AKİF
QƏHRƏMANLI "SİYASİ OYUNLAR BİTMƏYƏCƏK"
KİTABINI TƏQDİM EDİR (2)
Girişsiz-filansız təqdim etmək
istəyirəm bu yazını. Ona görə ki,mənim onun
haqqında yazacağım bütün fikirlər öz
kitabını təqdimin içində ifadə
olunmaqdadır.Və üstəlik də geniş oxucu kütləsinə
az tanış olan bu imzanın sahibini də onun öza
biyoqrafiyasından öyrənmək
mümkündü.Yalnız bunu deyim ki, çox-çox illər
öncəsindən tanıdığım Akif Qəhrəmanlı
həqiqi anlamda "arxa planda" qalan və mütəvazi
bir həyat yaşayan qələm sahibi olmuşdur.Və
bütöv bir tərcüməçi nəsli onu gözəl
tanıyır.O özü də bizim siyasi ədəbiyatımızda
olan tərcüməçilərin arxa planda qalmasını
ürək ağrısı ilə izah edir.
-Düşüncələrinizdən xəbərdar
olduğuma görə aydınlıq üçün bu
sualı verirəm: nədir sizi incik salan bizim mətbuat
dünyasında və xüsusən də tərcümə məsələlərində.
Söz sonuncudan gedəndə çox ağır və
yaralı ittihamlarla çıxış edirsiniz. Bunların
arxasında, məncə, bir yaradıcının böyük
haqqı olduğu da göz qabağındadır. Nədir sizi
rəncidə edən?
- Bəli, tərcüməçi
ilk növbədə öz ana dilini mükəmməl bilməli,çox
bilikli,məlumatlı adam olmalıdır.Deməli,tərcüməçi
olmağı qarşısına məqsəd qoymuş şəxs
ən əvvəl çoxlu mütaliə etməlidir, elmin,mədəniyyətin,incəsənətin
bütün sahələrindən xəbərdar olmalı,
imkanı varsa,tək daxili yox, xarici mətbuatı da müntəzəm
izləməlidir.Yeri gəlmişkən, ürəyimdəki
bir sözü də deməliyəm.Müstəqilliyin bizə
verdiyi sərbəstlikdən xalqa, Vətənə faydası
dəyə biləcək işlər üçün istifadə
etmək əvəzinə bəziləri bundan öz
çoxdanki avantürist niyyətlərini gerçəkləşdirmək
üçün istifadə edirlər.Belə münasibət,
belə davranış özünü ziyalı zümrəsinə
aid edən şəxsə qətiyyən yaraşmaz.Dövlət
müstəqilliyinin hərc-mərclik olmadığını
tərcüməçilər başqalarından daha
yaxşı anlamalıdırlar,məncə.Biz axı
inzibati-amirlik metodları ilə idarə olunmaqdan qurtulmaq
xatirinə, gərək ki, qurbanlar da vermişik!? Bu qurbanlar
müstəqilliyin yaratdığı imkanlardan sui-istifadə
etmək, yaxud təcrübəli mütəxəssisləri
dövriyyədən çıxarmaq üçünmü
verilmişdi? Yaxşı ki, xalqımız, cəmiyyətimiz
vicdanlı, ayıq insanlardan heç vaxt xali
olmamışdır. Yəni mətbuatımızda, kütləvi
informasiya vasitələrimizdə istər dil məsələləri,
istərsə də tərcümə məsələləri
ilə bağlı təhlili və tənqidi
çıxışlar, özü də kifayət qədər
tutarlı dəlillərə, faktlara əsaslanan
çıxışlar olur. Bu isə o deməkdir ki, ictimai
fikir,dolayısı ilə həm də ictimai nəzarət
öz işini görməkdədir və bu sahədə vəziyyətin
tədricən yaxşılaşacağına hələ
ümid var.
-Kitabda Sizi təmin etməyən nələrinsə
olduğunu təkrar-təkrar vurğulayırsınız.
Hansı çatışmazlıqlar var ki?
- Təvazökar görünmək
üçün yox, həqiqi mənada bir daha qeyd etmək istəyirəm
ki, buna sözün tam mənasında kitab deyildir. Amma hər
halda kitab formasında çap edilmişdirsə, müəyyən
normalara uyğun gəlməli idi. Heç kimi qınamıram,
sadəcə, öz münasibətimdən irəli gələn
qüsurları sonradan görüb bir qədər məyus
oldum.Məsələn, kitabda toplanmış materiallar janrlar
üzrə təsnif edilə bilərdi. Bunu etməmişəm,
yeganə səbəbdən ki, materialların sayı o qədər
də çox deyildir. Amma hazır məhsul əldə olandan
sonra onun çatışmazlıqları daha aydın
görünür. Nə etməli? Keçənə güzəşt
deyərlər. Bu tərtibatda da kitabı oxuyan hər kəs
oradan özü üçün nə isə götürə
bilər. Onsuz da kitab satış üçün nəzərdə
tutulmamışdır. Kimə hədiyyə ediləcəksə,
özləri nəyin nə olduğunu anlayacaqlar.
-Dediyinizə görə, kitabınızın sponsoru
Xanımınızdır və hələ sponsorluq bir yana,
Xanımınızın təşəbbüsü
olmasaydı, Siz bu kitabın çapına çətin ki,
razılıq verərdiniz. Məncə, bu , sizin xarakterinizdən
doğan bir amildir. Niyə axı kitab məsələsi Sizi
bezikdirmiş kimidir?
- Kitabı açan kimi həyat
yoldaşımın şəklini və xeyir-duasını
görəcəksiniz. Əslində bununla mən onun
könlünü almağa çalışmışam,
çünki mənim çıxışlarım olan qəzet
nüsxələrinin, səhifələrinin itməsində ən
çox danlaq eşidən o olub. Elə materialların kitab
halında çap edilməsinin təkanvericisi də həyat
yoldaşımdır. Bir gün çox gileyləndiyimi
eşidib dedi ki, hamı öz yazılarını kitab
halına salır, məgər sənin belə bir imkanın
yoxdur? Kitab halında bu yazıları saxlamaq da asandır, kimə
isə təqdim etmək də. Bu söz məni bir növ hərəkətə
gətirdi. Əlimdə olan materialları toplayıb tarix
ardıcıllığı ilə yığdım və ona
dedim ki, bəs çap işinin sponsorluğunu kim edəcəkdir?
Zarafatla dediyim sözü həyat yoldaşım ciddi qəbul
edib sponsorluğu boynuna götürdü, bir şərtlə
ki, bu, mənim yetmiş illiyimə onun hədiyyəsi
sayılacaqdır. Razılaşdıq. Beləliklə, uzun
müddət beynimdə tərəddüdlə
götür-qoy etdiyim fikirlə onun fikrinin üst-üstə
düşməsi bu kitabı hasilə gətirdi. Əslində
mən bədii əsər olmayan yazıların kitab kimi
buraxılmasına o qədər də müsbət
yanaşmamışam. Bəzilərinin zorəntəbib
yazıçılıq etdiyini və üzdəniraq bədii
əsərləri çapdan çıxarıb oxuculara
sırıdığını siz də bilirsiniz. Belə
"əsərlər" naşı oxucuların
zövqünü, bədii dəyər haqqında mükəmməl
təsəvvürü olan həqiqi oxucuların isə əsəblərini
korlayır.Kitab buraxmaq işinə məhz bu cür münasibət
bəslədiyimə görə bəzi bədii
cızmaqaralarımı üzə çıxarmıram. Məhz
bu baxımdan müxtəlif qəzet və jurnallarda vaxtı
ilə dərc edilmiş, o qədər də populyar olmayan
yazılarımı kitab şəklində çap etdirmək
mənə müəyyən qədər əzablı gəldi.
Amma hər halda bu işi gördüm.
-Bildiyimə görə, kitabınızda dünyanın
bir çox siyasi məsələləri haqqında fikirləriniz
öz əksini tapıb. Burada bir risk də olmamış
deyil, yəqin ki. Bugünkü həyatımızı ala-bula
məhəbbət və intriqa mövzuları, şou və
atmacalar bürüdüyü bir məqamda
kitabınızın uğuru barədə
düşünmüsünüzmü?
- Dünyada tarix boyu iki cür
çəkişmə gedib və gedir: müharibə şəklində
və siyasi oyunlar şəklində. Yazılarımda
politoloji məsələlərin üstünlük təşkil
etməsi kitabın adında əksini tapmışdır.
Bugünkü dünyanın siyasi oyunları keçmişdə
yüzillik müharibələrin ölkələrə və
xalqlara vurduğu ziyandan daha ağır nətiçələr
verir. Siyasətdən başı çıxmayan, siyasətlə
əsla maraqlanmayan adamlar bunu, əlbəttə, görə
bilməzlər. Lakin məkrli siyasi gedişlərlə
maraqlanan hər bir adam dünyada nə cür oyunlar getdiyini
az-çox başa düşür. Mən də öz
yazılarımda günümüzün siyasi məsələləri
haqqında fikirlərimi söyləmişəm. Siz riskdən
danışırsınız. Burada bir risk görmürəm,
çünki siyasət texnoloqları öz oyunlarını
hamının gözü qarşısında oynayırlar və
bu oyunlar barədə fikir söyləmək heç kəsə
yasaq edilməmişdir. Əlbəttə, siyasi oyunların
bilavasitə iştirakçılarına hansı formadasa
yasaq şamil edilə bilər, mən isə nə siyasi
oyunların iştirakçısıyam, nə də dövlət
əhəmiyyətli məsələlərin həllində
bir rolum vardır. Sadəcə, siyasi hadisələrə aid
öz müstəqil fikirlərimi söyləyirəm və
bu mənada heç kəs mənə konkret irad tuta bilməz.
Əgər Vətənin mənafeyinə zidd fikirlər
söyləmiş olsaydım,onda başqa məsələ. Mən
isə nəinki vətənimin mənafeinə zidd fikirlər
söyləmərəm, əksinə, həmişə
xalqımızın, ölkəmizin mənafeyi
üçün təhlükə doğura biləcək
hadisələr barədə xəbərdarlıq ruhunda
mülahizələri bildirmişəm. Gündəlik həyatımızın
ala-bula mənzərəsinə gəldikdə isə bunu
ötəri bir hal sayıram. Baş verənlərin əksəriyyətinin
mənim fikirlərimlə bağlılığı
olmadığı kimi, yazılarımı oxuyacaq insanlar da
bayağı düşüncəli insanlar deyildir.
Yazılarımda siyasi hadisələrin xronologiyasını
da, siyasi məsələlərə ayrıca bir fərdin
baxışını da tapmaq mümkündür. Yəni
şəxsi marağından azacıq da olsa kənara
çıxa bilən hər bir düşüncəli,
dünyagörüşlü adam mənim kitabımda
maraqlı fikirlər tapa bilər. Oxuyub- oxumamaq isə hər
kəsin öz işidir. Kitab bir gün, bir il
üçün buraxılmır ki...
-Kitabınız düz yetmiş yaş ərəfəsində
işıq üzü gördü. Bu yetmiş yaş məsələsi
Sizə nə deyir? Ümumən nikbin olduğunuzu bilirəm,
ancaq bu yaşa çatanadək nələri
qazanılmış və nələri itirilmiş hesab
edirsiniz?
- Yuxarıda qeyd etdim ki, həyat
yoldaşım bu kitabı mənim yetmiş illiyimə bir hədiyyə
kimi gördüyünü bildirmişdir. Hər nədirsə
yetmiş yaş az müddət deyildir. Yetmiş il
yaşamış bir adam həyatdan nə isə əxz
etmiş, bir çox məsələlər haqqında bitkin
fikir söyləyə bilən, ömrünün müəyyən
mərhələləri üçün iftixar və ya təəssüf
hissi keçirən fərddir. Bu yaşda adam bir də axirət
dünyası haqqında düşünməyə məhkumdur.
Axı ömrümüzün müddəti bizdən az
asılıdır. Mən həyata həqiqətən nikbin
baxıram. Bir halda ki, ömrümüzü biz müəyyən
etmirik, taleyimizlə barışmamağın nə adı
var? Hər halda bu yaşa çatanadək mən çox
hadisə və vəziyyətlərlə üzləşmiş,
çox xarakterlər görmüş, çox mətləblərdən
hali olmuşam. Bir qazancım budur. İkinci qazancım bu
gün üçün nümunəvi sayıla biləcək
ailədən çıxıb yenə bu gün
üçün nümunəvi sayıla biləcək şəxsi
ailəyə, övladlara və nəvələrə sahib
olmağımdır. Böyük qazanclarımın
sırasına dost-tanışlarım, məni istəyən
və mənim istədiyim adamlar da daxildir. İtkilərimi də
eyni meyarla ölçürəm. Görmək mümkün
olan bir çox işləri
naşılıqdanmı,düşüncəsizlikdən və
ya səhlənkarlıqdanmı görmədiyimi itkilərimin
hesabına yazıram.
-Mən
Sizi son dərəcə bilikli, məlumatlı və
çağdaş bir ziyalı kimi tanıyıram. Bütün
bu məziyyətləri əxz eləmək üçün
hansı yolları keçmisiniz və yoxsa hələ
keçiləcək yollar da var?
(Davam edəcək)
Tofiq Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2012.-17 mart.-S.15.