ADAMSIZ
ADAM
Hekayə
Alçaqların yüksəkdə,
yüksəklərin alçaqda olması ən böyük
haqsızlıqdır.
Müdrik
sözü
Qapısı uzun, ensiz dəhlizə
açılan auditoriyanın qarşısına
yığılmış tələbələr öz
aralarında pıçıltı ilə danışır,
sonra kandarda oxlov udmuş kimi dümdüz dayanıb
qırışığı açılmayan həmyaşıdlarına
bir-bir yaxınlaşırdılar. O, qoltuğuna
sıxdığı jurnalı əlinə alıb,
arasındakı vərəqə nə isə qeyd edirdi.
Bir qədər aralı, dəhlizin
pəncərəsi önündə iki nəfər söhbət
edirdi. Bayaqdan auditoriyanın qabağında vurnuxan tələbələrə
gözaltı nəzər salan ucaboy oğlan söhbətinə
ara verib susdu. Ani sükutdan sonra gödək, tökməbədən
dostuna sarı başını əyib pıçıltı
ilə soruşdu:
-
Orada nə olub görən?
- Nə olacaq, bu gün imtahan verəcəklər,
hazırlıq görürlər.
-
Hazırlıq görürlər?
O, yerində dartınıb
özündən bir baş hündür olan dostuna
aşağıdan yuxarı boylanaraq təəccüblə
gözlərini ağartdı:
-Elə
şey soruşursan ki, bişmiş toyuğun gülməyi gəlir,
məgər sənin oxuduğun universitetdə imtahana
hazırlıq görmürlər?
- Hazırlıq deyəndə ki...
Bizdə uşaqların çoxu kitabxanada
hazırlaşır. Eləsi də var evdə, yataqxanada oxuyur
dərslərini.
- Bəs
sonrası?
- Nə sonrası? İmtahan verib qiymətlərini
alırlar da...
- Bəh-bəh,
bu lap nağıla oxşadı ki! Deyirsən,
hamı hazırlaşıb halal-hümmət qiymətini
alır?
- Hamı niyə? Çalışan,
hazırlaşan qiymətini alır. Pis
oxuyan kəsilir, başlayır yalvarmağa, minnətçi
axtarmağa. Babal yumuram, ancaq qulağım
günahkardır, eşidəndə ki, qiymət
almaqçün nə hoqqadan çıxırlar, onların
yerinə xəcalət çəkirəm. Xasiyyətimi
bilirsən də, mənim aləmimdə oğul gərək kişi ola! Yəni zəhmət
çəkib oxuya, bilik qazana. Yox,
başı o cür qavramırsa, getsin bacardığı
işin qulpundan yapışsın, peşə öyrənsin.
Yoxsa, əyri-üyrü yollarla ali təhsil,
diplom almaq, oğurluq eləmək kimi bir şeydir.
- Doğru deyirsən, səninlə
razıyam. Ancaq bunun bir "əmması"
var axı. Gərək adamın dayısı ola, indiki zamanda adamsız adamı heç saya
salan yoxdur.
- Elə deyil. Axı..
- Nə axı? Elə
biri sən özün. On il bir sinifdə
oxumuşuq, biliyinə, savadına sözüm yoxdur. İndi də universitetdə beşləri
düzürsən yan-yana. Təki olsun, sevinirəm dost
kimi. Ancaq onu da bilirəm ki, vəzifəsiz, sadə
bir kişinin oğluna - yəni sənə imtahanlarda əla
qiymətlər elə-belə verilmir.
- Necə yəni elə-belə? Çalışıram, oxuyuram, qiymətimi də
alıram.
- Bizdə səndən də
çox çalışanlar, yaxşı oxuyanlar var, ancaq
layiq olduqları qiyməti vermirlər, incidirlər, get-gələ,
gözümçıxdıya salırlar.
-
Axı niyə?
- Ona görə ki, onların
dayıları yoxdur. Amma sənin var. Özü də elə
yüksək vəzifədədir ki, müəllim, kafedra
müdiri, dekan bir yana, nazirlikdə də
adını eşidəndə titrətməyə
düşürlər. Ələlbət
tapşırırlar ki, qiymətini yazsınlar. Sən onsuz da yaxşı oxuyursan, o qiymətə
layiqsən. Amma bəla burasındadır
ki, heç bir savadı, biliyi olmayana, dərslərə gəlməyənə
də qiymət yazılır, sonra da diplom verilir. Bir şərtlə ki, ya dayısı olsun, ya da
pulu.
- Mən belə sözləri
başqalarından da eşitmişəm, amma
inanmamışam. İndi də sən deyirsən,
yenə inana bilmirəm. Yaxın dostum kimi
yaraşdırmıram belə boş söhbətləri, qeybətləri
sənə.
- Olanı deyirəm mən,
eşitdiyimə yox, gördüyümə inanıram. Rəhmətlik babam deyərdi ki, əstəğfürullah,
gözüynən görən Allahdan çox bilir. İnanmırsan? Diqqətlə
bax auditoriyanın qabağında vurnuxan tələbələrə.
Qapının ağzında
qaş-qabağını sallayan,
qırışığı açılmayan sinifkomdur, əlində
tutduğu jurnalın içində siyahısı. İmtahan başlayan kimi o siyahını qoyacaq
müəllimin qabağına. Öz qrupumuzda da belə
siyahını görmüşəm: tələbələrin
adı, soyadı, verdikləri pulun qədəri, hər qiymətin
- 3-ün, 4-ün, 5-in məzənnəsi var bu siyahıda. Verməyən, siyahıya yazılmayan bəxtindən
küssün. Təkcə kənarda dayanan
o ucaboy oğlandan başqa.
- O
kimdir ki, deyirsən yəni dayısı var?
- Tələbə yoldaşları
öz aralarında ona "adamsız adam"
deyirlər. Nə dayısı var, nə də
pulu. Amma savadına, biliyinə söz ola
bilməz. Allah vergisidir istedadı. Adı
Hünərdir, elə adına layiq
oğlandır. İmtahanda ona "4" vermək
istəyən müəllimə əla qiymətə layiq
olduğunu sübut edə bilir. Haqsızlıq
olanda, çək-çevirə salanda komissiya tələb
edir. Ən çətin suallara cavab verir,
çox dəqiq riyazi məsələlərin həllini
bacarır.
- Əhsən, halal olsun!
- Ancaq eşitmişəm ki,
bugünkü imtahanda ilişə bilər.
- Nəyə
görə?
- Dərsdə çox çətin
bir məsələnin həlli üstündə mübahisə
düşüb. Heç kimin cavabı professor
Məmişovu razı salmayıb. Hünər lövhəyə
çıxıb professorun öyrətdiyi köhnə,
uzun-uzadı hesablama yoluyla deyil, tamamilə yeni, kəsə
riyazi üsulla məsələnin dürüst cavabını
tapıb... İndi də söz-söhbət gəzir
ki, üzdə bildirməsə də, professorun Hünərdən
zəhləsi gedir, imtahanda ondan acığını
çıxacaq.
- Heç inanılası deyil.
- Düzü, mən də inana
bilmirəm. Ancaq deyirlər bu Məmişovdan nə
desən çıxar, adamlıqda payı yoxdur,
acgözün, pulgirin biridir. Sinifkomun
siyahısına baxıb qiymət yazır.
- İnanmırsan, gəl gözləyək, görək
axırı nə olur?
- Nə deyirəm, gözləyək.
***
Yarıaçıq
həyət qapısında dayanmışdı. Yaşıl donlu, mer-meyvəli ağaclara, ətrafa ətri
yayılan, məhəccər boyu sıralanıb göz
oxşayan gül-çiçəyə baxmaqdan doymurdu.
Uşaq, yeniyetmə, ilk gənclik
çağlarının sirdaşı - barlı-bəhrəli
bağları sanki sehrləmişdi onu. Vaxtilə
dələ cəldliyilə budaqlarına
dırmaşdığı, xarlanmış şirin-şəkər
gilələrini ovuclayıb ağzına təpdiyi iri gövdəli
tut ağacını görəndə kövrəldi. Hələ
bərkiməmiş kövrək, sütül
budaqlarını uşaq ərköyünlüyülə əzişdirdiyini
xatırlayıb köksünü ötürdü, xəcalət
çəkdi elə bil: "Uşaq ki, uşaq"
Birdən hənirti gəldi
qulağına. Həyətin
küncündəki it damında zingildəyən Bozdar bir
göz qırpımında onun ayaqları arasında peyda oldu,
üzünü çəkmələrinə sürtüb
qoxuladı. Sonra arxasını yerə
sürtə-sürtə ayaqlarını yuxarı
qaldırıb oynatdı. O, qıllı köpəyin
işıldayan gözlərinin yaşardığını
gördü: "Ay səni vəfalı dost
- Ay it... çər dəymiş
yenə zəncirini qırıb
Sahibinin səsini
eşidən it eyvandan tələm-tələsik düşən
ahıl qadına tərəf götürülüb zingildədi.
Elə bil anaya oğlunun gəldiyini xəbər verdi.
- Bıy..y...
Ananın səsi titrəyib
qırıldı. Sonra əllərini qaldırıb
göyə baxdı:
- Şükür kəramətinə,
yuxumu çin elədin.
Hünər ona
sarı kövrək addımlar atan anasını qucaqladı.
Bozdar bir-iki ağız hürüb quyruğunu
bulaya-bulaya yerinə çəkildi.
- Ay Həcər,
nə səs-küydü orda?
Ərinin gür səsindən səksənən
kimi oldu:
- Heç... İndi
gəlib deyərəm sənə.
Başını qaldırıb
ucaboy, yaraşıqlı oğlunu qürurla süzən Həcər
ana sirr deyirmiş kimi ona pıçıldadı:
- Sən asta gəl dalımca, mən
dədəni muştuluqlayım.
Ana ahıl
yaşına, arıq vücuduna rəğmən cəld tərpənib
yeyin addımlarla eyvana qalxdı. Onun ardınca
mümkün qədər ləng addımlayan Hünər birdən
anasının eyvanda dayanıb pıçıltı ilə
dediyi sözləri eşitdi:
- Dədənin ayaqları
ağrıyır. Sən onu tərpənməyə
qoyma. Tez otur yanında söhbətini elə.
O özünü eyvandan evə
salan kimi ərini muştuluqladı:
- Hə, indi muştuluğumu ver. Sənə
dedimmi yuxum çin olacaq? Bax, balamız gəlib.
Atası
yayxandığı köhnə divanda yerindən tərpənmək
istyəndə oğlu anasının dediyi kimi elədi. Dərhal əyilib atasını qucaqladı və
yanında oturdu.
- Nə oldu sənin ayaqlarına
birdən-birə, dədə?
- Hə, elə qəflətən
oldu, oğul, - ata əlini qısa, düm ağ,
arıq sifətinə yaraşan saqqalına çəkib
gülümsündü. Sonra ani olaraq fikrə
gedib sözünə davam etdi, - Nə qədər ki, məktəbə
gedib gəlirdim heç yerim ağrımırdı.
İndi özüm də məəttəl qalmışam, məni
tanıyanlar da inana bilmirlər, deyirlər: "Necə oldu,
Hikmət müəllimi pensiyaya çıxaran kimi ayaqları
tutuldu. Canı məktəbdəymiş yəqin".
Ata dərindən ah çəkdi:
- Hə, düz deyirlər. Mənim canım, ürəyim məktəbdə,
gözüm, fikrim şagirdlərdə olub. Onlar da üzümü ağardıblar. Ali məktəblərə qəbul olunublar. Xaricdə oxuyanlar, müdafiə eləyənlər
də var. Sağ olsunlar, zəng eləyib hal-əhval tuturlar.
Bilirsən müəllim üçün bu nə
deməkdir, oğul?! Belə vaxtlarda
uçmağa qanadım olmur, ağrı-acılarım
yadımdan çıxır.
- Pensiyaya
çıxartmasaydılar, ayaqların da ağrımazdı,
- deyə arvadı sinədolusu köksünü
ötürdü.
- Yox, elə deyil, - kişi
etiraz etdi, - hər şeyin öz vaxtı var. Qoy cavanlar
işləsinlər indi. Sən də çöl
çiçəklərindən, otlardan dava-dərman təpitməsi
elə çəkim ayaqlarıma, ağrılarım getsin.
Hünəri maraq
götürdü:
- Yəni xeyri olur bunların? - deyə soruşdu.
- Bəs necə? Görmürsən
ananı, maşallah olsun, bu yaşında yerimir ki, kəklik
kimi səkir elə bil.
Oğlunun qəfil gəlişindən
kefi durulan ata səsinin tonunu dəyişib məzə ilə
ömür-gün yoldaşına söz atdı:
- Hə, özünə
yaxşı baxır, amma mənə görüm-baxım eləmir
ki, eləmir.
Padnosda çay-mürəbbə gətirən
Həcər arvadı od götürdü:
- Bıy, nə danışır
bu? Ay oğul, neçə gündü yerində ilan kimi
qıvrılırdı ağrıdan. Gül-çiçəkdən
dava-dərman elədim, təpitmə qoydum. İndi
özünə gəlib gör necə məni ələ
salır ey!
Ata oğluna göz
vurub gülümsündü.
- Ay
ana, zarafat eləyir də, bilmirsən xasiyyətini?
- Niyə bilmirəm, fürsəti
fövtə verən deyil, zarafata salıb məni sancmaqdan ləzzət
alır.
Həcər arvad
narazı halda plov qazanı asdığı yan otağa
keçdi.
Araya çökən sükutu
oğul pozdu:
- Həmişə işləyən
adamın birdən-birə pensiyaya çıxmağı
darıxdırıcı olur, deyirlər. Yəqin
darıxırsan işsiz.
- Hə, əvvəllər yaman
darıxırdım. Sonra özümə o qədər iş
tapdım ki, - gülümsəyib əlini saqqalına çəkdi,
- əslinə qalsa, iş məni tapdı.
Oğlunun baxışlarından
oxuduğu suala aramla cavab verdi:
- Deyəsən, sənə təəccüblü
gəlir. Atalar deyiblər, iş-güc adamı
boş-bekar oturmaz. Mən də elə... Heç
bunu fikirləşməmişdim doğrusu. Bilirsən bu evə hər gün nə qədər
uşaq gəlib gedir? Hamısı da ali
məktəblərə qəbul olunmaq istəyir. Mən də
hazırlaşdırıram onları riyaziyyatdan-fizikadan test
imtahanlarına. Başımı elə
qatırlar ki, bir də görürəm qaş qaralır.
Sağ olsunlar, həvəs göstərirlər,
çalışırlar, öyrətdiklərimi mənimsəyirlər.
Bu da mənə ləzzət eləyir. Kim deyir, indi uşaqlar oxumur?! Yalan
sözdür. Oxuyan elə oxuyur, gecə-gündüz
çalışır. Ancaq müəllimdən
də çox şey asılıdır. Gərək
fənnini mükəmməl biləsən, yaxşı da tədris
eləyəsən, uşağın damarını tutasan, həvəsləndirəsən
onu. Onda müəllimdən əl çəkməz,
pensiyada olanda da, evinə gələr.
Hünərin yaraşıqlı
çöhrəsinə xoş təbəssüm qondu:
-Mən də səndən dərs
almışam. Çox şey öyrətmisən, necə deyərlər,
nə tökmüsən
yığışdırmışam. Həmişə deyərdin
ki, ən mürəkkəb riyazi məsələnin də həlli
yolları çoxdur.
- Əlbəttə! İntəhası
çalışmaq lazımdır ki, ən qısa, kəsə,
dürüst üsulunu tapa biləsən. Bununçun gərək
öz üzərində çalışasan, elm aləmində
yenilikləri əxz eləyəsən. Bəs bu elmi
simpoziumlar, jurnallar, kitablar nə üçündür? Zəhmət
çək oxu, öyrən və şagirdlərinə, tələbələrinə
öyrət. Məgər dərsliklə kifayətlənmək
olar? Hələ dərsliklər nə səviyyədədir?
Mən bu barədə yazmışam köhnə tələbə
dostlarıma. Hayıf ki, bəziləri elmi dərəcələrin,
fəxri adların kölgəsində mürgüləyirlər.
İlişib qalıblar keçən əsrin səviyyəsində.
(ardı var)
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2012.-17
mart.-S.10.