ADAMSIZ ADAM
Hekayə
(əvvəli 17 mart
sayımızda)
- Bizim
professor Məmişov kimi...
-
Yaxşı tanıyıram onu, bir oxumuşuq, -
köksünü ötürüb başını buladı,
- sən bir işə bax, Məmiş də professor
olarmış, ordan-burdan köçürə-köçürə,
sürünə-sürünə, dondan dona girə-girə.
Daha nə qaldı, görmədik?
Susub fikrə
getdi. Tələbəlik illəri yadına düşdü...
Ömrünün ən qaynar, unudulmaz çağları
arxada qalmışdı. O, universiteti fərqlənmə
diplomu ilə bitirmişdi. Dostları ilə Dənizkənarı
parka gəzməyə gedirdi. Arxadan səs eşitdi:
- Hikmət,
tez gəl kafedraya.
Qaçaraq qayıdıb mərmər pillələrlə
yuxarı qalxdı... Ağsaçlı, üz-gözündən
nur yağan professor birbaşa mətləbə keçdi:
-
Aspiranturada cəmi bir yer var. Səni məsləhət
bilmişik. Namizədliyini mən irəli sürmüşəm,
ən yaxşı tələbəm kimi.
Hikmət
çaşıb qaldı. Bilmədi nə desin, necə cavab
versin tələbə yoldaşları ilə birlikdə
"riyaziyyatın atası" sandığı, "elmlərin
açarı" olan fənni tədris edən, qiymət verməkdə
xəsis olsa da, ondan "əla"sını əsirgəməyən
böyük alimə, müdrik insana. Professorun lövhəyə
yazdığı ən çətin riyazi məsələləri
tələbə yoldaşları arasında birinci o həll
etmişdi, suallarına dürüst cavab vermişdi bu beş
ildə. İndi isə cavabının qarşısında
gözlərinin önündən çəkilməyən kənddəki
qoca ata-anası, hələ kiçik, boya-başa
çatmayan qardaş-bacıları durmuşdular. Heç kimə
yox, özünə söz vermişdi ki, təhsilini bitirən
kimi mütləq qayıdacaq, onu boya-başa çatdıran
ailəsinə köməyini əsirgəməyəcək.
Professor
müdrik insandı, vaxtilə kasıb, imkansız ailədə
böyümüşdü. Tələbəsinin həyəcandan
titrəyən qırıq-qırıq sözlərindən
ona hər şey aydın oldu. Fikrə gedib köksünü
ötürdü. Kövrək səslə:
- Hə,
başa düşdüm səni, - dedi, - get, kənd məktəbində
işlə, ailənə kömək elə, ancaq...
Hikmət
professorun səsində adətən auditoriyanı
bürüyən bir qətiyyət duydu:
- Ancaq
ilişib qalma! Borcunu verdin, köməyini elədin, qayıt gəl.
Həm dərs deyərsən, həm də müdafiəni eləyərsən.
Mən zənnimdə heç vaxt yanılmamışam, gələcəkdə
səni dəyərli riyaziyyatçı alim kimi görürəm.
"İlişib qalma!" Neçə illər qabaq
yaşlı professorun dediyi sözləri hər dəfə
xatırlayanda mat-məəttəl qalırdı. Vaxt elə
bil uçurdu. Ata-ana dünyalarını dəyişmişdi.
Qardaşlarını evləndirib, bacılarını
köçürmüşdü. Hamısının da
evi-eşiyi, boyları bərabərlərində
övladları... O da ailə qurdu, ata oldu, yeddi oğul, bir
qız atası. Məktəbdə həmkarları zarafatla
deyirdilər ki, Hikmət müəllimin övladlarının
sayı lap nağıllardakı kimidir. Pəhləvan qamətli
yeddi oğul, mələk kimi bir qız... Sonra toy-toya
calandı, qızını gəlin köçürdü,
altı oğlunu evləndirdi. Onlar da zirək tərpənib
özlərinə sar-sahman düzəltmişdilər, indi təsərrüfatla
məşğul olub ailələrini dolandırırdılar.
Qalmışdı sonbeşiyi Hünər.
Bayaqdan fikrə
gedən ata oğlunu ilk dəfə görürmüş kimi
diqqətlə süzdü. Ürəyi fərəhlə
döyündü. Sonbeşiyi özünə çəkmişdi:
"Hünər çox-çox irəli gedəcək,
oğul atanı ötüb keçməsə inkişaf
olmaz. Həyatın qanunu belədir... Mən bu yaşımda
çalışıram dünənimdə qalmayım,
ayaqlaşım bu günümlə. Elmi kitablardan, jurnallardan bəhrələnib
test imtahanlarına hazırladığım uşaqlara riyazi məsələlərin
həllinin təzə üsullarını öyrədirəm.
Hünər oğlum isə elmi yenilikləri daha tez əxz eləyir.
Nədən ki, internetlə birbaşa dünyanın məşhur
kitabxanalarına "girir", ən yeni elmi kitabları,
jurnalları bilgisayarda "vərəqləyir", ona gərək
olan fəsilləri, bölmələri ingilis dilində sərbəst
oxuyub tərcümə edə bilir, özü yeni üsullar,
formulalar, düsturlar düşünür. Belə getsə, mən
ömrüm boyu nail ola bilmədiklərimi oğlumun əməllərində
görəcəyəm, inşallah"...
Ümidlərini
evinin sonbeşiyinə bağlayan atanın nikbin
düşüncələrdən üzü
işıqlandı. Əlini ehmalca saqqalına çəkib
qürurla oğluna nəzər saldı:
- Xəbərin
özündən tez gəlib evimizə. Eşitmişəm
imtahanlarını əla vermisən. Çalış
dövlət imtahanından da beşini alıb aspiranturada
oxu.
Hünər
alnını ovuşdurdu:
- Əvvəl
iş tapım gərək. Sonra müdafiə edərəm.
-
İş tapmaq çox çətindir deyirlər. Sovetin
vaxtındakı kimi indi təyinat yoxdur axı.
- Hə,
iş tapmaq işləməkdən çox çətindir,
- Hünərin dodağı qaçdı, - xüsusən
adamsız adam üçün.
Ata sual dolu
baxışlarını oğluna zillədi.
- Narahat
olma, dədə, - oğul atasını arxayın saldı. -
Mən müsabiqə yolu ilə işə düzələcəyəm.
Çiynindən ağır yük
götürülmüş kimi Hikmət müəllim dərindən
nəfəs aldı. Yan otaqda ocağın üstündə
plov qazanını dəmə qoyan Həcər ana içəri
girib stolun üstünə süfrə saldı.
Başını qaldırıb qapıda müntəzir
duran köməkçisinə baxdı:
- Xeyir
ola!
- Xeyir deyəndə
ki, nazirlikdən zəng eləmişdilər. Müsabiqədə
üstün olanlardan birini bizə göndəriblər.
Rəis
qaş-qabağını tökdü:
- Əcəb
işə düşmüşük. Nə müsabiqəbazlıqdır,
bilmirəm.
- Təzə
dəb düşüb. İşə düzəlmək istəyənlərin
müsabiqəsini keçirirlər. Bəyəndiklərini
aşağıya - ıdarələrə, şöbələrə
göndərirlər. Bizə də bunu məsləhət
görüblər.
O, əlində
tutduğu qovluğu idarə rəisinin qarşısına
qoydu. Rəis qovluqdakı sənədləri diqqətlə nəzərdən
keçirdi:
- Bu həmişə
əlaçı olub ki, orta məktəbdə də,
universitetdə də.
- Elədir.
Qəbul vaxtı ən çox bal toplayıb, xüsusi təqaüd
alıb. Üç dil bilir, bilgisayar kursunu bitirib, proqram
hazırlayır.
Rəisin
köməkçisinə acığı tutdu:
- Səndən
yaxşı vəkil olardı. Onun-bunun vəkilliyini eləyib
başını dolandırardın.
Rəisinin
xasiyyətinə yetərincə bələd olan köməkçi
səhvini başa düşüb büzüşdü:
-
Bağışlayın, elə bildim...
- Nəyi
bildin, ə? - rəis kükrədi, - sənə deməmişəm
nəyi bilmək vacibdir hər şeydən əvvəl?! Əl
boyda kağıza yaza bilməzdin bunun kim, kimin adamı
olduğunu? Yoxsa heç öyrənməmisən?
Köməkçinin
içinə saldığı səsi titrədi:
- Öyrənmişəm.
Siz deyən adamı yoxdur. Adamsız adamdır lap. Atası
müəllim olub, indi pensiyadadır. Çoxlu qardaşı
var, hamısı da təsərrüfatla məşğuldur.
- Fermerdirlər?
- Xeyir, siz
deyən o cür imkanları yoxdur.
- Hardan
bildin imkanlarını? Pul kisələrini sənə göstəriblər?
Dedim ki, heç kimin vəkilliyini eləmə. Əyə,
bilmirsən ətin qiyməti yenə kəlləçarxa
çıxıb. Allahın quru otunu, yoncasını şəhərə
gətirib bilmirsən neçəyə satırlar bu kəndçilər?
Sonra da deyirlər, pulumuz yoxdur, güclə dolanırıq.
Yalan deyirlər, vergidən gizlədirlər gəlirlərini.
Bildin?
Köməkçi
müti halda başını tərpətdi.
-
Hardadır o?
- Gözləmə
otağında.
- Apar
müavinin yanına. Komissiya yaradar, əməlli-başlı
sorğu-suala tutar, get-gələ salar, ağzını boza
verər. Onu bir də mənim qapıma yaxın buraxma, de ki,
belə işlərə müavin baxır. Qoy bir-birilərini
boğaza yığsınlar.
Köməkçi
kabinetdən çıxan təki qırmızı telefon zəng
çaldı. O, dəstəyi ustufca götürüb qulaq
verdi. Dinlədikcə kudu kimi sarımtıl üzü rəngdən-rəngə
düşdü. Sonra səsi titrədi:
- Başa
düşdüm sizi. Bəli, bəli, hər şey
aydındır. Narahat olmayın, necə tapşırmısınız
elə də olacaq.
Dəstəyi
yavaşca yerinə qoyub, ağır yükdən azad olmuş
kimi nəfəsini dərdi. Dəsmalını
çıxarıb alnında puçurlanan tərini sildi.
Köməkçisinin düyməsinə toxunan kimi o,
qapıda göründü. Sonra rəisinin məlum işarəsilə
yaxın gəlib əyləşdi və dərhal dəftərçəsini
açıb qələmini hazır tutdu.
- Lazım
deyil yazmaq. Diqqətnən qulaq as, yadında saxla.
- Baş
üstə!
Rəis elə
bil boğazına pərçim olan nəyisə güclə
udub köksünü ötürdü:
- Demək
belə, göstərişi var böyüyün, şəxsən
özünün. Canla-başla yerinə yetirməliyik.
-
Aydındır.
- Xanım
təşrif buyuracaq bir azdan. Özün arxa qapıda gözlə
onu, mənim yanıma elə gətir ki, heç kim görməsin.
Köməkçi
bir göz qırpımında yox oldu. Rəis kabinetində
var-gəl elədi. "Hə, belə-belə işlər. Gərək
elə şərait yaradam ki, xanımın ruhu da inciməsin.
Zarafat deyil, kişi mənə etibar eləyib. Bunun iki
başı var: damarını tuta bilsəm yüksəklərə
qaldıracaq məni, yox, Allah eləməmiş, kişinin
ürəyi istəyən kimi olmasa, cin vurar başına, od
püskürər... əridər məni, yaman günə
qalaram... Allah, amandı, özün saxla o gündən".
Köməkçi
təngnəfəs içəri girdi.
Rəisin
ona zillənən sual dolu baxışlarına cavab verdi:
- Siz deyən
kimi elədim, - titrək ah çəkdi, - zalım
qızı alışıb yanır, elə gözəldi ki,
adamın gözü qamaşır.
Rəis zəhmlə
ona baxdı:
- Şor
gözünü zillədin ona?
Köməkçi
dərhal özünü yığışdırıb
yumağa döndü:
- Yox
canım, gözucu baxdım ki, yol göstərim,
yanınıza elə gətirim başqası görməsin.
Rəis ayağa durub özü
qapını açdı:
- Xoş gəlmisiniz,
buyurun keçin yuxarı başa.
Cavan,
gözəl xanım onun göstərdiyi kresloda oturmadı.
Baş tərəfdə böyük masadan bir qədər
aralıda yumşaq divana yayxanıb süzgün
baxışlarla rəisə çəpəki nəzər
saldı: "Özü də köməkçisi kimi
şorgözdü. Elə hamısı belədi bu erkəklərin,
bir bezin qırağıdı".
Rəis adəti
üzrə keçib öz kreslosunda əyləşmədi.
Elə ayaq üstə sözünü deyib hörmətli
qonağını xatircəm eləmək istədi:
- Sizinlə
əlaqədar bütün göstərişlərə yüksək
səviyyədə əməl olunacaq. Lap ürəyiniz istəyən
kimi...
Qıyqacı baxışlı xanım onun
sözünü ağzında qoydu:
- Ürəyim
istəyən kimi? Maraqlıdır, siz mənim ürəyimi
nə tez, necə oxuya bildiniz?
Rəis
gözləmədiyi qəribə sualdan çaşıb
qaldı. Birdən-birə canını soyuq tər basdı.
Qapı qabağında müntəzir dayanan köməkçisinin
dodağı qaçdı. Tez başını
aşağı saldı ki, rəis görməsin.
- Mən
sözgəlişi dedim bunu, - rəis tələm-tələsik
fikrini izah etməyə çalışdı, - yəni bizə
verilən tapşırığı yerinə yetirəcəyik,
istədiyniz kimi sizə şərait yaradacağıq ki, rahat
olasınız.
Xanım rəisə
qəribə nəzərlə baxıb gözlərini
süzdü:
- Mən
yanında olanda Özü tapşırdı ki, elit şərait
yaradılsın burada, istədiyim vaxt rahat gəlib gedim.
Özü belə istəyir ki, mənimçün xoş
olsun.
Xanım
"Özü" sözünü xüsusi vurğu, əda
ilə deyib, sakit, yumşaq səslə əlavə etdi:
-
Universitetdə oxuyanda da belə olub, istəyəndə
getmişəm dərsə, istəməyəndə yox. Qiymətlərim
necə yazılıb, qırmızı diplom nə təhər
başa gəlib Özü bilir. Çox həssas, duyumlu
insandır. - Xanım susub rəisi zənnlə süzdü.
- Elədir,
çox qayğıkeş insandır, - rəis udqundu, - bizdən
də əsirgəmir hər cür yardımını.
Keçən həftə gəlib sıravi işçilərnən
elə səmimi söhbət elədi ki!.. Sonra arxa qapıya
açılan otaqlara baxdı. Tapşırdı ki, necə
lazımdı hazırlayaq sizinçün. İstirahət,
qonaq qəbul etmək üçün hər cür şərait
yaratmışıq.
-
Yaxşı eləmisiz, şair dostlarımla
görüşürəm. Lirik şeirlərimi çox bəyənirlər,
qəzet-jurnallarda çap elətdirirlər. Şəxsən
Özü mənim lirikamın vurğunudur. Kitabımı
çap elətdirib. Deyir, şeirlərini oxuyanda ürəyinin
çırpıntısını eşidirəm sənin.
Kitabım kabinetində, stolunun üstündə,
gözünün qabağında olur həmişə.
Rəis
qapının qabağında əmrə müntəzir dayanan
köməkçisinə üz tutdu:
-
Xanımın kitabını al gətir, oxuyaq.
Ezamiyyətdən
qayıdan kimi rəis köməkçisini yanına
çağırdı. Bu, onun şakəri idi: harada olur-olsun
işə gələn kimi köməkçisini
sorğu-suala tuturdu, onu ən yaxını, görən
gözü, eşidən qulağı sayırdı.
İdarədə
bilirdilər köməkçi hansı yuvanın quşudur.
Onun yanında ya artıq-əskik danışmır, ya da dillərini
"qıfıllayıb" susurdular. Di gəl ki, ən
yaxın dost, sirdaş bildiklərinə
pıçıldadıqları belə rəisə
çatdırılırdı. Lap məəttəl
qalırdılar. Axı, bu necə ola bilər?
(ardı var)
Əlövsət BƏŞİRLİ
Ədalət.- 2012.- 31 mart.- S.10.