada müvəqqəti sakinik və yenidən Allaha qayıdacağıq.Yalnız bu insan ağıllıdır(əqllidir).İndi belə fikir yarana bilər ki,əgər əqlli insan yalnız ibadət edən insandırsa,onda milyonlarla ali savadlı,alim,akademiklərin deməli ağlı yoxdur? Bu adamların ali savadları,məntiqləri var,amma ağıllı insan Peyğəmbər demişkən,yalnız hardan gəldiyini,harda olduğunu və hara gedəcəyini bilən,həyatını buna uyğun quran və gedəcəyi yerə hazırlığını görən adamdır.Əgər bu gün Allah öz kitabında,Peyğəmbər öz hədislərində Cənnət və Cəhənnəmin olduğunu dəfələrlə təkrar edirsə,hansı əməllərə görə insanların Cəhənnəmə düşəcəyini bildirirsə,ağıllı insan necə ola bilər ki,bu Axirət dünyasına hazırlaşmasın ,bunun üçün tədbirlər görməsin? Bu imtahana hazırlaşan tələbənin heç bir kitab oxumamasına,gün boyu əyləncə ilə məşğul olmasına oxşamırmı? Allah da Quranda bu dünya həyatını və dünya malını boş bir əyləncə adlandırmışdır.İndi bu müvəqqəti əyləncələrə uyub,əbədi olacaq Axirət həyatına biganə qalanlara nə ad verək?..
Ona görə də hamımız bilməliyik ki, bu dünyada yalnız düz olmaq, saf olmaq insanı xilas etməyəcək.Çünki düzlük,saflıq,yardımlaşma adi insani keyfiyyətlərdir.Bu gün Almaniyada bir Henri, Amerikada bir Con var ki,bizdən də düz adamdır,bizdən də safdır,heç vaxt haram yeməyib,heç kimə pislik eləməyib,ildə milyonlar xərcləyir yetim-yesir üçün.İndi o, müsəlmandırmı? Xeyr, o, sadəcə yaxşı insandır.Amma müsəlmanlığın bu keyfiyyətlərlə bərabər,başqa şərtləri də var.Bu da ibadətdir.Allahın və Peyğəmbərinin dediyi kimi ibadət,daha öz bildiyimiz kimi yox. İnsanın digər canlılardan ən böyük fərqi onun bədəni yanında həm də ruhunun olması,düşünə bilməsi,bütün hadisələri ağlı ilə mühakimə edə bilməsi, qərar verə bilməsi və sairədir.Fəqət,görəsən insan ona verilmiş bu yüksək xüsusiyyətləri özbaşına,heç bir rəhbər(yol göstərici) olmadan istifadə edə bilirmi? Özbaşına doğru yolu tapa və Allahı tanıya bilirmi? Tarixi incələsək, insanların önlərində Allahın göndərdiyi bir rəhbər olmadan özbaşına getdiklərində həmişə yanlış yollara düşdüklərini görürük.İnsan özünü yaradan böyük qüdrət sahibinin var olduğunu anladı.Lakin özbaşına olaraq Ona gedən yolu tapa bilmədi.Allahın göndərdiyi Peyğəmbərləri eşitməyənlər ilk əvvəl Yaradanı öz ətrafında axtardı.Özlərinə Ən çox faydası toxunan Gunəşi yaradıcı sandılar və ona tapınmağa başladılar.Sonra böyük təbiət güclərini fırtınanı ateşi qabaran dənizi yanar dağları və bənzərlərini gördükcə bunları Yaradanın müavinləri zənn etdilər.Hər biri üçün bir surət əlamət düzəltməyə başladılar. Bunlardan da bütlər yaranmağa başladı.Öz əlləri ilə yaratdıqları bütlərin qəzəbindən qorxdular onlara qurbanlar kəsdilər.Beləcə insanlar əzəli və əbədi olan Allahı öz ağılları ilə heç cür tanıya bilmədilər.Çox acınacaqlıdır ki, min illər keçməsinə baxmayaraq hələ də günümüzdə Günəşə və oda tapınanlar vardır və onların sayı elə də az deyil. Bunlara təəccüb etmək lazım deyil.Çünki insan təkbaşına qaranlıqda rəhbərsiz düz yolu heç cür tapa bilməz. Məhz elə buna görə də Allah öz qullarına verdiyi əql və düşüncə qüvvətini necə istifadə etmələrini onlara öyrətmək, Öz Təkliyini onlara tanıtmaq,yaxşı işləri pis işlərdən ayırmaq üçün dünyaya Peyğəmbər göndərdi.Ona görə də əsl Dinin nə olmasını bu dinə necə ibadət edilməsini nəyin yaxşı,nəyin pis olmasını, nəyin günah olub-olmamasını haram və halalların bir-birindən ayrılması üçün mütləq Allahın Peyğəmbərinə uyulmalı, onun bizə əmr etdiklərinə əməl etməli qadağan etdiklərindən isə qaçmalıyıq ki, Allahın bizə göndərmiş olduğu Dini düzgün doğru yaşaya bilək.
(Ardı var)
Azər Əzizov
Ədalət.-2012.-16
mart.-S.6.