İslahat,
İslahat, ciddi İslahat!
Ceyhun Musaoğlunun yeni layihəsi:
"Ədalət"də ədalətdən danışaq
(ceyhunmusaoglu@mail.ru)
Ədalət"in şənbə
sayının iki səhifəsini ədalətdən
danışmağa həsr edirik. Yeni layihədi. Uzun müddət
davam etməsinə çalışacağıq. Ədalətin
qalib gəlməsi hər kəsin arzusu olsa da, az hallarda
reallaşır. Ədalət hər gün bir az da yoxa
çıxır. Onu düşüncəmizdə
yaratdıq, dilimizə gətirdik, nəhayət əməlimizə
çatanda büdrədik. Bəlkə geriyə qayıdaq:
daha dəqiq düşünək,
düşündüyümüzü təhrif etmədən
çatdıraq. Belədə ədalətin qalib olma
ehtimalı artar.
Uzun və incə olmayan yola
çıxırıq. Milli Məclisin Hüquq Siyasəti və
Dövlət Quruculuğu Komitəsinin sədri Əli
Hüseynli, İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət
Aslanova şənbə günlərində bizimlə birgə
bu yolda olub. Onlarla irəliyə doğru gedə bilmişik.
Hazırda yol yoldaşımız Prezidentin yanında Qeyri
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Fondunun sədri, millət vəkili Azay Quliyevdi.
Qaldığımız yerdən Azay müəllimlə gələcəyə
doğru uzanan yolda addımlamaq rahatdı. Qarşımıza
çıxa biləcək maneləri dəf etməyin
üsullarını bilir. Arxadan gələnləri də
düşünür. Deyir ki, gərək elə iz qoyasan onu
tutub gedənlər azmasın. Hə, əziz dostlar, yol
üstündəki izi ilə tanınar.
- Mərtəbələri
qalxıb, "Ədalət" qəzetinin redaksiyasına
çatana kimi "Azərbaycan" nəşriyyatının
görkəmi ilə tanış olduz. Təəssüratınız
necədir?
- "Azərbaycan" nəşriyyatında
axırıncı dəfə təxminən 10 il əvvəl
olmuşam. Bu zaman ərzində vəziyyət nəinki
yaxşıya doğru dəyişib, əksinə bir az da pisləşib.
İstəməzdim ki, çoxlu sayda mətbuat
orqanlarının işıq üzü gördüyü bir
məkan diqqətdən kənarda qalsın. Nəşriyyat Azərbaycanın
inkişafı ilə tamamilə tərs mütənasibdir.
Binanın yenidən bərpasına və burada yerləşən
mətbuat orqanların şəraitinin yaxşılaşdırılmasına
ehtiyac var.
-
Başqa hansı sahələrdə ölkənin
inkişafı ilə tərs mütənasibliyi müşahidə
etmisiz?
- 10 il əvvəllə müqayisədə
böyük dəyişikliklər baş verib. Ölkədə
elə bir yer yoxdur ki, orada inkişafın, dəyişikliyin
şahidi olmayım. İstər bölgələrdə, istərsə
də paytaxtda ciddi inkişaf tendensiyası yaşanır.
Proses demək olar bütün sahələrdə
özünü göstərir. Bütün nazirliklərin,
komitələrin, ümumiyyətlə dövlət
qurumlarının ya yeni binası tikilir, ya da təmir olunur.
Rayonlarda da icra hakimiyyəti orqanlarının binaları, məktəblər,
xəstəxanalar yenilənir. Əlbəttə bütün məktəblərin,
xəstəxanaların hamısının təmir edildiyini,
infrastrukturun təzələndiyini deyə bilmərik. Amma
onlar da bu inkişafdan kənarda qalmayacaq. Bakıya gələn
qonaqlar bir neçə aydan sonra növbəti səfərləri
zamanı böyük dəyişikliklərlə üzləşdiklərini
bildirirlər. Ola bilsin, biz bu mənzərə ilə hər
gün rastlaşdığımızdan inkişaf prosesini o qədər
də hiss etmirik. Azərbaycan dövlətinin adına
yazılan böyük nailiyyətləri qoruyub saxlamaq lazımdır.
Ayrı-ayrı qurumların rəhbərləri ayrılan vəsaitlərin
doğru-dürüst istiqamətdə sərf olunmasında təşəbbüs
göstərməlidir. Azərbaycan bizim ölkədi. Vətəni
özümüzdən daha çox dəyərləndirməyi
bacarmalıyıq, bu fəlsəfəni təfəkkürümüzə
yerləşdirməliyik.
- Yəni dəyişikliklərə
mənəviyyatımızdan başlamalıyıq?
- İnsan ən yaxşı hadisələri
ilk növbədə daxilində yaratmalıdır. Bizi beynimiz
idarə edir. O qədər dəqiq düşünməliyik
ki, nəticədə xoşbəxtliyə nail olaq. Mövlana
demiş, gözəl düşünən gözəl
görər. Təəssüf ki, bu məntiqə tam sahiblənə
bilmirik. Çölümüzdəki inkişafla, içimizdəki
inkişaf arasında tərs mütənasiblik davam edir.
Mütləq şüurumuzu yeniləməliyik. Biz XXI əsrin
tələblərinə cavab verən vətəndaş
hazırlamalıyıq, özümüzü bu istiqamətdə
yetişdirməliyik.
-
Xaricimizlə daxilimiz arasında ziddiyyətə əsas səbəb
nədir?
- Zaman. Bu cavabla da kifayətlənmək
olar. Sadəcə, bir qədər
aydınlıq gətirim. Xarici qısa
zaman ərzində dəyişmək mümkündür.
Daxili dəyişiklik üçün çox böyük
zamana ehtiyac var. Nəzərə alaq ki, insanlarımız 60-70
il başqa bir sistemdə yetişdirilib, fərqli
təhsil məkanında böyüyüb və bəlli dəyərlər
formalaşıb. Birdən-birə 180 dərəcə
dəyişmək qeyri-mümkündür və istəsək
də bunu edə bilmərik. Baxmayaraq ki,
bir neçə istiqamətdə insanlar artıq məcburən
dəyişiblər. Çünki 50-60 il
əvvəl mövcud olan tələblər və dəyərlərlə
bugünkülər kökündən fərqlidir. Amma baxış bucağı, yanaşma, idarəetmə
və bütövlükdə dünyada gedən prosesləri
izləmək, ona yetişmək, onun arxasınca sürünməmək
nöqteyi-nəzərindən fərqlər çoxdur. Ümidverici haldır ki, yeni nəsil gəlir. Onlar müstəqil Azərbaycanda doğulublar,
uşaqlıqdan müstəqil ölkədə
yaşayıblar. Onlar suveren dövlətimizin
abu-havası, qayğısı, uğurları, problemləri
ilə birgə yaşa dolurlar.
- XXI əsrin
tələblərinə cavab verən vətəndaş necə
olmalıdır?
- Ən vacibi yüksək
təhsilli, müasirliyin, inkişafın nəbzini tutan,
özünün çevikliyi, dövrün tələblərinə
cavam verməsilə seçilən vətəndaş
olmalıdır. O vətəndaş hər yerdə Azərbaycanı
yüksək səviyyədə təmsil etməyi bacarmalı,
dünyanın qəbul etdiyi dildə
danışmalıdır. Yeni insanın
davranışı, həyat tərzi, hadisələrə
baxışı inkişaf etmiş qabaqcıl dünyanın
tələblərinə uyğun formalaşmalıdır.
Ən vacibi isə XXI əsrin Azərbaycan vətəndaşı
dövlətini və vətənini sevməli, ona bağlı
olmalıdır. Bəziləri hesab edir ki,
yeni dünya insanlara kosmopolit olmağı, dövlətindən,
vətənindən kənarda qalmağı tərciyə
edir. Səhv yanaşmadı. Avropa ölkələrində inkişafın tempi
yüksəldikcə vətəndaşlar dövlətinə,
xalqına daha çox bağlanır, bunula yanaşı bəşəri
dəyərlərin daşıyıcısı olurlar.
- Azərbaycan
gəncinin dövlətə münasibətindən
razısız?
- İstənilən
məsələni qiymətləndirərkən ümumiləşdirmə
aparmağa ehtiyatla yanaşıram. Bütün
gənclər barəsində eyni fikir səsləndirmək
düz deyil. Rənglər müxtəlif
olduğu kimi, gənclərimiz də müxtəlifdir. Hər şey ailədən başlayır. Bu fikir tez-tez səsləndirilsə də, fakt
olduğu üçün təkrara həmişə ehtiyac
var. O ailədəki təməl sağlamdır, təhsilə,
tərbiyəyə, dövlətə, millətə
bağlılıq mütləq olacaq. Belə
ailələrdən çox nadir hallarda problemli övlad
çıxar. Özümüzə
almanların "Sən vətən üçün nə
etmisən" sualını verməliyik. Hamımız
paytaxtımızı gözəl, səliqəli, təmiz
görmək istəyirik. Yaxşı arzudu, indi görək
təmizliyin tələbinə uyğun hərəkətlər
edirikmi?.. Şəhəri kağız,
siqaret, kontur kartı, bir sözlə, zibil yeşiklərinə
atılmalı olan əşyalarla çirkləndirən
adamlara azmı rast gəlirik... Hər kəs
özünə nəzarət etməyi bacarmalıdır.
- Küçəni zibilləyən
adama irad bildirəndəki həmin əşyanı zibil
qutusuna atmalıdır, cavab verir ki, yaxınlıqda belə
yeşiklər yoxdu...
- Çox qabarıq bəhanədi.
Atmaq istədiyin əşyanı, çantaya, cibinə qoya
bilərsən, harda zibil yeşiyi gördün atarsan.
Görürsüz, bir daha təsdiq olunur ki, insan özündən
başlamalıdır, başqasının hərəkətsizliyini
bəhanə gətirib, necə deyərlər, "sudan quru
çıxmağa" çalışmamalıdır.
İnsan üç əsas mərhələ üzrə
formalaşır. Birincisi ailə, ikincisi məktəb,
üçüncüsü cəmiyyət. Bu mərhələlər
bir-birilə o dərəcədə bağlıdır ki,
birində problem olan kimi dərhal digərlərində özünü
göstərəcək. Ona görə sizin dediyiniz və
bizim arzuladığımız gəncliyin formalaşması,
yetişməsi və gələcəkdə bu dövlətə
sahib çıxması üçün hər üç
subyektin üzərinə düşən vəzifə
yüksək səviyyədə həyata keçməlidir. Mən
pessimist deyiləm. Tələblərə cavab verməyən
gənclərlə yanaşı, bu gün yüksək təhsilli,
müxtəlif dillərdə danışmağı bacaran,
dünya texnologiyasından baş çıxaran, xalqına,
dövlətinə bağlı olan çox
hazırlıqlı, inkişaf etmiş gənclik var. Əsas
strategiyamız 20 ildən sonrakı vətəndaş
modelidir. Orta nəslin nümayəndəsi kimi,
düşünürəm ki, 20 ildən sonra bizim yetişdirəcəyimiz
vətəndaş necə olmalıdır? Bütün
inkişaf - tikdiyimiz binalar, çəkdiyimiz yollar,
çıxardığımız qəzetlər,
yaratdığımız qurumlar hamısı gələcəyin
vətəndaşının, Azərbaycan insanının necə
olmasını müəyyənləşdirməyə
yönəlməlidir. Belə olduğu təqdirdə həmin
vətəndaş yaxşı menecer, yaxşı nazir,
yaxşı icra başçısı, yaxşı jurnalist,
yaxşı QHT rəhbəri, yaxşı qonşu,
yaxşı həyat yoldaşı olacaq. Bu istiqamətdə
çox ciddi yatırımlar qoyulur, işlər
görülür və hələ görüləcək
işlər də çoxdur. Problemlərimiz də
çoxdur, amma birgə töhfəmiz nəticəsində o
problemləri tezliklə aradan qaldıra bilərik.
- Müasir tələblərə
cavab verən əsl vətəndaşın
yaradılmasında təbliğatın danılmaz rolu var. Televiziyalar
isə ən təsirli təbliğat vasitəsi
sayılır. Azərbaycan televiziyaları 20 il sonranın vətəndaşını
yetişdirməyə xidmət edir, yoxsa, yaranmamış məhv
etməyə. Təbii ki, Sizdən tamaşaçı kimi
cavab istəyirəm. Kütləvi İnformasiya Vasitələrinin
bugünkü mənzərəsinə baxanda gələcəyin
insanını yaradacaq istiqamətdə getmədiklərini
görüb təəssüflənirəm. Ən çox mənəviyyata
diqqət ayırmalıyıq. Televiziyalarda mənəviyyatımızın
aşılanmasına təsir edən elementlərin təsir
dairəsinə düşürüksə, əlbəttə
sonunda acı nəticə ilə qarşılaşacağıq.
Milli Məclisdə məsələ qaldırmışdıq
ki, Azərbaycan insanının mənəviyyatına,
şüuruna mənfi təsir edən verilişlərdən
imtina olunsun, insanlarımızın normal vətəndaş
kimi formalaşmasına xidmət edən, şüuraltında
müəyyən baza yarada biləcək fəaliyyət
qurulsun. Ən yüksək səviyyədə
çağırışlar olsa da, nəticə ürəkaçan
deyil.
- Yəqin televiziyalar yeni demokratik
üsul idarə kəşf ediblər: ultra-müstəqillik...
- Televiziyalara irad bildirəndə
özlərinə məxsus arqument səsləndirirlər. Ciddi-cəhdlə
reklam bazarının olmamasını əsas gətirərək,
deyirlər ki, reytinq müəyyənləşdirən
şirkətlər bayağı verilişlərin
auiditoriyasının geniş olduğunu təsdiqləyirlər.
Reklam verən biznes qurumları da məhz həmin reytinqlər
əsasında bayağı verilişləri seçirlər.
Mən bu arqumenti qəbul emirəm və əmin deyiləm ki,
reytinq ölçən şirkətlər haqlıdır. Azərbaycan
vətəndaşlarının zövqünün mənəviyyatı
korlayan verilişlərə uyğun olduğuna inanmıram.
Verilişlərin reytinqlərini müəyyənləşdirənlər
ciddi səhvlərə, kobud yanlışlıqlara yol verirlər.
Bu, bilərəkdən də ola bilər, çünki bir
toplumu, xalqı məhv etmək üçün onun
ideologiyasını, mənəviyyatını ilk növbədə
dağıtmaq, parçalamaq lazımdır. Çirkin məqsədə
çatmaq üçün insanların beyninə, mədəniyyətinə,
mənəviyyatına birbaşa hücum edə biləcək
proqramlar, seriallar siyahısını uzatmaq lazım gəlir.
-
Çıxış yolu bilirsiz?
- Almaniyada olarkən bu məsələ
ilə maraqlandım. Onlar bildirdilər ki, uzun müddətdir
Amerika filmlərinin Almaniyada nümayişinə qadağa
qoyulub. Çünki həmin filmlər alman zehniyyətinə,
düşüncəsinə mənfi təsir göstərir.
Onlar xüsusi konsepsiya da hazırlayıblar. Alman vətəndaşına
ilk növbədə özünə inam, qürur, milli mənlik
hissi aşılanır. Qəribədir ki, bizdə ikinci qrup
millət olmaq hissi hakim olub. Hətta
aşağılayıcı ruh folklorumuzda özünə yer
tapıb, elə nağılımız yoxdu ki, orda qardaş,
dost xəyanətindən danışılmasın. Novruz
bayramının atributu kosanı xristianların şaxta
babası ilə müqayisə edirəm. Şaxta baba bizim
kosamızla müqayisədə çox gözəl,
yaraşıqlı, hər zaman insanları sevindirən, onlara
hədiyyə gətirən xeyirxah əməllər sahibi
obrazında çıxış edir. Bizdə kosa təlxəklik
edir, öz torbasını doldurub aparır. Bütün bunlar
sanki şüuraltı beyinlərimizə yeridilir ki, sən ələ
baxmalısan, sənin daxilində yaltaqlıq olmalıdır, qeyri-natamamlıq
hissi yaşamalısan.
- Bəlkə
yaranışdan belə təfəkkürə malikik?..
- Yox, belə deməzdim. Tariximizdə
çox yaxşı nümunələr var. Qüruru, mənəviyyatı,
sevgini, vətənpərvərliyi, bir sözlə,
insanlığı hər şeydən üstün tutan
nümunə insanlarımız olub, indi də var. Sadəcə
pis hisslər altyapımıza əsrlər boyu xüsusi
texnologiyalarla qəsdən hopdurulub. İndi də ruhumuzun
işğalından qurtula bilmirik. Bizdə natamamlıq sindromu
dərin kök salıb. Xarici səfərlərdə tez-tez
oluruq və aşılanan mentalitetə görə, hədiyyələr
aparmağa meyilliyik. Bunu qəbul etmirəm. Protokol hədiyyəsindən
kənar bütün hədiyyələrin həmişə əleyhinə
olmuşam. Çünki hədiyyələri alanlar bizə
ikinci, üçüncü qrup millət kimi baxır. Biz
bununla sanki özümüzü yaxşı göstərmək
istəyirik. Belə olmamalıdır, əslində onlar bizə
hədiyyə verməlidir. Biz heç də onlardan geridə
qalmırıq. Yaxud da qonaqpərvər xalq
olmağımızla öyünürük. Qonaqları
aeroportda qarşılayıb gətiririk, bütün
günü başının üstündə
dayanırıq. Bəs xaricdə necə, belə diqqətlə
qarşılaşırıqmı? Əlbəttə yox. Onlar
artıq özlərini oturuşmuş xalq, dövlət hesab
edirlər. Biz isə özümüzü sanki
axtarışda olan, özünü sübut edən ikinci,
üçüncü dərəcəli xalq kimi təqdim etməyə
çalışırıq. Bəlkə də kimlərəsə
fikirlərim qəribə görünə bilər. Olsun, yenə
öz fikrimdə qalıram və deyirəm ki, belə
düşüncədən çıxmalıyıq.
Amerikalıların 300 yüz ilə yaxın tarixi olsa da,
"mən amerikanlıyam" mənliyi ilə
dünyanın super dövlətinə çevriliblər.
Amerika ilə Azərbaycanı müqayisə etmirəm. Sadəcə
nümunə göstərirəm. Azərbaycanlılar da mənsub
olduqları xalqa görə fəxr etmək haqqına sahibdirlər.
-
Xalq yaradıcılığında əksini tapan neqativ məqamlar
ola bilsin ona görə vurğulanır ki, görək və
pis olduğunu bilib xilas olaq, problemlər gələcək nəsillər
üçün qalmasın...Bu yanaşmada həqiqət
payı var?
- Maraqlı yanaşmadı. Problemi
gülüş hədəfinə çevirməklə həll
etmək də ədəbiyyatda bir janrdır. Hər bir
xalqın tarixində mənfi və müsbət hallar olub.
Xalqların folklorunda qəhrəmanlıqlar da olub,
qorxaqlıqlar da. Düşünürəm ki, xalq olaraq
müsbətlərdən faydalanmağa, pozitiv tərəfləri
qabağa çəkməyə, yaxşı əməllərimizlə
dünyanın pozitivlərini birləşdirməyə
çalışmalıyıq. Neft gəlirlərindən
istifadədən çox danışılır. Bizim neftdən
rassional istifadəmiz bir çox neft ölkələri
üçün örnəkdir. Neftlə zəngin olan
Hollandiya, Norveç, Nigeriya variantları mövcuddur. Məsələn, Nigeriya neftdən üç
yüz milyard dollar gəlir əldə etdi və neft bumu
başa çatdıqdan sonra onun xarici borcu üç yüz
əlli milyarda çatdı. Norveç isə bu gəlirlərdən
tam rassional istifadə etdi və bu gün dövlət neft
fondunda yüz milyard dollardan çox vəsait var. Azərbaycan
da bu məsələdə çox ağıllı bir
strategiya götürdü və həm Nigeriyanın mənfilərindən
dərs aldı, həm də Norveçin müsbət
addımlarından faydalandı. Bunun əsasında Azərbaycan
öz modelini yaradır. Həm Neft Fonduna pullar toplanır, həm
də neftin verdiyi imkanlardan digər sahələrin
inkişafı təmin olunur. Gəlirlərin digər sahələrə
də tətbiqini reallaşdıra bilərik.
- Türkiyənin nə qazı
var, nə nefti. İnkişafını isə artıq Avropa
Birliyi etiraf edir.
- Razıyam, son 10-15 ildə
Türkiyə çox böyük sürətlə
inkişaf edib. Tibb sahəsindəki irəliləyişi
xüsusilə vurğulamaq olar. Artıq Türkiyə
özünün hərbi, mülki təyyarəsini istehsal
edir və bu gün dünyanın 16-cı ən böyük
iqtisadi dövlətidir. Bu, elə-belə baş vermədi,
istək, inam oldu və beynəlxalq innovasiyanın qəbulu ilə
yanaşı, özünün töhfəsini də əlavə
edib belə bir formaya gəlib çıxdı. Azərbaycan
da bu yolla gedir. Gənc dövlət olaraq bəlli hədəflərimiz
var. Hədəfimiz Şərqi Avropanın ən inkişaf
etmiş dövlətlərindən birinə çevrilməkdir.
-
Ağrıdıcı faktlar da var. Məsələn, azərbaycanlı
müalicə üçün ən çox İrana, təhsil
üçün isə Türkiyəyə, o cümlədən
bəzi Avropa ölkələrinə üz tutur.
Sağlamlığı və elmi öz əlində olmayan insanları
əsl vətəndaşa çevirmək nə qədər
mümkündür?
- Qeyd etdikləriniz ciddi faktlardır və biz hamımz bunları gündəlik həyatımızda hiss edirik. Çox təəssüflər olsun ki, dedikləriniz həqiqətdir. Şübhəsiz, Azərbaycan səhiyyəsində peşəkarlar var və ayrı-ayrı həkimlərimiz tibb sahəsində çox nadir uğurlara imza atıblar. Amma bu, sistem halında olmalıdır, çox ciddi islahatlar aparılmalıdır. Səbəblərdən birincisi odur ki, bu gün həkimin təminatı çox aşağı səviyyədədir. Ölkədə məcburi tibbi sığorta məsələsi öz həllini tapmayıb. İkincisi, tibb xidmətinin aşağı səviyyədə olması insanların Azərbaycan səhiyyəsinə inamını qırıb. İmkanı olan kimsə sağlamlığını risk altına salmaq istəmir. Ona görə də insanlar Türkiyəyə, İrana üz tuturlar. Burada həm böyük bir kapital axını, həm də Azərbaycan səhiyyəsinin on illərlə geri atılması faktı var. İnsanlar başqa ölkələrə üz tutduqca burdakı həkimlərin həm maddi, həm də professional klassifikasiyası baxımından imkanları məhdudlaşır. Bu, birbaşa dövlət islahatlarını tələb edən zəruri məsələdir. Hesab edirəm ki, dövlət bütün yükü öz üzərinə götürməli, çox ciddi radikal islahatlar aparmalıdır. Eyni zamanda özəl səhiyyəyə də xüsusi önəm verilməli, burada liberallaşma çox yüksək səviyyədə olmalıdır, sərbəstlik verilməlidir. Azərbaycan səhiyyə sahəsində bütün dünyaya açılmalıdır və mövcud qanunlara uyğun şəkildə xarici ölkələrin tibb müəssisələrinin açılmasına daha yaxşı şərait yaradılmalıdır. Hətta lazım gələrsə, onları vergi güzəştləri ilə təmin etmək olar.
-
Müasir tələblərə cavab verən səhiyyə
ocaqlarında fəaliyyət göstərəcək yüksək
səviyyəli mütəxəssisləri necə
hazırlayaq?
- Təbii ki, həmin səhiyyə
müəssisələrini işlədən mütəxəssislərə,
müasir aparatları idarə edən peşəkarlara
professionallara böyük ehtiyac var. Şəxsən mənim
müayinəmdə çox ciddi yanlışlıqlara yol
verilmişdi. Olduqca bəsit problemi Türkiyədə
çözdüm.
Əsas bazası təhsildə
qoyulur. İstənilən sahə ilə bağlı təhsili
necə alırsansa, bu, birbaşa həmin sahəyə təsir
edir. Ona görə də biz ilk növbədə təhsilimizi
beynəlxalq, Avropa standartlarına
çatdırmalıyıq.
- 20 ildir hamı bunu deyir...
- O qədər mürəkkəb
problemlər var ki, onu başlamaq da, bitirmək də çətindir.
Hər bir işin arxasında duran bacarıqlı kadrlara, hər
bir islahatı apara biləcək böyük menecerlik
institutuna ehtiyac var. Eyni zamanda hər bir işin həyata
keçirilməsi üçün münbit şəraitin
olması zəruri şərtdir. Çox böyük ürək
ağrısı ilə dünya universitetlərinin reytinqinə
baxırıq və orada Azərbaycanın adını
görmürük. Gördüyümüz universitetlər 4-5
mininci yerlərdədir. Təəssüflər olsun ki,
aclıq, səfalət içərisində olan düşmən
qonşumuz Ermənistan universitetlərinin reytinqləri bizdən
çox-çox fərqlidir. Hələ mən Türkiyəni,
postsovet məkanı ölkələrini bir kənara qoyuram. Bəli,
burada hökumətin də çox böyük məsuliyyəti,
yükü var. Eyni zamanda da insanların üzərində
böyük məsuliyyət düşür. Biz
hamımız nəsə etməliyik, nəyinsə qulpundan
yapışmalıyıq. Növbədə durmaq əvəzinə,
kiməsə rüşvət verib növbəmizi pulla
almamalıyıq. Hansısa işimizi qanunsuz şəkildə
həll etmək üçün min cür qanunsuz əməllərə
yol verməməliyik...
-
Biz həm də rüşvət almamalıyıq...
- Bəli, almamalıyıq.
Özümüzdə cəsarət tapıb
haqqımızı tələb etməliyik, rüşvət
istəyən məmurlara irad bildirməyi, yeri gələndə
tənqid etməyi bacarmalıyıq. Götürək elə
mətbuatımızı. Hansı birini açıb
oxuyursan, hamısında şəxsi maraqların olduğunu
görürsən. Hansısa məsələ şəxsi,
siyasi maraqlarına uyğun deyilsə, dünya dağılsa
da dəstək verməz. "Eurovision" ən böyük
qələbəmizdir. Bu gün kimsə onun əleyhinə
gedirsə, ona nə deyəsən... Lap deyək ki, problemlərimiz var,
bunu heç kim də inkar etmir. 57 ölkədə keçirilən bu müsabiqənin
baş tutduğu hansı bir dövlətdə problem yoxdur ki?
Onların hansında bu qədər əks
kampaniya aparılıb? Axı bu bizim
hamımızın uğurudur. Biz ölkənin
hüdudlarından kənara çıxanda adımız
alnımıza yazılmır ki. Bizim
alnımızda bir yazı var - azərbaycanlı. Yaxşı da, pis də adımızla
bağlıdır. Əgər bunu hiss
etmiriksə, şəxsi və siyasi ambissiyalarımız naminə
"dünya necə tarac olur-olsun, nə işim var"
deyiriksə, xoşbəxt gələcəyin qurulması
mümkünsüz olacaq.
-
Alnında azərbaycanlı yazılan xalqın iqtidarı ilə
müxalifəti arasında düşmənçilik davam
edirsə, hansı ümumi işdən danışmaq olar?
- Bizim bir düşmənimiz var, o
da Ermənistan. Başqa düşmən axtarmağa
haqqımız yoxdur. Bir-birimizə rəqib, opponent ola, razılaşmaya bilərik. Amma
bizim üç məsələdə bir-birimizlə
razılaşmamağa haqqımız yoxdur. Onlardan biri milli maraqlar, ikincisi, qanunların aliliyinin
təmin olunması, üçüncüsü, haqq-ədalətin
sosial birliyin təminatı. Hamımız
bir olmalıyıq. Dağlıq Qarabağa,
"Eurovision"a münasibətdə kimsə niyə fərqli
düşünməlidir? Azərbaycanın BMT
Təhlükəsizlik Şurasına üzv olmasına necə
sevinməmək olar? Ağıllı şəxs,
ağıllı siyasətçi bilməlidir ki,
"Eurovision"un əleyhinə
çıxmaqla o, həm də ictimai dəstəyin əleyhinə
çıxır. Əgər Azərbaycan
xalqı tərəfindən dəstək qazanmırsansa, deməli,
sənin hədəfin xalq deyil, xalqın rəyindən narahat
deyilsən. Önəmli olan sifarişi
yerinə yetirməkdir, səninlə xalq arasında
böyük bir uçurum var.
Məmurun,
deputatın, QHT-nin, qəzetçinin, sıravi vətəndaşların,
umumilikdə hər bir şəxsin vətəndaş,
dövlətçilik təfəkkürü bütün
parametlərlə arzuladığımız səviyyədə
olsa, neqativ halların böyük əksəriyyəti baş
verməz. Axı mənəvi
aşınmalar həmin yerlərdən başlayır. İnsan addım atanda ya Allahı, ya qanunu, ya da
vicdanını fikirləşməlidir. Bunların
heç birini fikirləşmirsənsə, deməli, istənilən
addımı ata, istənilən rəzaləti törədə
bilərsən.
İqtidarla
müxalifət düşmən olmalı deyil. Əksinə, bu gün müxalifət iqtidara
konstruktiv, sağlam mövqe sərgiləməlidir. Ölkədə olan problemi çox səmimi şəkildə
ortaya qoymağı bacarmalıdır. Hakimiyyət
isə müxalifətin bu jestindən maksimum
yararlanmalıdır və iqtidar
çalışmalıdır ki, nöqsanları məhz
müxalifətin dilindən eşitsin, aradan qaldırmağa
çalışsın. Təəssüflər
olsun ki, bu gün müxalifət əldə edilən
bütün uğurları inkar edir. Axı
bu hakimiyyətə də pis təsir edir və bu qədər
görülən işin inkarı ilə barışmır.
Haqsızlıq görəndə dilə gətirməsən
də daxilən təsirsiz ötüşmür. Hər bir şey qarşılıqlı olmalı və
müşahidə etdiyimiz bu buz
sındırılmalıdır. Toyları
bir kənara qoyaq, heç yas mərasimlərində belə,
iqtidarla müxalifəti bir yerdə görə bilmirik. Belə hadisələr mənəvi tellərin
bağlanmasına, mənəvi körpülərin yaranmasına
fayda verər. Bu ümumi adət-ənənələrimizə
uyğun gəlmir. Əbülfəz Elçibəy rəhmətə
gedəndə ulu öndər Heydər Əliyev yüksək
səviyyədə onun dəfn mərasiminin keçirilməsi
barədə göstəriş verdi, nəşi
önündə təzim etdi. Bu, ən
böyük mənəvi-əxlaqi nümunə idi. Bunun müqabilində isə biz onun varislərindən
özünə qarşı nə gördük? Bunlar
çox ciddi məqamlardır və insanların
şüurunda dərin yaralar buraxır
- Prezidentin yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası müxtəlif
qütblərdə təmsil olunanların bir araya gəlməsi
nümunəsini ortaya qoya bildi. Şuradan qrant alan
təşkilat rəhbərləri arasında müxalifət
partiyalarının yetkililəri də var. Cəmiyyətin
birləşməsi üçün dəyərli mövqedi.
Amma qalib layihələrin təqdim olunan problemin
həllində təsiri azdır. İnsan
haqları, jurnalistika, təhsil və başqa sahələr
üzrə minlərlə layihələr həyata
keçirilsə də, nəzərəçarpacaq dəyişiklik
yoxdu. Hətta həmin sahələrdəki
vəziyyət əvvəlki dövrlərə nisbətdə
daha kəskin tənqid olunur. Layihələr
niyə effekt vermir?
- Şura yarananda
dövlət başçısı bizim qarşımıza
bir məqsəd qoymuşdu: vətəndaş cəmiyyəti
institunun inkişafına köməklik, QHT-lər arasında
hər hansı bir formada ayrı-seçkiliyə imkan verməmək,
dünyaya baxışı, siyasi mövqeyindən
asılı olmayaraq ən yaxşı layihəni dəstəkləmək.
Şura yaranmamışdan əvvəl bu qurumun
yalnız hökumətyönümlü təşkilatları
maliyyələşdirəcəyi barədə skeptik
düşünənlər vardı. QHT-lərdə
bu çox yararsız yanaşmadır və bu qurumla
bağlı iqtidar-müxalifət bölgüsü aparmaq
olmaz. Əgər biz fərq qoysaydıq,
çətin vəziyyətə düşərdik. QHT-lər vətəndaşların
könüllü şəkildə birləşdiyi, nəcib
ideyalar uğrunda mübarizə apardığı
qurumlardır. Ona görə də QHT-lər
özlərində cəsarət tapıb problemləri
açıq şəkildə bildirməlidir. Heç də hər şeyi dağıtmaq,
parçalamaq, cəbhələrə, düşərgələrə
bölmək lazım deyil. Biz bu müxtəlifliyi
formalaşdırmaqla, mənəvi bir mühit
yaratmışıq. Bu çox
yaxşı bir platformadır və nəzərə alsaq ki,
Şura özü bütövlükdə QHT-lər tərəfindən
idarə olunur, aydın olar ki, bu, həm də vətəndaş
cəmiyyəti institutlarının
özü-özünü idarəetməsi üçün
xüsusi bir töhfədir. Avropanın bir
neçə inkişaf etmiş ölkələri Azərbaycanda
bu Şuranın yaranıb formalaşma mexanizmi, təbliğat
istiqamətləri, maliyyə şəffaflığı ilə
bağlı təcrübəsini öyrənirlər.
O ki, qaldı QHT-lərin zəruri
problemlərlə bağlı həyata keçirdikləri
layihələrə, biz həmişə bunun arxasında
olmuşuq. Dövlət vəsait ayırır,
amma təəssüflər olsun ki, gözlədiyimiz təklifləri
irəli sürənləri görmürük. Bütün bunlar həm də QHT-nin ayaqda durması
üçün ona dəstək olar. İctimai
yükü olan təkliflərlə QHT-lər
çıxış etsələr, biz onları dəstəkləməyə
hazırıq. İndi QHT-lərimiz hədən
artıq tənbəlləşiblər. QHT
o demək deyil ki, dövlət ona hansısa məsələ
ilə bağlı vəsait ayırsın, qrant onların
hansısa ideyasının həyata keçirilməsi
üçün bir vasitədir. Əlbəttə
ki, nəticələr var, amma bunun sürəti məni qane
etmir.
- Bura gəlib çatana kimi bəlli
bir yol keçmisiz. Xatırlayırıq: Sizin rəhbərlik
etdiyiniz Milli QHT Forumunu dövlət qeydiyyatına
almırdılar. Hətta bir neçə dəfə
icazəsiz piketlər də keçirmisiz...
- Sosial sığorta ilə
bağlı yeni bir qanun qəbul olunmuşdu. Onun geriyə
şamil olunması məsələsi vardı. Biz ona görə
Sabir bağında icazəsiz piket keçirdik. Onda ulu öndər
dərhal reaksiya verdi və QHT-lərin rəyini nəzərə
alaraq, bu məsələni müsbət həll etdi.
Çünki səmimi olduğumuz çox aydın
görünürdü. Mən həmişə
sözümü deməyə, QHT-lərin maraqları ilə
dövlətçilik maraqlarını uzlaşdırmağa
çalışmışam. Əsas məsələ də
budur. Amma QHT çətiri altında siyasi maraqlarımı həyata
keçirməyə çalışsaydım, artıq bu
qurumun fəlsəfəsinə zərər vurmuş
olardım. O dövrdə QHT-lərə münasibət bir qədər
fərqli idi və hökumət əleyhinə olan təşkilat
kimi qəbul edirdilər. Bu da təbiidir,
çünki sovet ideologiyasından çıxmış bir
ölkədə sərbəst cəmiyyət
institutlarının fəaliyyətinə, tənqidi fikirlərinə
bir qədər dözümsüz yanaşırdılar.
1999-cu ildə Milli QHT Forumunu yaradanda regionlarda BMT proqramları
çərçivəsində onun mərkəzlərini
formalaşdırmaq istəyirdik. Buna görə icra
hakimiyyətləri tərəfindən bizə o qədər
təpkilər oldu ki... Biz tədbirlərimizə hansısa
deputatı, naziri dəvət edə bilmirdik. 1999-cu ilin
noyabrında İstanbulda ATƏT-in sammiti keçirilirdi. Heydər
Əliyev üç nəfər QHT nümayəndəsini də,
o cümlədən məni özü ilə həmin sammitə
apardı. Ondan sonra böyük bir müşavirə keçirildi
və QHT nümayəndələri də dəvət olundu. Həmin
müşavirədə çıxış etdim və ondan
sonra bizə münasibət büsbütün dəyişdi.
-
Növbəti seçkidə Şura sədrliyinə namizədliyinizi
irəli sürəcəksiz?
- Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurası üzvlüyünə ixtisaslaşmış QHT
qrupları üzrə seçkilər beynəlxalq təşkilatların
müşahidəsi ilə çox şəffaf, demokratik
keçirildi və səkkiz qrup üzrə, hər qrupda
üç nəfər olmaq şərtilə 24 nəfər
seçildi. Biz yaxın zamanlarda siyahını cənab
prezidentə təqdim edəcəyik. Prezident hər qrupdan bir
nəfər olmaqla səkkiz nəfər QHT-dən,
üç nəfər hökumət təmsilçilərindən
ibarət 11 nəfər Şuranın yeni üzvlərini təyin
edəcək. Şuranın ilk toplantısında isə yeni sədr,
müavin və katib seçiləcək.
-
Yenə də sədr olmaq istəyirsiz?
- Bunu Şuranın öhdəsinə
verirəm, amma səmimi olmaq istəyirəm. Bu gün bizim
başladığımız yarımçıq işlərimiz
var və onu yekunlaşdırmaq lazımdır. Əgər
prezident mənə etimad göstərsə, Şuranın
üzvü təyin etsə və Şura üzvləri də
yenidən mənə bu postu həvalə etsələr, onu məmnuniyyətlə
yerinə yetirməyə hazıram. İndi hökumət QHT-ləri
bir nömrəli partnyor kimi qəbul edir. Yeni hədəflərimiz
var və bu hədəflər Azərbaycanda vətəndaş
cəmiyyəti institutlarını inkişaf etmiş ölkələrin
standartlarına çatdırmaq, bu qurumun immunitetini
artırmaq, cəmiyyətdə baş verən proseslərə
adekvat reaksiyasını təşkil etmək, hər bir vətəndaşın
hüquqlarının qorunmasında bu mexanizmin üzərinə
düşən vəzifələrin layiqincə yerinə
yetirilməsinə təminat verməkdir.
-
Yarımçıq işləri növbəti dörd ildə
çatdırmaq olar, yoxsa yenə yarımçıq işlərin
qalma ehtimalı var?
- Heç vaxt işləri tam
çatdırmaq mümkün deyil, amma bizim konkret layihələrimiz
var. Dörd qanun layihəsi və həmçinin QHT-lərin
standartını hazırlamışıq. İlk dəfə
Cənubi Qafqaz və postsovet məkanında "QHT-lərin
kateqoriyaya bölünməsi və faydalı QHT" statusunun
yaradılması ilə bağlı fəaliyyətə
başladıq. Eyni zamanda ilk dəfə QHT-lərin məşğuliyyət
xəritəsini hazırlamaqla yanaşı təkcə
dövlətdən deyil, özəl strukturlardan faydalanması
barədə yeni bir platforma qurduq. Ümid edirəm ki,
bunları üç ilə yekunlaşdıra bilərik.
Problem, arzu heç vaxt qurtarmır, ancaq yəqin ki, bir
müddətdən sonra mən də yorulacam.
Hazırladı:
Gültəkin Qəhrəmanlı
Ədalət.-2012.-17
mart.-S.12-13.