"İnqilabi
dəyişiklik edəcəyəm vədini verməmişəm"
Zəlimxan Məmmədli: "Mən
hələlik o məmurların adını çəkməyəcəm"
"Borçalı Cəmiyyəti"nin
sədri Zəlimxan Məmmədli "Ədalət" qəzetinin
suallarını cavablandırır.
-
Gürcüstanda yaşayan soydaşlarımızın hədsiz
problemlərlə üz-üzə qaldığı barədə
zaman-zaman informasiyalar verilir. Doğrudanmı, problemlər
ciddidir?
- Gürcüstanda yaşayan
soydaşlarımız siyasi hakimiyyətin yaratdığı
problemlərlə yanaşı, sosial problemlərdən əziyyət
çəkirlər. Sosial problemlər bütün postsovet məkanı
və Şərqi Avropa ölkələrinə xarakterikdir.
Onları siyasiləşdirmək cəhdləri
naşılıq, məqsədyönlü təxribatdır.
Zavodlar dağılıb, işsizlik problemi yaşanır,
maaşlar çox aşağıdır, hər şey
çox bahadır, Azərbaycanda da oxşar vəziyyətdir.
- Bəs, azərbaycanlıların təhsil
aldığı məktəblər niyə bağlanır?
- Azərbaycanda da dağlıq ərazilərdə
yerləşən bəzi məktəblər
bağlanılır. Çünki həmin məktəblərə
gedən uşaqlar aşağı ərazilərə və
yaxud da paytaxt Bakıya köçüblər. Eyni zamanda
islahatlar nəticəsində bağlanan və birləşdirilən
məktəblər var. Bəzən bir binada, yaxud bir kənddə
iki məktəb olur ki, onların birləşməsi zəruridir.
Belə halların "milli məktəbləri
bağlayırlar", "borçalıları
köçürürlər" kimi təqdim
olunmasını düzgün hesab etmirəm. Milli məktəblərimizin
saxlanılmasında prinsipial mövqe göstərilməsi əsas
məsələdir.
-
Bu mövqeyi kim sərgiləməlidir?
- Azərbaycanda zaman-zaman
ayrı-ayrı məmurlarların səsləndirdiyi fikirlər
yaddan çıxmayıb. "Orda bizim məktəblər
gürcüləşdirilməlidir" bəyanatını
verən azərbaycanlı məmurlar var və təəsüflər
olsun ki, bəzi hallarda naşılıq edənlərin
arxasında duranları da həmin dairələrdə axtarmaq
lazım gəlir. Bu adamlar ortaya aydın mövqe
qoymalıdırlar. Hələlik onların adlarını
çəkmirəm. Gürcüstanda milli məktəblərin
bütün statusu ilə qorunması vacibdir. Milli məktəblərin
mövcudluğu gürcü dilinin öyrənilməsinə
maneə yaratmır.
-
Soydaşlarımızın gürcü dilini öyrənməyə
maraq göstərmədiyi bildirilir. Niyə gürcü dili
öyrənilmir, problem nədədir?
- Gürcü dilinin tədris
saatlarının artırılması, bu dilin öyrədilməsi
üçün əlavə vasitələrin
tapılması, televiziya, radio proqramlarının
hazırlanması, xüsusi pulsuz kursların təşkili məqsədilə
məzuniyyətdə olan müəllimlərin cəlbinə
dair təkliflər irəli sürmüşük. Zəhmət
çəkib gürcülər həmin təklifləri nəzərdən
keçirsinlər. Gürcüstan rəsmiləri ilə
görüşdə də demişəm ki, bu dili sevdirsinlər,
əks təqdirdə onu öyrənməyəcəklər.
Ona görə ki, sən Borçalı türkünün
heysiyyatına toxunmusan, onun kəndinin adını dəyişmisən,
o artıq sənin dilinə sevgili deyil. Eyni zamanda dil məsələsini
spekulyativ formada ortaya atıb inteqrasiya adlı süni problem
yaratmamalarını da diqqətlərinə
çatdırmışam.
-
Min illərdir bir yerdə yaşayanların hansı
inteqrasiyasından söhbət gedir?
- Əlbəttə ki,
inteqrasiya problemi ola bilməz.
Axısxa türkü barədə
inteqrasiyadan danışıla
bilər, amma bunun nə abxaza,
nə Borçalı
türkünə aidiyyəti
var. Min illərdir Borçalı
türkü orada yaşayır, həmçinin
də gürcü min
illərdir orada məskunlaşıb. Necə oldu
ki, bunların XXI əsrdə inteqrasiya problemi ortaya çıxdı? Axı Borçalı
türkü qaçqın,
köçkün deyil,
başqa ölkədən
ora gəlməyib?
O bölgədə hər
zaman danışıq
dili türk dili olub və
bu bölgə mahiyyətcə türk bölgəsidir. Gürcülərin onlarla aşığı
mahnılarımızı oxuyu-oxuya,
sazımızı çala-çala
aşıq olub toylara gediblər. İndi durub bunu Gürcüstanın
ictimai, siyasi həyatında iştirak etmə modelləri kimi təqdim etməyə ehtiyac yoxdur. Bunun mahiyyətini sən
başqa yerdə axtarmalı, haralarda xətalara yol verdiyini aşkarlamalısan.
Yanlışlıqları aradan
qaldır, kənd adlarını bərpa et, gör Borçalı
türkləri Gürcüstana
böyük bir dayaq olur, yoxsa
yox.
- İnsanların
torpaqlarının alınması
faktları da var...
- Ən
böyük yanlışlıqlardan
biri insanların torpaq üzərində mülkiyyət hüquqlarının
məhdudlaşdırılmasıdır.
Axı yeri gələndə bu insanların dolanışıq mənbəyi
onun torpağıdır.
Bu mafiyanın işidir və bəzi hallarda hakimiyyətin əli olduğu da ortaya çıxır.
Saakaşviliyə də artıq
biz "Sən insanların
əlindən çörəklərini
almaqdan imtina elə" mesajımızı
göndərmişik. Ona görə ki, inqilablar fəhləyə,
kəndliyə çörək
verib. Əgər Gürcüstan inqilabında
kəndçinin əlindən
çörək almaq
fəlsəfəsi vardısa,
vay o inqilabın halına. Onun gələcəyində hansı
faciələrin ola biləcəyi düşünülməlidir.
-
Dövlət qurumlarında soydaşlarımızın təmsil
olunmamaları onların gürcü dilini bilməmələri
ilə əlaqələndirilir. Bu ittiham nə dərəcədə
reallığa əsaslanır?
- Dövlət idarələrində
işə götürmənin bir sistemi var. Bu məsələ
sivilərin verilməsi proseduruna əsasən icra olunur.
Artıq getdikcə kimisə "sən mənim qohumumsan"
deyib harasa təyin etmirlər. Necə ola bilər ki, sən 10
ildə gürcü dilini öyrənə bilmirsən? Baza var
və hətta qrammatik səviyyədə üç ay bu dili
öyrənmək üçün yetərlidir. Kimin
könlündə gürcü dilini öyrənmək niyyəti
var, o qabağa gedəcək.
-
Seçkili orqanlarda təmsilçilik passivliyi niyə aradan
qaldırılmır?
- Seçkili hakimiyyət olsa belə,
Borçalı bölgəsində bütün vəzifələrə
yiyələnmək üçün Borçalı türklərinin
intellektual və siyasi gücü yüksəlməlidir. Siyasi,
ictimai təşkilatlanma vüsət alıb, amma bu o iddialara
cavab vermək üçün yetərincə deyil. Bölgədə
siyasi güc, siyasi təşkilatlanma sürətlənməli,
üçüncü sektor aktiv olmalıdır ki, cəmiyyəti
seçkili orqanlarda təmsilçilikdə iştiraka
sövq etmək də mümkün olsun. Seçki
mühüm atributdur və ondan bəhrələnmək gərəkdir.
Bunun üçün ağıllı,
düşünülmüş addımlar
atılmalıdır.
-
"Borçalı cəmiyyəti"nin yaxın və uzaq
hədəfləri nədir?
- Mən bu çəmiyyəti
yaradanda üç ilə böyük inqilabi dəyişiklik
edəcəyim barədə vəd verməmişdim. Heç
10 il vədini də səsləndirməmişəm. Biz
asta-asta, ağıllı, düşüncəli, iradəli və
cəsarətli uzaq hədəfə gedirik. Bu hədəf Cənubi
Qafqazın bütövlüyü, əbədi və əzəli
müharibəsiz dinc yanaşı yaşama modelidir. Bu modelə
də insanlarımız hazırlaşmalıdır.
-
Sizə qarşı duran bəzi qüvvələrin
arxasında birmənalı olaraq Rusiyanın
dayandığını iddia edirsiniz?
- Təbii. Bu mühüm bir faktordur. Bizim platfomamız tamamilə
Rusiyanın istəklərinə
qarşıdır. Rusiyanın istədiyi
nədir? Rusiyanın ən
əsas niyyəti
NATO-ya gedən yolu əngəlləməkdir.
Gürcüstanda kifayət
qədər öz mövqeyi olan təşkilatlarımız var,
QHT sektorunun fəaliyyəti
artır, gənclərimiz
fəallaşır və
artıq Gürcüstanın
ali məktəblərində
500-ə yaxın tələbə
təhsil alır. Bu, çox böyük
qalibiyyətdir və hesab edirəm ki, ideal qalibiyyət intellektual gəncliyin yetişməsidir. Onları hər
zaman himayə etmək lazımdır.
QHT sektoru da
həmin gəncliyin bazasında formalaşır
ki, bu da
çox gözəldir.
Siyasi təşkilatlanmada bir qədər problem var və görünür
biz müəyyən mənada
burada rol oynayacağıq. Biz burada güclənməklə
gürcü cəmiyyətini
Gürcüstanı tərk
etmək fikrində olmadığımıza inandırmaq
istəyirik. Xırda dedi-qodularla
irəliyə getmək
deyil, kimlərisə özümüzə güldürmüş
olarıq.
- Hesab edirsiniz ki, bu modelin
tətbiqini gürcülər
arzulayır?
- Şübhəsiz
bu modeli istəməyən gürcülərin
olduğunu istisna etmirəm. Hətta şovinist, etimad
mühiti itmiş bir düşərgə də var. Azərbaycanda da bunu istəməyən
qüvvələr mövcuddur.
Primitiv regionçu təfəkkürlə təmərgüzləşmə
o qədər problem yaradıb
ki, Zəlimxan Məmmədli ən azı Rəsulzadə-Elçibəy
ocağının yetirməsi
olaraq o dərəcədə
primitiv təfəkkür
sahibi ola
bilməz. Biz bütövlükdə Azərbaycanın
problemi deyib ayğa qalxmışıq.
Gültəkin Qəhrəmanlı
Ədalət.-2012.-20
mart.- S.3.