"Məhəbbətsiz
necə ömür eylər insanlar"
Bu yaxınlarda musiqi tədqiqatçısı,
filologiya elmləri doktoru, professor Vüqar Əhməd mənə
"Əfsanəvi tarzən" sayca 29-cu kitabını hədiyyə
etdi. Adı çəkilən kitab xalq artisti, görkəmli
tar ifaçısı Firuz Əliyevin həyat və
yaradıcılığına həsr olunub.
"Müəllim" nəşriyyatında yüksək poliqrafik səviyyədə çap olunan kitabı demək olar ki, bir nəfəsə oxudum. Kitabın elmi redaktoru, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, xalq artisti Siyavuş Kərimidir. Əvvəla onu qeyd edim ki, kitab Firuz Əliyevin adına, sənətinə, şəxsiyyətinə layiqli şəkildə qələmə alınıb. İlk növbədə kitabın adı məni özünə çəkdi. Məlum oldu ki, Türkiyədə ölməz Füzulinin 500 illik yubileyində xalq şairimiz Bəxtiyar Vahabzadə ona "Əfsanəvi tarzən" adını verib. Sağlığında Bəxtiyar Vahabzadə kimi klassik söz ustasından belə bir qiymət almaq Firuz Əliyevin sənətkarlıq xüsusiyyətlərindən xəbər verir. Kitab elə "Əfsanəvi tarzən" məqaləsi ilə başlanır. Məqalədə müəllif bütövlükdə muğam dünyamızdan geniş, əhatəli şəkildə söhbət açır. Müəllif son vaxtlar qədim sənətimizin kürreyi-ərzin dörd bir yerində təbliğ olunmasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və "Heydər Əliyev" fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini önə çəkərək yazır: "İstər cənab İlham Əliyev, istərsə də Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycanın ən qiymətli xəzinəsi olan muğamı qoruyanların başında durmuşlar. Muğamı qorumaq isə Azərbaycanın müstəqilliyini, milli dəyərlərini, mədəniyyətini eyni zamanda ədəbiyyatını qorumaq deməkdir. Məhz zati-aliləri İlham Əliyevin və Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində bu gün muğamımız xarici ölkələrdə ləyaqətlə nümayiş olunur, milyonların ürəyinə yol tapır."
Kitabda ustad tarzənin tərcümeyi-halı, Xalq və əməkdar artist Fəxri adının verilməsi haqqında fərmanların sürətləri, müəlliflə müsahibəsi, həmçinin akademiklər Vasim Məmmədəliyevin, Ziyad Səmədzadənin, millət vəkilləri Hacı Madər Musayevin, Ərəstun Cavadovun, xalq artistləri Arif Babayevin, Əlibaba Məmmədovun, Ağaxan Abdullayevin, Alim Qasımovun, əməkdar jurnalist Cavid Xaspoladovun, foto-müxbir Üzeyir Muradovun, türk müğənnisi İbrahim Tatlısəsin və başqalarının sənətkar barədə ürək sözləri, fikirləri, şeirlər, fotolar əksini tapır. Onun haqqında deyilənləri maraqla mütaliə etdim. Qərara gəldim ki, mən də Firuz Əliyevin sənəd dünyası və insani keyfiyyətlərini yazıya alım. Onunla ilk tanışlığım yadıma düşdü. 21 il bundan qabaq Hava limanında görüşümüz baş tutmuşdu. 1991-ci ildə "Vətən cəmiyyəti"nin xətti ilə sənətkarlarımızdan Arif Babayevi, Əliabbas Qədirovu, Firuz Əliyevi, Munis Şərifovu ABŞ-a yola saldım. Demək olar ki, Azərbaycan tarını ilk dəfə olaraq məhz Firuz Əliyev okeanın o tayında təbliğ edənlərin birincilərindən oldu. Xalq artisti mərhum Əliabbas Qədirov səfərdən sonra danışırdı ki, Firuzun tarda ifası amerikalıları heyran edirdi, dəfələrlə alqışlarla qarşılanırdı.
Firuz Əliyevin heyrətamiz çalğısına, müxtəlif yubileylərdə, muğam festivallarında , toylarda, məclislərdə heyranlıqla tamaşa etmişəm. Firuz möhtəşəm tarımızı dinləndirəndə insan mənən zövq alır. Tarıma çəkilmiş əsəbləri, Firuzun tarı sakitləşdirir. Firuzun sehrli barmaqları tarın pərdələrində gəzişəndə qəlblərə güc gəlir, millərin ruhu, əzmi yüksəlir. Firuz Əliyev həm də şeirə-sözə bağlı insandır. Füzulinin, Vahidin, Müşfiqin, Bəxtiyar Vahabzadənin qəzəllərinin, şeirlərinin vurğunudur. Onunla hər dəfə görüşəndə atamın 1994-cü ildə yazdığı "Məhəbbətsiz necə ömür eylər insanlar" şeirini əzbərdən söyləyir. Təxminən 10 il bundan qabaq, dünyasını dəyişmiş, atamla Firuzun səmimi münasibətləri var idi. Yaşasa idi, haqqında söhbət açdığımız kitaba fikirlərini bildirərdi. Amma nə etmək olar, tale aman vermədi. Firuza olan sonsuz hörmət və ehtiramımı yuxarıda adını çəkdiyim şeirdən aşağıdakı misralarla bitirmək istərdim:
"Hamı laqeyd olub daş
tək, hamı biganəyə dönmüş,
Ürəklər bumbuz olmuş
boş, soyuq bir xanəyə dönmüş,
Məhəbbət, sevgi qeyb
olmuş, tamam əfsanəyə donmuş,
Küdurət indi hakimdir, odur ki, hey axır qanlar,
Xudaya, bəs məhəbbətsiz
necə ömür eylər insanlar?
Müşfiq Cabiroğlu,
Yazıçılar Birliyinin
üzvü
Ədalət.-2012.-17 mart.-S.6.