"Milli
təhlükəsizliyin keşiyində"
Müstəqilliyin, ərazi
bütövlüyünün, konstitusiya quruluşunun təhdidlərdən
qorunması, vətəndaşların hüquq və mənafelərinin
təmin edilməsi milli təhlükəsizlik siyasətinin ən
vacib elementləri və əsas məqsədləri kimi hər
bir dövlətin qarşısında dayanan başlıca vəzifələrdir.
Təsadüfi deyil ki, 1919-cu il martın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat
qurumu kimi yaradılan xüsusi bölməsi öz fəaliyyətinə
erməni millətçilərinin Azərbaycana qarşı ərazi
iddialarının və azərbaycanlılara qarşı
soyqırımı siyasətinin, ölkə daxilində
müxtəlif təxribatların qarşısının
alınması ilə başlamışdı.
Xalq Cümhuriyyətindən başlanan yol
Müstəqil Azərbaycanın
ilk xüsusi xidmət orqanları fəaliyyət göstərdikləri
çox qısa müddətdə dövlətimizin milli təhlükəsizliyinin
təmin olunması istiqamətində müəyyən
işlər görə bilmişdilər. Məhdud imkanlara
baxmayaraq, milli mənafelərə qarşı yönəlmiş
təcavüzkar qəsdlərin qarşısının
alınması istiqamətində effektiv qabaqlayıcı əməliyyat
tədbirləri həyata keçirmişdilər. Lakin bu
şərəfli missiya, yeni yaranmış təhlükəsizlik
sisteminin inkişafı və təkmilləşdirilməsi
işləri 1920-ci ilin aprelində bolşevik-daşnak
müdaxiləsi və Azərbaycanın işğalı nəticəsində
yarımçıq qaldı.
Azərbaycanda sovet hakimiyyəti
formalaşdırılandan sonra respublikanın digər dövlət
strukturları kimi, təhlükəsizlik sisteminin də fəaliyyəti
sovet ideologiyasının tələblərinə uyğun
qurulmuşdu. Lakin Sovet İttifaqının dövlət siyasətini
həyata keçirən təhlükəsizlik orqanları həm
də xalqların milli dəyərlərinə və
onların daşıyıcıları olan insanlara
qarşı repressiv qurum kimi çıxış edirdilər.
Azərbaycan Fövqəladə Komissiyası, bir qədər
sonra Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq
Daxili İşlər Komissarlığı adlanan bu orqanın
50-ci illərin əvvəllərinədək yüz minlərlə
azərbaycanlını fiziki və mənəvi terrora məruz
qoyması xalqımızın sovet tarixinin keşməkeşli
dövrüdür.
Milli
prioritetlərlə xarakterizə edilən dövr
Ötən əsrin ortalarından
etibarən tədricən respublika təhlükəsizlik
orqanlarında tarixi ədalətin bərpa edilməsi,
repressiyaya məruz qalmış bir çox insanların
hüquqi və mənəvi bəraət alması istiqamətində
xeyli iş görülməyə başlandı. İftixar
doğuran haldır ki, bu prosesdə ömrünün
böyük bir hissəsini təhlükəsizlik orqanları
sıralarında öz xalqına həsr etmiş görkəmli
dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri
olmuşdur. Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsində rəhbərliyə gəlməsi bu qurumun
tarixində milli prioritetlərin müəyyənləşməsi
kimi xarakterizə edilən yeni dövrün
başlanğıcı olmuşdur. Ulu öndərin Azərbaycan
xüsusi xidmət orqanlarına rəhbərliyi illərində
DTK-da əvvəlki dövrlərdən köklü surətdə
fərqlənən ab-hava yaranmış, kadr
potensialının milli təməllər üzərində
formalaşdırılması, təhlükəsizliyin təminatında
respublikamızın və xalqımızın milli
maraqlarının ön plana çəkilməsi, qorunması
və özünüdərkinin dirçəldilməsi məqsədilə
ümumən Azərbaycanın gələcəyinə
hesablanmış mühüm tədbirlər həyata
keçirilmişdir. Ulu öndər xalqımızın mənafelərini,
milli-mənəvi irsini, milli təfəkkür və dəyərlər
sistemini keçmiş rejimin amansız təhdidlərindən
qorumaq naminə böyük iradə, dəyanət
nümayiş etdirmişdir. Bu baxımdan Heydər Əliyevin
repressiya qurbanlarına bəraət verilməsi istiqamətində
gördüyü işlər məhz azərbaycançılıq
məfkurəsinin güclənməsinə xidmət
etmişdir. Bunun üçün ulu öndər mərkəzin
təzyiqləri ilə üz-üzə dayanmaqdan çəkinməmiş,
müəyyən qüvvələrin ciddi müqavimətlərinə
baxmayaraq, qətiyyət və cəsarət nümayiş
etdirərək Azərbaycanın görkəmli elm, mədəniyyət,
ictimai xadimlərini siyasi təqiblərdən, amansız
repressiyalardan qorumaqla milli maraqların müdafiəsi sahəsində
hələ o illərdə xalqımıza tarixi xidmətlər
göstərmişdir.
Heydər Əliyev hər zaman
dövlət strukturlarında, o cümlədən xüsusi
xidmət orqanlarında azərbaycanlı kadrların
sayının artmasını istəyirdi. Məhz o
böyük insanın Azərbaycanın təhlükəsizlik
orqanlarında rəhbərliyə irəli çəkildiyi
dövrdə bu quruma milli kadrların cəlb olunması,
onların yetişdirilib, həlledici iş sahələrində
rəhbər vəzifələrə təyin olunması
geniş vüsət almışdır. Ulu öndər Heydər
Əliyevin milliləşmə siyasəti ötəri,
keçici və ya epizodik hal olmamış, bütöv bir
sistem təşkil etmişdir. Milli kadrların rəhbər vəzifələrə
təyinatı, gənc əməkdaşların xüsusi ali
təhsil almaq üçün Moskva, Leninqrad və Kiyev şəhərlərinə
göndərilməsi, ümumiyyətlə, milliləşmə
prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Buna görə də şərəfli
və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik
orqanlarında xidmətə həsr etmiş Heydər Əliyevin
bu spesifik sahədəki ölçüyəgəlməz və
milli hisslərə söykənən zəngin fəaliyyəti
daim böyük ehtiramla xatırlanacaq, onun peşəkarlıq
məktəbindən dönmədən bəhrələnəcəklər.
Milli təhlükəsizliyin təminatı dövlətin
başlıca vəzifələrindəndir
Azərbaycan 1991-ci ildə dövlət
müstəqilliyini bərpa etdikdən sonra
respublikamızın təhlükəsizlik orqanlarının fəaliyyətində
yeni mərhələ başlamış, Milli Təhlükəsizlik
Nazirliyi təsis edilmişdir. Artıq qarşıda duran vəzifələr
yeni dövrün və ictimai-siyasi formasiyanın mahiyyətinə
uyğun olaraq fəaliyyət göstərmək, müstəqilliyimizə
və ölkəmizin maraqlarına qarşı olan təhdidlərlə
mübarizə idi. Lakin 1991-1993-cü illərdə ölkə
həyatının digər sferalarında olduğu kimi, bu sahədə
də ciddi problemlər, boşluqlar yaranmışdı.
Hakimiyyət uğrunda çəkişmələrin
aparılması, ictimai-siyasi sabitliyin olmaması digər
orqanlar kimi, Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyətinə
mənfi təsir göstərmiş, beləliklə, dövlət
maraqlarının qorunması işi xeyli zəifləmişdi.
Bundan istifadə edən pozucu qüvvələr ölkədə
milli-etnik münasibətləri süni şəkildə
qızışdırmağa çalışır,
ekstremizmin müxtəlif formalarda təzahür etməsinə
rəvac verirdilər.
Həmin ağır günlərdə
- 1993-cü ilin iyununda xalqın təkidli və israrlı tələbi
ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər
Əliyevin qarşıya qoyduğu başlıca məsələlərdən
biri ölkəmizin milli maraqlarına cavab verə biləcək
düzgün siyasi-strateji kursun müəyyən olunması əsasında
müstəqil Azərbaycan dövlətinin etibarlı təhlükəsizlik
siyasətinin hazırlanması və həyata keçirilməsi
idi. Bütün bu işləri son dərəcə mürəkkəb
daxili siyasi vəziyyət və xaosun mövcudluğu, Ermənistanın
Azərbaycana olan hərbi təcavüzü, müəyyən
xarici təzyiqlər şəraitində həyata keçirmək
lazım gəlirdi. Mövcud reallıqları - Azərbaycanın
mürəkkəb coğrafi məkanda yerləşməsini,
dünyanın müxtəlif fövqəlgüc mərkəzlərinin
Cənubi Qafqazda toqquşan iqtisadi və hərbi-siyasi
maraqlarını, cəmiyyətimizə yad olan müxtəlif
radikal dini təsirləri müdrikliklə nəzərə
alan Heydər Əliyev ilk günlərdən milli təhlükəsizliyin
təminatı sahəsində işləri əzmlə və
cəsarətlə davam etdirdi. Ulu öndər təhlükəsizlik
orqanlarının fəaliyyətinin yüksək səviyyədə
qurulmasını incəliklərinə qədər gözəl
bilirdi və bunun sayəsində ciddi islahatlar həyata
keçirildi. Həmin dövrdən etibarən ölkədə
hüquq-mühafizə, o cümlədən təhlükəsizlik
orqanlarının qarşısında duran başlıca vəzifələrin
müəyyənləşdirilməsi və
reallaşdırılması, xarici xüsusi xidmət
orqanlarının həyata keçirmək istədikləri kəşfiyyat,
təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar
olunması və neytrallaşdırılması istiqamətində
ciddi işlərə başlandı və tədricən,
lakin qətiyyətlə mühüm nailiyyətlər əldə
olundu.
Ümummilli lider Heydər Əliyev
özünə əziz və doğma saydığı təhlükəsizlik
orqanlarından diqqət və qayğısını heç
bir zaman əsirgəməmiş, Azərbaycan xalqına
qarşı yönəlmiş qüvvələrlə
mübarizənin ön sıralarında dayanan və ölkənin
milli təhlükəsizliyini təmin etmək kimi müqəddəs
bir missiyanı şərəflə yerinə yetirən bu
strukturun möhkəmlənməsini dövlətin
qarşısında dayanan ən mühüm və
başlıca vəzifələrdən biri kimi dəyərləndirmişdir.
Ulu öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli
"Azərbaycan Respublikası milli təhlükəsizlik
orqanları əməkdaşlarının peşə
bayramı gününün təsis edilməsi
haqqında" Sərəncamı da bu diqqət və
qayğının, xüsusi xidmət orqanlarının
müstəqil dövlətçiliyimiz
qarşısındakı xidmətlərinə göstərilən
böyük ehtiramın təcəssümüdür. Bu sərəncamla
hər il mart ayının 28-i ölkəmizdə milli təhlükəsizlik
orqanları əməkdaşlarının peşə
bayramı günü kimi qeyd edilir.
Azərbaycanı inkişaf etdirmək,
onun müstəqilliyini əbədiləşdirmək və təhlükəsizliyini
etibarlı təmin etmək üçün xalqımıza və
dövlətçiliyimizə son dərəcə sədaqətli,
vətənpərvər, sağlam milli düşüncəyə,
yüksək mənəvi-əxlaqi keyfiyyətlərə,
geniş təfəkkürə və
dünyagörüşünə malik milli kadr
potensialının yetişdirilməsi ölkəmizin milli
maraqlarının təmini baxımından vacib məsələdir.
Hələ sovet dövründə respublikamızın təhlükəsizlik
orqanları üçün peşəkar milli kadrların
hazırlanması məsələsinə xüsusi diqqətlə
yanaşan ulu öndər Heydər Əliyev vacib dövlətçilik
təsisatlarından olan milli təhlükəsizlik
orqanlarının formalaşması və inkişafında
mühüm rol oynayan yeni nəsil peşəkar və
ixtisaslı kadrların hazırlanmasını həyata
keçirə biləcək təhsil ocağının yaradılmasını
zəruri saymış və 1 dekabr 1998-ci il tarixdə
imzaladığı sərəncamla Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyasını təsis etmişdir. Bununla da Azərbaycanda
ilk dəfə olaraq xüsusi xidmət orqanları
üçün milli kadrların hazırlanması işinin təməli
qoyulmuşdur. Bu gün ümummilli lider Heydər Əliyevin
adını daşıyan akademiya Milli Təhlükəsizlik
Nazirliyi üçün xüsusi ali təhsilli mütəxəssislərin
hazırlanmasını həyata keçirən xüsusi təyinatlı
ali təhsil müəssisəsidir.
Çağdaş dövrümüz təhlükəsizlik
tədbirlərinin adekvat olmasını tələb edir
Qloballaşma proseslərinin vüsət
aldığı çağdaş dövrümüz milli təhlükəsizlik
sahəsində adekvat ixtisaslı tədbirlərin həyata
keçirilməsini zəruri edir. Geostrateji mövqeyi
baxımından beynəlxalq maraqların kəsişdiyi bir məkan
olan Azərbaycanın son illərdə dinamik
inkişafının, tranzit əhəmiyyətinin
artmasının, beynəlxalq neft-qaz kəmərlərinin
işə düşməsi, dünya nizamının dəyişkənliyi,
mürəkkəbliyi və ziddiyyətli olması,
terrorçuluğun, informasiya müharibəsinin, kibercinayətkarlığın
genişlənməsi təhlükəsizlik məsələlərini
daha qabarıq formada üzə çıxarır və
mübarizənin yeni formada, müasir tələblərə
uyğun aparılmasını vacib edir. Digər tərəfdən,
fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri
bir araya gətirməsi, dini və milli tolerantlığı
ilə tanınan Azərbaycan üçün bu faktor
xüsusilə aktualdır. Azərbaycan üçün təhlükəsizlik
məsələlərinin önəm kəsb etməsi həm
də Ermənistanın respublikamıza qarşı hərbi təcavüzünün
bu gün də davam etməsi ilə şərtlənir. Bu
münaqişənin işğalçı Ermənistanın
qeyri-konstruktiv mövqeyi üzündən həllini
tapmaması, zəbt olunmuş torpaqlardan terrorçuların
hazırlanması, narkotik vasitələrin kultivasiyası,
silah qaçaqmalçılığı məqsədilə
istifadə edilməsi nəinki Cənubi Qafqaz regionu, hətta
beynəlxalq aləm üçün təhdidlər
doğurur.
Lakin iftixarla qeyd edirik ki, bu gün
ölkəmizin milli təhlükəsizlik strategiyası təhlükəsizliyimizə
yönələn hər cür təhdidlərə
qarşı möhkəm və sarsılmaz sipər
yaratmağa imkan verir. Ümummilli liderin Azərbaycanın milli
təhlükəsizliyinin, maraq və mənafelərinin
qorunması istiqamətində müəyyən etdiyi strateji xətt
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən inamla davam etdirilir, çağdaş
dövrün tələblərinə uyğun olaraq zənginləşdirilir.
Prezident İlham Əliyevin fəaliyyətində milli təhlükəsizliyimizin
etibarlı şəkildə qorunması əsas yerlərdən
birini tutur və dövlət başçısı sürətlə
inkişaf edən, müxtəlif sahələrdə
böyük uğurlara imza atan müstəqil
respublikamızın milli təhlükəsizliyinin
qorunmasını hər zaman vacib məsələ kimi daim
önə çəkir, bu sahəni diqqət mərkəzində
saxlayır.
Ölkə rəhbərinin təhlükəsizlik
məsələlərinə həssas münasibəti bu
yönümdə qanunvericilik bazasının xeyli genişlənməsində
və təkmilləşdirilməsində də
özünü göstərir. Qəbul olunmuş "Milli təhlükəsizlik
haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında", "Dövlət sirri
haqqında", "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının qanunları,
Prezident tərəfindən 23 may 2007-ci ildə təsdiq
edilmiş Milli Təhlükəsizlik Konsepsiyası ölkəmizin
təhlükəsizlik siyasətini müəyyən edən
mühüm sənədlərdir. Bu sənəd və aktlarda
milli maraqların və təhdidlərin anlayışı
verilmiş, təsnifatı aparılmış, milli təhlükəsizliyin
təminatı sahələri və sistemin əsas elementləri,
Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin
hüquqi çərçivəsi, ölkənin milli təhlükəsizliyinin
hərtərəfli təmin olunması işində vəzifə
və səlahiyyətləri dəqiq müəyyənləşdirilmişdir.
Diqqət və etimad məsuliyyətimizi artırır
Milli təhlükəsizlik
orqanları ulu öndər Heydər Əliyevin layiqli siyasi
davamçısı Prezident İlham Əliyevin diqqətini və
qayğısını daim hiss edir. Dövlət
başçısı dəfələrlə milli təhlükəsizlik
orqanlarının əməkdaşları ilə
görüşmüş, xidmətdə fərqlənənləri
təltif etmiş, ali rütbələrin verilməsi ilə
bağlı sərəncamlar imzalamış,
xalqımızın ümummilli liderinin Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasının
binası qarşısında ucaldılmış abidəsinin
və burada şöhrət muzeyinin
açılışı, Döyüş
bayrağının təqdim edilməsi mərasimlərində
iştirak etmişdir. Dövlət başçısı
MTN-in "N" saylı hərbi hissəsində də
ümummilli lider Heydər Əliyevin abidəsinin
açılışı və hərbi hissəyə
döyüş bayrağının təqdim edilməsi mərasimində
iştirak etmiş, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət
Mərkəzinin əsaslı təmir edilmiş binası ilə
tanış olmuş, "Azərbaycan Respublikası milli təhlükəsizlik
orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının
yubiley medalının təsis edilməsi haqqında Azərbaycan
Respublikasının Qanununu imzalamışdır.
Bütün bunlarla yanaşı,
Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətin beynəlxalq
standartlara uyğun formalaşdırılması
üçün zəruri işlər
görülmüşdür. Fəaliyyətimizin yeni üsul
və formalara uyğun təkmilləşdirilməsi müasir
texniki təchizat işimizi mükəmməl və səmərəli
qurmağa imkan vermişdir.
Ötən dövr ərzində
dövlət başçısının gündəlik diqqət
və qayğısı sayəsində milli təhlükəsizlik
orqanlarının şəxsi heyətinin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində də tədbirlər
davam etdirilmişdir. Bir sıra ərazi orqanları
üçün yeni inzibati binaların inşası, habelə
zəruri təmir-tikinti və bərpa işləri
ardıcıl surətdə aparılmışdır. Hərbi
hospitalda və İstirahət evində tikinti-quruculuq işlərinin
yaxın vaxtlarda başa çatdırılması sosial
müdafiənin gücləndirilməsi istiqamətində
növbəti addımlar olacaqdır. Əməkdaşların
mənzil şəraitinin
yaxşılaşdırılması üçün tədbirlərin
də davam etdirilməsi qeyd olunmalıdır. Prezident İlham
Əliyevin imzaladığı "Milli təhlükəsizlik
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
üzrə (2007-2011-ci illər üçün) Dövlət
Proqramı"nda da milli təhlükəsizlik orqanları əməkdaşlarının
sosial təminatının gücləndirilməsi, onların
yaşayış və iş şəraitinin
yaxşılaşdırılması kimi vacib məsələlər
əksini tapmış və həyata keçirilmişdir.
Bütün bunlar fəaliyyətimizə göstərilən
yüksək diqqət və etimad olmaqla yanaşı, əməkdaşları
daha yaxşı işləməyə, qarşıda duran vəzifələri
layiqincə yerinə yetirməyə səfərbər edir.
Prezident İlham Əliyev Azərbaycanın təhlükəsizlik
orqanlarının yaradılmasının ildönümü
münasibətilə milli təhlükəsizlik
orqanlarının əməkdaşlarına və
veteranlarına ünvanladığı təbrikdə ölkənin
xüsusi xidmət orqanlarının fəaliyyətini yüksək
qiymətləndirərək demişdir: "Bu gün təhlükəsizlik
orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin
olunmasında, konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat
və əks-kəşfiyyat, transmilli mütəşəkkil
cinayətkarlıqla mübarizə və digər sahələrdə
mühüm nailiyyətlər əldə etmişdir. Xarici
xüsusi xidmət orqanlarının və ayrı-ayrı
şəxslərin Azərbaycanın həyati maraqlarına
qarşı yönəlmiş destruktiv fəaliyyətinin
qarşısının alınması, ölkəmizin daxili və
xarici siyasətini həyata keçirmək üçün əlverişli
şərait yaradılması məqsədi ilə təhlükəsizlik
orqanlarının gördükləri tədbirlər, qlobal
informasiya məkanında erməni təcavüzünə
qarşı apardıqları işlər, terrorçuluqla,
transmilli mütəşəkkil cinayətkarlıqla
mübarizə daha səmərəli və sistemli xarakter
almışdır".
Uğurlarla zəngin ötən dövrdə milli
maraqlara və mənafelərə qarşı təhdidlərlə
mübarizə peşəkarlıqla aparılmışdır
Müstəqilliyimizin bərpasının
20-ci ildönümünü böyük qürur hissi ilə
qeyd etdiyimiz 2011-ci il bütövlükdə Azərbaycan
xalqının, dövlətinin həyatında möhtəşəm
uğurlarla yadda qaldı.
Ötən il Azərbaycanın BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi müstəqillik illərində
xarici siyasətdə nail olduğumuz böyük
uğurlardandır. Bu ilin fevralında Azərbaycanın
"Böyük iyirmiliy"in xarici işlər nazirlərinin
toplantısına dəvət edilməsi isə dünyada
artan nüfuzumuzun növbəti beynəlxalq etirafıdır.
Bütün bunlar həm də onun göstəricisidir ki,
müasirləşmə və yeniləşmə mərhələsində
böyük nailiyyətlərə imza atan, önəmli
sosial-iqtisadi göstəricilərə malik olan, regionda və
beynəlxalq aləmdə nüfuz sahibinə çevrilən,
gündən-günə qüdrətlənən Azərbaycan
öz dövlətçilik tarixinin mühüm
dövrünü yaşayır və yüksək inkişaf
etmiş ölkələr sırasına qədəm
qoymaqdadır.
2011-ci il Milli Təhlükəsizlik
Nazirliyi üçün də uğurlu olmuşdur. Ulu öndər
Heydər Əliyevin "Dövlətin təhlükəsizlik,
yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini
layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və
iş üslubu olsun" fikrini öz xidməti fəaliyyətlərində
rəhbər tutan milli təhlükəsizlik
orqanlarının şəxsi heyəti üçün il
müvəffəqiyyətlə nəticələnən əməliyyatlarla
və xidməti fəaliyyətdə mühüm nəticələrlə
yadda qalmışdır.
Ötən peşə
bayramından keçən dövr ərzində Azərbaycanın
siyasi, hərbi və iqtisadi maraqlarına qarşı yönələn
təhdidlərə, terror-təxribat və kəşfiyyat-pozuculuq
niyyətlərinə qarşı məqsədyönlü
mübarizə aparılmış və önəmli nəticələr
əldə edilmişdir
Azərbaycan Respublikası, o
cümlədən onun Silahlı Qüvvələri əleyhinə
xarici xüsusi xidmət orqanlarının kəşfiyyat və
digər pozuculuq fəaliyyətinə qarşı bir sıra
effektli preventiv əks-kəşfiyyat tədbirləri
keçirilmişdir. Xarici xüsusi xidmət
orqanlarının tapşırığı ilə Azərbaycan
ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə
məşğul olan 2 nəfər hərbi qulluqçu barəsində
Cinayət Məcəlləsinin "Dövlətə xəyanət"
maddəsi ilə cinayət işləri
başlanmışdır.
Müharibə şəraitində
yaşayan Azərbaycanda əks-kəşfiyyat xətti üzrə
sayıqlıq və fəaliyyətin intensiv gücləndirilməsi
həmişə aktualdır. Milli Təhlükəsizlik
Nazirliyinin həyata keçirdiyi səmərəli əks-kəşfiyyat
tədbirləri nəticəsində, Azərbaycanın
suverenliyi və dövlət təhlükəsizliyi zərərinə
olaraq casusluq etməklə dövlətə xəyanət,
habelə terror aktına hazırlıq görən, külli
miqdarda qanunsuz odlu silah, döyüş sursatı əldə
etmiş və digər təhlükəli cinayətdə təqsirli
bilinən, İran xüsusi xidmət orqanları tərəfindən
əməkdaşlığa cəlb edilmiş 2
ayrı-ayrı qrup, bütövlükdə 24 nəfər
ifşa olunaraq tutulmuşlar.
Terrorçuluqla mübarizə
uğurla davam etdirilmişdir. Həyata keçirilmiş
kompleks tədbirlər nəticəsində Pakistan-Əfqanıstan
ərazilərində koalisiya qüvvələrinə
qarşı silahlı birləşmələrdə
iştirak etmiş və beynəlxalq axtarışda olan 2 nəfər
tutulmuşdur.
Mütəşəkkil transmilli
cinayətkarlıq bütün dünya ölkələri, o
cümlədən əlverişli geostrateji mövqeyə
malik, dinamik inkişaf edən Azərbaycan üçün
narahatlıq doğurur. Bu məqsədlə ötən il
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik
vasitələrin qaçaqmalçılığı,
qeyri-leqal miqrasiya, insan ticarəti, "çirkli pulların
yuyulması", kibercinayətlər və mütəşəkkil
cinayətkarlıqla bağlı digər sahələrdə
mübarizə ardıcıl davam etdirilmişdir. Ötən
müddətdə narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsi
ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil
cinayətkar dəstə və qrup ifşa olunmuş,
ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılmışdır. Həmin
narkotik vasitələrdən 353 kiloqramı Rusiya, Ukrayna və
Tükiyədən olan tərəfdaşlarla birgə
keçirilmiş əməliyyat tədbirləri nəticəsində
müsadirə olunmuşdur. Faktlarla bağlı 40 cinayət
işi başlanmış, Azərbaycan, Ukrayna, Rusiya, İran
və Gürcüstan vətəndaşlarından ibarət
137 nəfər istintaqa cəlb olunmuşdur.
Qaçaqmalçılıqla mübarizə tədbirləri
çərçivəsində təyinatına görə
nüvə sənayesində istifadə edilən
avadanlığın qaçaqmalçılığı ilə
məşğul olan transmilli mütəşəkkil cinayətkar
dəstə də zərərsizləşdirilmişdir. Eləcə
də dərman və dərman preparatlarının, külli
miqdarda qiymətli daş-qaşın və qızıl məmulatlarının,
spirtli içkilərin, radioaktiv və zəhərləyici
maddələrin qaçaqmalçılığının
qarşısı alınmış, ümumilikdə bu faktlar
üzrə 8 cinayət işi başlanmış, 16 nəfər
məsuliyyətə cəlb olunmuşdur.
İnsan alverinə qarşı
mübarizə sahəsində Azərbaycan vətəndaşları
olan qadınların cinsi istismar məqsədilə xarici
ölkələrə göndərilməsinin
qarşısı alınmış, faktla bağlı cinayət
işi başlanmışdır. Milli Təhlükəsizlik
Nazirliyinin materialları əsasında Baş Prokurorluq tərəfindən
"İnsan orqanlarının alqı-satqısı və
onların transplantasiya məqsədi ilə götürülməsinə
məcbur etmə" maddəsi ilə başlanmış
cinayət işi üzrə 2 nəfər Azərbaycan
Respublikası vətəndaşı məsuliyyətə cəlb
olunmuşdur.
2011-ci il ərzində Gədəbəy
Qızıl-mis Emalı Zavodundan xam qızılın
oğurlanması ilə məşğul olan Azərbaycan vətəndaşlarından
ibarət mütəşəkkil cinayətkar dəstə
ifşa olunaraq cinayət məsuliyyətinə cəlb
edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri
nəticəsində kompyuter informasiyasına qanunsuz daxil olaraq
müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin
talanmasında təqsirli bilinən mütəşəkkil dəstə
yaxalanmışdır. Bundan başqa, saxta sənədlər,
o cümlədən saxta qiymətli kağızlar
hazırlama, nəzarətdənkənar beynəlxalq rabitə
xidmətinin təşkili, külli miqdarda vergi ödənişlərindən
yayınma, insanların etibarını qazanmaqla külli
miqdarda pul vəsaitini mənimsəmə və digər cinayətlər
üzrə 27 cinayət işi başlanmışdır.
Ümumən əməliyyat şəraiti
daim diqqət mərkəzində saxlanılır, hər bir
amil ciddi nəzərə alınır, qabaqlayıcı tədbirlər
görülür. Qarşıya qoyulmuş vəzifələrin
icrası zamanı Milli Təhlükəsizlik Nazirliyi digər
dövlət qurumları və hüquq-mühafizə
orqanları ilə sıx əməkdaşlıq edir və
bu, uğurlu nəticələr verməkdədir.
Effektiv fəaliyyətə xidmət edən hər bir məsələ
diqqət mərkəzindədir
Xarici tərəfdaşlarla
işgüzar əlaqələr də mühüm əhəmiyyət
daşıyır və bu sahədə aparılan işlər
uğurla davam etdirilir. Burada effektli informasiya mübadiləsi
vacib faktordur. Bu gün Milli Təhlükəsizlik Nazirliyi
onlarca xarici xüsusi xidmət orqanı ilə
qarşılıqlı əlaqələri həyata
keçirir. Eyni zamanda, bir çox beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir. Tərəfdaşlıq
münasibətlərinin genişləndirilməsi çərçivəsində
Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin bir
sıra ölkələrə səfərləri olmuş, həmin
ölkələrin müvafiq orqanlarının rəhbərləri
ilə görüşlər keçirilmişdir. Milli Təhlükəsizlik
Nazirliyinin təşkilatçılığı ilə
Bakı şəhərində 5-7 oktyabr 2011-ci il tarixdə
Türkdilli dövlətlərin xüsusi xidmət
orqanları Konfransının 14-cü iclası, 26-28 oktyabr
2011-ci il tarixdə isə MDB dövlətləri təhlükəsizlik
və xüsusi xidmət orqanları rəhbərləri
Şurasının 31-ci iclası keçirilmişdir. Həmçinin
əməkdaşlarımız BMT, Avropa Şurası, NATO, ATƏT,
MDB və GUAM çərçivəsində transmilli mütəşəkkil
cinayətkarlığa, terrorçuluq, narkotiklərin
yayılması və digər təhlükəli cinayətlərə
qarşı fəaliyyətə həsr olunmuş tədbirlərdə
iştirak etmişlər.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli
şəraitin yaradılması hər zaman fəaliyyətimizin
prioritet istiqamətidir. Dövlət başçısı cənab
İlham Əliyevin Ermənistanın təcavüzkar və
riyakar siyasətinə qarşı informasiya mübarizəsi,
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması sahəsində hücum
taktikası ilə bağlı tövsiyələri rəhbər
tutularaq ötən ildə də məqsədyönlü
kompleks tədbirlər həyata keçirilmişdir. Bu sahədə
informasiya mübarizəsinin effektivliyi
artırılmışdır. Bir çox xarici ölkə
alimlərinə, politoloqlara və konfliktoloqlara münaqişənin
tarixi, əsassız erməni iddiaları, erməni
tarixçilərinin saxtakarlıqları barədə ətraflı
məlumatlar çatdırılması təmin edilmişdir.
Bu işdə Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının məqsədyönlü fəaliyyəti
qeyd edilməlidir. Dövlət Komissiyası tərəfindən
Ermənistanın terrorçuluq siyasətini ifşa edən,
Azərbaycan həqiqətlərini dünyaya çatdıran
müxtəlif sənədli filmlər, 25 mindən çox
kitab, CD və müvafiq vasitələr
paylanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət"
kampaniyası çərçivəsində Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının üzvləri
bir sıra xarici ölkələrdə keçirilən silsilə
tədbirlərdə fəal iştirak etmişlər.
Müəyyən qüvvələrin
internet resurslarından istifadə olunmaqla əməliyyat şəraitinə
təsir göstərmə imkanları, kibercinayətkarlıq,
informasiya təhlükəsizliyi bugünün
reallıqlarıdır. Məhz bu aktuallığı nəzərə
alaraq Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü
ilə 12-13 mart 2012-ci il tarixlərdə Bakı şəhərində
Avropa İttifaqı ilə birlikdə "İnformasiya təhlükəsizliyi"
mövzusunda seminar keçirilmişdir. Seminarda informasiya təhlükəsizliyi
sahəsinə aidiyyəti olan digər dövlət
qurumlarının da ekspertləri iştirak etmişlər.
Milli Təhlükəsizlik
Nazirliyində ictimaiyyətlə əlaqələrin səmərəli
təşkilinə, fəaliyyətin
işıqlandırılmasına, görülən tədbirlər
və əldə edilən nəticələr barəsində
cəmiyyətin operativ məlumatlandırılmasına
xüsusi diqqət yetirilir. Hər bir şəxs həm
gündəlik mətbuat səhifələrində, həm də
nazirliyin rəsmi internet səhifəsində lazımi məlumatlarla
tanış ola bilir.
Sözsüz ki, uğurlu fəaliyyətin
əsas şərtlərindən biri kadrların düzgün
seçilib yerləşdirilməsi, peşə
hazırlığı və irəli çəkilməsidir.
Kadrların seçilməsi zamanı vətənpərvərlik
və peşəkarlıqla yanaşı, onların müasir
informasiya texnologiyaları üzrə vacib sahəvi biliklərə
malik olmasına ciddi önəm verilir. Kadrların
yetişdirilməsində müstəsna rolu olan Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasında əməkdaşların
hazırlığı və ixtisas artırılması ilə
bağlı bütün imkanlar yaradılmışdır.
Təhlükəsizliyimizin
və dövlətçiliyimizin qorunması işində daim
ön sıralarda
Son illər Azərbaycanda geniş
regional və beynəlxalq layihələr həyata
keçirilir. Eyni zamanda, ölkəmiz ardıcıl olaraq
irimiqyaslı beynəlxalq siyasi, dini, mədəni, idman tədbirlərinin
həyata keçirildiyi bir məkana çevrilmişdir.
Bütün bu layihələrin və tədbirlərin təhlükəsizliyinin
təmin olunmasında milli təhlükəsizlik orqanları
da yaxından iştirak edir.
Ulu öndər Heydər Əliyevin
əsasını qoyduğu dönməz ictimai-siyasi sabitlik,
aparılan fəal hüquq mühafizə siyasəti nəticəsində
son 15 ildə Azərbaycan və Bakı şəhəri
davamlı olaraq cinayətkarlıqla mübarizənin səviyyəsinə
görə MDB-də ən yaxşı göstəricilərə
malik respublika və paytaxt sayılır. Təhlükəsizlik
imici tərəfdaşlığa, etibara, xarici sərmayə
qoyuluşuna geniş yollar və imkanlar açır. Qürur
hissi ilə qeyd edirik ki, cari ilin may ayında ölkəmizdə
"Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcəkdir.
Bununla əlaqədar respublikamıza onlarca dövlətdən
rəsmi nümayəndə heyəti və
iştirakçıların, yüzlərlə xarici
jurnalistin və minlərlə turistin gəlişi gözlənilir.
Tədbirin keçirildiyi dövrdə sabitliyin və təhlükəsizliyin
təmin olunmasında bütün aidiyyəti strukturlar kimi,
milli təhlükəsizlik orqanlarının
qarşısında da mühüm vəzifələr
qoyulmuşdur. Bu vəzifələrin yüksək peşəkarlıqla
yerinə yetirilməsi üçün zəruri qüvvə
və vasitələr səfərbər olunmuşdur.
Milli təhlükəsizlik
orqanlarının əsas vəzifəsi təhlükəsizliyin
və sabitliyin təmin edilməsi, müstəqilliyin və
dövlətçiliyin qorunmasıdır. Bizim vəzifəmiz
dövlətin daxili və xarici siyasəti üçün əlverişli
şərait, inkişaf üçün etibarlı təminat
yaratmaqdır. Əlbəttə, bu məsələdə hər
bir vətəndaş da ayıq-sayıq olmalı, dövlətçilik
mövqeyindən çıxış etməli, təhlükəsizliyin
təmin olunmasında dövlət orqanlarına
yardımını əsirgəməməlidir.
İndi keçid
dövrünü arxada qoyan Azərbaycan dövlət
quruculuğunun yüksək inkişaf, müasirləşmə
və yeniləşmə mərhələsini yaşayır.
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu dövlətçilik ənənələrinə
sadiq, möhtərəm Prezident İlham Əliyevin əmr və
tapşırıqlarının icrasına hər an və
dönmədən hazır olan milli təhlükəsizlik
orqanlarının şəxsi heyəti Azərbaycanın
qüdrətlənməsinə xidmət edən dövlət
siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini
verəcəkdir.
Milli təhlükəsizlik
orqanlarının əməkdaşlarının peşə
bayramı münasibətlə əməkdaşlarımızı
və veteranlarımızı təbrik edir, xidməti fəaliyyətlərində
və bütün işlərində uğurlar
arzulayırıq. Bir daha bəyan etmək istəyirəm ki,
milli təhlükəsizlik orqanları müstəqilliyimizin və
dövlətçiliyimizin etibarlı qorunması işində
daim öndə gedəcək, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın
dinamik inkişaf edən və qüdrətlənən
dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində
ən yaxın silahdaşlarından olacaqdır.
Eldar
MAHMUDOV,
Azərbaycan
Respublikasının milli
təhlükəsizlik naziri, general-leytenant
Ədalət.-2012.-29
mart.- S.4.