"Yaxşı
padşahın nağılı"
(Hekayə)
(əvvəli ötən
sayımızda)
Padşah bir az da düşündü və ağlına çox sadə, çox dərin bir fikir gəldi: "yaxşı, niyə gərək hamının qeydinə qalasan, hamını xoşbəxt eləyəsən, bir halda ki, özün xoşbəxt deyilsən.
Niyə hamının kefi kök olmalıdır, səninki pis".
Padşah bu fikrin dərinliyindən
cuşa gəldi və cuşa gəlib ardını
düşünməyə başladı. "Çox əcəb,
əgər mənim arvadım, ailəm, həmpeşəm,
dostum, curum yoxdursa, heç olmasa ortağım olmalıdır
- yuxusuzluq şəriklərim.
Kimsə yuxusuzluğu mənimlə
bölüşməlidir, bu işdə mənimlə əlbir
olmalıdır.
Kimsə yox, hamı! Səhərə
yaxın qərar hazır idi: məmləkətdə heç
kəs gecələr yatmamalıdır. Səhər
üzü xoruzlar banlayanda padşah bu qanunu imzaladı və
ilk dəfə sakit və bərk yatdı.
Sabahısı fərman camaata
çatdırıldı:
1. Məmləkətdə heç
kəs yatmamalıdır.
2. Məmləkətdə hamı
xoşbəxt olmalıdır.
Bütün məmləkət bu fərmanı
sevinc və şadlıqla qarşıladı - axı bu
padşahın müdrikliyinin və camaat haqqında
qayğısının yeni təzahürü idi.
Padşahın qəlbi də
camaatın sədaqətindən, səmimi sevgisindən isinir,
fərəhlə dolurdu. Bax bu saat, bu gecə vaxtı,
padşah yuxlaya bilmir, bütün məmləkət də
yatmır. Doğrudur, hərə öz evindədir, padşah
isə əvvəlki kimi sarayında təkdir.
Amma o bütün
varlığıyla min cüt qapanmamış,
qırpılmayan gözün mehriban baxışlarını
duyur.
Padşahın heç
ağlına da gəlmirdi ki, təbəələrinin
yatıb-yatmadığını yoxlasın. Onun şübhədən,
yalandan zəhləsi gedirdi. Padşah hamıya inanan padşah
idi
- Təbəələrim xoşbəxtdirmi?
- deyə padşah keçmiş ikinci vəzirdən xəbər
alırdı. Baş vəzir qaçandan sonra ikinci vəzir
onun yerini tutmuşdu.
- Əlbəttə, padşah
sağ olsun, sizin təbəələriniz yer üzündə
ən xoşbəxt adamlardır.
- Onlar yaxşı, mehriban
dolanırmı? - deyə padşah soruşurdu.
- Əlbəttə, padşah
sağ olsun. Hər dəqiqə qucaqlaşıb
öpüşürlər.
- Bu ağ yalandır - deyə
keçmiş üçüncü, indiki ikinci vəzir qəflətən
sözə qarışdı.
Hamı mat-məəttəl donub
qaldı.
İkinci vəzir:
- Padşah sağ olsun - dedi - sizi daim
aldadırlar. Təbəələriniz heç də
öpüşüb qucaqlaşmırlar. Onlar
səhərdən axşamacan qızğın mübahisə
edirlər.
- Mübahisə edirlər? - deyə padşah təəccübləndi - nə
barədə mübahisə edirlər?
- Onlar bəhsə-bəhs edirlər.
Hər biri deyir ki, dünyada ən xoşbəxt adam mənəm.
- Hə, belə de - padşah rahat
nəfəs aldı. - Onda eybi yoxdur, bu sağlam mübahisədir.
Padşah fikrə getdi və
öz-özünə qərara gəldi ki, ikinci vəziri
prinsipial və doğrucu adam kimi birinci vəzirin
yerinə, birinci vəziri isə ikincinin yerinə təyin eləsin.
Amma birdən
üçüncü vəzir söz aldı.
- Padşah sağ olsun - dedi - məndən
böyük vəzirlər, ikisi də haqlıdır. Amma bir şeyi deməyi unutdular. Təbəələriniz
qucaqlaşıb öpüşürlər də,
qızğın mübahisələr də edirlər. Ancaq ən çox bir-birlərini əzişdirirlər.
- Əzişdirirlər?
- padşah üz-gözünü
turşutdu - aman allah, bu nə vəhşilikdir. Axı niyə bir-birlərini əzişdirirlər.
-Bu səhər iki novcavan lap az qala
bir-birlərini öldürmüşdülər - deyə
üçüncü vəzir xoş, həlim səslə
sözünə davam etdi - biri deyirdi ki, hamıdan çox
padşahımızı mən istəyirəm, o birisi deyirdi
ki, dünyasında ola bilməz, məndən çox onu istəyən
yoxdur.
Padşah
qızardı və utancaq-utancaq gülümsündü.
Üçüncü vəzir baş vəzir,
baş vəzir üçüncü vəzir oldu.
İkinci elə ikinciliyində qaldı
Gecə padşah
düşünürdü: "Görünür mən
çox yaxşı padşaham ki, camaat məni bu qədər
istəyir, bir-birlərini əzişdirirlər hətta.
Bu fikirlərdən
padşahın camaata lap südü daşdı. "Neyləyim ki, camaatımı bir az da artıq
xoşbəxt eləyim" - deyə düşündü.
Yuxusuz gecələrində
elə hey bu barədə düşünürdü. Düşünürdü, tapa bilmirdi,
darıxırdı. Nəhayət bir gecə
ağlına gözəl bir fikir gəldi: "Yaxşı,
balam, vəzir demir ki, yuxular qadağan olunandan bəri, camaat
xeyli xoşbəxtləşib? Deməli camaatı daha da
xoşbəxt eləməkçün yenə bir şeyi
qadağan eləmək gərəkdir"...
Səhər
padşah vəzir-vəkili məşvərətə
çağırdı.
- Məsələ belədir - deyə
onları işdən agah elədi və sözünü belə
tamamladı: - fikir məndən, qadağanları tapmaq sizdən.
Nəyi qadağan edək ki, camaatın kefi bir az
da durulsun.
Vəzirlərdən
biri əlifbadan "S" hərfinin
çıxarılmasını və "S" hərfi olan
bütün sözlərin qadağan olunmasını təklif
etdi. Onun dili şirin idi. "S" yerinə "C" deyirdi.
O biri vəzir təklif etdi ki,
qadınlar saçlarını dibindən vurdursunlar;
qızlara, qadınlara saç saxlamaq qadağan olunsun. Onun arvadı daz keçəl idi.
Vəzirlərdən biri də dedi
ki, hər yanı, hər şeyi mixəyi rəngə boyayaq.
O, daltonik idi, rəngləri ayıra bilmirdi.
Nəhayət vəzirlərdən
biri də, nədənsə təklif elədi ki, sual işarəsi
və sual cümlələri qadağan olunsun.
Bütün təkliflər
qəbul olundu. Padşah dedi:
- Amma unutmayın ha... Fərmanda xüsusi qeyd edilməlidir ki, hamı
xoşbəxt olmalıdır.
Bir neçə gündən sonra
padşah: - təzə qanunlarımız yaxşı icra
olunur? - deyə xəbər almaq istədi,
ancaq yadına düşdü ki, sual qadağan olunub və
cümləsini təsdiq şəklində dedi. Sonra əlavə
etdi - heç bir çətinlik-flan da yoxdur
Baş vəzir:
- Yoxdur - dedi. Padşah:
- Amma mən özüm bəzi
çətinliyə düşürəm - dedi. - Padşah
hamıdan qabaq özü öz qanunlarına riayət etməlidir.
Doğrudur, mən nə qadınam, nə də rəssam, odur
ki, o maddələr heç vecimə deyil...
Amma... hərfi, bilirsiz də
hansı hərfi deyirəm... Bu maddə yaman cəncəl
imiş. Mən heç bilməzdim ki,
bizim yəcuc-məcuc dilində həmin hərf olan bu qədər
söz varmış. Amma bundan da cəncəlli
sual maddəsidir.
Mənim iki qaraulçum var. həmişə
vaxtı onlardan xəbər alardım. İndi qalmışam
belə, xəbər ala bilmirəm. Qaraulçulardan biri
arifdir.
Vaxtı bilmək istəyəndə
ona deyirəm: indi saat on ikidir.- Xeyr, padşah sağ olsun -
deyir, yeddinin yarısıdır.
Amma ikinci qaraulçu qanmazın
biridir. Həm qorxaqdır, həm də yaltaq. Hansı
saatı desəm: bəli, bəli, padşah sağ olsun,
düz buyurursunuz - deyir.
Onun növbəsi
olanda vaxtı bilə bilmirəm.
Padşahla vəzir qərara
gəldilər ki, bundan sonra sual qadağası, istisna olaraq
onların ikisinə aid deyil. Bu gecə vəzirlə
söhbətdən sonra padşah yenə yata bilmirdi. O
düşünürdü.
Düşünürdü
ki, dünya çox gidi dünyadır.
Onun fərmanları
gör nə qədər adamı xoşbəxt edib,
padşahın özüyçün isə bu qadağalar əziyyətdir,
çətinlikdir. Bütün
qadağaları yadda saxlamaq yaman dərddir. İllah da padşahın özüyçün.
Padşah burda
qalsın, sizə kimdən deyim, baş vəzirdən.
Günlərin bir
günündə baş vəzir padşahın yanına iri
bir müçrü gətirdi. Mücrü
dolu material idi.
Baş vəzir o biri
vəzirlərin qanunu pozmalarına aid sanədlər gətirmişdi.
Padşah dəhşətə gəldi - burda nələr
yox idi?! Maqnitofon lentinə vəzirlərdən
birinin səsi yazılmışdı - gecə vaxtı
arvadıyla söhbətdə o yasaq hərfli sözlər
deyirdi.
Mixəyi deyil,
yaşıl yarpaqlı budaq - bu budaq vəzirlərin birinin həyətlərindəki
ağacın budağıdır.
Fotolardan biri başqa
bir vəzirin uzun hörüklü qızının şəkli
idi.
Və nəhayət, xüsusi gizli
cihazla ikinci vəzirin sayıqlamaları
yazılmışdı - aydın məsələ idi ki,
sayıqlayırdısa, deməli yatıbmış, hətta
yuxu da görürmüş, yaramaz, özü də
haçan - şənbə günü.
Padşahın dili-dodağı əsirdi.
O çox kövrək və dəymədüşər
padşah idi.
- Neyləyək bunlara, bu qanunu pozanlara?
- deyə padşah həyəcanla soruşdu.
Baş vəzir xoş və
mehriban səslə:- Padşah sağ olsun - dedi - hələlik,
əvvəl-əvvəl tutaq basaq. Dalısına baxarıq.
- Hara basaq?
- Məhbəsə - deyə vəzir
həlim və yavaş səslə cavab verdi.
- Padşah:
- Axı bizim məmləkətdə
məhbəs yoxdur - dedi. Vəzir daha da incə və
yumşaq səslə:
- Yoxdur, tikərik - dedi.
- Padşah fikrə getdi, sonra dedi:
- Onda ən yaxşı memarlara
tapşırın. Müasir üslubda,
yaraşıqlı, sadə və dəbdəbəli olsun.
Vəzir:
- Ən yaxşı layihə
üçün müsabiqə elan edirik - dedi.
Padşah:
- Bina əzəmətli, təntənəli
və möhkəm tikilməlidir - dedi. - Biz gələcəyi
də nəzərdə tutmalıyıq. Yalnız indiki nəsillərçün
deyil, gələcək nəsillərçün də tikməliyik.
105 layihədən biri bəyənildi.
Qısa müddətdə möhtəşəm və
geniş bir imarət ucaldıldı. İmarət nə imarət,
ayağı dəryadan, başı göydə buluddan nəm
çəkir, bir kərpici qızıl, bir kərpici
gümüşdən, adam baxanda gözü qamaşır. Məhbəs
elə yaraşıqlı idi ki, adamlar qəsdən qanunu
pozurdular - təki ora düşsünlər. Tezliklə məhbəs
zığ verincə doldu və heç bir cinayətlə ora
düşmək mümkün olmadı. Tək-tük zirəklər
rüşvətlə, tanışlıqla bir-iki gecəliyə
98-99-cu mərtəbələrdəki kameralara düşə
bilirdilər.
1000-ci məhbus-baş vəzirin
gözəl və gənc bibisi qızı- Miss Məhbəs
e"lan edildi. Padşah şəxsən onu öpdü və
biləyinə zərli qolbaq-buxov taxdı.
Baş vəzir özü də Məhbəsdə
özüyçün yeddi kameralıq bir mənzil
qapışdırmışdı. Pəncərəsindən
gözəl mənzərə açılırdı: dəniz
görünürdü. Bilmirəm hansı dəniz - ya
Qırmızı dəniz, ya Sarı dəniz...
Sözün doğrusu,
padşahın özünün də bu məhbəsdə
gözü vardı. Bir ara istəyirdi ora
köçsün. Sonra fikirləşdi ki,
qonşu məmləkətlərdə bu hərəkəti
düzgün qiymətləndirməzlər.
Padşah yata bilmirdi ki, bilmirdi.
Yaman ürəyi darıxırdı.
Heç aram tapa bilmirdi. İcazə
verilməli nə vardısa icazə verilmişdi, qadağan
olunmalı nə vardısa qadağan olunmuşdu. Padşaha
bircə düşünmək qalırdı.
O da elə hey fikir çəkirdi.
Yenə dərin düşüncələrə
dalmışdı ki, nagahan başına iki fikir gəldi. Həm
də bu iki fikir bir-biriylə həmqafiyə idi. Padşah lap
mat-məəttəl qaldı, bir az da düşündü və
bu iki qafiyə fikrə üçüncü bir qafiyə
fikir də tapdı.
Belə olan surətdə qərara
gəldi ki, bütün fikirlərini qafiyələsin.
Padşah bu işə elə uydu
ki, uzun-uzadı bir şeir yazdı. Şeiri bitirəndə isə
əvvəlki fikirlərini unutdu və başa
düşdü ki, fikir əsas deyil, əsas qafiyə və
şeirdir.
Əslinə baxanda şe"r
yazmaq dünyada ən vacib işdir, padşahlıq,
taxt-tac-flan isə bir qoz.
Bu fikrə gəlib padşah
düz beş yüz əlli beş şer yazdı. İndi
padşah qəti yəqin eləmişdi ki, bu dünyaya
padşahlıq etməkçün yox, şeir
yazmaqçün gəlib. İstədi səhər bu barədə
bütün məmləkətə car çəksin.
Ancaq o başdannan belə bir fikrə
gəldi ki, car çəkmək-flan lazım deyil, bu barədə
hamıya, illah da baş vəzirə demək də vacib deyil,
lazım deyil və hətta təhlükəlidir.
Padşah belə qərara gəldi
ki, mənim padşahlığım gərək şairliyimə
mane olmasın, şairliyim də padşahlığıma.
O çox ayıq padşah idi.
Amma hər bir şairin də, hər
bir padşah kimi gərək camaatı, kütləsi olsun.
Padşah şeirlərini saray şairlərinə oxumaq istəmirdi.
Onlara inanmırdı. Bir dəfə tək səbr gətirmişdi,
saray şairləri bir ağızdan demişdilər ki, xeyrədir.
Axşam isə arvadı vəzirə qoşulub
qaçmışdı. Bundan sonra padşah saray şairlərinə
inamını itirmişdi.
(Ardı var)
ANAR
Ədalət.-2012.-16 mart.- S.5.