Bir ürəkdə iki dünya

 

   Yazının sərlövhəsindən göründüyü kimi, haqqında söhbət açmaq istədiyim şəxs "iki ürəkli, dörd biləklidir". Qəhrəmanımın "birinci can"ı - həkim olaraq insanların sağlamlığının keşiyində durmaqdan ibarətdirsə, onun "ikinci can"ı ədəbiyyatımıza xidmət edən - şairlikdir. Bu baxımdan da mən bu yazımı iki hissədən ibarət qurmaq niyyətindəyəm. 

   1952-ci ilin xoş bir bahar günündə, mart ayının 30-da, QOÇ bürcü altında Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsindəki ziyalı ailələrindən birində - Musayevlər ailəsində dünyaya ilk göz açan oğlana ailə başçısı İsmayıl Paşa oğlu Musayev öz atasının adını verdi...

   Biz onunla axırıncı dəfə cari ilin mart ayının 4-də Beynəlxalq Muğam Mərkəzində keçirilən Muğamat konsertində görüşdük. Paşa müəllimin 60 illik yubileyinin yaxınlaşdığı barədə biləndə, haqqında portret yazı yazmaq istəyimi ona bildirdim və razılaşdıq.

   Konsert başlayana qədər professorun həyat və yaradıcılığı barədə bəzi məlumatları cib dəftərimdə qeyd eləsəm də, bu kifayət etmirdi. Şərtləşdiyimizə görə təxminən bir həftə sonra ona telefon açaraq, rəhbərlik etdiyi kafedranın tərkib hissəsini təşkil edən Dəmir Yol Xəstəxanasındakı iş otağında görüşüb, söhbətləşdik...

   Professor Paşa Musayev Qəlbinur (TƏBİB):

   1968-ci ildə Çinarlı qəsəbə orta məktəbini "Qızıl medal"la bitirən gənc Paşa hələ orta məktəbdə oxuyarkən böyüyəndə dayısı Sülhəddin Məmmədov kimi göz həkimi olmağı arzuladığı üçün sənədlərini Azərbaycan Tibb İnstitutunun "Müalicə profilaktika fakültəsi"nə verərək, qəbul imtahanından müvəffəq qiymət almaqla instituta daxil olur.

   Ali tibb məktəbində təhsil almağa başladığı ilk günlərdən fəallığı, seminarlara hazırlığı, poeziya duyumu, mədəni davranışı və səliqə-sahmanı ilə professor-müəllim heyətinin və tələbə yoldaşlarının diqqətini cəlb edən Paşa Musayev, qarşısına qoyduğu məqsədə - səriştəli həkim olmaq istiqamətində yorulmaz səylər göstərməyə başladı. O, gündəlik keçilən dərs proqramı ilə kifayətlənməyərək əlavə ədəbiyyat əldə edir, mühazirə və seminarlarda mövzu üzrə korrekt suallar verməklə müəllimlərini heyrətləndirirdi.

   Ən kiçik an kəsiyindən belə səmərəli istifadə etməyi meyar seçmiş gənc Paşa, elə kiçik tənəffüs fasilələrində tələbə yoldaşlarına təzə şeirlərini oxuyur, poeziya həvəskarlarını ətrafında cəmləşdirirdi.

   Hələ 13 yaşından şeir yazmağa başlayan və nə qədər təzadlı olsa belə, ilk şeiri "Gözlər" adlanan Paşa Musayevin çap olunan birinci şeiri I kursda oxuduğu dövrə, 1968-ci ilə təsadüf edir. İnstitut qəzetində çap olunan "Dağlar" adlı şeir aşağıdakı misralarla başlayırdı.

 

   Baxışıma tablamayan qız kimi,

   Bilmirəm baxırlar ha yana dağlar.

   Yayın nəfəsindən al bir üz kimi,

   Lalədən qızarıb, boyana dağlar...

 

   Paşa Musayev 6 illik tələbəlik illərində təbabətin sirrlərinə bələd ola-ola, həm də yaradıcılıqla məşğul olur, vaxtı olanda isə keçirilən müxtəlif ədəbi tədbirlərə qatılır, şeirlərini ədəbi ictimaiyyətə təqdim edirdi.

   Hələ uşaqlıqdan oftalmoloq olmaq, işığa həsrət gözlərə öz qəlbindən işıq, nur vermək niyyətində olan gənc Paşa, özünə şair təxəllüsü axtarmadı, təxəllüs özü ona yiyə çıxdı. Beləliklə, göz həkimi olmaq istəyən Paşa Musayev, şair olaraq Paşa Qəlbinur kimi tanınmağa başladı...

   O, İnstitutu bitirərək (1974), əvvəlcə Gəncə Göz xəstəxanasında, sonra isə Bakıda bir müddət göz həkimi qismində fəaliyyət göstərdi.

   Paşa Musayev 1978-ci ildə S.M.Seçenov adına I Moskva Tibb İnstitutunun (indiki Tibb Akademiyası) aspiranturasına daxil olur və akademik M.M.Krasnovun elmi rəhbərliyi altında (1978-1987) "Gözün buynuz qişasının bulyoz distrofiyasının yeni cərrahi üsulla müalicəsi" mövzusunda dissertasiya işini müdafiə edərək (1981) tibb elmləri namizədi, sonra isə "Gözün yarımkeçirici baryerləri" mövzusunda doktorluq işini müdafiə etməklə (1987) SSRİ tarixində oftalmologiya sahəsində 35 yaşında ilk tibb elmləri doktoru elmi dərəcəsi alır.

   Paşa Musayev 1988-ci ildən Azərbaycan Tibb Universitetinin "Oftalmologiya kafedrası"nın professoru olmaqla, 1991-ci ildən həmin kafedraya rəhbərlik edir. 

   O, 250-dən artıq elmi məqalənin, 4 elmi monoqrafiyanın, 10 elmi ixtiranın müəllifidir.

   Alimin elmi rəhbərliyi altında dissertasiya müdafiə etmiş 16 elmlər namizədi, elmi məsləhətçiliyi ilə elmlər doktoru elmi dərəcəsi almış 5 elm xadimi Azərbaycan təbabətinin inkişafına elmi rəhbərlərinə xas - layiqli bir tərzdə elmi töhvələr verirlər.

   Professor Paşa Musayevin oftalmologiya sahəsindəki əsaslı elmi araşdırmaları dünyanın aparıcı elm müəssisələrinin diqqətindən yayınmamış, o ilk azərbaycanlı alim olaraq 1994-cü ildə Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü seçilmiş, 1996-cı ildə isə Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən "Fiziologiya bölməsi"nin eksperti təyin edilmişdir.

   2001-ci ildə Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi (TCOD) Bilimsəl qurumunun həmsədri seçilən professor Paşa Musayev, TCOD Bilim Danışma Yönətim qurumu və Yürütmə qurumunun da həmsədridir.

   Tanınmış Azərbaycan aliminin elm sahəsində qazandığı ən yüksək nailiyyətlərdən biri - dünyanın aparıcı tibb müəssisələri tərəfindən tətbiq olunan - orqan və toxuma transplantasiyasında yeni elmi istiqamət sayılan "Qlaukomanın cərrahi müalicəsində Musayev üsulu"dursa (gözdə qara suyun müalicəsi), digər bir uğuru isə Azərbaycanda son 100 ildə ilk dəfə Paşa Musayevin rəhbərliyi altında, Sevinc Musayeva-Əkbərovanın və Olqa Stroyevanın həmmüəllifliyi ilə kəşf edilmiş və Rusiya Farmakologiya Komitəsi tərəfindən XX əsrdə rəsmi təstiq edilən və kütləvi istehsal və tətbiq edilməsi üçün lisenziya verilən, dünyada bu günə qədər istifadə olunan ən effektli dərmanlardan sayılan "Aktipol" antivirus preparatıdır.

   2002-ci ilin 12-17 noyabr tarixlərində Brüsselin (Belçika) "51-ci Ümumdünya İxtiralar Salonu"nda keçirilən "Brüssel Evrika 2002" sərgisində Oftalmologiyada yenilik sayılan "Aktipol"un kəşfi "Böyük qızıl medal"a və Belçika Maliyyə nazirliyinin "Xüsusi priz"inə layiq görülmüşdür.

   Böyük Britaniyanın Kembric Universitetinin təşəbbüsü ilə 2003-cü ildə keçirilən sorğuda bütün zamanlar üçün 2000-ci ilin alim-intelektualları sırasında layiq olduğu yerini alan tanınmış Azərbaycan alimi, 2005-ci ildən "Tibb jurnalı"nın Rəyasət Heyyətinin üzvü, elə həmin ildə də Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru seçilmişdir.

   Professor Paşa Musayevin fundamental və mükəmməl "Göz xəstəlikləri" dərsliyi Azərbaycan Tibb Universitetinin "Oftalmologiya kafedrası"nın tədris proqramını tam mənada təmin etməklə, respublikanın digər ali orta ixtisas müəssisələrində fəaliyyət göstərən tibb fakültələrində də tədris olunur.

   Paşa Musayev Sovetlər Birliyinin ən nüfuzlu təltiflərindən olan - Ümumittifaq Lenin Komsomolu Gənclər İttifaqının (ÜİLKGİ) elm sahəsi üzrə mükafatına hələ 33 yaşında olarkən Moskva şəhərində layiq görülmüşdür.

   Professor Paşa Musayev 1989-cu ildən Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin üzvüdür.

   "Azərbaycanda tibb elminin inkişafına verdiyi töhvələrə görə" Paşa İsmayıl oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2010-cu ildə "Əməkdar həkim" fəxri adı verilmişdir.

   1995-ci ildə "Avrasiya" qəzetinin "elm sahəsində" keçirdiyi sorğuya görə "İlin adamı" elan edilmiş professor Paşa Musayev, "Azərbaycanda elmin, maarifçiliyin inkişafındakı xidmətlərinə görə 1999-cu ildə "Yusif Məmmədəliyev" adına mükafat və medalla təltif olunmuşdur.

   Professor Paşa Musayev 1997-ci ildən Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin İdarə Heyətinə üzvdür.

   O, 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" elan edilmişdir. 

   Dünyanın aparıcı və inkişaf etmiş dövlətlərindən olan Amerika Birləşmiş Ştatları, Rusiya, Almaniya, Fransa, Türkiyə, Hollandiya, Kanada, İsveç, İsveçrə, İspaniya və İranda müxtəlif vaxtlarda səfərlərdə olmuş professor Paşa Musayev bu ölkələrdə keçirilən elmi konqreslərdə dinləyici və məruzəçi qismində iştirak etmişdir.

   O, əmək fəaliyyəti dövrundə sayca 30 mindən çox əməliyyat aparmışdır.

   Professora ünvanladığım - "oftalmologiya elmində hansı nəticə səviyyəsinə çatmaq istərdiniz?" - sualımı, "digər elm sahələri kimi, oftalmologiya elmi də hüdudsuzdur, bu sahədə prioritet sayılan, el arasında "qara su" adı ilə tanınan "qlaukoma"nın və gözün müalicəyə çətinliklə tabe olan virus xəstəliklərinin daha dərindən öyrənilməsi və yeni, daha effektli üsullarla müalicəsi mənimçün və elm üçün yeni nailiyyətlərdən olardı" - deyə cavablandırdı.

   Minnətdarlıqla adlarını andığınız müəllimlərinizi necə sıralayardınız deyə soruşanda, Paşa müəllim böyük iftixar hissilə, hətta ehtiram əlaməti olaraq oturduğu yerdən durmaq istəyirmiş kimi hərəkətilə, uzun müddət Azərbaycan Tibb İnstitutunun "Oftalmologiya kafedrası"na rəhbərlik etmiş, tibb elmləri doktoru - professor, AMEA-nın muxbir üzvü, Azərbaycan oftalmoloqlarının hamısının böyük müəllimi - mərhum Umnisə xanım Musabəylinin, onun iki layiqli tələbəsi və Paşa Musayevin də müəllimləri olmuş akademik Zərifə xanım Əliyevanın, tibb elmləri doktoru, professor Zəhra xanım Quliyevanın, həmçinin Moskva müəllimi akademik M.M.Krasnovun adlarını qürurla çəkdi.

   Mənim xahişimlə təbabətlə məşğul olduğu dövr ərzində qarşılaşdığı maraqlı hadisələrin bəziləri barədə söz açan Paşa müəllim, Gəncə şəhərindən olan gənc qadının gözündə apardığı ağır əməliyyatdan söz açdı.

   Dünyanın aparıcı klinikalarında belə, bir gözdə üç əməliyyatın ("buynuz qişanın donor gözdən xəstəyə köçürülməsi", "qlaukomaya qarşı "Musayev üsulu", "göz büllurunun dəyişdirilməsi") nadir hallarda eyni vaxtda aparıldığını söyləyən müsahibim, dünya işığına məhrum qaldığından intihar etmək fikrinə düşmüş qadının israrlı təkidi ilə onun hər iki gözündə üç, ümumilikdə isə altı ağır cərrahiyyə əməliyyatının eyni vaxtda aparılması faktına dünyada ilk dəfə olaraq Azərbaycanda - professor Paşa Musayev Qəlbinur imza ataraq elmi ictimaiyyətə təqdim etmiş və əməliyyat 100%-li effektlə nəticələnmişdir.

   Bu əməliyyat o vaxtlar təbabət aləmində hadisə kimi qarşılansa da, sonradan belə əməliyyatlar professor Paşa Musayev üçün adiləşərək sadə bir peşə vərdişinə çevrilmişdir.

   Zərdüşt təqvimi ilə Paşa Qəlbinurun doğulduğu mart ayı - "sağlamlıq ayı", mart ayının 30-u tarixi isə - "işıq günü" kimi səciyyələndirilir

   O neçə milyon insandan birinə nəsib olan qeyri adi görmə qabiliyyətinə də malikdir. Adi adamlarla müqayisədə uzağı 2 dəfə (200%), yaxını isə 3 dəfə (300%) yaxşı görə bilir professor Paşa Musayev Qəlbinur.

   Yəqin elə bunun nəticəsidir ki, bu yaxınlarda(27.02.2012) donor gözünün buynuz qişasını 6 il əvvəl görmə qabiliyyətindən məhrum olmuş 18 yaşlı Murad Fərəc oğlu Fərəcovun gözünə gecə yarıdan xeyli keçmış keratoplastika(nəql etmək) edən zaman 2 əməliyyat mikroskopu bir-birinin ardınca sıradan çıxdıqda əməliyyatı dayandırmağın nə ilə nəticələnəcəyinin məsuliyyətini yaxşı başa düşən professor Paşa Musayev, ekstremal şəraitdə ümid yeri olan gözlərinin qeyri-adi görmə qabiliyyətindən və sonuncu-üçüncü mikroskopun texniki imkanlarından məharətlə istifadə etməklə əməliyyatı uğurla sona çatdırmağa nail ola bilir və gənc Fərəcin görmə qabiliyyəti bərpa olunur...

   Professorun məndən tez-tez üzr istəyib onu qonşu otaqda gözləyən xəstələri qəbul etməsindən istifadə edərək, kafedranın əməkdaşı Leyla xanımı dilə tutub, Paşa müəllimin şəxsi və insani keyfiyyətlərindən bir az da olsa danışmasını xahiş edəndə, gənc xanım əvvəlcə xoş bir təbəssümlə xahişimə tərəddüdlə yanaşsa da, konkret xarakter daşıyan suallarımı sıxıntı keçirsə belə, cavablandırmaya da bilmədi.

 

   Leyla xanımın dediklərindən:

   "Bəzi əməliyyata ehtiyacı olan insanlar ödənişli xəstəxanaları gəzib, son olaraq irfan adamı, hələ 1993-cü ildə Müqəddəs Kəbəni ziyarət etmiş Hacı Paşa Musayevə pənah gətirərək maddi imkanlarının olmadığı barədə bildirəndə, o fikirləşmədən nəinki təmənnasız müvafiq əməliyyat işini həyata keçirir, həm də əldə olan dərman preparatlarını onlara sərf edir, yeri gələndə isə öz hesabına aptekdən əlavə dərmanlar da aldırır.

   O, çox diqqətcil adamdır. Kafedranın əməkdaşları və xəstəxananın digər tibb personalı ilə bir ailə üzvü kimi davranar, bayramlarda hamını fərdi hədiyyə ilə təbrik edər, xəstələrə ümid verər.

   Paşa müəllim mülayim, vəzifəsindən asılı olmayaraq hamıya hörmətlə yanaşan adamdır. O, ən aşağı təbəqəli işçilərlə belə səmimi salamlaşar, onların əhvalını soruşar, mənəvi dayaq olar. Hamı onun bu hərəkətlərindən böyük razılıqla danışır.

   Paşa müəllimin leksikonunda "yox" sözü yoxdur, hətta birbaşa öz imkan və səlahiyyətlərinə aid olmayan işləri digər həmkarlarından xahiş eləməklə xəstələrin "təlabat"ını təmənnasız ödəməyə çalışır.

   Qəbuluna gələn xəstələri dəhlizdə gözlətməz və onları bir-bir qəbul etməz, hamısını ümumi zalda əyləşdirərək, hətta darıxmasınlar deyə, hərdən bir onların ünvanına xoş sözlər "yollamaqla", növbə ilə bir-bir qəbul edərək, xoş üzlə yola salar..."

   HAŞİYƏ: I - Paşa Musayevin atası, ixtisasca iqtisadçı olmuş İsmayıl Paşa oğlu Musayev 1924-cü ildə qədim Azərbaycan dövlətinin qərb bölgələrindən sayılan Vedi rayonunun Çimən kəndində anadan olmuşdur.

   İsmayıl Musayevin atası Paşa kişinin şəxsi təsərrüfatında yüzlərlə iri və kiçikbuynuzlu mal-qara olmuş, o, Çimən kəndinin və eləcə də bölgənin sayılıb-seçilən, sözü keçən kişilərindən olmuşdur.

   Paşa kişi təbiətən sakit, mülayim adam olmasına baxmayaraq, onun qardaşlarından biri - Məhəmməd isə böyük qardaşının tam əksi olaraq, ipə-sapa yatmayan, o dövrün dili ilə demiş olsaq, asıb-kəsən, mərd kişilərindən olmiş, onun bir sözünü iki eləyən olmazmış...

   Paşa Musayevin anası Ulduz Hüseyn qızı isə 1929-cu ildə İrəvan şəhərində doğulmuşdur. O, İrəvan Tibb Texnikumunu və daha sonra İrəvan Pedaqoji İnstitutunu, qardaşı Sülhəddin isə İrəvan Tibb Universitetini bitirdikdən sonra təyinatla bir yerdə Vediyə-Çimən kəndinə gəlirlər və o vaxtkı qaydalara görə 3 il təyinat yerində işləməli olurlar.

   Allahın qismətindən İsmayıl Paşa oğlu ilə Ulduz Hüseyn qızının da tanışlığı belə baş tutur...

   1948-ci ilin repressiyasına məruz qalmış qərbi azərbaycanlılar sırasında olan İsmayıl Paşa oğlu və Ulduz Hüseyn qızı, Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsinə gələrək, burada məskunlaşırlar.

   İsmayıl Paşa oğlu Musayev uzun illər Şəmkirin aparıcı sovxozlarından olan Leninkənd sovxoz təsərrüfatına rəhbərlik etmiş, 1991-ci ildə 67 yaşında dünyasını dəyişmişdir.

   Davamlı olaraq həmin sovxozun nəzdindəki uşaq bağçasının müdiri vəzifəsində çalışmış Ulduz Hüseyn qızı isə 2011-ci ildə 82 yaşında Allahın rəhmətinə qovuşmuşdur...

   İsmayıl və Ulduz Musayevlərin izdivacından üç övlad təvəllüd tapmışdır.

  

 

  (ardı var)

 

  Fəxrəddin Meydanlı

 

  Ədalət.-2012.-29 mart.- S.7.