Oxucunun görmədiyi ədəbi mühitimiz

 

   (Kənan Hacının "Yağ kimi" romanı haqqında)

 

   Qısqanclıq və paxıllıq...

  

   "İnsan xoşbəxt olmaq istəyirsə, bədbəxt olduğu yerdən qaçmalıdır."- bu fikri yenicə bitirdiyim romandan seçmişəm. 

   Bəli, bu günlərdə dostum, dəyərli qələm adamı Kənan Hacının "Yağ kimi" romanını yenidən oxudum. Kitabı nəşrindən qısa müddət sonra, sadəcə tanışlıq üçün oxumuşdum. Bu dəfə isə kitabı ədəb-ərkanla(yəni rəngli qələmlə qeydlərimi yaza-yaza) oxudum. Yuxarıdakı cümləni isə, çox bəyəndim və qeyd dəftərimə yazdım. Kitab haqqında fikirlərimi əslində çoxdan yazmalı idim. Çünki, yeni çıxan kitabları oxuduqdan sonra düşüncələrimi oxucularla bölüşməyi sevirəm. Tənqidçiliyə heç bir iddiam(əslində həvəsim) olmadığı üçün oxuduğum kitabların ancaq müsbət tərəflərini oxucularla bölüşürəm. Ancaq bir ədəbiyyat adamı kimi(buna iddialıyam) oxuduğum kitablardakı qüsurları da özüm üçün qeyd edirəm. Ancaq gənc qələm sahiblərinin əsərlərini gənc oxuculara təqdim etməkdən zövq alıram. Təəssüf ki, bəzi gənc həmkarlarımız yeni yazılan əsərlər haqqında yazmağa çəkinirlər. Bu diqqətsizliyin səbəbi bəzən qısqanclıq, bəzən paxıllıqdır. Kənan Hacının "Yağ kimi" romanı 2011-ci ilin yanvar ayında işıq üzü görsə də, indiyəcən bu kitab haqqında bir dənə də olsun yazıya rast gəlməmişəm. (Bəlkə də yazılıb mən oxumamışam). Xülasə, bu yazımda sizlərə "Yağ kimi" romanını tanıtdırmağa çalışacam. Əslində mənim bu qəbildən olan yazılarımın məqsədi təhlil yox, tanıtımdır. Kitabı oxumayanlar və kitabın müəllifini tanımayanlar üçün qısa bir tanıtım yazısı yazmaqda fayda var, düşüncəsindəyəm. Təkrar edirəm, mən tənqidçiliyə iddialı deyiləm və məqsədim oxuduğum kitablar haqqında oxucuları da xəbərdar etməkdir. Və sözü çox uzatmadan istəyirəm sizlərə Kənan Hacıdan və onun "Yağ kimi" romanından söhbət açım. Yarımbaşlığı təsadüfi seçməmişəm. Məncə "Yağ kimi" romanı haqqında yazılmamasının səbəbi qısqanclıq və ya paxıllıqdır. Azərbaycanda hansısa dəstəyə aid deyilsənsə, sənin kitabın, əsərin heç kəsin diqqətini çəkməyəcək. Lap şedevr yazsanda sənin əsərin haqqında susacaqlar. Yox əgər əsərdə zəif nöqtələr varsa lağ hədəfi olacaqsan. Bir sözlə, əgər hansısa dəstəyə aid deyilsənsə, istedad da köməyinə çatmayacaq.

 

   Sözün adamı 

 

   Kənan Hacı Bakının Buzovna kəndində anadan olub. İxtisasca jurnalistdir. "Sənət", "Vətəndaş Həmrəyliyi" , "Ədalət" və başqa qəzetlərdə çalışıb. Şüurlu həyatını ədəbiyyata həsr edən qələm adamlarındandır. Həm nəzm də, həm də nəsrdə qələmini sınayıb və bir neçə kitab ərsəyə gətirib. Bildiyim qədəri ilə, "Yağ kimi" romanı Kənanın sayca üçüncü kitabıdır. Müxtəlif mətbu orqanlardaportallarda mütəmadi olaraq yazılarına rast gəlmək mümkündür. Son vaxtlar mən Kənan Hacının qələmindən çıxan bütün yazıları həvəslə oxuyuram. Hal-hazırda redaktoru olduğu kulis.az saytında yazdığı köşələr və publisistik yazıları bitkin hekayələr kimi maraqla izləyirəm. Kənan Hacı insan kimi də, maraqlı və dəyərli insandır. Bir müddət Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da, mənə elə gəlir ki, o AYB-dən istefa verdikdən sonra daha çox tanınıb və məşhurlaşıb. Bu mənim şəxsi yanaşmam olduğu üçün yəqin ki, bu fikrimi bölüşməyənlər də olacaq. Mənə elə gəlir ki, Kənan Hacı AYB-də itib-batırdı. Azadlıq və təşkilatsızlıq onu daha çox populyarlaşdırdı. Mən bilən AYB-də 50 yaşlı "gənc şairlərə" Prezident təqaüdünün verilməsi dostumuza bərk yer eləmişdi. Kənan məhz bu ədalətsizliyə görə AYB-dən istefa vermişdi. Hərhalda indi Kənan Hacı müstəqil yazar kimi daha məhsuldar fəaliyyət göstərir və ölkənin ən çox oxunan mədəniyyət portalında çalışır.  

   Olduqca mədəni sakit insandır. Bacardıqca mənasız qalmaqallardan uzaq dayanmağa çalışır. Bir sözlə, səbrlə sözə xidmət edir. Mən tanıdığım Kənan Hacı hansısa dəstənin yox, sözün adamıdır. 

 

   Yağ kimi oxunan roman

 

   Roman 2011-ci ildə, Qanun Nəşrlər Evinin "Ən yeni ədəbiyyat" seriyasından çap olunub. Müəllifin dili o qədər səlisdir ki, əsər "yağ kimi" yəni, çox rahat oxunur.

   Roman cəmiyyətdə yeri səhv düşmüş, cəmiyyətlə uzlaşa bilməyən bir alayarımçıq şairdən, daha doğrusu dilənçiliklə mədəni şəkildə məşğul olan uğursuz bir insan tipinin faciəsindən bəhs edir. Onun həyatla oynadığı oyunlar, bəzən oxucuda ikrah hissi oyatsa da, onun kədərli taleyi hərdən narahatçılıq da yaradır. Əsərin qəhrəmanı Camış Abdulla uydurduğu yalanın qurbanına çevrilsə , ömrünün sonuna qədər bu yalana inanmağa yalana davam etməyə məhkumdur. O özünün şair olduğuna inanır. İnanır ki, onun yazdıqları hansısa məktəb direktoruna, daş karxanasının sahibinə, bardakı gözəlçəyə maraqlıdır. O şüursuz şəkildə öz yoluna davam edir. Onun əsas bəlası məşhurluğa can atmaqdır. Məşhurluq üçün göstərdiyi hər cəhddə bir az da uçuruma yuvarlanan şair, həyatla bütün eybəcər oyunlara gedir. Saxtakarlıq, əxlaqsızlıq, xəyanət digər qeyri-insani sifətlərin hamısı Camış Abdullada cəmləşib. Sərsəm "əsərlərini" qoltuğuna vurub idarələri, rayonları dolaşan Camış Abdullanı yaşadığı cəmiyyət alçaldır, təhqir edir. Boğazına qalstuk bağlayıb ciddi görkəm alan bu nəhəng gövdəli "şairi" məhz bu cəmiyyət stola çıxardıb şeir oxutdurur,məzələnir. Romanın qəhrəmanı Camış Abdulla mənim həyatda dəfələrlə rastlaşdığım dilənçi jurnalist tiplərə çox bənzəyir. Belələrini həm Gəncədə, həm Bakıda çox görmüşəm.

   Müəllif tarixə nəzər salaraq Camış Abdullanın naqisliyinin və bivecliyinin səbəblərini onun genetik kodlarında axtarmağa çalışır. Düzdür, Camış Abdulla bütün yaramazlıqlarının kökünü və səbəblərini atası Yasin Fətullayevdə tapmaq olar. Ancaq unutmayaq ki, yaşadığımız cəmiyyət də Camış Abdulla kimi bivec və nadan adamlara şərait yaradır. Yəni Abdullanın Camışa çevrilməsində atası Yasin Fətullayev, anası Tubu, babası Naxırçı Allahqulu günahkar deyil. Bu məsələdə Camış Abdullanın tərbiyələnməsindən əlini üzən riyaziyyat müəllimi, müharibə veteranı Əbdülxalıqın da heç bir günahı yoxdur. Maraqlıdır ki, müəllif Abdullanın naxırçı babası da, ögey atası da əzvay, süst adamlardır. Allahqulu və Əbdülxaliqin (Hər ikisi qul. Ərəb dilində Əbdülxaliq də "Allah qulu" anlamına gəlir) əksinə olaraq əsil atası Yasin də, anası Tubu da çox həyasız tiplərdir. Camış Abdulla kimi, onlarda cəmiyyətin yetişdirdiyi "zay məhsullar"dır.

   Əsərin ikinci qəhrəmanı Student həyatın sərt sınaqlarına qarşı əliyalın savaşan sadə və təcrübəsiz, bəxti gətirməyən qələm adamıdır. Bu cür insanlarla da, şəxsən mən çox rastlaşmışam. Hətta həyatın müəyyən dönəmində Studentin rastlaşdığı hadisələrlə rastlaşmış, onun düşdüyü iyrənc vəziyyətlərə düşmüşəm. Əsərin əsas qəhrəmanı Camış Abdulla olsa da, məncə müəllif Studenti daha çox qabartmağa çalışır. Hətta müəllif Studentə ürək ağrısıyla, sevgiylə yanaşır. Bir sözlə, oxucuya aydın olur ki, Student müəllif üçün doğmadır. Özünü ədəbiyyata həsr etməyi düşünən Student Camış Abdullanın girinə keçir və yaşamaq üçün onun iyrənc planlarında iştirak etməyə məcbur olur. Əsərin qəhrəmanlarını qələm adamları, ədəbiyyatla məşğul olanlar asanlıqla tanıya bilər. Çünki, müəllif qəhrəman üçün dağa-daşa düşməyib. Abdulla da, Studentdə bizim müasirlərimizdir. Epizodik qəhrəmanlardan olan şair Əntər Əntərzadə də, "Monolit"in altındakı kafe də müasirlərimizə tanışdır. Ədəbiyyata "özünün xilası kimi" baxan Student, anlamır ki, "Ədəbiyyatın da, başyeyən, goreşən buqələmunları kəmfürsətləri var". Məhz bu saflığı onu Camış Abdullanın toruna salır.

   Camış Abdulla şöhrətə, məhşurluğa o qədər aludədir ki, bu yolda xəyanət etməkdən, dostunu atıb getməkdən də çəkinmir. Hətta dostu Studentin xalasının yas məclisində də yeni iyrənc planlarına onu da ortaq etmək üçün iştirak edir. Müəllif qəhrəmanların həyatını bir cümlə ilə çox mükəmməl şəkildə ifadə edir: "Bu da, elə bir növ it həyatı idi; zindəganlığı olmayan gəzərgi həyat..."

   Bir sözlə oxucu sonda görür ki, Camış Abdullanın öz taleyini yaxşıya doğru dəyişmək və ya yenidən yazmaq istəyi son nəticədə illüziyaya dönür və onu daha iyrənc vəziyyətə salır.

 

   Kiçicik iradlar

 

   Müəllifə bəzi iradlar bildirmək də, məncə yerinə düşər. Əsərdə istifadə edilən ibrətamiz əhvalatlar məncə o qədər də "yerinə oturmur". Bəzən qəhrəmanın təsvir olunduğu səhnələrdə müəllif lazım olmadığı halda ortaya atılır, oxucuya istiqamət vermək istəyir.

   Əsərdəki məkan və zaman prototipləri, obrazların prototipləri demək olar ki, açılır. Müəllif bunu usta şəkildə oxucuya çatdırır, eyni zamanda bədiiləşdirir.

   Camış Abdullanın da, Studentində, Famil Ağabəylinində kimliyi şəxsən mənə məlumdur. Amma yəqin ki, bu obrazların prototipləri oxucunu maraqlandırmayacaq. Amma Qan Turalı, Xəqani Has, Məcnun Göyçəli, Vaqif Bayatlının əsərdə adının çəkilməsi yerinə düşmür. Məsələn, əsərin qəhrəmanı şeirlə mesaj yazmağı Qan Turalıdan öyrənir. Amma Qan Turalıdan yalnız bir cümlədə bəhs edilir. Xəqani Hasla, Məcnun Göyçəli haqqında bir-birindən fərqlənən şairlər kimi söz açan müəllif, onların yaradıcılığı haqqında heç bir məlumatı olmayan oxucunu çaşdırır. Vaqif Bayatlıdan sitat gətirilən sitat isə əslindən fərqlənir. Hər halda bu iradlar subyektivdir və müəllif bu iradları qəbul etməyə də bilər.

   Bəzi qüsurlarına baxmayaraq "Yağ kimi" romanını oxunmalı əsərlərdən biri hesab edirəm və oxumağı bütün oxuculara tövsiyə edirəm. Düşünürəm ki, ədəbi mühitin görünməyən tərəflərini görmək istəyən oxucu üçün bu romanı oxumaq maraqlı olacaq. Məncə müəllif 5-6 il bundan əvvəlki ədəbi mühitin oxuculara məlum olmayan tərəflərini müəyyən qədər işıqlandıra bilib.

 

 

   Cəlil Cavanşir

 

   Ədalət.-2012.-28 mart.- S.5.