"YOL ROMANI"

 

   Tanınmış publisist İradə xanım Tuncayın "Yol romanı"nı vərəqləyirəm. Əsərin adındakı "roman" sözü məni qətiyyən maraqlandırmır, heç təəccüblənmirəm də. Onu janr mənasında çözməli olsaq, "publisistik roman" anlamına üstünlük verərik. Dünya ədəbiyyatında süjet xətti səyahət motivləri üstündə qurulan bu tipli romanlar az deyil. Elə ilk Azərbaycan romanımız-Marağalı Zeynalabdin bəyin "İbrahimbəyin səyahətnaməsi" əsərini götürək. Bunu roman adlandırırlar və əlbəttə, düzgün seçimdir.

   "Yol romanı" ölkələr və adamlar haqqındadır. Təbii ki, yazıçı gəzdiyi ölkələrin, orada rastlaşdığı hadisələrin və olayların, o ölkənin özünəməxsus koloriti, insanların adət və ənənələri, mədəniyyəti, təhsili, əxlaqi keyfiyyətləri barədə söz açmağı qarşısına məqsəd qoyur. Bizdən tamam fərqli ölkələr, bizə oxşamayan insanlar bizə doğma görünürlər. Sevməyi hamı bacarar, amma gərək sevdirməyi də bacarasan. İradə xanım "Yol romanı"nda hər cür siyasi konyukturadan uzaq bir mövqe seçib və ilk növbədə, bizə gəzdiyi ölkələri, rastlaşdığı və unutmadığı insanları sevdirir. Əsəri oxuyub qurtarandan sonra yadında nə qalırsa, hansı mənzərəni, hansı tanımadığın, amma artıq sevməyə başladığın insanı xatırlayırsansa, bu, yazıçının uğurudur.

   Amma bir cəhəti də qeyd edim: istər publisistik əsər olsun, istərsə də bədiigyazıçının arsenalında təsvir ustalığını nümayiş etdirən detallar, cizgilər yoxsa, o yazıdan söhbət açmağa dəyməz. İradə xanımın "Yol romanı" isə başdan-ayağa detallar və cizgilər üzərində qurulub. O, sanki səyahət eləmir, gördüklərini, hiss etdiklərini, duyduqlarını bircə-bircə rəsm etməyə çalışır. Bu rəsmlərdə görünən cizgilər öz rəngləriylə də seçilir: ağ, qara, yaşıl, qırmızı, boz, sarı, bənövşəyi. Bir sözlə, "Rənglər silsiləsi". Məsələn, Kipr -"Sevgi adası"- mənə müxtəlif rənglərin birliyini, vəhdətini xatırladır. 

   "O qədər səliqəli və təmiz bir məkandır ki..."

   "Of, ay aman, burda da siyasət? İstəmirəm, mən özümə yasak qoymuşam-nə savaş, konflikt, qarşıdurma...Yalnız yalnız Sevgi".

   "Cavab vermir. Amma gözləri danışır. Gör neçə illərdi gözlərlə danışıram. Bunu da atam öyrətdi mənə-gözdən oxumağı. Lal dili, danışan gözləri ilə"...

   "Gözləri gülür...Gülməyinə gülür, amma həmin tənhalıq yağan baxışlardı. Hər kəsin yaradıcılığı özünün ruh halının ifadəsidi. Musiqisi elə gözlərinə bənzəyir-Qəm pəncərəsi".

   "Dəniz köpüklü dalğalarını sahilə gətirir. Tanrıların insanlarla birgə olduğu zamanlarda bu köpüklərin içində bir gözəl doğulub. Nimfalar onu sahilə gətiriblər. Dənizdən sahilə məhəbbət ilahəsi gətiriblər. Sonra Troya müharibəsinin baiskarı Paris nifaq almasını ona verib".

   Hisslərin, duyğuların rəsmidi bunlar. Kiprlə bağlı fəsildə mənim axtardığım hər axtarışda sevindiyim belə ştrixlər oldu. Amma hər halda, İradə xanımın təsvirində Kipri gördüm, orda yaşayan BİZİMKİLƏRi də,gCavanşir Quliyevi. Uzaqda təpələrin üstündə ucalan Atatürkün heykəlini . "Sayın millət vəkilinin dostlarını" da,gUniversiteti . İki Kipr arasındakı Arazı da... Bir sözlə, İradə xanım Kiprdə ancaq gözəllik sevgi axtarıb.

   Bu da YAXIN SAHİLLƏR. Gürcüstan. Qara dəniz. Batumi. Təsvirin, təhkiyənin manerası dəyişir. Kiprə səyahətdən bəhs edən fəsildə təsvirlər əsasən dialoqlar üzərində qurulurdusa, bu fəsildə altı günlük səyahət daxili monoloqla ifadə olunur. Düşüncələr axarı üstünlük təşkil edir. Yenə yağış, yenə çiskin, dumanggörürəm bu altı günlük səyahətin hər anında. Amma görmədiyim Qara dənizi, Gürcüstanı, Batumini görə bilirəm.

   Gəlib çatdım "Yol romanı"na. 10 günə mən dörd ölkənin sərhədindən keçməliyəm. Səyahət romanı mükəmməldirsə, sən o əsərin müəllifi kimi iştirakçıya müşahidəçiyə çevrilirsən.

   Bu da İran. "Fəqir, miskin görünüşlü şəhər qəsəbələrdən keçirik. Hər yerdə iki-üç mərtəbəli, suvaqsız, bir-birinə bənzər, yəni binaya bənzər binalardı. Hər yerdə alver məkanlarıdı. Təbii, yol qırağında kitabxana görəsi deyiləm-amma neçə minillik dövlətin əyalətləri niyə belə olsun? Ərazinin adı Azərbaycan olduğuna görəmi?"

   Kifayətdir. Bu məlum mövzuya məlum dərdə qatlaşmayaq.

   Bu da Naxçıvan. Öz ərazimizdi. Amma ən azı on dəfə gördüyüm Naxçıvanı Məmməd Arazın qızının gözüylə görmək istəyirəm. İlk növbədə, böyük şairin doğulduğu kəndi. Xatırlayıram 1993-cü ili. M.Arazın Naxçıvandakı 60 illik yubiley təntənələrinə mən qatılmışdım. Şairin təşəbbüsü ilə. O zaman imkan olmadı Nursu kəndini, böyük Məmmədin dolaşdığı balaca cığırları, təpələri, yolları görməyə.

   "Az qala yüyürə-yüyürə evin arxasına keçib çökürəm torpağa, otun üstünə. Qapısı bağlı evi bəhanə edib ağla, Qız. Amma hamını ağla. Donmuş baxışları, dilsiz insanları, pıçıltıları, qeybə çəkilmiş daşları, qayaları, lap kəsilmiş qatar taqqıltısını, daş olmaqla mümkün olan yaşamı, puç olan hər şeyi ağla, boşalt ürəyini... Ətrafda boş qalan evləri.."

   Amma bu nostalji hissləri, bu kövrək duyğuları bir Bibi obrazı əvəz edir. Məmməd Araz yadigarı. Onun Səməd Vurğunun qızı Aybəniz xanımı öz ağlı ilə məftun etməsi, şeiri şeirin ardınca calaması Məmməd Arazın öz anası haqqında dediklərini xatırlatdı. Mən Məmməd əmidən jurnalımız üçün böyük bir müsahibə hazırlamışdım. Bir sualım valideynləri haqqında idi. Anası haqqında deyirdi ki: "Anamın yazı savadı yox idi. Ancaq cəhrə üstə özü bayatı, ağı qoşardı. Bu barədə bir yazımda söz açmışam. FOLKLORDAN QİDALANAN ŞEİRİ ÇOX GÖZƏL DUYURDU. Və təbii ki, oğlunun şeir yazmasına sevinirdi. Şeiri oxudardı, xoşuna gəlməyəndə deyərdi: bunda mənim südüm yoxdur".

   "Yol romanı"nın qəhrəmanlarından biri də Vurğun Əyyubdur. İradə xanım onun bir insan və ziyalı kimi dəyərini çox yaxşı bilir. Yaxşı bildiyi üçün də ondan rəğbətlə söz açır. Vurğunu mən də tanıyıram. Dost deyilik, amma bir-birimizə hörmətimiz hədsizdi,-deyə düşünürəm. Ədəbiyyatı, yəni profilini, ürəkdən bağlandığı bu sirli, sehirli dünyanı çox sevir. Bəziləri kimi, mən ona "müxalifətçi" deyə bilmərəm. Əslində, Musa Yaqub demişkən, hər bir insanda müxalifət damarı olmalıdır. Vurğunun nəinki Məmməd Arazı, mənim hər misrası qarşısında baş əydiyim Füzulini də bilməsinə şübhəm yoxdur. Amma İradə xanımın təsvirində Vurğun Əyyub nəzərimdə daha isti, daha həlim, bir az kövrək görsənir. Onun türk sevgisi türkün daşına, qayasına , tarixinə sevgilərdən öncə qanında bəslənib.

   "Yol romanı"ndakı Türkiyə fəsli olduqca koloritlidir. Mən binəva heç vaxt Türkiyədə olmamışam (bir-iki dəfə dəvət ediblər, amma tənbəllikdən xarici pasport almamışam), bu yazı Türkiyəni mənə sevdirdi.

   "İlahi, nə gözəllikdi bu? Dağlar, şam ağacları və ortada bir zolaq". Bura Sarıqamışdır.

   Mustafa Kamal və Ənvər Paşa. Türkün iki möcüzəsi. "Türk tarixinin iki önəmli ismi, iki parlaq ismi. Hər ikisi riskə getməyi bacarırdı, risksiz qəhrəman olunmaz axı. Fərqliydilər, amma bu fərq sonra rasional düşüncəli Mustafa Kamalı Atatürk yapdı. Ənvər isə ilğımların arxasınca gedə-gedə kayb etdi..."

   İradə xanım yazır ki, romanımda nəsə çatışmır. Qırmızı xətt yoxdu. Hər romanın qırmızı xəttini cizən isə sevgidi, məhəbbətdi, eşqdi. Sevgi olmayan romanlar oxunmur.

   Amma mən deyərdim ki, "Yol romanı" sonuncu nöqtəsinəcən sevgiynən yazılıb. Mütləq bir sevgi süjetinə ehtiyac yoxdur. Amma onun "Kainat eşq üzərinə gəzişmələr...Yaxud da fikir məktubları..." fəslində dünyanın ədəbiyyatın bu əzəli-əbədi problemi ilə bağlı maraqlı fikirlərin şahidi oldum. Bu sətirlərdə o, publisist yox,bir az yazıçılıq, bir az da filosofluq edir. Deyir ki: "Bütün böyük aşklar 40-dan sonra yaşanır.Bu statistikadı. Həm fiziki-kimyəvi hadisədi. Orqanizm ruh içindəki həyat eşqini kayb etməmək üçün böyük Eşq arayışına çıxır. Hər şeyin ucuz alınıb-satıldığı bir ortamda fizioloji bədənsəl çapqın ad çıxarmaq bir başqa, ruhsal eşq yaşamaq bir başqa"...

   "Yol romanı"nı sayın millət vəkili Aqil Abbas verdi mənə oxuyum. Mən ən "qədim" dostlarımdan birini-Aqil Abbası da bu romanın qəhrəmanlarından biri kimi gördüm. Həyatda necədirsə, romanda da elə. Həmin Aqil Abbas. Kitabdakı şəkillərdə elə həyatdakı kimidir. Şən, gülərüz yeri gələndə ciddi, bir az köntöyg Kişi.

   İradə xanım! "Yol romanı" "Sarı odalar"dan sonra sənin yaradıcılıq potensialını bir az da üzə çıxardı.

   Elə bilirəm, Yolundan qalmayacaqsan!

 

 

   VAQİF YUSİFLİ

 

   Ədalət.-2012.-20 mart.- S.5.