ÖZÜMÜZÜ TANITMAĞIN GERÇƏK YOLU

 

  Bu, zamanın sınağından çoxdan çıxıb

 

   Gəlin etiraf edək ki, sovet dönəmində məmləkətimizdə kitaba, oxumağa, mütaliəyə maraq indikindən qat-qat artıq idi. Yəni insanlar rahat şəkildə kitab mağazalarına, eləcə də kitabxanalara üz tutur, oxu zallarında saatlarla əyləşib hər hansı bir elmi-ədəbi əsəri mütaliə etməkdən zövq alırdılar. Bunun özü az qala daxili bir təlabata çevrilmişdi. Hətta məmləkətin ən ucqar kənd və obalarında belə kitabxanalar fəaliyyət göstərir və nəşr olunan əsərlərin nümunələri həmin o kitabxanalara rahatca yol tapırdı.

   Yaxşı yadımdadı, doğulduğum Tuğ kəndində üç kitabxana fəaliyyət göstərirdi. Onlardan biri məktəb kitabxanası adlanırdı. Bu kitabaxanada şagirdlərin növbədə dayandığı bu gün də gözlərimin qarşısındadı. Hər birimiz çalışırdıq ki, kitabxanaya gələn hər bir təzə kitabın oxucusu olaq, az qala yarışırdıq. İkinci böyük kitabxana mədəniyyət evinin nəzdində idi. Çox zəngin olan bu kitabxanada üç dildə - Azərbaycan, rus və erməni dillərində bədii, elmi ədəbiyyatlar cəmlənmişdi. Bu kitabxanaya üzv olmaq üçün mütləq məktəb şagirdləri özlərinin sinif rəhbərlərindən təqdimata bənzər bir zəmanət almalı, məktəb kitabxanasından edilən sorğuda onun kitablarla davranışı barəsində müsbət fikir öyrənilir, yalnız bundan sonra adımıza vəsiqə açırdılar, olurduq kənd kitabxanasının daimi üzvü. Özü də ən maraqlısı bu idi ki, səliqəli və davamlı oxucuya kitabxanada işləyən xanımlar kitab rəfləri olan otaqlara sərbəst keçib kitab seçmələrinə icazə verirdilər. Digərlərinə isə yalnız kitabı sifariş verib gözləmək gərək olurdu. Bu cür yanaşma özü-özlüyündə də kitaba bir sevgi tərbiyə edirdi. O ki, qaldı üçüncü kitabxanaya, bu, kolxozun idarə binasında yerləşmişdi. Çox yığcam bir otaqdan ibarət olan bu kitabxanada əsasən təsərrüfatla bağlı kitablar olurdu. Ondan isə kolxozda çalışan məmurlar istifadə edirdilər. Adətən bu kitabxananın oxucusu kontingent sayılırdı. Nə isə...

   Bax, həmin o illərdə biz bəzən Azərbaycan dilində olan kitabları təkrar oxumaqdan yorulanda az-çox anladığımız kitablara da üz tuturduq. Bu işdə bizə rus dili müəlliməmiz yardımçı olurdu. İndi həmin məqamları xatırlayıb orta məktəbdən bizə aşılanan fikrin nə boyda həqiqəti əks etdirdiyinə inanıram. Görürəm ki, bir vaxtlar Moskvada nəşr edilən tirajlı ədəbi-bədii qəzetləri, jurnalları həsrətlə gözləməyimizin, maraqla oxumağımızın arxasında çox böyük bir ümid işığı var imiş. Yəni biz məhz o jurnalların, qəzetlərin sayəsində sovetlər birliyinin, eləcə də böyük dünyanın ədəbi-elmi uğurlarından xəbər tuturduq. Təəssüf ki, indi bunları bir xatirə kimi kağıza köçürürəm. Ancaq...

   Hələ orta məktəb dərsliklərindən öyrənmişdik ki, Azərbaycanın görkəmli şair və yazıçılarının bir qisminin əsərləri Avropanın, eləcə də Rusiyanın arxivlərində qorunub saxlanır. Onların tərcümələri edilib dünyaya tanıdılıb. Məhz tərcümə vasitəsi ilə Azərbaycan sözü dünyaya ayaq açıb. Hətta rus dilində və eləcə də digər dillərdə yazan yazarlarımızın əsərləri daha tez tirajlanıb, daha çox oxucu cəlb edibdi. Elə bu gün də belədir. İndi Azərbaycanın hüdudlarından kənarda böyk tirajlarla nəşr edilən yazıçılarımızın, şairlərimizin bir qisminin uğuru onların rus və digər dillərdə yazması, başqa bir qisminin isə yaxşı tərcüməçi tapmasının nəticəsidir. Əslində tərcüməçi müəllifin sözün həqiqi mənasında ikinci hissəsi, ikinci yarısıdır - həm ruhən, həm də qəlbən.

   Elə son vaxtlar mənə təqdim edilən kitablar arasında rus dilində nəşr edilmiş əsərlər də var. Onların bir qismi Azərbaycanı dünyaya tanıtmaq üçün zənnimcə çox gərəklidir. Ən azı ona görə ki, həmin kitablarda Azərbaycan özünün dəyərləri, uğurları və qəhrəmanları ilə, istedadları ilə dünyaya üz tutub özünü təqdim edir. Bu kitablardan biri dəyərli araşdırmaçı, fədakar söz, qələm adamı Şəmistan Nəzirlidi. Mən onun "Traqiçeskie sudbı Azerbaydjanskix qeneralov" kitabını böyük maraqla gözdən keçirdim. Doğrudur, müəllifin bu kitabda toplanmış araşdırmalarını müxtəlif mətbu orqanlarda mütaliə etmişdim. Ancaq onun rus dilində olan variantını ilk dəfə idi görürdüm. Nəfis şəkildə tərtib olunmuş bu kitabın rus dilində işıq üzü görməsi Azərbaycan hərb tarixinin dünyaya çatdırılmasında çox dəyərli və uğurlu bir addımdır. Müəllifin zəngin materiallar əsasında rusdilli oxuculara təqdim etdiyi nakam taleli Azərbaycan generallarının həyatı son dərəcə maraqlı və həm də düşündürücüdü. Bu kitab Azərbaycana aşağıdan yuxarı baxmaq istəyən hər kəsə həm də tutarlı bir cavabdı. Düşünürəm ki, Şəmistan müəllimin bu xidməti zamanında xüsusilə qeyd olunacaq.

   "Snı stranı oqney v istorii Rossii" kitabının müəllifi araşdırmaçı Ramin Məmmədovdu. Adından da göründüyü kimi, odlar diyarının ovladlarının Azərbaycanın hüdudlarından kənarda, xüsusilə qonşu Rusiyada fəaliyyətini əks etdirən bu kitab bir növü ensiklopediya xarakteri daşıyır. Kitab Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilib. 500 səhifəyə yaxın olan sanballı, həcmli bu kitabda əlifba sırası ilə təqdim edilən Azərbaycan oğullarının həyatı, fəaliyyəti, xidmətləri dərhal diqqəti çəkib yaddaşa köçür. Kitab həm də maraqlı bir üslubda, yəni Rusiyanın şəhərləri üzrə səhifələnib. Bu səhifələrdən də bəlli olub ki, hansı şəhərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş və edən övladlarımız yaşayıb və yaşayır. Mən gözdən keçirdiyim bu kitabda demək olar ki, Rusiyanın elm, təhsil, səhiyyə, hüquq-mühafizə, sənaye, iqtisadiyyat, musiqi, bir sözlə, bütün sahələrində izi görünən oğullarımızın adlarını, barələrindəki məlumatları oxuduqca bir qürur hissi duyuram. Aşkar şəkildə böyük dünyaya, o cümlədən də qonşu Rusiyanın həyatına nüfuz etməyi bacarmış soydaşlarımızla qürur duyuram.

   Təbii ki, rus dilində olan bu kitabın müəllifinin xidmətləri də göz önündədir. Yəni həm nəşr baxımından, həm tiraj baxımından, həm də bu qədər materialların toplanılması baxımından yanaşanda, Ramin Məmmədovun fəaliyyətinə sadəcə təşəkkür etməklə kifayətlənmək olmur. Düşünürəm ki, hər iki kitab, eləcə də Azərbaycanın, onun gerçəkliklərini dünyaya müxtəlif dillərdə təqdim edən nəşrlərin hamısı özü-özlüyündə çox vacib və çox dəyərli bir işdir. Zamanın sınağından çıxmış bu fəaliyyət millətə xidmətin ən yaxşı üsullarından biridir. Bu yolu tutanlara uğurlar olsun.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2012.-30 mart.-S.6.