Bir ürəkdə iki dünya

 

  (əvvəli ötən sayımızda)

    

   Belə bir ziyalı ailəsində dünyaya göz açmış Paşa (1952), Nazim (1954) və Sevinc (1960) Musayevlərin hər biri Leninkənd orta məktəbini "Qızıl medal"la bitirmişlər.

   Ailədə ikinci övlad olan Nazim Musayev 1971-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1976-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq farmakoloq ixtisasına yiyələnmiş, İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun aspiranturasını bitirərək, tibb elmləri namizədi elmi dərəcəsini almış, uzun illər Gəncədə və Bakıda fəaliyyət göstərmiş, heç bir xəstəlikdən şikayəti olmadan 2011-ci ildə, anasının vəfatından bir ay sonra, necə deyərlər deyə-gülə, qəflətən dünyasını dəyişmişdir.

   İsmayıl, Ulduz və Nazim Musayevlər Gəncə yaxınlığındakı "İmamzadə" adlanan müqəddəs ocağın ərazisindəki qədim qəbiristanlıqda əbədi yuxudadırlar.

   Musayevlər ailəsinin sonbeşiyi olan Sevinc Musayeva - Əkbərova 1977-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil olaraq, 1983-cü ildə ali təhsilini başa vuraraq oftalmoloq ixtisasına yiyələnmiş, sonradan İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun aspiranturasını bitirərək tibb elmləri namizədi (1994), bir müddət sonra isə (2000) tibb elmləri doktoru elmi dərəcəsi almışdır.

   Sevinc xanım hazırda akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışır. Ailəlidir, bir övladı var.

   Şair Paşa Qəlbinur:

   Yuxarıda ötəri da olsa qeyd etməyə çalışdım ki, Paşa Musayev hələ yeniyetmə çağlarından, 13 yaşından şeir yazmağa başlamış və onun ilk şeiri də gələcək sənət taleyi, göz həkimi olacağı ilə dolayısı ilə də olsa bağlı olan "Gözlər" şeiri olmuşdur.

   Qəlbinin nurunu hopdurmaqla çox gözə dünya işığı bəxş edən şair Paşa özünə "Qəlbinur" təxəllüsündən başqa hansısa bir təxəllüsü seçə biləcəyini heç ağlıma da gətirə bilmirəm.

   Bu təxəllüs elə onun Zərdüşt təqvimi ilə doğulduğu "sağlamlıq ayı", "işıq günü" ilə birgə doğulmuşdu desəm, yəqin yanılmaram.

   Paşa Qəlbinur gözlərə işıq verə-verə, sözlərə də işıq verdi, hamının leksikonunda olan adi sözdən böyük söz, müxtəlif məna çalarlı söz çələngi düzəltdi, öz söz hakimiyyətini qurdu, öz söz sarayını tikdi, öz söz səltənətinin hakiminə çevrildi.

   Qarşımda 2003-cü ildə Bakıda "OZAN" nəşriyyatında çap olunmuş 656 fiziki səhifədən ibarət olan "Ağlıma gələnlər başıma gəldi" adlı bir möhtəşəm şeirlər toplusunun üzərindən şairin əksi mənə baxır.

   Bismillah deyib(axı kitab müqəddəsdir), kitabı açıram və 54-cü səhifədəki "Bu gün" şeirini oxuyuram:

  

   "Mən heç kimə

   zəng eləmək istəmirəm,

   Mən öz tənha kədərimlə qolboyunam.

   Bağrımdadı

   ağrılarım, acılarım,

   Səhvlərimin qadasını alim, Allah!

   Qoy onlarla dörd divarın arasında

   qalım, Allah!

   Ağ kağızım, boz qələmim,

   Kitablarım, dəftərlərim

   Bir də, bir də xatirələr..."

 

   Səhfsiz adamın olmadığını bilən şair, elədiyi səhvləri belə həyatının ayrılmaz hissəsi kimi, təəssüflənmədən etiraf edərək tənha kədərilə qolboyun olaraq, xatirələrini kitablardan oxuduğu oxşarlıqlarla sintez etməklə boz qələminin ucundan ağ kağıza çiskinlətdiyi mənzərə nə qədər də poetik və düşündürəndir.  

   Kitabın növbəti, təsadüfi 156-cı səhifəsini açıram və "Qürbətdə yazılan şeir" məni "qarşılayır":

   Mənim taleyimin şah qapıları,

   Açıl, dumanlardan, çənlərdən keçim.

   Sinəmi söykəyib, əridim qarı,

   Uca zirvələri başıma çəkim...

   Sinəsində dağların qarını əritmək qüdrətinə malik bir hərarəti hiss edən və uca zirvələri bir fincan şirin bulaq suyu kimi başına çəkmək istəyən şairin daxili dünyasının ölçülərinin hüdudsuz olmasına yəqin ki, bu bir işarədir.

   Növbəti təsadüfi bir səhifə. 314-cü yarpaq və "AYANIM" şeiri.

   Adından da bəlli olduğu kimi, bu şeir Paşa Qəlbinurun kişik övladı Ayana (sonbeşik istəməli olur axı) ithaf olunub, tarixi 14 sentyabr 1999-cu il. Ayanın təxminən 4 yaşı olanda yazılıb bu şeir.

 

   Sənə şeir yazmaq istədim,

   Ürəyimin gücü çatmadı,

   Saçlarının ətrinə

   Çörəyimin gücü çatmadı.

   Nəfəsində

   İşığın ətri, Günəşin dadı

   Səsin -

    Allahın adı...

   Elə bil bağrımdan çıxan ürəksən

   Elə bil bu dünya heç olmayıbdı,

   Ya mən olmamışam

    dünyada min il...

   Gəl ürək, gəl görək, gəl boynuma min

   Ürəyim boynumda

    dünyanı gəzək.

 

   Şairin başına "oyun açdığı" sözlərdən (döyülməyən düyüdən aş olmaz) muncuq kimi sıraya düzdüyü ifadələrin ağuşunda mışıl-mışıl mürgüləyən övlad sevgisinin bundan yuxarı dərəcəsini təsəvvür etmək, məncə çətindir...

   Ötən əsrin 70-ci illərinin ortalarından, 80-ci illərin ikinci yarısının ortalarınadək Moskva şəhərində aspiranturada, doktoranturada oxuduğu dövrlərdə gərgin elmi araşdırmalarla məşğul olan gənc şair, hər istədiyi zaman kəsiyində alınmasa da, qəlbindən doğan, dilinə qonan poeziya nümunələrini imkan tapan kimi kağıza köçürməyə çalışırmış.

   5 şeir kitabının və 2 romanın müəllifi olan Paşa Qəlbinurun ilk şeirlər kitabının işıq üzü görməsi də məhz onun Moskvada olduğu dövrlərə təsadüf edir. 1984-cü ildə nəşr olunmuş bu kitab "Ay bir əlçim buluddur" adlanır.

  

   ...Buludlar tala tala.

   Gecələrin şahı ay,

   Sezilmirdi az qala.

   Səhər-səhər elə bil

   Ay bir əlçim buluddu,

   Bulaq gumuldanırdı:

   Unudan unuduldu,

   Unudan unuduldu.

 

   Şairin ikinci şeirlər kitabı da təxminən həmin dövrlərdə, 1987-ci ildə ərsiyə gəlir ki, şair bu kitabına "Payız məktubu" adını verir.  

   Paşa Qəlbunuru 1992-ci ildə Azərbaycan Yazıçılar İttifaqı öz üzvlüyünə qəbul edəndə, o, artıq 1987-ci ildən SSRİ Yazıçılar İttifaqınin üzvü idi.

   Şairin "Rəngli göz yaşları" adlı, sayca üçüncü işıq üzü görən şeirlər kitabı 1990-cı ilin, "İtmiş həsrət kimi" dördüncü şeirlər kitabı isə 1996-cı ilin ədəbi məhsullarıdır.

   Şairin beşinci şeirlər toplusu "Ağlıma gələnlər başıma gəldi" adlanır (2003).

   Paşa Qəlbinurun 2009-cu ildə Moskvanın "Flinta" nəşriyyatında rus dilində nəşr olunmuş Azərbaycanda ilk miniatür roman olan "Qara su" və müəllifin digər - "Göz dağı" romanları 2012-ci ildə Bakıda "Şərq-Qərb nəşriyyatında işıq üzü görmüşdür.

   "Təbabət poeziyanın fəlsəfi əyarı kimi və ya MAYE İŞIQ" adlı elmi-fəlsəfi tədqiqat əsərində görkəmli oftalmoloq-alim, şair-filosof Paşa Qəlbinurun ictimai-siyasi həyatımızın müxtəlif məsələ və problemləri, xüsusilə də təbabət elmi ilə poeziyanın məntiqi birliyi və əlaqəsi məsələsi haqqında illərdən bəri söylənilmiş baxış və mülahizələri toplanmışdır ("Ozan" nəşriyyatı, Bakı-2002).

   Paşa Musayev Qəlbinurun həyatı, elmi və bədii yaradıcılığı haqqında iki monoqrafiya, iki kitab və bir metodiki vəsait çap olunmuşdur ki, Aybəniz Əliyevanın müəllifi olduğu "Paşa Qəlbinur" (1996), Altay Məmmədovun qələmindən çıxan "Qəlbinur poeziyası XXI əsrin astanasında" (1999) adlı kitablar "Azərbaycanın görkəmli adamları" seriyasından olan nəşrlər sırasına daxildir. "Paşa Qəlbinur yaradıcılığının mədəni-maarif və səhiyyə müəssisələrində təbliği" adlanan metodik vəsait isə 2002-ci ildə işıq üzü görmüşdür.

   Paşa Qəlbinurun sözlərinə yazılmış mahnılardan və şeirlərdən ibarət 4 kompakt disk də buraxılmışdır (2001-2005).

   Paşa Musayev Qəlbinur Azərbaycan Təhsil Nazirliyinin "Təhsil mərkəzi"nin təsis etdiyi "Nəriman Nərimanov" mükafatının 2004-cü il üzrə laureatı olmuş, "Ən yaxşı ədəbiyyat xadimi" nominasiyasında "İctimai rəy Monitorinq mərkəzi"nin keçirdiyi rəy sorğusunun nəticələrinə görə isə 2006-cı ildə "İlin ədəbiyyat xadimi" seçilmişdir.

   Belə demək mümkündürsə, professor Paşa Musayev bir can da ictimai işlərə "ayırmışdır".

   O, 2005-ci ildən Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri, 2007-ci ildən DAK İdarə Heyətinin üzvü olmaqla, 2008-ci ildə Brüsseldə keçirilən Konqresində isə bu qurumun həmsədri seçilmişdir.

   Yeni elmi əsərlər üzərində işləyirsinizmi? - sualıma, Paşa Musayev Qəlbinur sadəcə olaraq "bəli", deyə cavab verdi.

   Paşa müəllimə ünvanladığım növbəti - Müalicəyə və ya əməliyyata cəlb etdiyiniz gözlər içərisində maraqlı ola biləcək detallar və ya məqamlar barədə nə deyə bilərsiniz? sualıma - "Təmasda olduğum vaxtlarda gözlər mənə "göz dili"ndə öz talelərini - əslində mənsub olduqları insanın taleyini, xasiyyətini doğru-dürüst, heç bir təhrifə yol vermədən danışırlar. Ancaq bu barədə ətraflı danışmayacağam. Bu ayrıca bir söhbətin mövzusudur" - deməklə kifayətləndi.

   Azərbaycanın mütəfəkkir şairi Bəxtiyar Vahabzadə şeirlərinin birində - "...Saçlar qara, qaşlar qara, ləblər də bal olsun, Hər üzdə gözəllik dediyin gözlərə möhtac..." - demişdir. "Möhtac olduğumuz" gözəlliklə, təbii ki, söhbət gözəl qadının gözəl gözlərindən gedir - həkim olaraq bütün fəaliyyətiniz boyu üzbəüz dayanmaq, həm də bir kişi olaraq Sizin üçün, yumşaq desək, çətinlik törətmir ki? - sualımı isə şair-təbib - "Xeyr, mane olmur!" - cümləsilə cavablandırdı.

   Gözəlin gözəl gözü ilə üzbəüz dayananda əvvəlcə bu gözlərə şier yazmaq istəyiniz yaranır, yoxsa peşəkar həkim olaraq, hissiyyata qapılmadan ancaq sırf müalicə barədə düşünürsünüz? - deyə soruşada, "Həkimlik taleyimdir" - cavabını aldım.

   Boş vaxtlarında mütaliə ilə məşğul olmaqdan zövq aldığını və mütaliənin onun üçün ən yaxşı istirahət olduğunu bildirdi Paşa müəllim.

   Gözlə poeziya arasındakı münasibətin olub, olmaması barədə soruşanda isə, "onların arasında çox yaxınlıq olduğunu, bədəndə göz nədirsə, ədəbiyyatda da poeziya odur, bədəndə göz təkrarsız və bənzərsizdir, gözəldir" - deyə cavab verdi, şair-təbib.

   İxtisasca filoloq olan həyat yoldaşınız Afaq xanımın Sizin sevgi şeirlərinizə olan münasibətini açıqlaya bilərsinizmi? - deyib və onun bu sualı necə cavablandıracağını düşünməyə macal tapmamış, orijinal bir cavabla - "Afaq xanım poeziyanın əyarını ölçməyə çalışan professional oxucularımdandır" - cavabı ilə qarşılaşdım.

   Şair-təbibdən fiziki gözlə bəsirət gözünün fərqi barədə soruşanda isə, "onların arasında həm eynilik, həm də fərq var" - dedi. Paşa müəllim fikrinə davam edərək, "Fiziki göz bədənimizin məsul orqanıdır, bizlə real dünya arasında bir körpüdür, bəsirət gözü isə cəzb edən, əsrar cazibəsi olan bir gözəllik hoqqabazlığıdır" - söylədi.

   Poeziya Sizin üçün nədir sualımı - "Balıq suda olduğu kimi, mən də, ömrümün müəyyən hissəsini orada - poeziya dünyasında yaşayıram, gah su-poeziya, gah quru-həyat (mayesiz), gah da ki, cərrahi əməliyyat otağı, başqa sözlə ifadə eləsək, mən üç dünyada yaşayıram"- belə cavablandırdı.

   Vaxtınızı əsas işiniz olan həkimlik və könül dünyanız olan poeziya arasında bölüşdürəndə ədalətsizliyə yol vermirsiniz deyə soruşanda, Paşa müəllim fikirləşmədən - "ədalətsizliyə yol verirəm, özü də bu ədalətsizlik oftalmologiyanın xeyrinə olur" - deyə, xəfifcə gülümsədi.

   60 yaşında özünüzü hansı ruhda hiss edirsiniz, - sualıma, filosof babamız Əli Turxanın - "İnsanın işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür" - fikrinə şərh verməyəcəyini, amma bu deyimin ona maraqlı gəldiyini, öncəgörmək, insanları yaxından tanıma və bu mənada yarı sevincli, yarı mütəəssir olduğunu, ruhunun isə rəvan, 30-40 yaşlarında özünü necə hiss eləyirdisə, elə indi də elə olduğunu" - dilə gətirdi...

   Professor Paşa Musayevin bir oğlu, iki qızı olmaqla, Allah ona 3 övlad payı vermişdir. Allah özü qorusun! Amin!

   Ailənin ilki olan Aysel Qəlbinur (1980) Azərbaycan Tibb Universitetinin məzunudur. İxtisasca oftalmoloq olan Aysel xanım, dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnmiş, hazırda doktorluq işini davam etdirməklə, Azərbaycan Tibb Universitetinin "Oftalmologiya kafedrası"nın assistentidir.

   Tural Paşa oğlu Qəlbinur (1982) həmyerlimiz, Nobel mükafatı laureatı dünya şöhrətli alim Lev Landaudan sonra 13 yaşında Universitet tələbəsi, intellektual dünyası zəngin olan, Azərbaycanın nadir övladlarından biridir.

   Bakı Özəl Türk liseyində təhsil almış Tural 1995-ci ildə Bakıdakı orta məktəbi ekstern yolu ilə bitirərək, elə həmin il də Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.

   2001-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirən gənc oftalmoloq, 2001-2005-ci illərdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki SSK Vakif Gureba Tədris xəstəxanasının "Göz xəstəlikləri kafedrası"nda göz xəstəlikləri üzrə müvafiq təcrübə keçmiş, 2006-2008-ci illərdə isə İsrailin Yerusəlim şəhərindəki Hadas-sah-Hebrev Universitetinin "Vitreoretinal cərrahiyyə şöbəsi"ndə "Medikal və cərrahi vitreoretinal" (Göz dibi xəstəliklərinin cərrahiyyəsi) üzrə üst ixtisasını bitirmişdir.

   Tural Qəlbinur 2004-cü ildə "Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks üsulu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.

   O, 2009-cu ildə böyük rəqabətlə müsabiqədən keçərək Kanadanın Toronto Universitetinə qəbul olmuş və orada vitreoretinal üst ixtisası üzrə əlavə təhsil almışdır. 

   Dünyanın ən gənc azərbaycanlı vitreoretinal cərrahı olan Tural Qəlbinurun "British Journal Ophthalmology" jurnalının 2011-ci ilin son nömrəsində dərc etdirdiyi - "Dünyada korluğun əsas səbəblərindən biri - yaşa bağlı makula degenerasiyası olan xəstələrin müalicə problemlərinə" həsr etdiyi elmi məqaləsi San-Fransisko şəhərində keçirilən Amerika Oftalmologiya Akademiyasının Konqresinə təqdim olunmuş yüzlərlə işin içərisindən seçilən ilk orijinal elmi əsər kimi təqdim olunmuşdur.

   HAŞİYƏ: II - Paşa müəllimin anası Ulduz xanımın atası Hüseyn kişinin atası (Ulduz xanımın ata babası) Şeyx Hacı Məhəmməd Ağa dövrünün ən ziyalı insanlarından, İslamın mükəmməl bilicilərindən olmuşdur.

   Doğma dili olan azəri türkcəsiylə yanaşı ərəb və fars dillərini mükəmməl bilən, Müqəddəs Qurani-Kərimi, İslam dinini və əxlaqını dərindən mənimsəmiş Şeyx Hacı Məhəmməd Ağa deyilənlərə görə ali dini təhsilini İraqın məşhur Nəcəfül Əşrəf Universitetində alıbmış.

   O, mütəfəkkir insan olmaqla yanaşı, həm də mahir natiq imiş. Bir gündə 4-5 müxtəlif səviyyəli və təmayüllü məclisdə iştirak etsə belə, eyni fikri, eyni cümləni bir dəfədən artıq dilə gətirməz, təkrarçılığa yol verməzmiş.

   Tahir Talıblının müəllifi olduğu - "Əziz Əliyev - Dövrü, Həyatı, Şəxsiyyəti" - (Bakı-1997) kitabında (səh. 40) qeyd edildiyinə görə uzun illər İrəvan xanlığının Şeyxül İslamı olmuş Şeyx Hacı Məhəmməd Ağanın dəfn mərasimində (1901) xanlıqda yaşayan əhalinin əksəriyyətilə yanaşı, Çar Rusiyasının o dövrdə İrəvanda xidmətdə olan elitası, generalları da iştirak ediblərmiş.

   Paşa müəllimin ana babası (Tila xanımın əri) Hüseyn müəllim (1898-1972) kimyaçı imiş, İrəvanda Universitet bitiribmiş.

   Paşa müəllimin ana nənəsi Tila Əli qızının (1910-1984) iki qardaşından biri - Hüseyn Belçikanın paytaxtı olan Brüssel Universitetini bitirərək dağ-mədən mühəndisi, digər qardaşı Həsən isə İsveçrənin Bern Universitetini bitirərək arxitektor ixtisaslarına yiyələniblərmiş (1898).

   Onlardan hər biri rus, alman, ingilis, fransız və italyan dillərini mükəmməl bilirlərmiş.

   Həsən Əli oğlunun layihə müəllifi olduğu, İrəvanın mərkəzindən keçən "Gedər" çayının sahilindəki "Xanın evi" adlanan arxitektur bina bu gün də xarici görkəmi və milli ornamentləri ilə baxanları heyran edir.

 

   ...Bir vaxt gələr bu şeirimi

   Sahilində oxuyarlar.

   Bax o günü,

   Səni səndən alacağam.

   Mən sabaha

   Getdiyimçün qalacağam...

 

   Paşa Qəlbinur hələ 35 il əvvəl - 1977-ci ildə İrəvan şəhərində olarkən "Gedər"ə üz tutaraq yazdığı şeirindən yuxarıda nümunə gətirdiyim parçadakı nikbinliyə mən də inanıram...

   Tila xanımın atası Əli kişi danışarmış ki, İsveçrədə oxuyan oğlu Həsənə baş çəkməyə gedibmiş (1898). O, Həsənlə şəhəri gəzib-dolandıqdan, parkların birində oturub istirahət etdikdən sonra gecə vaxtı evə dönəndə, qızıl portsiqarının cibində olmadığını və gümanına görə portsiqarın parkda oturduğu oturacağın üzərinə düşdüyü qənaətində olur. Və tez Həsəndən onunla parka, portsiqarın axtarışına getməsini istəyir. Lakin Həsən onu sakitləşdirərək, "bu ölkədə 100 ildir ki, nə oğurluq eləyən var, nə də cəza alıb qazamatda yatan, narahat olma, sabah gedib itiyini götürərik" deyə, atasını sakitləşdirməyə çalışır.

   Oğlunun sözünə baxaraq gecə vaxtı parka getmək fikrindən daşınan və səhərisi gün Həsənlə axşam oturduqları parka gələn Əli bəy, portsiqarını axşam oturmuş olduğu oturacağın üstündə görəndə heyrətini gizlədə bilməyibmiş...

   5 dil - Azərbaycan türkcəsi, Anadolu türkcəsi, rus, ivrit və ingilis dillərini sərbəst bilən 29 yaşlı gənc alim Tural Qəlbinur doktorluq işi üzərində işləməklə, hazırda Moskvadakı akademik S.Fyodorov adına Çoxsahəli Tibb Mərkəzində fəaliyyət göstərir.

   Ailənin sonbeşiyi olan Ayan Qəlbinur (1995) isə Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetinin ingilis dilli müalicə fakultəsinin I kurs tələbəsidir. O da "şəcərə ixtisası"nı davam etdirərək, sayca 6-cı oftalmoloq olmaq fikrindədir... 

   Dünyaya təvəllüd tapdığı günü - doğmalarının, həmkarlarının, uzun illər yorulmadan sıralarında fəaliyyət göstərdiyi Azərbaycan Tibb Universiteti kollektivinin, şair olaraq ədəbi ictimaiyyətin, habelə Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri olaraq dünyanın hər tərəfində yaşayan çoxmilyonlu soydaşlarımızın, həmçinin üzvü olduğu - dünyanın nüfuzlu elm məbədlərinin tanınmış simalarının şahidliyi ilə - 60-cı dəfə bu gün, 30 mart 2012-ci il tarixdə doğma Bakı şəhərində özünəməxsus bir şəkildə qeyd etməklə, yaşamış olduğu ömür tarixində 61-ci səhifəni açan, yuxarıda özü, dəyərli sələfləri, layiqli xələfləri haqqında əldə elədiyim məlumatlar əsasında qabiliyyətim çərçivəsində söz demək istədiyim - buna müvəffəq olub-olmadığımı Sən Əlahəzrət Oxucu deyəcəyin - şair-təbib Hacı Paşa İsmayıl oğlu Musayevə - Qəlbinura, yazımdan da göründüyü kimi Uca Yaradan SEVDİKLƏRİnə verdiklərini əsirgəmədiyi kimi, Paşa müəllimin özünün də gərgin zəhməti, tutduğu peşəyə böyük sevgi ilə yanaşması nəticəsində çoxsaylı uğurlara imza atmışdır.

   Təbii ki, həyatda mütləq xoşbəxtlik yoxdur. Insana xoşbəxtlik bəxş edən anlar, məqamlar, hadisələr, xoş müjdəli xəbərlər var.

   Bu mənada Paşa Musayev Qəlbinurun həyat və yaradıcılığında baş vermiş bu "XOŞ"ları riyazi hesablamalara cəlb edərək, əldə edəcəyimiz nəticəni sözün yaxşı mənasında "XOŞ"ları çox olduğu güman olunan şəxslərlə müqayisə eləsək, təxəyyülümün gəldiyi qənaətə görə qəhrəmanımın balansında müsbət saldo yer almış olar.

   Həyat və yaradıcılığının 60 illik balansı artan yekunla müsbət saldo təşkil edən şair-təbib dostum hörmətli Paşa müəllimə Allahın onun üçun ayırdığı ömür payının bundan sonrakı mərhələlərini də ürəyinin istədiyi və qəlbinin diktə elədiyi kimi yaşayıb, yaratmağı - fəaliyyət göstərməyi ən xoş səmimiyyətlə arzulamaqla, İnşallah - 100-də də müsbət saldo ilə görüşmək ümidiylə...

  

 

Paşa Qəlbinur – 60

 

Ədalət.-2012.-30 mart.-S.7.