Sizif haqqında Azərbaycan əfsanəsi
(Mirmehdi
Ağaoğlunun "Küləyi dişləyən"
memuar-hekayəsi haqqında)
Mənim
tanıdığım Mirmehdi
Mirmehdinin özü
haqqında danışmaq mənim üçün
olduqca asandır. Çünki
münasibətlərdə və ünsiyyətdə o qədər sadə və mütəvazidir ki, haqqında "yaxşı
insandır", "gözəl dostdur",
" bütöv xarakterlidir"
sözlərini işlətməkdən çəkinmirsən.
Ədəbi mühitdə tanıdığım
azsaylı səmimi insanlardan biridir. Onun səmimi
münasibətinin, dostyana jestlərinin
arxasında heç bir
kin və paxıllıq gizlənmir.
Başqalarından(bu başqaları haqqında başqa bir yazıda) onu fərqləndirən ən böyük
özəlliyi Mirmehdinin öz
potensialını düzgün qiymətləndirməsi,
istedadını və intillektini realizə
edə bilməsidir. Yəni Mirmehdi heç vaxt özü haqqında əndişəli deyil. O öz nasir istedadını və
yazıçılığını dərk edir.
Özü uğurlara
addım-addım irəlilədiyi üçün
heç kəsin uğurunu
qısqanmır. Hətta deyərdim ki, o qədər səmimidir ki,
başqalarının uğuruna sevindiyini qətiyyən gizlətmir, ən
önəmlisi isə başqalarının uğuruna
sevinə bilir. Mənim
tanıdığım Mirmehdinin insani keyfiyyətləri olduqca
yüksəkdir. Az-az görüşsəkdə
aramızda çox səmimi bir ünsiyyət var. Onun ilk kitabını -
"Görüş" romanını həm
çapdan əvvəl, həm də kitab halında oxumuş,
haqqında kiçik bir
yazı da yazmışdım. Bir sözlə, Mirmehdi Ağaoğlu həm yazıçı, həm
də insan kimi bir çoxlarından fərqli olaraq
olduqca səmimi və dəyərli
insandır. Heç vaxt
ucuz qalmaqallarda və yersiz oyunlarda iştirak etmədiyi üçün
demək olar ki, ədəbiyyatdakı
bütün qruplar, dəstələr
onun yaradıcılığını obyektiv qiymətləndirir. Mirmehdi
həm Azadlıq radiosunun "Ədəbi
Azadlıq" hekayə müsabiqəsində, həm də Milli Kitab Müsabiqəsində
uğurla iştirak edib. Müsabiqələrdəki
nəticələrinə əsasən, yəni müxtəlif
münsif dəyərləndirməsinə
görə, müsabiqədə iştirak
edən yazarlar arasında Mirmehdi
on ən yaxşı nasirdən biridir. Ümumiyyətlə, Mirmehdi
həm yazıçı, həm də publisist
kimi potensialını lazımınca
istifadə edə bilən qələm adamıdır. Uzun müddət kulis.az elektron dərgisində birlikdə
çalışmışıq. Yəni hər ikimiz bu saytla
əməkdaşlıq etmişik. Səmimi
olaraq deyim ki, mən bir neçə
nəfərin, o cümlədən Mirmehdinin bütün
yazılarını istinasız olaraq oxuyuram. Və Mirmehdi
haqqında ilk yazımda ifadə etdiyim fikirlərə yenidən
qayıdıram, Mirmehdi Ağaoğlu
müasir ədəbiyyatımızın
gənc imzaları içərisində öndər isimlərindən
biridir. Mirmehdinin
yazıçı kimi istedadı
danılmazdır.
General qızı
ilə sevişən əsgərin memuarı
Mirmehdinin "Küləyi
dişləyən" memuar-hekayəsini kitab halında
çap olunmamışdan çox əvvəl oxumuşam. Milli
Kitab Müsabiqəsində "onluğa" düşən,
on təcrübəli yazıçı arasında Mirmehdiyə
beşinciliyi qazandıran bu hekayəni olduqca maraqla və birnəfəsə
oxumuşam. Eyni zamanda kitabının çapını da səbirsizliklə
gözləmişəm. Əsəri oxusam da, onun kitab
halında çap olunmasını da səmimi qəlbdən
arzulayırdım. Nəhayət ki, "Küləyi dişləyən"
"Qanun" nəşriyyatında "Ən Yeni Ədəbiyyat"
seriyasından çap olunaraq oxucuların ixtiyarına verildi.
Əsər hərbi xidmətdə
generalın qızı ilə sevişən və buna görə
cəzalandırılan bir əsgərin xatirələridir. General
qızıyla sevişdiyi üçün əsgərə
psixoloji-fiziki cəza verilir. Əsgər bütün
günü eyni işi təkrarlayır, gördüyü
işin heç bir mənası yoxdur. O bütün
günü daşları burdan ora, ordan da bura
daşıyıb qalaqlamaqla məşğuldur. Əsgərlikdə
bu cür cəzalalar fiziki cəza sayılsa da, Mirmehdinin qəhrəmanı
bu cəzadan daha çox psixoloji əziyyət çəkir.
Sizifin milliləşmiş prototipi-Asif
"Küləyi dişləyən"
məşhur bir yunan mifinin, Sizif haqqında əfsanənin
müasir və milliləşmiş variantıdır. Eyni
zamanda Generalın qızı ilə sevişmək məsələsini
də əfsanə hesab etmək olar. Bu məsələnin
üzərində bir az dayanmaq istəyirəm. Olduqca
maraqlıdır ki, Azərbaycanda hərbi xidmətdən gələn
gənclərin buna bənzər intim hekayələri çox
olur. Xüsusilə əyalətlərdə hərbi xidmətdən
gələn gənclərin əsgərlik hekayələri
uzandıqca uzanır. Hər on əsgərdən birinin
"komandirin qızıyla görüşürdüm"
kimi bir yalanı var. Üstəlik hərbi xidməti əks
etdirən fotolarda hamı xoşbəxt və qəhrəmandır.
Gördüyüm fotoların əksəriyyətində Azərbaycan
əsgərinin əlin əlində silah var. Və ya mətbəxdən
yenicə çıxdığı çirkli geyimindən
hiss olunan bir əsgər zirehli texnikanın yanında
dayanıb məğrur baxışlarla irəli baxır.
Xülasə, Mirmehdinin bu məsələnin bədii həllini
tapması oxucu kimi mənim çox xoşuma gəldi. Mirmehdinin
qəhrəmanın sevişərkən də avtomatı
çiynindən çıxarmaması da çox
yayılmış və populyar əfsanələrdən
biridir.
Mirmehdinin qəhrəmanı Asiflə
Sizif arasında ən böyük oxşarlıq hər
ikisinin qadına görə əzab çəkməsi və
mənasız cəza ilə cəzalandırılmalarıdır.
Əsərdəki digər obrazlar da, Sizif haqqındakı əfsanənin
qəhrəmanlarına bənzəyir. Əsərin mən
oxuduğum ilk variantında bunu asanlıqla anlamaq olurdu. Son
variantda isə Mirmehdi qəhrəmanların adını dəyişib.
Əsərin uğuru ondadır ki, müəllif Asif obrazı
ilə Sizif əməyinin mahiyyətini tam olaraq aça bilib.
Generalın Asifə verdiyi cəza onun
yaddaşını,düşüncəsini kütləşdirir.
Bununla da Asif lazımsız, küt və mexaniki bir
varlığa çevrilir. Asifdə cəmiyyətimizin faciəsi,
onun iyrəncliyi gizlənir. Əslində istəmədən
və arzulamadan biz hamımız Sizif əməyinə məhkum
edilmiş insanlarıq. Cəmiyyətin ağır şərtləri
bizə ülvi və gözəl hissləri unutdurur.
Sözsüz ki, Asif obrazı çox dərin mətləbləri
aydınlaşdırır. Qəhrəmanın
ölümü isə əsərin gizli kodlarını
açmaq üçün gözəl açardır. Müəllif
cəmiyyətdə asiflərin- Sizif əməyi ilə məşğul
olanların olmasını istəmir. Cəmiyyətdə
Asif kimilərə yer
yoxdur.
Əsərin dili
Əsərin dili haqqında
geniş danışmaq yerinə düşər. Çünki,
Mirmehdiyə tutulan iradlar içərisində əsərin
dili ilə bağlı iradlar çoxluq təşkli edir. Onun
çoxlu vulqar ifadələr işlətməsi tənqid
olunur. Müəllif hərbi xidməti, əsgər həyatını
qələmə alır. Hərbi xidmətdə olan hər kəs
bilir ki, əsgərlər ütülü sözlərdən,
ədəbi dildən istifadə etmir. Əsgərliyin
özünəməxsus "dili" var. Burda hər kəs
söyüşlə danışır. Şəxsən mən
hərbi xidmətdə söyüşsüz danışan
bir nəfərə də rast gəlməmişəm. Məhz
bu səbəbdən obrazların xarakterini və mahiyyətini açmaq
üçün əsərdə işlənən
vulqar ifadələr estetik
cəhətdən xoşagələn olmasa
da, əsərin mövzusuna
uyğun olaraq
yerli-yerindədir. "Küləyi dişləyən" sevgi uğursuzluğundan bəhs
etsə də, hər halda klassiklərimizin
qələmə aldığı aşiq-məşuq, gül-bülbül dastanı deyil.
Əsərin mövzusu vulqarizmi
tələb edir. Mirmehdinin
yazı dili olduqca
axıcıdır və bu uğur mütaliə prosesini
zövqə çevirir. Mirmehdi yersiz
əhvalatçılığa, mənasız söz
yığınına, quruluş və kompozisiya dolaşıqlığına, təhkiyə
intonasiyasının pozulması, mənasız dialoqlara,
saysız təkrarlara, fikrin solğun, qeyri-bədii ifadəsi hallarına,
anlaşılmaz ifadə tərzinə, qarışıq söz sırasına yer vermir. Hərdən söz
sırasının süni pozulması
hallarına, uğursuz müqayisələrə,
yersiz rəmzlərə rast
gəlsək də, əsərin mövzusu
və mahiyyəti bu xırda
qüsurları mütaliə prosesində unutdurur.
Açıq-saçıqlıq, vulqarizm
bu əsər üçün
irad ola bilməz. Ən
pis halda sevgiyə
münasibətin tənqid olunacağı gözləniləndir.
Ancaq müəllifin sevgiyə münasibətində
də, bayağılıq yox, ironiya axtarmaq
lazımdır.
Əsərin ideyası və fəlsəfi
kodları çox maraqlıdır. "Küləyi dişləyən"
də sevgi, humanizm, əzab, laqeyidlik, qəddarlıq, işgəncə
və bir çox insana aid mətləblər
çözülür. Əsər insandan, insan faciəsindən
bəhs edir. Ona görə də burda bayağılıqdan,
açıq-saçıqlıqdan şikayətlənmək
məncə yersizdir.
Yekun
Mirmehdinin bu əsəri onun yazdıqları
arasında mənim ən çox bəyəndiyim əsərdir.
Düşünürəm ki, əsər ədəbiyyatımız
üçün lazımlı əsərlərdən bir
kimi, ədəbi tənqidlə məşğul olan ədəbiyyatşünaslarımızın
da diqqətini çəkəcək. Mirmehdinin
yazıçı kimi potensialı isə ona daha böyük əsərlər
yazmağa imkan verir. İnanıram ki, Mirmehdi daha gözəl əsərlərlə
oxucularını və qələm dostlarını sevindirəcək.
Cəlil Cavanşir
Ədalət.-2012.-17 mart.-S.4.