YOLLARI
QAYITMAQ OLMUR
ƏDƏBİ HƏYAT
Solum olub, sağım olub,
Çıxmaq üçün dağım olub.
Enmək üçün enişim
Bu yolları getmək
üçün
Görən kimə gənəşim?!
Suyun da zirvəsi olur,
Hər dəryanın öz dibi.
Çiçək də yol gedir, solur,
Dərinlik də fikir kimi.
İnsan gərək
Uşaqlıqdan ayıq ola,
Sonradan ayılmaq olmur.
Bu yollar getmək
üçündür,
Yolları qayıtmaq olmur.
Bu şeir Əlislam
Bilalındır. Ömür yolu haqqında, bu yolun
haçansa qırılacağı bir an, bir gün
haqqındadır. Əlislam bir neçə il öncə o
yolun sonuna çatdı və bir də geri qayıtmadı.
Bilmirəm, cəmi iki şeirlər
kitabı çıxan və sağlığında
az-çox tanınan Əlislamı ailəsindən başqa
kimsə yad edəcəkmi? Martın 5-də onun 60 yaşı
tamam olur. Əlislam Bilal altmış yaşını görmədi.
İstəyirəm bu yazıda Əlislamın şair
ömrünü yaşadacaq şeirlərindən söz
açım.Əvvəlcə qısa bir avtobioqrafik məlumat:
Əlislam Bilal oğlu Səmədov
1952-ci ildə Kürdəmirin Şıxımlı kəndində
dünyaya göz açıb. Köhnəbazar kənd orta məktəbini
bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət
İnstitutunun mədəni-maarif fakültəsində təhsil
alıb. Sonra gəmi təmiri zavodunda klub müdiri, mədəniyyət
sarayında müdir, "Maarif" nəşriyyatında
böyük korrektor, "İnsan hüquqları" və
"Vaxt" qəzeti redaksiyalarında müxbir, redaktor vəzifələrində
çalışıb. "Mədəniyyət" qəzetində
əməkdaşlıq edib. Bədii yaradıcılıqla
70-ci illərdən məşğul idi. 1983-cü ildə
"İlahi səslər" kitabı işıq
üzü görüb. Onun haqqında bildiklərim budur. Bu məlumatı
da "XX əsr Azərbaycan yazıçıları ensiklopedik
məlumat kitabı"ndan götürmüşəm.
Əlislam Bilalı
tanıyırdım, təbii ki, bir şair kimi. Dost kimi yox.
Amma indi şeirlərini oxuyuram və fikirləşirəm ki,
gözəl şeirlər müəllifi ilə gərək
dost olaydım. Hərçənd ki, bir neçə dəfə
görüşmüşük, oturub söhbət etmişik,
çay içmişik.
Onun 32 il öncə
yazdığı bir şeiri oxuyuram. Bu şeirdə Ə.Bilal
ömrünün müəyyən cizgiləri öz əksini
tapıb. Hiss olunur ki, Əlislam sıxıntı içində
yaşayıb, mənəvi ağrılar içində
qovrulub, amma bunların hamısını bir şair kimi
içinə çökdürə bilib. Şeirdə
şair ömrü ilə bönövşə ömrü tən
tutulur.
Nə vaxt qurtaracaq şüşə
qəlblərin
Daşlara toxunub çiliklənməsi?!
Nə vaxt qurtaracaq tər bənövşənin
Güllərdən ayrıca
çiçəklənməsi.
Bəs niyə bənövşə
gül bazarında
Çiçəklərlə birgə
dərilməyibdir?
Bəlkə də bar vaxtı
gül bazarında
Qiyməti yerində verilməyibdir.
Elə bil bu yerdə yad bir qəribdir,
Boynu də əyilib çox
yandığından.
Bənövşə elə bil Əli
Kərimdir,
Tez qaçıb gizlənir
utandığından.
Bu şeirdə iki misra var ki
("Bənövşə elə bil Əli Kərimdir, tez
qaçıb gizlənər utandığından"), onu
ancaq şair deyə bilər.
Şeirlərindən
görünür ki, Əlislam Bilal müasiri olduğu,
özünə ustad sandığı şairləri çox
sevirmiş. Ustad şairimiz Məmməd Araza həsr elədiyi
"Bir kitab var" şeirində də bunu hiss etdirir. Deyir
ki: "Bu kitabı gözlərimlə vərəqləyirəm,
Bir şairin Vətən hissi sığılıb bura".
Əlislamın şeirlərini
mövzuca qruplaşdırmaq istəməzdim. Vətəndən
də yazıb, ona məhəbbətini izhar edib, təbiətin
gözəlliklərindən və ayrı-ayrı fəsillərinin,
çaylarının, sularının, ağaclarının
onda oyatdığı təsirdən də. Ana mehrindən,
ata ülfətindən də yazıb, ömrün keşməkeşlərindən,
ya da sevinclərindən.. Yola döşənmiş
daşlardan da,, Bir payız yarpağından da.Amma hər bir
şeirində çalışıb ki, nəsə bir
söz desin.
"Bir payız yarpağı"
şeirində deyir ki, sevgililər bir bağda
görüşürlər, həzin küləklər əsir,
baharda ayrılanlar bax, bu zaman, bu payız yarpaqlarının
uzanan əlləri altında barışırlar.
Hər yarpaq dalınca uzanar əlim,
Gizli bir həsrətlə
döyünər ürək.
Başına qonacaq hansı gözəlin,
Bir payız yarpağı
şahlıq quşu tək.
"Yumruq yetimlər" şeiri
var Əlislamın və o şeirdə insan
gücsüzlüyünün hansı andasa gücə,
qüvvəyə çevriləcəyini, bir yetim
yumruğunda ədalətsizliyi, haqsızlığı
boğa biləcəyini israr edir.
Hələm-hələm
açılmır yetimin əli,
Hələm-hələm yumulmur yetimin əli.
Əsəbindən
yumulur yetimin əli,
Uibində yumulur yetimin əli.
Qalxsa qırmızı boyayacaq
hər yanı yetim yumruqlar.
Qalxsa tikanlı kirpi kimi,
ayıldacaq dünyanı
yetim yumruqlar
yumruq yetimlər!
Əlislamın
şeirlərində bədii
təsvir vasitələrinin
əlvanlığı da
diqqəti cəlb edir.Məsələn, o bir
şeirində yazır
ki: "Gəzir təkbaşına Ay Məcnun
kimi Gecənin gözləri yaman qaradır. Ürəyim çiynimdə bir xurcun kimi, Yaxşı
ki, bilirəm yolum haradır" . Dörd misrada iki təşbeh, bir istiarə (metafora) işlənib, hamısı da orijinaldır. İndi bu şeirin axarına düşək,
görək ürəyini
çiynində xurcun
kimi gəzdirən şair hara gedir, yolu hayanadır?
Dostlarım xurcunun arxa gözündə,
Düşmənim
xurcunun qabaq gözündə.
Yaxşı ki, xurcunun o arxa gözü,
Yaxşı ki, xurcunun o ağır gözü,
Basıb kürəyimdən aparır
məni.
Nə yaxşı xurcunun qabaq gözündə,
O xəstə gözündə, dabaq gözündə
Ancaq əyrilərim toplanıb
mənim
Şeirin sonrakı misralarında
"xurcunun qabaq gözündəki" namərdlərin,
həmzələrin əməllərindən
söz açılır
Alim Qasımova həsr etdiyi şeir də gözəldir:
"Oxuyanda təzədən
doğulur, səsdən
çıxır. Ruhunu
Vətəndən alır,
çörəyi yaddan
çıxır. Simurq
quşu tək pərvazlanır, oddan çıxır".
Onun "göylərdə mələk
idim" kitabına ön söz yazan şair dostu Mübariz Məsimoğlu yazır ki: "Əlislam Bilalın deyim tərzi özünəməxsusdur.
Müxtəlif poetik üsullardan istifadə edir. İstər sərbəst, istərsə
də heca şeirlərində bol-bol
cinaslı qafiyələrə
üstünlük verir.
Deyim tərzi ürəyə yatımlıdır".
Mən də bu fikirlə razıyam. Andaq əlavə edim ki, Əlislamın şeirlərində bütün
bu poetik üsullar fikrin daha tutumlu, daha
dolğun səslənməsinə
kömək edir. Yəni onun şeirlərində fikirlə
hiss bir-birini tamamlayır.
O, ənənəvi
mövzularda da çalışırdı təzə
söz desin. Məsələn, "Dünya"
qoşmasında olduğu
kimi:
Ayları illərə calayıb gedir
Görəsən,
tələsir hayana dünya?!
Namərdi güldürür, mərdi
incidir,
Çətin ki yetişə həyana dünya.
Dağ idim, əridim, yamac kimiyəm,
Dərdin sığalından tumac kimiyəm,
Elə xırdalandım, umac kimiyəm,
Çəkər
ayağımdan ha yana
dünya.
Azalıb taqətim,çoxalıb yüküm,
Bir sevinc olmadı ömrümü büküm,
Daha bundan sonra tərpənməz
tüküm,
Od tuta, alışa, ha yana dünya.
Əlislamın
sevgi şeirlərində
də təzəliklər
çoxdur. Bu şeirlərdə
yaşanılan, duyulan
hisslər səni özünə çəkir.
"Sevirəm" sözünü
demək çox asandır, ancaq "Mən səni heç zaman sevə bilmərəm"
etirafını səsləndirmək
çətindir. "Könlümü
çəkməyib özünə
heç vaxt, Nə sənin həsrətin, nə sənin özün, Atıb həsrətini bir qara gözün,
Mən səni heç zaman sevə bilmərəm".
Bu kiçik yazıda mən mərhum deməyə dilim gəlmədiyi Əlislam Bilalın bir neçə şeirindən söz açdım. Neyləmək
olar, "ölüm haqdır, qaçmaq olmaz əcəldən".
Amma ölümdən
də güclü sənət var və Əlislamı yaşadan da şeirləri olacaq, dostlarının xatirəsi
olacaq, övladlarının
o nəsli davam etdirməsi olacaq. Sözümü Əlislamın
bu şeiri ilə bitirmək istəyirəm:
Nəğmən
sevgi üstdə avazlanırsa,
Səsinin sehrində o nazlanırsa,
Bir gözəl eşqinlə
pərvazlanırsa,
Yapış tikan kimi, iylə
gül kimi.
Ayaqlar altında torpaq ağlasa,
Qəlbini vətənin
dağı dağlasa,
Günəşin üzünü
duman bağlasa,
Yumul yumruq kimi, açıl əl
kimi.
Kədər də, sevinc də gəlib
keçəndi,
Sevinc göyərdəndi, kədər
biçəndi,
Hərə bir libasda gəlin
köçəedi,
Ölsən, kəfəni də
geyin tül kimi.
Vursa da hər rəngi min bir budağa,
Yç fəsil pay verər zaman yarpağa,
Kök at palıd kimi, əyil torpağa,
Qocal zaman kimi, yaşa
el kimi.
Vaqif YUSİFLİ
Ədalət.-2012.-
17 mart.- S.19.