XANƏMİR
TELMANOĞLU: SADƏCƏ, ÇOXLARINA DÜŞÜNMƏ
HAQQI VERİRƏM
MƏN
ÇOBAN OLSAYDIM, QOYUN OTARMAĞIN DA MARAQLI ÜSULUNU TAPARDIM
Xanəmir
həm insan kimi, həm də şair kimi maraqlı və bənzərsiz
adamdır. Onunla bütün söhbətlərimiz maraqlı
olur. Amma bu söhbət, başqa söhbətdir. Bu müsahibəni,
biz iki dostun söhbətini oxumayan məncə çox şey
itirəcək. Bir sözlə, uzun-uzadı giriş
sözünə ehtiyac görmürəm, məncə
oxumağınız məsləhətdir.
-Yeni kitabın çap olunub, təbrik edirəm... Bir az
bu barədə danışaq, mövzusu, ideyası...
Ümumiyyətlə bu kitabdan nə gözləyirsən? Bu
kitab sənə və oxucuya nə verəcək?
- Duyarlı olduğun və
qutladığın üçün minnətdaram. kitabın
yaranma səbəbi belədir. Tamamiilə fərqli bir
üslubda şeirlərimi çapa hazırlarkən Quzey
Kıprıs Türk Cümhuriyyətinə poeziya ilə əlaqəli
böyük bir beynəlxalq şölənə dəvət
aldım. Bu poeziya şölənində
tanıdığım dünya şairlərindən yenidən
görüşmək imkanım olacaqdı. Qəfil onlarla
paylaşmaq üçün bir kitab- indiyə kimi çap
olunan 3 şeir kitabımın hərəsindən 5-10 və əlavə
4-5 şeir də yenisini bir kitabda toplayıb adını qoydum
"Qəvi qövmün qalı". Hətta üz
qabığında 2008-ci ildə nəşr olunan
"Saatım Bağdadda qaldı" şeir kitabımda gedən
rəsmi yenidən istifadə elədim. Ümumiyyətlə,
hər kitab bir mesajdır. Mənim bu kitabım Azərbaycan
poeziyasına ciddi baxılsa, yenə deyirəm ədəbiyyat,
sənət naminə baxılarsa, ciddi bir mesajdır. Hə, o
mesaj nədi, deyərsənizsə, mən də deyirəm,
buyurun, bacarırsaınızsa, kitabı əldə edib agah
olun. Kitabın ikinci hədəfi, Azərbaycan məkanında
hökm sürən bir düşüncə oluşumunun ədəbi-estetik
boyutlarda necə yalın və təhlşüursuz
olmasına bir göndərmə vardı.
Bu kitab məni sözün əsl
mənasında dünya şairləri ilə qovuşdurdu,
içindəki bəzi şeirlər İsraildə, Fələstində,
Danimarkada, Türkiyədə, Suriyada çap olunub artıq. Bu
kitabın İsraildə çapı gündəmdədir.
Onu deyim ki, kim nə deyir desin, mən bir daha əmin oldum ki,
poeziyadan xəbəri olmayanların poeziya adına nə deməyindən
asılı olmayaraq, illərdir yorulmadan içimə çəkilib
davam etdirdiyim özünü doğruldan eksperimentlərim,
ingilis versiyasında da ruhumu qabartdı. Onu da deyim ki, 6
aydır qarşılıqlı işlədiyimiz, türkcəyə
uyğuladığım bu şeirləri çox istedadlı
bir türk qələm dostum ingilis versiyasında səsləndirməyi
bacardı. İndi o ingiliscə şeirləri mən Azərbaycan
türkcəsinə yenidən qazandıranda ortaya qərib və
son dərəcə maraqlı nümunələr
çıxır.
-Bu
gün ədəbiyyatda kifayət qədər adı hallanan,
kütləvi əsərlər yazan yazarlar oxucu
qıtlığından gileylənir. Sənin
yaratdığın ədəbiyyat isə ağır
yüklü ədəbiyyatdır, kütləyə
hesablanmayıb. Narahat deyilsən ki, oxucu azlığından?
-Azərbaycanda ən çox
oxucusu olan şair mənəm. Mən oxunmuramsa, bu ölkədə
özünü ən böyük və iddialı hesab edən
şairlərin əllərində altı xətt-xətt
çizilən kitablarım nə gəzir. İkincisi, bir kitabımın
70 nəfərdən çox oxumağına, kitabın
didik-didik olduğuna özüm şahidəm. O kitab artıq
məndə durur. Özü də necə oxunub. Kitabı
görəndə, ən qədim mənqibələr, ən əski
məxəzlər təsirini
bağışlamışdı nədənsə mənə.
Yaxşı bilirəm ki, mənim yazılarım həm
öz yaşıdlarıma, həm məndən sonra gələnlərə,
həm də məndən əvvəlki nəslə kifayət
qədər stimul verib, yön göstərib. Digər tərəfdən,
deyək ki, oxucum azdır. Ancaq mənim bir oxucum, elə
yazarlar var ki, onların 100 oxucusuna dəyər. O sarıdan
narahat deyiləm. Mən mətnin, oxucunun, kitabın, əsərin
varlığının, yazının taleyinin, yazarın
kimliyinin nə olduğunun fərqində olan birisiyəm.
- Bu
yaxınlarda səfərdən gəlmisən. Kıprısda
nə var, nə yox? Mənə çox maraqlıdır, Azərbaycanda
imkanlı, geniş çevrədə tanınan, efirlərdən
düşməyən bunca yazar varkən, sanballı şeir
şölənlərinə niyə səni dəvət edirlər?
Bunun hikməti nədir?
-Deyim də, mən dünyanın ən
güclü terrorist təşkilatının üzvüyəm,
məndən qorxurlar. Adamlarımıza demişəm,
tapşırıblar ki, başqa cür hərəkət eləmək
olmaz. Bilirlər ki, göydələnlərini partladıb
havaya sovuraram.
Buna bax, inanmır. (gülür)
yaxşı, yaxşı, narahat olma. Bir neçə dəfə
belə şölənlərə qatılmaq imkanım olub.
Belə nəticəyə gəlmişəm ki, Azərbaycan ədəbiyyatı
ilə onun neftinə görə maraqlanırlar. Ancaq
yaxından tanış olanda görürlər ki, dünya ədəbi
ölkələri üçün Azərbaycan ədəbiyyatı
əslində Azərbaycan nefti kimi bir şeydi. Mənim bu
gün kənar mühitə çıxmağımda
yalnız "Saatım Bağdadda qaldı" şeirlər
kitabım böyük rol oynadı. O, kitab hələ də
öz işini görməklə məşğuldu. Burda isə
deyirlər: yox, yox, onu başa düşmək çətindir.
İcazə ver, cüt səbr gətirim....
-
Getdin, çıxış elədin, vətəni təmsil
elədin, yeni imzalarla tanış oldun. Bunun sənə və
ədəbiyyatımıza bir faydası varmı? Yoxsa sadəcə
gəzib gəlmək sayırsan bunu?
-Mənim, sənin, o birisinin
tanınmasının ancaq ədəbiyyatımıza, Azərbaycana
xeyri toxuna bilər. Özümə gələndə, isə,
ədəbiyyatda sürdürdüyüm xətti davam etdirməyin
ehtirasını yaşayıram. Yeni imzalarla
tanışlıqdan söhbət gedərsə, dünya
poeziyasında kifayət qədər tanıdığım, təqdir
elədiyim imzalar saysız-hesabsızdır. Onların hər
birinin yaradıcılığına da oxucu kimi deyil,
yaradıcı kimi münasibətlərim var. Şölənin
gözəlliyi odur ki, bu yazarlarla, canlı şəkildə təmas,
fikir toqquşmalarında bulunmaq özgə bir əhval-ruhiyyə
təlqin eləyir. Bir onu bilirəm ki, bu gün, mən Xanəmir,
bir Azərbaycan şairi olaraq, dünyanın heç bir
müasir xalqının müasir şairindən
özümü geri saymıram, əgər ağız
büzməyə meyilli olmasalar, deyərəm ki, elə məqamlar
var ki, məhz orda, qürurla danışmağa
haqqımız var. Mənə kimsə Azərbaycanda
hansısa yamaqlı, şil-şüt, oğurluq, haram nəfəsli
şeirini gətirib gözümə soxmasın. Sadəcə,
çoxlarına düşünmək haqqı verirəm.
-
Sözsüz ki, səfər zamanı müəyyən qədər
ədəbiyyat adamları ilə tanış olmusan. Hansı
fərqləri gördün?
-Fərqlər və
çeşidlər mübahisəsizdir. Ancaq bu fərqli və
çeşidli yazarlar, üslublar, ekollar, estetik məktəblər
bu gün müasir şairlərin qələmində sanki, bir
az da içə çəkik bir hal təlqin edir. Şeirin
ideoloji hədəfinə əşya və maddiyyatı daha
çox qurban verirlər. Bizimlə olan fərqlərə gəlsək,
biz maddiyyatı və əşyanı anlamırıq, onlarla
tanışlıq üslubumuz, ünsiyyət dilimiz şeirdə
itib, şeirdə saxtadır düşünürəm. Biz
maddiyyatı və əşyanı, həyatı şeirdə
öldürür, aşağılanmış bir duruma
düşürürük. Həm də mədəniyyətə
transfer edə bilmirik. Qərb poeziyasında, ümumi mahiyyətə
varsaq, maddə, əşya ədəbiyyatın məbədində
əfəndilik qazanır. Biz ağacı
qutsallaşdırırq, qərb şeiri hörmətli,
sayqılı edir. Texniki yöntəm baxımından isə,
qərbin ağ, sərbəst səpkili mətnlərinin heca
ortamı yaradır, düşüncə və məna
ortamında heca assosasiyası görüntüləyir. Bizdə
isə ağ, sərbəst adlı şeirlər heca təfəkküründən
elmi potensial olaraq qaçdıqca, sərbəsti də
gözdən salır. Digər bir özəlliyi, Qərb
şeirində şairin kimlik arayışları sanki yerini
varoluş savaşına gətirib ordan ideoloji
çapqınlığa təslim edir. Bir az da qardianlıq
hökm sürməyindədir bu şeir estetisinin mahiyyətində.
- Heç bir söz-söhbətdə,
qalmaqalda adın çəkilmir, niyə bildiklərini demirsən?
Bu seyirci mövqeyi, bu susqunluq nədən qaynaqlanır?
Axı sən bu ölkənin ədəbiyyata tam mənası
ilə aidiyyəti olan qələm adamısan. Məsələn,
bu səfəri bir başqası etsə idi, indi bütün
saytlarda, qəzetlərdə bir abzaslıq da olsa müsahibə
vermişdi.
-Bunu mənə çox deyirlər.
Ümumiyyətlə, ədəbiyyat ortamını bəlirləyən
kimdir axı? Mənim özümün özümə verəcəyim
hesabatım var. Bir də ki, yaxşı anlayıram ki, mən
əslində şair deyil, ya savaşçı,
döyüşçü olmalıydım, ya da ki, şəhid.
Mənə elə şeylər var ki, doğrudan qadın
sayağı hərəkətlər kimi gəlir.
"Ağğğbaaaağğğğ"ı,
"Osmanlı"nı kimsə yazsaydı, "Göyə
qayıdan mətnlər"i kim yazsaydı, "A mədəniyyətinin
A dili lüğəti"ni kimsə yazsaydı,
dünyanı dağıdardılar. Ancaq mən
dağıtmıram. Dünya yazıqdı. İzin ver də
gülüm də...
- Ədəbiyyatın
sözdən başqa hansı gəliri var? Nə
qazandırır sənə bu "yazı-pozu", ədəbiyyat,
söz?
-Neçə milyarddan
biri də mənəm. Bu ucsuz-bucaqsız
kainatda heç kiməm. Yox ey, varammı,
bilmirəm. Amma bax,
məni görürsən,
varam. Mənim mətnlərim energetik
mətnlər olmaqla metafizik poetik informasiyalarla doludur. İndi bunu kimə sübut edəsən.
Mən çoban olsaydım, maraqlı qoyun otarmaq üsulu tapardım. Hətta həz. Musanın da
ağlına gəlmiəyən
şəkildə qoyun
otarmaq səriştəmi
ortaya qoyub, elə "Zəbur" da o əcaib qoyun otarmağımla keçərdim. Qoyunları doğrudan
da, elə otarırdım uşaq vaxtı, uzun müddət otlamaz, durub dinşəyər, mən də kitab oxuyardım. Mənim yazılarım elə yazıdır ki, bugünkü ədəbi
mətnlər üçün,
çox mətnləri
otarır, doyuzdurur.
Qazancım isə, varlığımdakı
kişiliyimin ədəbiyyatla,
sözlə ilişkisində,
məni var edən gücü daha net hiss eləməyim,
bundan sonsuz həzz duymağımdır.
Mən sözdən belə çəkinməzdim əvvəllər.
İndi isə, sözdən, onu deməkdən, yazmaqdan, söyləməkdən,
hansı sözü yazmaqdan o qədər çəkinməyim, ehtiyat
eləməyim var ki. Getdikcə sözlərin varlığıma
uzaq meteorlar kimi başqa planetlərdən qopub gəlməsi mənə dəyib dağılması
deyil, nədənsə
Allaha dönüşməsi
nəfəsimi kəsir.
Mən İlahi mazaxistliyi xoşlayıram.
- Sənin bu "çal-çağırdan" bu qədər uzaq durmağının səbəbi nədir? Niyə inzaivadasan?
- Hər məkanı öz sahiblərinə buraxmaq lazımdır. Oğru dünyasının yığışdığı
yerlə, quldurların
dünyasını eyni
yerə çəkmək
də, elə hər ikisiylə babaların da yerini səhv salmaq olmaz da!!
Mən olmasam, çoxlarının
dəyəri qalmaz.
Ancaq onların olub-olmamasının
"bu tərəfə",
"bizim tərəflərə"
nə qədər faydası olub-olmaz özün bir götür-qoy elə.
Bir də kimsə hardasa olmalıdır axı. Hamı eyni istiqamətdə
axıb gedir. Bu axının eyniistiqamətli
sürünməkliyi kimsəni
qorxutmurmu? Hesab edirəm
bu gün erkək ruhlu yazar ortalıqda atılıb-düşməz.
- Niyə populyar deyilsən? Populyarlığın
yolunu bilmirsən, yoxsa populyar olmaq istəmirsən?
- Halaldı sənə. Səhərdən bəri eyni
sualı verirsən əslində. Mən də
bilə-bilə eyni suallarına fərqli cavablar guppuldadıram.
Bu sənin ustalığındır.Əgər
belə demək mümkün olsa, bu ədəbiyyat aləmi bir sistemdir. O sistemin içində hər kəs öz missiyasını yüklənməlidir.
Bu missiya kimisinə
təşkil olunur, kimisinə də verilir. Mən tapmışam. Tapmışam ki, kişi şeir
yazar, yazı yazar. Kişi zamanı duya
bilər. Necə ki,
neçə-neçə min illər qabaq bu yurdun kişiləri
martın 21-dən 22-sinə keçən gecənin necə bərabərləşdiyini
hiss edə biliblər.
Mən də düşüncə zamanını
hiss edirəm. Ona görə
də, öz yerimi tapdığımı
düşünürəm. Mənim kimisinə heç nə verilməz, yaxud da yeri
təyin olunmur. Mənim kimiləri, əvvəl-axır
aldığını sökə-sökə
tapır.
Mən desant birləşmələrində
xidmət eləmişəm.
Həm də döyüşdə
düşmən bilməsin,
qarşı tərəf
görməsin deyə,
bulunduğun təbiətin
rənginə görə
geyinərsən. Yerə elə
yatarsan ki, sezilməyəsən. Böyründən, bəzən üzərindən
ayağını basıb
keçərlər. Əsas olan
bilinməməyindir. Mən bax,
oyam. Bilinsəm də, yenə
"o məsələyə" hazıram.
- Ədəbi prossesləri
kənardan, sakitcə
izləyəndə həqiqətləri
daha yaxşı görmək olur, nəinki içində olanda. Nə görürsən uzaqlardan?
Azər Turan demişkən,
işində ol, əmioğlu. Proses yoxdur, fərdlər var. O fərdlər prosesə də aldana bilər, məğlub ola bilər,
uda da bilər.
Əsl proses yazarı; öz dayandığı poetik təravəti və hidayəti taleyində özəlləşdirib ideoloji
boyutların təhlükəsizliyindən
adladaraq mədəniyyətə
yetişdirə bilsin.
Ədəbiyyatın uzağı, yaxını
olmur. Ədəbiyyatın zamanı olur.
Hesab edirəm ki, ədəbi ölkəmizdə
dan sökülür.
Üfüqlərin qızartdağından bayılıram. Allahın hər
türlü lütfünü
ədəbiyyatımızın istənilən qanadında
görürəm. Azərbaycan
ədəbiyyatı bu
gün də öz varlığını
dünyaya hiss elətdirəcək
dərəcə deyil,
dadızdıracaq dərəcədə
təvazökarlığına doğru gedir.
Söhbətləşdi: Cəlil
Cavanşir
Ədalət.-2012.-20
mart.- S.7.