Aqşin: "Qorxduğum sözü yazmıram"
"Azərbaycan oxucusu gündəlik
həyatda törətdikləri eybəcərlikləri ədəbiyyatda
görəndə əsəbiləşir"
- Niyə məhz Yenisey?
- "Alma" qəzetinin ilk vaxtlarında muğam haqda bir yazı yazmışdım. Bu yazı xeyli rezonans doğurdu. Hətta bəzi muğam ifaçları Mətbuat Klubuna yığışaraq mənə qarşı öz etirazlarını bildirdilər. Buna görə qəzetdə yazılarıma "embarqo" qoydular. Redaktor dostum Zahir Əzəmət dedi ki, gizli imzayla yaz, qonorar almaq üçün. Mən də fikirləşdim ki, hansı imza ilə yazım. Birdən ağlıma "Yenisey" imzası gəldi. Bundan sonra "Alma" qəzetində bu imzayla yazdım. Sonra biri yazmışdı ki, "Yenisey" elə Aqşindir, öz adıyla yazmaqdan qorxduğu üçün bu imzayla yazır. Mən də bundan sonra bu ləqəbi öz adıma birləşdirdim. Bildirdim ki, öz adımla yazı yazmaqdan qorxmuram. Ya da qorxduğum sözü yazmıram.
- Ümumiyyətlə,
yazıçı olanda ləqəb
götürmək vacibdir?
- Yox, vacib deyil. Amma yazıçını bundan məhrum eləmək də düzgün deyil. Dünyada elə yazıçılar var ki, öz həqiqi adlarından imtina ediblər. Məsələn, "Volter" təxəllüsü ilə yazılar yazan dünyaca məşhur Fransız maarifçisi Fransua-Mari Aruedir. Ya da elə yazıçılar var ki, onlar iki yüzə yaxın imza ilə yazıblar. Elə bizim Cəlil Məmmədquluzadə 15-20-yə yaxın imza ilə yazıb. Yəni cəmiyyət elə bir vəziyyətə gəlib çatmalıdır ki, yazıçını öz adıyla tanısın. Yazıçı çox vaxt cəmiyyətdən gizlənmək məcburiyyətində qalır. Çünki onun yazdığı həqiqətlər cəmiyyətin gizlətmək istədiyi həqiqətlərdir. Yazıçı isə bunu açıb-ağardır. İnsanlar həmişə istəyirlər ki, bu həqiqətlər gizlində qalsın. Belə olan halda cəmiyyətlə yazar arasında qarşıdurma yaranır. Ona görə yazıçı məhkumdur ki, öz adını gizli saxlamağa çalışsın. Nəyə görə? Həqiqətləri yazmaqdan ötrü. Bir dəfə sual vermişdilər ki, siz "Cənnətdə terror aksiyası" kitabında nə demək istəmisiniz? Mən də qısaca cavab verdim ki, mən bu kitabda hamının gördüyü, lakin gizlətməyə çalışdığı Azərbaycanı göstərməyə çalışmışam. Amma öz imzamla yazmışam. Hiss etsəydim ki, bu kitaba görə məni öldürə, həbs edə bilərlər, məcbur qalıb başqa imza ilə yazacaqdım. Çünki mənim borcum reallıqları yazmaqdır. İki cür yazar var. Biri göyə baxan, digəri isə yerə baxan.
- Siz bunlardan hansısız?
- Mən yerə
baxan yazıçıyam. 1980-ci illərin
yazıçı və şairləri öz
içlərini yazırdılar. Bununla da fəxr edirdilər. Amma
mənə elə gəlir ki, mənim içim oxucu üçün maraqlı deyil.
Mən çöldəki insanı yazıram. Mənə oxşamayan insanı yazıram. Fuzuli öz içini yazırdı, amma
Nəsimi bəşəriyyəti yazırdı.
- Necə təqdim olunmanızı
istəyirsiz?
- Heç bir əlavəyə
ehtiyac yoxdur, sadəcə Aqşin. Mən gəlin deyiləm
ki, böyrümü-başımı bəzəsinlər.
-
Digər yazarlara nisbətən sizin yazılarınız daha
çox əks-səda doğurur. Bəzən də tənqidlər
çox olur. Səbəb nədir?
- Mən bu barədə çox
fikirləşmişəm. Məsələ bundadır ki,
bizim kitablarımızın bir cümləsini oxuyub onu
yandıranlar, zibil qutusuna atanlar dünya ədəbiyyatıyla
tanış olmayan adamlardır. Mənə irad tuturlar ki, niyə
sən "Cənnətdə terror aksiyası"
kitabında vulqar ifadələr işlətmisən. Məsələn,
dünyaca məşhur Nabokovun "Lolita" əsəri var.
Bu əsərin məğzi vulqardır. Yəni 12
yaşında bir qız 45-50 yaşlı bir kişiylə
sevişir. Bu əsər sevgi melodramıdır. Amma bizim
oxucular cümlədə bir erotik sözü belə bizə
irad tuturlar. Halbuki onların öz həyatları
başdan-ayağa vulqardı. İstər siyasətdə, istərsə
də biznes sahəsində. Yəni Azərbaycan oxucusu gündəlik
həyatda törətdikləri eybəcərlikləri ədəbiyyatda
görəndə əsəbiləşirlər. Bizim oxucu
dediyimiz bu adamlar bir filmə baxanda fikirləri yalnız onda
olur ki, sevişmə səhnələri olacaqmı və
haçan olacaq. Amma bunu ədəbiyyatda, kağız üzərində
görəndə əsəbləşirlər. Çünki
kağız, yazı tarixdir. Bizi tənqid edənlər öz
eybəcərliklərinin tarixə çevrilməsini istəmirlər.
Onlar istəyirlər ki, bu eybəcərliklər evdə
qalsın. Bu da yəqin bizim köçəri təfəkkürümüzdən
irəli gəlir. Çünki köçərilərin
yazı mədəniyyəti olmayıb. Onlar, adətən,
folklorla yaşayıblar. Buna görə də oxucuların əksəriyyəti
bizi tənqid edir. Bəlkə də səhv
düşünürəm, amma mənə elə gəlir ki,
məsələnin kökü Azərbaycan oxucusunun öz iyrəncliklərini
kitabda, yazıda görəndə qorxmasındadır.
-
Kitablarınızın satışından nə qədər
pul qazandınız?
- Mən "Bizim eradan əvvəl"
və "Cənnətdə terror aksiyası"ndan bir qara qəpik
də qazanmamışam. Amma mənim ilk
çıxmış bir şeir kitabım var idi, "Unutmaq
sözünün şəkli". Rusiyada yaşayan əmim o
kitabı oxuyub mənə Bakıda ev aldı. Yəni kitab
çapından qazancım yalnız əmimin mənə
aldığı ev olub. O da əmimin rus düşüncəli
olmasından irəli gəlir. Yəni baxıb görüb ki,
kitab yazıram, oxuyuram, düşünüb ki, yaxşı
adam olar bu.
-
Azərbaycanda sırf yazıçılıqla məşğul
olub dolanmaq olarmı?
-
Yazıçılığın
fırıldaqçılığı ilə dolanmaq olar.
Amma həqiqi yazıçılıqla məşğul
olmaqla nəinki ailə saxlamaq, heç siqaret də almaq olmaz.
-
Yazıçılığın
fırıldağçılığı deyəndə nəyi
nəzərdə tutursunuz?
- Məsələn, bir qızla
oğlanın seks həyatını yazsan, əksəriyyət
alıb oxuyacaq. Azərbaycan cəmiyyəti seksdən mərhum
cəmiyyətdir deyə hamının seksual
yanğısı var. Sən istedadını bu yönə sərf
eləsən, cəmiyyət səni dolandıracaq. Mən də
seksual kitab yazsam, onu çox adam oxuyacaq və orda heç mənim
imzamın da əhəmiyyəti olmayacaq. Yay gələndə
savannalardakı heyvanlar harasa bir yerə su içməyə
axışılar. Hətta timsahları da tapdayıb öz
susuzluqlarını yatırılar. Susuzluq bunları o qədər
yandırır ki, ölüm qorxusu belə yadlarından
çıxır. Ancaq mən öz istedadıma xəyanət
edə bilmərəm. Mənim mövzularım cəmiyyətin
mövzularından təmamilə fərqlənir. Mənim
öz mövzularım var. Sifarişlə yazanda mənim qələmim
yazmır. İstər bu sifarişi cəmiyət vermiş
olsun, istərsə də hakimiyyət. Əslində,
dünyanın heç bir yerində ciddi ədəbiyyatla
dolanmaq mümkün deyil. Siz elə bilirsiniz ki, Fransada
yaxşı yazıçılar yaxşı
yaşayırlar? Bütün günü zirzəmilərdə
araq içirlər.
-
Uzun zamandır yeni kitabınız nəşr olunmur. Nəylə
bağlıdır bu?
- Kompüterimdə 250-300 səhifəlik
seir kitabım var. Amma daxili impuls yoxdur çap elətdirməyə.
Tutaq ki, bir qadındır, bətnində uşağı var,
onu vaxtından əvvəl dünyaya gətirmək istəyir.
Necə edə bilər bunu? Gərək doqquz ay başa
çatsın axı. Mənim kitab çap elətdirməməyimin
birinci səbəbi budur ki, bu, beynimdə yetişməyib. Mənə
elə gəlir ki, o kitab hələ qalmalıdır.
- Əsərlərinizdə
həyatda baş vermiş hadisələr daha çoxdur, yoxsa
süjetləriniz daha çox sizin təxəyyülünüzün
məhsuludur?
- Yazıçıda təxəyüllə
reallıq mütləq nikaha girməlidir. Hansı mətndə
bu yoxdursa, o mətn axsayacaq. Sırf reallığı yazmaq
foto çəkmək kimi bir şeydir. Onsuz da bunu hamı
görür də. Yazıçı yazdığı mətnə
öz canından, təxəyyülündən, müşahidələrindən,
öz istedadından mütləq nəsə qatmalıdır.
Sırf reallığı yazmaq fotoqraf olmaq kimi bir şeydir.
Yazıçı elə ona görə
yazıçıdır ki, özündən ora nəsə
qatır. Kənd yerlərində çörək xəmirini
qıcqırtmaq üçün droj qatırlar.
Yazıçıda droj yoxdursa, onun xəmiri heç vaxt
qıcqırmayacaq və o da çörək bişirə
bilməyəcək.
- Yaratdığınız
obrazlardan sizə ən doğma olanı hansıdır?
- Mənim indiyə kimi çap
olunmuş 70-ə yaxın şeirim var. Amma xoşuma gələnlərin,
özümün şeir hesab elədiklərimin sayı 20-25
ancaq olar. Necə ki, Fazil Nəcib Qısakürək
ömrünün sonunda bütün kitablarını
saf-çürük eləyib bircə "Çilə"
kitabını seçdi, qalanlarındansa imtina etdi. Bildirdi ki,
Qısakürək adında şairi tanımaq istəyirsinizsə,
ancaq bu kitabı oxuyun. Həmin vaxta qədər onun iyirmiyə
yaxın kitabı çap olunmuşdu. Birdən sabah mən də
ölüm ayağında olsam, o yetmiş şeirdən
yalnız iyirmisinin altına öz imzamı qoyub deyərəm
ki, məni tanımaq istəyirsinizsə, bu şeirləri
oxuyun. Yerdə qalanlar mənimkilər deyil, onları ayrı
Aqşin Yenisey yazıb.
-
Jurnalistlər haqqında o qədər də yüksək
fikirdə deyilsiz, amma özünüz də qəzetlərə
yazılar yazırsız. Nə üçün?
- Mən bütövlükdə
jurnalistika haqqında demirəm o fikirləri. Bizdə ədəbi
jurnalistika zəifdir. Şairi, yazıçını
danışdıra bilən jurnalist azdı. Məsələn,
mən Ramiz Rövşəndən, Vaqif Bayatlıdan, Musa
Yaqubdan, Əkrəm Əylislidən müsahibə
götürəsi olsam, şairdən soruşulası suallarla
gedərəm onların üstünə. Bizdə
şairdən soruşurlar ki,
bir də dünyaya gəlsəydiniz
şair olardınızmı, ilk dəfə şeirlərinizi kim çap edib, kimlər qayğınıza qalıb. Bunlar ədəbiyyat sualları deyil. Yazıçını, şairi
danışdırmaq elə də asan məsələ
deyil. Bu yaxınlarda bir jurnalist efirə
çağırmışdı məni. Orda
sual verdi ki, diş
ağrısının qarşısını necə almaq olar (gülür).
Başa düşə bilmirəm mən
kiməm: diş həkimi, yoxsa
yazar. Mən bu
sarıdan deyirəm ki,
yazıçını, şairi
danışdıracaq jurnalistika yoxdur.
-
Yazılarınızı göndərdiyiniz sayt və qəzetlərin
mövqeyinə uyğun yazırsınız, yoxsa onları
olduğu kimi dərc edirlər? Yəni sizin üçün
qonarar vacibdir, yoxsa şəxsi mövqeniz?
- Dolanışıq xatirinə məcburuq
ki, yetmişin otuza nisbətinə razılaşaq. Yəni 70
faiz mənim mövqeyim, 30 faiz də nəşr
orqanının mövqeyi olur. Mən bu şərtlə
razılaşıram. Bir məşhur söz var - "Ehtiyac
qul edər qəhrəmanı da". Mən səmimi etiraf
edirəm ki, ac qalmaqdan qorxuram. Buna görə hansısa mətbuat
orqanına yazı yazanda dediyim nisbəti qoruyuram.
Çünki başqa çıxış yolumuz yoxdur. Mənim
şeirlərimə Azərbaycanda bir qara qəpik də verən
yoxdur və mən köşə yazmağa məcburam. Evə
gedəndə çörək ala biməsəm də,
heç olmasa siqaret ala bilim. Şairə siqaret çörəkdən
daha vacibdir. Hələ arağı demirəm (gülür).
-
Yazanda oxucuların zövqünü də nəzərə
alırsız, yoxsa özünüzə necə rahatdırsa
elə yazırsız?
- Mənim elə yazılarım
olub ki, nəinki mənə rahatlıq, əksinə,
narahatlıq gətirib. İntihara qədər
düşünməyə məcbur edib məni. Amma mən əvvəlcə
öz xoşuma gələni yazıram. Bütün
oxucularımı özüm kimi təsəvvür edirəm.
Düşünürəm ki, bu mənim xoşuma gəlibsə,
demək, mənim oxucumun da xoşuna gələcək. Yox,
xoşuna gəlməyəcəksə, demək, o mənim
oxucum deyil. Bu çox sadə, bəsit bir həqiqətdir.
- Gənc
yazarlardan kimləri oxuyursunuz?
- Mən, demək olar,
hamını oxuyuram. Azərbaycanda çıxan yeni ədəbiyyat
nümunələrinin hamısını oxuyuram.
Çünki bu mənim borcumdur. Mən öz müasirlərimi
tanımalıyam. Bəyəndiklərim də var, bəyənmədiklərim
də. Şəxsi münasibətlərə görə
ad çəkmək istəmirəm.
- Hobbiniz
varmı?
- Şairin
hobbisi içmək, kitab oxumaq olar.
Başqa
elə bir hobbim yoxdur. Amma şahmat, nərd oynamağı sevən şairlərimiz var. Yəni
bu adamlar səhər durub üzlərini qırxılar,
ətirlənib, qalstuklarını
taxıb gedirlər nərd oynamağa.
- Yazılarınızda içki
söhbəti çoxdur.
Özünüz necə,
çox içirsiz?
- Çox içirəm deməzdim.
Bizi çox içizdirirlər.
Yəni Azərbaycan bizi çox içizdirir.
Öz başımıza qalsaq, bəlkə də dindar olarıq. Amma ölkənin, cəmiyyətin
vəziyyətinə baxanda
içməmək olmur.
Mən bir dəfə də demişdim ki, içki mənim üçün əyləncə vasitəsi
deyil, yaşamaq üçün bir vasitədir. Onsuz sinirlərimi
sakitləşdirə bilmərəm,
məcburam içəm.
- Daha çox hansı içkilərə
üstünlük verirsiz?
Tanınmış brendləri,
yoxsa fərq eləmir?
- O baxır günün və cibin vəziyyətinə.
Vəziyyət yaxşıdısa,
içki də yaxşılarından ola bilər. Yox, əgər gün və cib qaydasında
deyilsə, neft də içmək olar.
Elkin Xəlilov
Ədalət.-2012.-28
mart.- S.7.