Maraq içində maraq güdməmək

 

Ceyhun Musaoğlunun yeni layihəsi: "Ədalət"də ədalətdən danışaq (ceyhunmusaoglu@mail.ru)

 

""Ədalət"də ədalətdən danışaq" layihəsinin növbəti qonağı Milli Məclisin vitse-spikeri Bahar Muradovadır. Bahar xanım həyatındakı və siyasi fəaliyyətindəki uğurun düsturunu göstərir.   

- 8-ci sinfi tərifnamə ilə bitirdiyiniz halda texnikuma qəbul olunmaq istəmisiz. Niyə 10-cu sinfə qədər oxumadız?

 - Həmin dövr 70-ci illər idi və müəyyən ailələrdə qızların oxudulması ilə bağlı məhdudiyyətlər vardı. Bizim ailəmizdə 9 uşaqdan 7-si qız idi və onların heç biri ali təhsil almamışdı. O zaman Azərbaycanın bölgələrindən paytaxta oxumağa gələnlər az olmasa da, qızların oxumasına o qədər də müsbət baxmırdılar. Amma gənclərdə təhsil almağa xüsusi həvəs var idi. Təhsil almağa, inkişaf etməyə marağım məni daha tez əhatə olunduğum mühitdən çıxmağa, daha geniş imkanlar əldə etməyə sövq etdi. Ailəm qarşısında şərt qoydum ki, 8-ci sinifdən çıxıb Bakıya oxumağa getməliyəm. Təbii ki, mövqeyim ailədə müəyyən müzakirələrə, etirazlara səbəb oldu. Hətta onlara dedim ki, məni buraxmasanız qaçıb gedəcəm. Valideynlərim də israrımı nəzərə aldılar və məni Bakıya göndərdilr. Əlbəttə 10-cu sinfi bitirmək olardı, amma mənim buna səbrim çatmadı. Çünki əhatə olunduğum mühitin məni sıxan şərtləri ilə razı deyildim. Baxmayaraq ki, kənddə yox, Füzuli səhərində yaşayırdıq, bununla belə, oxuduğum kitablar, sevdiyim qəhrəmanlar, onların dövlətin, xalqın həyatında oynadığı rollar, çox zaman özümü onlara bənzətmək istəyim orta təhsildən tez ayrılmağıma səbəb oldu. Bakıya gəldim və həyat göstərdi ki, səhv etmədim.   

   - 10-cu sinfi bitirsəydiz, ailənizin Sizə ali təhsil almağa imkan verməyəcəyi təhlükəsi vardı?   

   - Belə bir təhlükə vardı. Bizim evdə qızlara çox erkən, hətta 7-ci sinifdən başlayaraq elçilər gəlirdi. Qızların 6-cısı, övladların 8-cisi idim və bunları gözümlə gördüyümdən o mühitdən tez çıxmaq istəyirdim. Bunu bacardım və hesab edirəm ki, sonra əldə etdiklərim həmin mövqeyimlə bağlıdır. İlk addımda israrlı olmasaydım, həyat bəlkə də başqa istiqamətdə inkişaf edərdi.

      - Bakıda hansı sahədə təhsil alacağınızı əvvəldən müəyyənləşdirmişdiz?   

   - 8-ci sinfi fərqlənmə ilə bitirən şagirdlərin Mədəni Maarif Texnikumuna imtahansız, yalnız müsabiqə yolu ilə qəbul oluna biləcəyi barədə qəzetdə elana rast gəlmişdim. Həmin texnikumda iki fakültə vardı. Biri teatr sənəti, ikincisi isə kitabxanaçılıq işi. Sənədlərimi verdim, ürəyimdə teatr sənətini tutmuşdum, amma valideynlərimə demişdim ki, kitabxanaçılığa gedəcəm.   

   - Teatr sənətini seçdiyinizi desəydiz yollarınız bağlanardı?  

   - Təbii ki. İnsan düşünür, həyat isə hadisələrin necə inkişaf edəcəyini müəyyənləşdirir. Görünür, o dövr qəbul qaydaları hələ mənə tam aydın deyildi. Müsabiqədən keçdim, suallara cavab verdikdən sonra sənədlərimdə müəyyən çatışmazlıqlar olduğunu dedilər. Rayona gedib qayıdana kimi də vaxt keçdi və məlum oldu ki, artıq yerlər dolub, ümumi qaydada imtahan verməliyəm. Ya məni texnikuma qəbul etməli, ya da nəsə bir bəhanə gətirməli idilər. Bu, mənə çox pis təsir etdi. Anladım ki, təsəvvür etdiyim qəhrəmanların həyatı ilə reallıq fərqlidir. Orta yaşlarda olan texnikum direktorunun məni bu şəkildə aldatmasını qəbul edə bilmədim və fikirləşdim ki, geriyə qayıdım. Amma şəhərdə yaşayan bacımın ailəsi geri qayıtmağın düzgün olmadığını, hansısa başqa bir texnikuma sənəd verməyimi məsləhət gördü. Yalnız Yüngül Sənaye Texnikumunda sənəd qəbulu davam edirdi. Belə bir texnikumun varlığından xəbərdar deyildim. Ora mənim savadıma, arzularıma heç uyğun gəlməyən təhsil ocağı idi. Amma rayona qayıtmamaq üçün razılaşdım, müsabiqədən keçdim və qəbul oldum.  

   - Seçmədiyiniz, hətta adını belə eşitmədiyiniz texnikumda ədalətsizliklə üzləşmədiz...  

   - Ədalətli yanaşma açıq şəkildə özünü göstərdi. Birincidə yalnız direktor, ikincidə isə bəlli qrup suallar verirdi. Texnikumun direktoru Zinyət xanımın iştirakı ilə keçirilən müsabiqədə, hətta 10-cu sinfi bitirib gələnlərin bilmədikləri sualları da cavablandırdım. Ona görə də çox böyük həvəslə məni qəbul etdilər. Bu hadisə ədalət hissinin tam ölmədiyini göstərdi.

      - Ürəyinizdən olmayan yerdə təhsil almaq cansıxıcı olmadı ki?   

   - Təhsil aldığım müddətdə texnikumu atıb getmək istəyirdim. Buna baxmayaraq, məktəbi fərqlənmə ilə bitirdim və oxuduğum müddətdə həyat, gələcək haqqında düşüncələrim formalaşdı, hüquqşünas olmaq qərarına gəldim. Universitet imtahanlarından dəfələrlə yaxşı qiymətlər alsam da, müsabiqədən keçə bilmədim. O zaman güclü rəqabət vardı. İlk növbədə hərbi xidmətdən qayıdanlar, həmin sistemdə işləyənlər qəbul olunurdular və bizə yer qalmırdı. Sonra hüquq fakültəsinin dekanı İsa müəllim mənə dedi ki, sənin savadına heyfim gəlir. Əgər başqa fakültələrdən birinə sənəd versən, əminəm ki, qəbul olunacaqsan. 90-cı ildə sənədlərimi filologiya fakültəsinə verdim və həmin ildə qəbul olundum.  

   - Ali təhsil almaq üçün valideynlərinizi necə razı sala bildiz?  

   - Artıq məndə elə bir xarakter formalaşmışdı ki, ailədən razılıq almağa ehtiyac yox idi. İkinci təhsil olaraq hüquq fakültəsinə daxil olmaqla arzumu reallaşdırdım. Hüquq təhsili indiki vəzifəmdə çox əhəmiyyətli rol oynayır və mənə lazımi məqamlarda kömək edir.  

   - Həyat qanunları onda sərt idi, yoxsa indi?  

   - Baxmayaraq ki, yaşlı və orta nəsil o dövrü "qızıl dövr" kimi xatırlayır, amma şəxsi qənaətim belədir ki, o dövr daha sərt idi. Bəlkə o dövrdə də insanların həyatında yaddaqalan hadisələr olub. İstənilən halda insan gəncliyini xoş duyğularla yadda saxlayır. Real yanaşsaq, təhsil almaq, həyatda özunə yer tutmaq baxımından indiki şərtlər daha asandı. Məsələn, biz ingilis dilini öyrənmək istəyirdik, bunun üçün lazımi imkanlar yox idi. İndi həyat daha sürətlidir, insanların fəaliyyəti də buna uyğunlaşıb. Bizi uşaq olanda zaman gec keçirdi, nəticə də az olurdu. Amma indi zaman da tez keçir, nəticə də uğurlu alınır. İndiki dövrdə gənclərin inkişafı, ictimai həyata inteqrasiyası üçün dövlət hərtərəfli şərait də yaradıb. O dövrdə hətta ailələrdə belə uşaqları çox sıxırdılar, azadlıq yox idi. Adət-ənənə, mühitlə bağlı olan qadağalar vardı. Valideynlər qızlarının təhsil almasını istəyirdilərsə belə, yaxın qohumların qınağı ilə üzləşirdilər. "Görəsən nə deyərlər" sualı böyüklərin qarşısında həmişə əngələ çevrilirdi. Qohumların təzyiqlərini dövlətimiz müstəqillik əldə edənə kimi, oz üzərimdə hiss etmişəm.  

   - Bəlkə indi də təzyiq edərlər, sadəcə statusunuza görə susurlar.  

   - Artıq qəbul etməyə məcburdurlar.  

   - Daha çox hansı yazıçının qəhrəmanlarına oxşamaq istəyirdiz?  

   - İlyas Əfəndiyevin əsərlərinə üstünlük verirdim. Teatr tamaşalarına baxırdım, radioda hər şənbə poeziyaya, nəsrə həsr edilən bir saatlıq verilişlər olurdu, onlara müntəzəm qulaq asırdım. Şüurumda kök salanlar çətinliyin öhdəsindən gələn, pisliklərə qarşı dayanmağı bacaran və sonda qalib olan müsbət sürətlər idi. Mənim üçün Natəvanın həyatı həddən artıq maraqlı, romantik görünürdü. Elə bilirdim, istənilən qadın o həyatı yaşaya bilər. Onu da qəbul edirdim ki, Natəvanın həyatını yaşamaq üçün mənim kifayət qədər maddi imkanım yoxdur. Hətta yüksək təhsil alsam da, onun kimi xeyriyyəçi ola bilməzdim. Belə məsələlərdə dövrün, zamanın çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, 60-cı illərdə istər ədəbiyyatda, istər incəsənətdə, istərsə də ictimai fikirdə intibah dövrü başlamışdı, amma şərtlər fərqli idi. 30, 40, 50-ci illərə qədər Azərbaycandan alınan beyin sərvətinin yerini doldura bilmirdilər. Uzun illər başqa rejimdə yaşamış Türkiyə, yaxud digər Avropa ölkələriylə özümüzü müqayisə edərkən istər dövlətin, istərsə də insanların mülkiyyətə münasibəti bizdə yox dərəcəsində idi. Çünki hamı eyni səviyyədə yaşayırdı. Rejim o dərəcədə insanları sıxırdı ki, hətta imkanı olanlar da əlindəki sərvəti başqasının adına yazdırırdı. Belə olan halda insan necə özünü azad hiss edə, azad hüquqlu ola bilərdi? Əsərlərdəki qəhrəmanlar sovet ideologiyasının məhsulu olsa da, gizli şəkildə özlərində mütərəqqi fikirləri daşıyırdılar. "Axırıncı aşırım" filimində Kərbəlayı mənfi obraz kimi göstərilir. Amma onun dili ilə kinorejissorun, ssenaristin ifadə etdikləri fikirlər bütün dövr üçün aktualdır.   

   - Əsərlərdə müsbət və mənfi qəhrəmanlar həddən artıq şişirdilirdi. Nəticədə xəyalınızda təsəvvür etdiyiniz qəhrəmanları həyatda tapmırdız.   

   - Bəlkə indi də bu qəhrəmanlar həddən artıq şişirdilir. Əgər fikir verirsinizsə indiki cəmiyyətdə müsbətin üstündən sükutla keçilir, amma mənfilər daha çox qabardılır. Görünür, hələ bir neçə nəsil dəyişməlidir ki, bu kimi hallara obyektiv münasibətin ortaya qoyulması mümkün olsun. Həmin dövrdə çoxu yeganə düzgün həyatın Sovet İttifaqında olduğunu, insanların yalnız burda azadlıq tapdığını, qalan bütün yerlərdə istismar edildiklərini düşünürdülər. Amma daha dərinə gedən, proseslərdən məlumatlı olan bəzi insanlar rejimin bu şəkildə davam edəcəyinə inanmırdı. Ona görə də Azərbaycanın müstəqilliyi üçün baza rolunu oynaya biləcək addımlar atırdılar. Sovet İttifaqına rəhbərlik edən şəxslərdən biri kimi, Heydər Əliyev bütün bu proseslərin icində olduğundan atdıgı bütün addımları Peyğəmbərcəsinə bu günə hesablayırdı.   

   - Müstəqillik. Amma Azərbaycandakı vəziyyətdən narazı olanların sayı az deyil.   

   - Biri var siyasi müxalifət, biri də var həyatından narazı olan insanlar. Çox qəribədi ki, Azərbaycanda siyasi, fərdi taleyindən narazı insanlar bunu müxalifətçilik mövqeyi ilə qarışdırırlar və birlikdə təqdim etməyə çalışırlar. Belədə qara həddindən artıq tünd olur. Bütün cəmiyyətlərdə hər şeydən narazı, heç bir iş görmədikləri halda başqalarına qara yaxmaqla məşğul olanlar var. Bu, müxalifətçilik deyil. Siyasi müxalifliklə xaraktercə narazı insan olmaq bir-birindən fərqlidir. Bunun durulaşması, saflaşması üçün müəyyən zamana ehtiyac var. Zaman hər seyi yerinə qoyur, getdikcə fakt daha aydın görünməkdədir. 10-15 il əvvəl bu düşərgədə insanların sayı indikindən daha cox idi. İndi isə heç bir şərtlər altında dəyişməyən, hədəflərini, bu hədəflərə çatmaq üçün seçdikləri yolu dəqiq müəyyənləşdirməyən məhdud sayda insanlar qalıb. "Əgər dünyanı dəyişmək istəyirsənsə birinci özünü dəyişməlisən" həqiqətini anlamayan insanlar çox təəssüf ki, var. Özünü dəyişməyən necə cəmiyyətdə dəyişiklik yarada bilər?  

   - Müxalifət də özünü haqlı haqlı hesab edir, iqtidar da. Bəs haqsız kimdi?   

   - Haqsız həmişə inanmaq istəməyən olur. Çox təəssüf ki, qarşı tərəfə səhv olduqlarını demək mümkündür, amma izah etmək çətindir. Ona görə yox ki, biz yaxşı izah edə bilmirik, bu arqumentlərin qarşısında bizim kifayət qədər tutarlı arqumentimiz yoxdur, sadəcə onlar buna inanmaq istəmirlər. Çünki inanıb qəbul etsələr, bu, onların yox olması deməkdir. Siyasətçi etirafdan yeni bir güc alır, amma siyasətbazlıqla məşğul olan özünü itirir. Bu gün siyasətbazlıqla məşğul olanlar daha cox tənqid edirlər, inkarçı mövqedə dayanırlar kı, özlərinə haqq qazandırsınlar. İnsan yalnız özünə haqq qazandırmaqla məşğuldursa, o başqasının haqqını necə qəbul edə bilər? Uğursuzluğun səbəbini xarakterində, fəaliyyətində axtarmaqdansa, əhatə olunduğu mühitdə, alternativ olan insanlarda axtarmaq kökündən səhvdir.   

   - 20 ildən çoxdur keçid dövründəyik. Yüksək səlahiyyətə malik şəxs kimi, deyə bilərsiz, mənzil başına nə vaxt çatacağıq?   

   - Cənab prezident bir neçə il əvvəl Bakı Dövlət Universitetindəki çıxışı zamanı Azərbaycanda həm siyasi, həm iqtisadi cəhətdən keçid dövrünün başa çatdığını bildirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qisa müddətdə tənəzzülün qarşısı alındı, məqsədyönlü dövlət proqramları sayəsində həm xarici, həm də daxili siyasətdə atılan addımlar ona gətirib cıxartdı ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahədə ciddi dövlət əsasları yaradıldı. Əsas məqsəd maddi resursların ölkənin inkişafına yönəldilməsi idi. Azərbaycanın hərbi qüdrətinin artması və ən azı işğalın qarşısının alınması səyləri gücləndirildi. Xarici siyasətdə Azərbaycan adlı dövlətin varlığını tanıtdırmaq prioritet oldu. Heydər Əliyevin əsasını qoyduğu bu siyasəti 2003-cü ildə İlham Əliyev hakimiyyətə gəldikdən sonra çevik, dinamik inkişafla davam etdirdi. Artıq inkişaf etmiş dövlətlər sırasına qoşulmaq istiqamətindəyik. Qısa müddətdə potensialımıza söykənərək Azərbaycanın özünəməxsus inkişaf modelini ortaya qoyduq. Bir coxlarına bu, inandırıcı gəlməsə də, reallıqdır. Əsas işlər görülüb, amma elələri də var ki, davam edir. Daim diqqət tələb edən sahələrdən biri təhsildir. Çünki xalqı irəliyə aparan onun təhsilidir və bu sahədəki islahatlar mütləq zamanın diqtəsi ilə həyata keçirilməlidir. Universitetlərimizdə Boloniya sisteminə kecmişik, amma tam mənada bu keçidi təmin edə bilməmişik.  

   - Mütəxəssis çatışmır, yoxsa Avropa modelinin özünü dərk edə bilmirik, təfəkkürümüz ona uyğun deyil?   

   - Məsələ Avropa modelində deyil, biz Azərbaycan modelini yaradırıq. Bu gün Azərbaycanda iki təhsil sisteminin elementləri hələ də mövcuddur. Hələlik bu sahədə keçid dövrü, islahatlar davam edir və müasir təhsil sisteminə tam yiyələnmək üçün çox işlər görməliyik. İlk növbədə təfəkkürümüzdə dəyişiklik olmalıdır. Müasir texnologiyalardan istifadə etməyi bacaran, çevik düşüncə tərzinə malik insanlar yetişməlidir. Ötən il təqaüd yaşı çatmışlarla bağlı qərarı qəbul edəndə bir çoxları düşünürdü ki, ciddi problemlərlə üzləşəcəyik. Amma müəyyən söz-söhbətlərdən sonra məsələ yerini aldı. Ali savadlı gənc nəslin işlə təmin olunmasını təmin etmək üçün bu prosesə ehtiyac vardı. Axı müəyyən yaş dövrünə kimi işləyən insanların istirahət hüququ da olmalıdır.  

   - Təqaüd yaşı çatan insanlar pensiyanın azlığını əsas gətirərək işdən getmək istəmirlər.  

   - Problem təkcə pensiya azlığında deyil, müəyyən stereotiplər də mövcuddur. Belə fikir formalaşıb ki, nə qədər həyatdasan, o qədər işləməlisən. Avropa ölkələrində insanlar təqaüdə çıxmaq üçün tələsirlər ki, istirahət hüququ əldə etsinlər. Azərbaycanda maddi məsələnin problem halında olduğunu bilirik və bu istiqamətdə təminatı yaxşılaşdırmaq üçün ciddi addımlar atılır. İstər dövlət qulluqçusu olsun, istər olmasın, çalışırıq ki, hər kəs özünün istirahətini təmin etsin.   

   - Avropadan götürülüb Azərbaycana uyğunlaşdırılandan sonra uğur qazanan model olub?   

   - Əlbəttə olub. Azərbaycan beynəlxalq qurumlarla fəaliyyətini yüksək səviyyədə qurmaqdan, ölkənin inkişafı üçün vacib hesab etdiyi tövsiyələri qəbul etməkdən çəkinmir. Digərlərini də səbrlə, dözümlə dinləyir, amma öz işini bildiyi kimi, imkanları daxilində davam etdirir. Hələ dünyada maliyyə böhranı başlamazdan əvvəl Azərbaycanda bank maliyyə sistemində kifayət qədər ciddi addımlar atılmışdı. Çoxları üçün qeyri-adi görünürdü və bizi qınayırdılar. Amma nəticə onu göstərdi ki, Azərbaycan düzgün yolda olub. Bir çox inkişaf etmiş ölkələr defoltla qarşılaşdığı halda Azərbaycanda iqtisadi artım davam edir. Ardıcıl şəkildə bir neçə il dünyada ən yüksək inkişaf tempinə malik ölkə olduq. Bu, bilavasitə neft sahəsində əldə edilən uğurların, ölkəyə daxil olan böyük pulların nəticəsidi idi. Həmçinin əldə edilən gəlirləri digər sahələrə, ölkənin infrastrukturunun yenidən qurulmasına, insanların rifahının yaxşılaşmasına yönəldirik. Bəziləri tövsiyə edirlər ki, neftdən gələn gəliri dərhal hər bir vətəndaş arasında bölmək lazımdır. Hətta bəzi siyasətbazlar 2005-ci il parlament seçkilərində seçiləcəyi təqdirdə neftdən gələn pullar insanlar arsında böləcəklərini vəd etmişdilər. Əgər həmin gəliri əhalinin sayına görə bölsək, hər adama 250-300 manat civarında birdəfəlik yardım düşürdü. Bununla da bütün neftdən gələn gəlirə son qoyulacaqdı və Azərbaycan xalqı taleyin ümidinə buraxılacaqdı. Amma yürüdülən dəqiq siyasət sayəsində gəlirlər Neft Fonduna yönəldildi. Fondun şəffaf işinə görə biz BMT-nin müvafiq medalına layiq görüldük. Neft Fondunun şəffaflığına, enerji təhlükəsizliyinə görə Azərbaycanın təcrübəsi dünyada öyrənilir. Bu, bizim ugurumuzdur.  

   - Bəs bu uğur təhsil sahəsində niyə görünmür?  

   - Təhsil elə bir sahədir ki, bura qoyulan investisiyalar dərhal nəticə vermir. Azərbaycanda kifayət qədər yüksək səviyyəli mütəxəssislər qrupu formalaşmaqdadır. Bu istər ölkə daxilində, istərsə də xaricdə təhsil almış tələbələrin sayəsindədir. Xarici ölkələrin tanınmış universitetlərində təhsil alan tələbələrin orada qalıb işləmələri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, diaspora işinin gücləndirilməsi əsas məqsədlər sırasındadır. Bunlar dövlətin qarşısında duran əsas vəzifələrdir və mütləq yaxın gələcəkdə müsbət nəticəsini də göstərəcək. Cənab prezidentin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının yaradılması haqda Sərəncamı oldu. Konsepsiyada bütün məsələləri özündə əks etdirən inkişaf modelinin formalaşdırılması nəzərdə tutulur. Bu vəzifənin yerinə yetirilməsi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxaracaq.  

   - İndiki maddi imkanlarınız sayəsində xeyriyyəçi olmaq şansınız varmı?  

   - Maddi imkanlarım arzuladığım xeyriyyəçilik fəaliyyətini həyata keçirməyə yetmir. Millət vəkili olmaq kifayət qədər maddi imkanlara sahib olduğunu göstərmir. Bəlkə kimlərinsə əvvəlcə imkanı olub, sonra da millət vəkili seçiliblər, amma mən əvvəldən belə vəziyyətə malik olmamışam və millət vəkili seçiləndən sonra maddi imkanlar əldə etmək üçün çalışmamışam. Fəaliyyətimdə daha çox seçicilərin problemlərini həll etməyə, ölkədəki ictimai siyasi proseslərdə fəal iştiraka üstünlük vermişəm. Ölkədən kənarda Azərbaycanı təmsil edəndə də üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışmışam. Xeyriyyəçilik təkcə ozünün imkanlarını reallaşdırmaq deyil, eyni zamanda bu imkanları lazımi səmtə yönəltmək də sayıla bilər. Bu sarıdan mən özümü xeyriyyəçi hesab edirəm.  

   - Xeyriyyəçi olmaq istəyirdiz, siyasətçi olduz.  

   - Həyat məni bura gətirdi. 18-20 yaşımda qarşımda belə bir məqsədim yox idi ki, mən mütləq siyasətçi olacam. O dövr üçün cəmiyyətdə tutduğum mövqeyə görə, bütün proseslərdə fəal olmağa çalışırdım. İlk iş yerim olan Bakı 1 saylı tikiş fabrikinə mütəxəssis kimi göndərilərkən də tez bir zamanda etimadı doğruldacağıma əmin idim. Tikişçi kimi işə götürüldüyüm saatdan etiraz forması olaraq 13 gün heç nə tikmədim. 13 gündən sonra isə tikilən mallara nəzarət funksiyası daşıyan nəzarətçi vəzifəsinə keçirildim. Vəzifəm kiçik də olsa, samballı idi və bizdən kifayət qədər çəkinirdilər. Daha sonra tikiş fabrikində komsomol, partiya işinə cəlb olundum. İlk olaraq ictimai-siyasi prosesə qoşulmağım ordan başladı. Min nəfərlik kollektivdə komsomol katibi, daha sonra partiya təşkilatının sədr müavini vəzifəsini icra etməyim çox böyük uğur idi. Oradan başlanan həyat məni Könüllü Kitabsevərlər və "Qayğı" cəmiyyətlərinə yönəltdi.   

   - Və sovet ideologiyasına xidmət göstərməyə başladız...  

   - İşlər elə qurulmuşdu ki, sən hansısa ideologiyaya xidmət etdiyini düşünmürdün. Hər gün işə gəlirdin, bilirdin ki, min nəfər komsomolçunun mənzil, təhsil, hansısa ictimai proseslərə cəlb olunma problemi var. Biz insanların gündəlik həyatı ilə məşğul idik. O zaman Azərbaycanda müəyyən dirçəliş, oyanış hərəkatı başlayırdı, insanlar artıq sovet hökumətinin zəiflədiyini dərk edirdilər. Yasamal rayonunda ilk dəfə Novruz bayramı mənim təşkilatçılığımla tikiş fabrikində baş tutdu. Azərbaycan Dövlət Universitetində tələbələrə Novruz bayramını keçirməyə icazə verməmişdilər. İlk partiya təşkilatında işlədiyim halda universitetdə tədbirin müəllim təşkilatçılarından biri Knyaz Aslanı dəvət etdim və biz tikiş fabrikinin yeməkxanasında çox gözəl bayram keçirdik.  

   - Töhmət alacağınızdan çəkinmədiz?  

   - Partiya təşkilatı sədrinin müavini olsam da, heç nədən çəkinmədim. Çünki milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi çıxış edirdik.   

   - Bəs Yeni Azərbaycan Partiyasına gəlişiniz necə oldu?   

   - 80-ci illərin sonlarında ittifaq mətbuatında və Azərbaycanda Heydər Əliyevə qarşı aparılan bir sıra təbliğat işləri əksər vətəndaşlar kimi, məni də narahat edirdi. Oktyabr rayon ideologiya şöbəsinin əlavəsi olan bir təşkilatda işləməyimə baxmayaraq, həmkarlarımla birlikdə bu haqsızlığa etiraz forması olaraq Heydər Əliyevin hüquqlarının müdafiə komitəsi yaratmaq fikrinə düşmüşdük və onun ilkin əsasnaməsini də mən hazırlamışdım. Sonra müəyyən səbəblərdən bu komitəni yaratmaq və onun fəaliyyətini təşkil etmək baş tutmadı. 1992 -ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına start veriləndə ilk vaxtlar məlumatsız olduğumdan bu prosesdə iştirak etmədim. Partiya təsis edildikdən sonra bütün rayonlarda təşkilatların yaradılması işi başladı. Mən də Yasamal rayonunda yaşadığım və işlədiyim üçün bu ərazidə təşkilatın yaradılması işinə 1993-cü ilin fevral ayından cəlb olundum, sonrakı həyatım bütövlükdə Yeni Azərbaycan Partiyası ilə bağlandı. O zaman verilən start mənim sonrakı taleyimi müəyyən etdi. Ömrümün sonuna qədər bu istiqamətdə fəaliyyət göstərəcəm. Mənim üçün örnək Heydər Əliyev şəxsiyyəti və onun Azərbaycan üçün göstərdiyi xidmətlərdir. Düşünürəm ki, Heydər Əliyevin bir azərbaycanlı kimi fəaliyyəti hər bir Azərbaycan vətəndaşına, o cümlədən mənə ölkəmizin, xalqımızın mənafeyinə sona qədər xidmət etmək üçün çağırışdır. Ömrümün sonuna kimi bu çağırışın ardınca gedəcəm.   

   - Sonrakı taleyinizdə qarşınızda baryerlər olmadı, qapılar üzünüzə açıldı?  

   - Cəmiyyətdə görünən və görünməyən baryerlər var. YAP-da baryer elə bu təşkilatın özünün böyüklüyüdür. Partiya sıralarında kifayət qədər bacarıqlı insanlar var, onların içərisində seçilmək, kimisə seçmək çətin prosesdir. Hər kəs səmimiyyətlə, sədaqətlə bu yola qoşulub və özünün potensialını partiya ilə birlikdə ortaya qoyub.   

   - Partiyada necə, manelərə rast gəlmisiz?   

   - Hər kəs partiya, dövlətlə birgə özünün də inkişafını istəyir. Mənim yanımdakı bir addım irəli getmək arzusundadırsa, ona kömək etməyi bacarmıramsa, mane də olmuram. Özümə qarşı da belə münasibət görmüşəm. Hansısa fəaliyyətlə məşğul olmaq istəmişəmsə, mane ilə rastlaşmamışam, əksinə, irəli çəkilmişəm.   

   - YAP-dan narazı qalanlar var və onların mətbuatdakı fikirləri ilə çox güman tanışsız.  

   - Problem narazı olanların daha cox özlərindədir. Əgər sən hansısa bir siyasi qüvvəyə qoşulmusansa, ətrafını özünə rəqib görürsənsə inkişaf edə bilməzsən. Özünə düşmən yox, dost içində dost qazanmalısan. Dostların sayını artıra-artıra getsən, mövqeyin daha möhkəm olar, onlara istinad edərək güclənərsən. Yoxsa özünü fərqləndirməyə çalışmaq, üstün tutmaq, pərdəarxası oyunlar qurmaq heç bir kəsə uğur gətirmir. Müəyyən həddə qədər gedə bilərsən, amma son nəticədə problemlə üzləşəcəksən. YAP-da sağlam mühit mövcuddur. Təklikdə heç kim uğur qazana bilməz. Fərd olaraq taleyimdəki uğur YAP-ın uğurudur və onun bir hissəsi də mənim payıma düşüb. Partiya üzvlərinin əksəriyyəti belə düşündüyü üçün YAP getdikcə güclənir. Partiyanın içərisində özünü üstün tutmaq istəyənlər çıxıb getdilər və artıq yoxdular.   

   - Bütün deputatlarla münasibətləriniz eyni səviyyədədir?  

   - Demək olar bütün deputatlarla münasibətim yaxşıdır. Amma mən deyə bilmərəm ki, onların hamısı məndən razıdır. Narazı olduğum deputat demək olar ki, yoxdur.   

   - İndiki parlamentdə təmsil olunmayan keçmiş deputatlardan hansınınsa yeri görünür?   

   - Bəzən elə hallar ola bilər hansısa deputatın yeri görünsün. Hətta müxalifətçilər içərisindən də beləsi ola bilər. Bəzi məsələlərə yanaşmada müxalif deputatlardan kimin daha düzgün mövqe tuta biləcəyini düşünürsən. Müqayisə edirsən, filan deputat olsaydı, bu məqamda daha obyektiv mövqe nümayiş etdirərdi.   

   - Daha hansı yüksək vəzifədə olmaq istərdiz?   

   - Mən millət vəkili olmaq istəyimi fərd olaraq reallaşdırmamışam. Bu, kollektiv qərarın və kollektiv işin məhsuludu. Bizim iradəmiz partiyanın iradəsinə tabedir. Əgər partiya lazım bilsə ki, mən bu vəzifədə qalmalıyam deputatların münasibətilə bunu həll edəcək. Yox əgər başqa sahə məsləhət görülsə, partiyanın əsgəri kimi ora getməyə hazıram.   

   - Bir neçə gün öncə "Şöhrət" ordeni alan Azərbaycan qadını kimi, hisslərinizi eşitmək maraqlı olardı.   

   - Bu hadisə ölkə prezidentinin hər bir kəsin fəaliyyətinə çox diqqətlə yanaşmasının təzahürüdür. Mükafatı alana qədər onu alanın özünü necə hiss etdiyini yalnız məhdud şəkildə təsəvvür edə bilərdim. Vəzifə konkret məsuliyyətlə bağlıdır. Amma "Şöhrət" ordeni və ya başqa bir dövlət təltifi insana, onun fəaliyyətinə verilən qiymətdir, dəyərdir. Bunu YAP-ın təmsilçisi olaraq ölkə prezidentinin lazım gördüyü vəzifələrdə fəaliyyət göstərən bir şəxsə münasibətinin və dəyərinin göstəricisi kimi qəbul edirəm. Ən əsası da mükafatı öz həyatını dövlət həyatı ilə bağlayan, ən çox üstünlüyü də buna verən Azərbaycan qadınına münasibət sayıram. Bu, həm də gələcək fəaliyyətim üçün bir stimuldur. Demirəm ki, fəaliyyətim "Şöhrət"ə layiq olduğu üçün belə bir mükafata layiq görülmüşəm, bəlkə şöhrətə tam layiq olmaq üçün "Şöhrət" almışam. Mükafatın çox hissəsini avans hesab edirəm, bunu ardıcıl, məqsədyönlü fəaliyyətimlə, işimlə doğrultmalıyam. Bu, Azərbaycan siyasətində iştirak edən digər qadınlara örnək, stimuldur. Mövqeyində və fəaliyyətində ardıcıl olanda, dövlətin mənafeyini üstün tutanda dəyərini alırsan. Yaxınlarımın sevgisi, əziz günlərimdə mənə edilən hədiyyələr, göstərilən münasibət, dostlarımın görmək istədiyim hədəflərə çatmaları da mənim üçün mükafatdır. Amma dövlət mükafatı tamamilə fərqlidir-özündə bütün yüksək dəyərləri ehtiva edir.   

   - Azərbaycanla bağlı beynəlxalq səviyyəli ən mürəkkəb məsələlərdə əksər söz sahibləri gözləmə mövqeyi tutanda mətbuata ilk açıqlama verən vitse-spiker Bahar Muradova olur. Qənaətimizi Milli Məclisin Fəxri medalı ilə təltif olunduğunuz da təsdiq edir. Niyə məhz Siz?   

   - Medala görə Milli Məclis sədri Oqtay Əsədova və parlamentin bütün üzvlərinə minnətdarlığımı bildirirəm. Hadisələr bir an kimi görünə bilər. Amma hadisələrə münasibəti ifadə etmək ani deyil. Bu Azərbaycan dövlətinin siyasi xəttini bilməkdən irəli gəlir. Əgər dövlətin qarşısında dayanan strateji və taktiki xətti bilirsənsə, nə hadisə baş verirsə-versin ona uyğun reaksiya göstərmək mümkndür. Əgər burda kiminsə xoşuna gəlmək, daha orijinal görünmək varsa, mütləq səhv edəcəksən. Yox əgər səni başlıca hədəf maraqlandırırsa, deyəcəyin söz, irəli sürəcəyin təklif dövlətin maraqlarını ifadə edəcək, mütləq hədəfə dəyəcək. Maraq içərisində maraq güdmək olmaz.

 

 

   Hazırladı: Gültəkin Qəhrəmanlı

 

   Ədalət.- 2012.- 31 mart.- S.12-13.