Muğan düzünün gözəli - Biləsuvar

 

  Ölkənin ən qədim yaşayış məskənlərindən biri olan, Muğan düzünün cənub-qərbində qərarlaşan Biləsuvar rayonu haqqında danışanda xəyalıma 15-20 il əvvəl gördüyüm mənzərə gəlir. Bir-birinə sığınmış kiçik, köhnə evlər, dar, qaranlıq küçələr, baxımsız yollar rayonun ümumi mənzərəsini yaratmaqla iqtisadi-sosial durumdan da xəbər verirdi. Hələ bir qədər də əvvəllər azərbaycanlılar ölkənin bir parçası olan Biləsuvara, eləcə də Biləsuvardan cənuba uzanan digər rayonlarımıza min əzab-əziyyətlə gedə bilirdilər. Orda rus əsgərləri "sərhəd" qoymuşdular. Zaman hər şeyi öz yoluna qoymaq üçün görünür tarixi-siyasi məqamı da gözləyirmiş.

   İndi 81 mindən çox əhalisi olan Biləsuvar tamam başqa bir həyat yaşayır. Bütün simasını dəyişən rayon mərkəzi, eləcə də onun abad kəndləri başqa çalarlardan xəbər verir. Son bir ildə Biləsuvarda 196 fərdi ev inşa olunub. Biləsuvarda ötən il 154,4 milyon manatlıq məhsul istehsal edilmişdir. Sakinlərin ümumi gəliri artaraq 183,1 milyon manat olmuşdur.

   Sahibkarlığa xüsusi önəm verən 53 biləsuvarlıya Sahibkarlığa Kömək Milli Fondu 4,3 milyon manat güzəştli kredit vermişdir. Kənd təsərrüfatını daha inkişaf etdirmək, məhsul bolluğu yaratmaq istəyən yerli sakinlərə burdakı banklar da ötən il 3,7 milyon manat kredit ödəmişdir. Güzəranları yaxşılaşan, banklara inamı artan sakinlər bu müəssisələrə 547 min manat əmanət etibar etmişlər.

 

   Bütün təsadüflər zərurətdən doğur

 

   Biləsuvar rayonunun girəcəyindəki, müsafirlərin də ilk gördükləri kənd Əliabaddır. İndi bu kəndi bəlkə də bütün dünya tanıyır. Çünki cəmi 22 il ömür sürmüş Azərbaycanın Milli Qəhrəmanı, ölkənin fəxarət ünvanlarından biri Mübariz İbrahimov bu kənddə doğulub. Elə ötən il onun şərəfinə yolun lap kənarında ucaldılmış mənzil də qəhrəmanımızın adına layiqli bir töhfədir. Yox, bu təsadüfi deyil, zaman-zaman yağılara sinə gərən, tarixin çox amansızlıqlarına şahid olan, ancaq heç zaman sınmayan Biləsuvar məhz belə bir övlad yetirməli idi. Bir vaxtlar yurd içində sərhəd olan qədim Biləsuvarı Puşkin edənlər indi onun qəhrəmanına baş əyirlər. Xüsusi zövqlə inşa edilən bu iki mərtəbəli binanın ətrafındakı yaşıllıqlar, abadlıq işləri də ürəkaçandır. Ömürlər illərlə ölçülmür ki, bax beləcə dəyərləri ilə ölçülür. Ölümsüzlük qazanan qəhrəmanımızın Şəhidlər Xiyabanında çox şərəflə dəfn edilməsinə qədərki proseslərə də həssaslıqla yanaşan Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi yəqin ki, heç zaman unudulmayacaq. Ona görə ki, Ölkə Prezidenti Mübariz İbrahimovun nəşinin Azərbaycana qaytarılması üçün mümkün olanmümkün olmayan bütün vasitələrdən istifadə etdi ki, torpağını, elini, ailəsini qoruyan bir igidin şərəfli və əbədi bir ünvanı olsun.

   İndi hər gün ziyarətgah yerinə çevrilən bu ünvan həm də gənclərimizdə vətənpərvərlik ruhlarını formalaşdırır, tərbiyə edir. Biləsuvar şəhərində onun adına verilmiş küçədə addımlayan yüzlər, minlər şəhərlərimizi, kəndlərimizi, evlərimizi bəzəyən qəhrəmanın şəkillərinə addımbaşı rast gələ bilirlər. Onun qəhrəmanlığı isə ürəklərdə, şüurlarda yüz illər, min illər yaşayacaq və ehtiramla, fəxrlə yad ediləcək.

 

   Bu da təsadüfi deyil

 

   Mən hər dəfə Biləsuvara gedəndə Əliabaddan bir az aralı, rayon mərkəzinə bir qədər də yaxın Bəydili kəndinə mütləq baş çəkməliyəm. Bu da təsadüfi deyil, neçə illər rayonun Təhsil şöbəsinə rəhbərlik etmiş, indi Bəydili orta məktəbində direktor olan Əfsər müəllimlə hal-əhval tutmağım, ən müxtəlif qayğılardan danışmağım və bölüşməyim labüddür. Böyük bir kollektivə başçılıq edən Əfsər Həşimov doğulduğu rayon haqqında həmişə real və nikbin danışmağa üstünlük verir.

   Bu dəfəki görüşümüzün də soyuq bir qış səhərində olmasına baxmayaraq danışığı, münasibəti həmişəki kimi isti idi.

   - Sən ha çalışırsan ki, heç olmasa bircə dəfə bu məktəbə məndən tez gələsən - bu olmayacaq. Onun üçün gərək gecəni bu kənddə qalasan ki, sübh tezdən burda olasan. Bunu da ki, hələ eləməmisən, deməli bu gün də gecikmisən.

   Çox isti görüşdən, fərdi qayğıların bölüşməsindən sonra Əfsər müəllim yenə zarafatından qalmadı:

   - Onsuz da sənin üçün maraqlı olan şeyləri öyrənməyincə əl çəkməyəcəksən. Elə onda əvvəlcə öz sahəmizdən başlayım. Bax, tüstüsü çölə çıxan o sobalar yanan bütün otaqlar kimi rayonumuzun bütün məktəblərində istiliyimiz var. Qış olmasına baxmayaraq, məktəblərimizdə şagirdlərimiz dərsdən yayınmırlar. Arxada qoyduğumuz illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvarda 9 yeni məktəb binası tikmişik. Xüsusi istedad və bacarıqları ilə seçilən yeniyetmələr üçün məktəb-liseyin açılması da təhsilimizə göstərilən diqqətdir. Ötən il ali məktəblərə sənəd verən 443 məzunumuzdan 263 nəfəri öz məqsədinə nail olub. 9 nəfər məzunumuz 600-dən, 30 nəfər məzunumuz isə 500-dən çox bal toplayıb.

   Rayondakı abadlıq-quruculuq işlərini də özün görürsən. Şəhərin mərkəzi küçəsi müasir memarlıq üslubunda yenidən qurulur. Rayon Maliyyə İdarəsinin inzibati binasının əsaslə təmiri, "Aqrolizinq" ASC-nin Biləsuvar rayon aqroservis üçün yeni bina və texniki parkının, Səmədabad kəndində Yanğından Mühafizə Bölməsinin tikintisi yekunlaşmışdır. "Bayraq Meydanı"nda, 2 hektar ərazisi olan yeni parkda, Baytarlıq İdarəsində, Xırmandalı 1 saylı orta məktəbdə, şəhərdəki 1 saylı uşaq bağçasında təmir işləri davam etdirilir. Belə, daha nə deyim, qalanlarını da get qardaşın Ədalət desin!

   Əfsər müəllim kimi səmimi münasibətim olan Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev də rayondakı işləri təqdir etdi.

 

   "Bunları görüb qiymətləndirmək mütləq lazımdır"

 

   Ədalət müəllim də hər səhər işə tez gəlib, hər şeyi yerbəyer etməyi sevən idarə rəhbəridir. Əslində elə onun işinin xüsusiyyəti də bunu tələb edir. Meliorasiya və Su Təsərrüfatı İdarəsi isti Muğanın ən çox üz tutulan ünvanlarından biridir.

   - Hə indi qışdır, suya camaatımızın elə də ehtiyacı yoxdur. Yayda özün şahidi olmusan ki, burda adam əlindən tərpənmək olmur. Ancaq qışın da öz qayğıları var. Təmirlə məşğuluq, direnaj və kollektorları lildən, palçıqdan təmizləyirik. "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ötən 1 ildə rayonda xeyli iş görmüşük. Ələt-Astara, Bəhrəmtəpə- Biləsuvar magistral avtomobil yollarında təmir işləri aparmışıq. Biləsuvar şəhərində 8, kəndlərdə 1,6 kilometr yol asfaltlamışıq. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli bina, kəndlərimizdə isə onlardan ötrü 9 fərdi ev inşa etmişik. Rayonumuzu təbii qazla təmin etmək üçün fəaliyyətimizi genişləndirmişik. Belə ki, 7 kəndi qazla təmin edən Ovçubərə Qazpaylayıcı Stansiyasında tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Təzəkənddə artıq mavi qaz var. 5 kənddə daşıyıcı və paylayıcı qaz xətlərinin təmir-bərpa işləri yekunlaşmışdır.

   Ötən il məhsulumuz da bol olub. 60200 ton dənli bitki, 13018 ton pambıq, 47015 ton tərəvəz, 3075 ton kartof, 68293 ton şəkər çuğunduru yığmışıq. Mal-qaranın da baş sayı 174 mindən çox olmuşdur. Bütün bunları görmək, qiymətləndirmək, lazım gələndə qələmə almaq lazımdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin hələ bir neçə il əvvəl rayonumuzdakı çıxışını indi xatırlayıram. O belə demişdi: "İqtisadi inkişafdan səmərəli istifadə edərək biz bütün bölgələri abadlaşdıracağıq. Biləsuvar da çox gözəl görkəm almalıdır. Yeni binalar tikilməli, yeni yollar salınmalı, yeni təhsil ocaqları yaradılmalı burda xalqımızın gələcəyi olan uşaqlar müasir biliklərə yiyələnməlidirlər". O vaxtdan xeyli keçib, ancaq biz çalışmışıq ki, Prezidentimizin dediklərini həyata keçirək, insanlarımızın daha yaxşı yaşamaları üçün bütün vasitələrdən istifadə edək. İndi istehsalatın bütün sahələrində uğurlu tədbirlər həyata keçirilir. Fermerlərə yanacaq motor yağlarına görə 1 milyon 914 min manat kompensasiya ayrılmışdır ki, əkin sahələrinə daha intensiv qulluq eləsinlər. Son 7-8 ildə rayonda 13581 nəfər daimi yeri olmaqla 18265 yeni yeri açılmışdır. Görüləsi işlərimiz hələ az deyil.

 

   Rayonun ən böyük problemi həll edilir

 

   Kifayət qədər ərazisi olan Biləsuvar rayonunda 21 klub mədəniyyət evi, 37 kitabxana, 2 uşaq incəsənət məktəbi, Heydər Əliyev Tarix-Diyarşünaslıq muzeyləri, Heydər Əliyev məktəbi, Rəsm qalereyası sakinlərin mənəvi zənginliklərinə xidmət edir. 3 xəstəxana, 21 həkim feldşer-mama məntəqəsi əhalinin sağlamlığının keşiyində durur. Kənd təsərrüfatının, sənayenin inkişafı hər gün artır yeni formullar tapılır. İqtisadi inkişafın sürəti, sosial qayğıların həlli insanlarda daha nikbin əhval-ruhiyyə yaradır.

   Bütün bunlarla bərabər Biləsuvar rayonunda, eləcə onun kəndlərində içməli su problemi sakinləri daim narahat etmişdir. Dediyim kimi, yayı çox isti olan Biləsuvarda insanlar uzun müddət bu sarıdan çox əziyyət çəkmişlər. Əzizbəyov kanalından götürülən su ekoloji cəhətdən çirkli olmaqla bərabər, həm bir sıra xəstəliklər mənbəyi idi.

   Artıq Biləsuvar şəhərində, eləcə onun kəndlərində bu problem həll edilmək üzrədir. Rayon tarixində az qala əlamətdar hadisəyə çevrilən bu layihəyə səbəb şəhərin su təchizatının yenidən qurulması, kanalizasiya sisteminin yaradılmasına başlanmasıdır. Hazırda rayon mərkəzində, eləcə təyin edilmiş müxtəlif sahələrdə bu işlərə başlanılmışdır. 

   Rayon ərazisindəki köçkün qəsəbələri unudulmamışdır. Orada sakinlərin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə işlər aparılır. İndiyə kimi 6 qəsəbədə bu istiqamətdə aparılan işlər yekunlaşmışdır.

   2013-cü ilin sonuna kimi Biləsuvar sakinlərinin su-kanalizasiya problemləri olmayacaq. Hər bir şəhər sakininin həyətində su kranının olması yaxın gələcəkdə reallaşacaq.

   Rayonun kəndlərində içməli su sarıdan korluq çəkənlərin sevinməyə əsasları var, çünki artıq belə kəndlərdə işə başlanmışdır. Amankənd, Ağalıkənd, Yuxarı Cürəli kəndlərində "Modul" tipli sudurulducu qurğuların inşası sona yetirilmişdir. Bağbanlar, Ovçudərə, Dərvişli kəndlərində isə bu işlərin qızğın çağıdır.

   Bir sözlə, yaxın gələcəkdə biləsuvarlıların içməli su sarıdan heç bir problemləri olmayacaq. Şəhər əhalisi kanalizasiya sistemindən daha rahat istifadə edəcəklər.

   Biləsuvar haqqındakı bu qeydlərim 2011-ci ilə həm bir yekundur. Qarşıda isə hələ neçə-neçə illər var.

 

 

  Səxavət Məmmədli

 

  Ədalət.-2012.-17 mart.-S.5.