"Tale insanı
dəyişir, insan taleyi yox..."
Aktyor Sucəddin Mirzəyev
özü və Lənkərandakı teatral
mühit barədə
Sucəddin Mirzəyev müasir Azərbaycan teatrının
ən istedadlı aktyorlarından biridi. Bunu tam məsuliyyətlə
yazır və altından imzamı qoyuram. İş elə gətirib
ki, bu istedadlı,
olduqca təvəzökar
və təmənnasız
insanın səhnə
fəaliyyətini, yaşam
tərzini yaxından izləmək imkanı qazanmışam. Lənkəran
Dövlət Dram Teatrının
aparıcı aktyorlarından
biri olan Sucəddin Mirzəyev bu gün paytaxtdakı
istənilən bir teatrda çalışsaydı
böyük populyarlıq
və daha nələr qazanardıg
Tanınmaq və tanımaq haqqı
Müsahibimin tanınmaq haqqı
var. Oxucuların da onu yaxından tanımaq haqqı olduğunu bildiyimdən Sucəddin Mirzəyevin tərcümeyi-halından bəzi
məqamları vurğulamaq
qərarına gəldim.
1956-cı il iyunun 9-da Masallının İkinci Yeddioymaq kəndində dünyaya gəlib. Orta məktəbi bitirən kimi sənədlərini o
zamankı İncəsənət
İnstitutuna verib və elə ilk cəhddəcə qəbul
olunub. Dram-kino aktyorluğu fakültəsində Adil İsgəndərov, Vaqif Ağayev, Ələmdar Quluzadə kimi pedaqoqlardan dərs alıb.
1977-ci ildə təyinatını Nəcəf
bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrına
alıb və bu günə kimi də həmin
kollektivdə çalışır.
Sergey Mixalkovun "Bahalı oğlan" pyesindəki Jora Timoxin rolu ilə
Lənkəran teatrında
debüt edib. 35 il ərzində
bu səhnədə gah Balaş (Cəfər Cabbarlı
"Sevil") olub, gah Fərhad (Əbdürrəhim bəy
Haqverdiyev "Bəxtsiz
cavan"), gah Şah Təhmasib (Nəriman Nərimanov
"Nadir Şah").
Şah Edip (Sofokl "Şah Edip") kimi də səhnəyə
çıxıb, Həzi
Aslanov (Hüseyn Abbaszadə "General") kimi
də görünüb,
Müştaq bəy (Əziz Nesin "İntihar") kimi də. Tamaşaçılar onu həkim
Orucov (İsa Hüseynov "Bir kişi vardı..."), Ədəbi işçi
(Elçin "Mənim
sevimli dəlim"), Herostrat (Qriqori Qorin "Herostratı unudun") rollarında da görüblər.
Rol aldığı iki tamaşa- "Ölülər" və
"Olanlardan-keçənlərdən"
AZ.TV-nin Qızıl Fondunda qorunur.
Bir vaxtlar gənc
aktyor kimi Lənkərana gələn
Sucəddin Mirzəyev
bu gün iki övladı üçün ata, dörd nəvəsi üçün babadı.
Əvvəl Balaş, sonra
Jora. Sonra yenə Balaş...
- Bilirəm ki, hələ tələbəlik illərindən
uğur qazanmağa başlamısız. Diplom
tamaşasında Balaş
(Cəfər Cabbarlı
"Sevil") obrazını
oynamağınız çox
şeydən xəbər
verir...
- Adil İsgəndərov kimi nəhəng sənətkarın
kursunda oxumaq böyük xoşbəxtlik
idi. Təəssüf ki, Adil müəllim kinostudiyadakı
işlərilə bağlı
sonrakı illərdə
bizə dərs deyə bilmədi. Amma digər müəllimlərimiz
də bizə bu sənətin sirlərini dərindən
öyrədə bildilər.
Onları həmişə hörmətlə xatırlayıram.
Müəllimlərimiz mənə böyük
ümid bəsləyirdilər.
Mən də çalışırdım
ki, bu etimadı
doğruldum. Hər halda
Balaş mənim ifamda pis alınmamışdı.
Gözəl pedaqoq rəhmətlik
Nəsir Sadıqzadə
məni bu rolda görəndən sonra həmişə
"Balaş"-deyə
çağırırdı.
İnstitutu bitirəndə mənə
səhnə danışığı
kafedrasında müəllim
kimi çalışmaq
təklif olundu. Dedilər ki, təyinat veriləndə sən götürmə, biz səni
institutda müəllim
saxlayacağıq. Amma
təyinat verilən gün elə ilk əl qaldıran mən oldum və Lənkəran Dövlət Dram Teatrında
çalışmaq istədiyimi
dedim.
- Hadisələrin
sonrakı axarı onu göstərir ki, bu istəyiniz
də reallaşdı
və gəldiniz Lənkəran teatrına.
Həmin
günləri necə
xatırlayırsız?
- Təbii ki, burada məni
tamam fərqli bir mühit gözləyirdi. İnstitutda yaxşı tanıdığım
və yaşıdım
olan tələbə yoldaşlarımla səhnəyə
çıxmışdımsa, burada məndən yaşlı, təcrübəli
aktyorlarla birgə çalışmalı idim.
Burada yaradıcılıq prosesi,
nizam-intizam da peşəkar əsaslarla idarə olunurdu.
İlk vaxtlar yeni hazırlanan tamaşalarda mənə rol verilmədi. Teatrın repertuarında
olan Səməd Vurğunun "Vaqif", İlyas Əfəndiyevin
"Mahnı dağlarda
qaldı" əsərlərində
kütləvi səhnələrə
çıxırdım.
- Balaş kimi baş roldan
sonra kütləvi səhnələrdə görünmək,
teatr dili ilə desək, kiməsə səhnədə
nizə tutmaq sizi üzmürdü?
- Sən məni yaxından tanıyırsan, bilirsən
ki, heç vaxt təkəbbürlü
olmamışam, ancaq baş rolda oynamaq iddiam da yoxdu. Kütləvi səhnələrə çıxmağım
teatr rəhbərliyinin
mənə inamsızlığı
ilə bağlı deyildi. Əsgəri xidmətə getməli
idim, ona görə də müvəqqəti olaraq bu işləri görürdüm. Üstəlik, kollektivə uyğunlaşmaq
üçün səhnədə
və səhnə arxasında baş verənləri bir qədər kənardan izləmək mənə sərf edirdi. Əsgərlikdən dönəndən sonra mənə Sergey Mixalkovun "Bahalı oğlan" tamaşasında
Jora Timoxin rolu verildi və
bu obrazla Lənkəran teatrında
debüt etdim. Bir də ayılıb
gördüm ki, doğma teatrda oynadığım rolların
sayını itirmişəm...
- Hər halda Lənkəran tamaşaçıları səni
bu səhnədə Balaş kimi də gördülər...
- Baba Rzayev
"Sevil"ə quruluş
verəndə Balaşı
mənə etibar etdi və bu
teatrda da səhnəyə Balaş
kimi çıxmaq mənə nəsib oldu. Görürsən də, hər
şey qismətdən
asılıdı. Bayaq dediyim
kimi, heç vaxt rol üstündə
dava-dalaş salmamışam.
Nə kimdənsə incimişəm,
nə küsmüşəm.
Həmişə çalışmışam ki, tapşırılan rolun öhdəsindən bacarıqla gəlim, tamaşaçı rəğbətini
qazanım.
- Tamaşaçı
rəğbətindən söhbət
düşmüşkən, mən biləni bu məsələdə sıxıntınız yoxdu.
Lənkəranda yetərincə
tanınırsız...
- Ümumiyyətlə
götürəndə Lənkəran
camaatında teatra böyük maraq və hörmət var. Onların bu xüsusiyyətini uzun illərdi ki, müşahidə edirəm.
Sovetlər zamanında da,
müstəqilliyimizin ilk dövrlərindəki
sıxıntılı illərdə
də, bu gün də lənkəranlıların teatra
sevgi və sayğısı var. Buranın
insanları yüksək
zövqə malikdirlər.
İstəyirlər ki, futbol klubları həmişə
güclü oyun göstərsin, çempion
olsun. Teatrda ən yaxşı
əsərlərə quruluş
verilsin. Ortabab iş heç vaxt onları razı salmır. Hər tamaşanı, hər aktyor oyununun bəyənmirlər. Lənkəranlılar əsl sənətə qiymət verməyi bacarırlar. Bu uzun illər ərzində onları belə görmüşəm.
Bəzən tanımadığım insanlar məni çay masasına və ya süfrə
arxasına dəvət
edir. Söhbət əsnasında baxdıqları
tamaşanı elə
təhlil edirlər ki, sözün əsl mənasında heyran qalıram. Elə bilirəm ki, peşəkar teatr tənqidçisi ilə söhbət edirəm.
Ona görə də buradakı teatral mühitdən, şəxsən
mənə olan xoş münasibətdən
razıyam. Harda görürlərsə
hörmət bəsləyir,
ehtiramlarını bildirirlər.
Teatrımızın rəhbərliyi və
kollektivimiz tələbkar
tamaşaçıların zövqünə uyğun
tamaşalar hazırlamağa
çalışır. Repertuarımızda dünya klassiklərinin
əsərlərinə yer
verilib. Elçin,
Hüseynbala Mirələmov,
Əli Əmirli, Kamran Nəzirli kimi istedadlı müasir yazarların pyesləri bizim səhnədə tamaşaya
qoyulur və uğurla oynanılır. Son illər Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə xarici ölkələrə qastrollara
gedir, beynəlxalq festivallarda ölkəmizi,
Lənkəranı yüksək
səviyyədə təmsil
edirik. Bizi kənarda da
görür, tanıyır
və bəyənirlər.
"İnsanın
insana diqqəti üzərindəki dünya"
- İnstitutda təyinat veriləndə əlinizi qaldırıb Lənkərana getmək istədiyinizi bildirməsəydiniz
indi paytaxtda çalışırdınız, daha populyar idiniz...
- Həmin addımıma görə
qətiyyən peşman
deyiləm. 35 ildir ki, bu
doğma və mehriban kollektivdə çalışıram. Necə
peşman ola
bilərəm ki? O zaman Bakıda qalıb çalışsaydım
bəlkə də tamam başqa bir insan olacaqdım.
Lənkərana gəlmək, burada
çalışmaq, övlad,
nəvə sahibi olmaq tale işi, alın yazım imiş. Tale insanı dəyişir, insan taleyi yox.
İsa Hüseynovun "Bir kişi vardı..."
əsərində oynadığım
həkim Orucovun maraqlı bir sözü var idi. Deyirdi ki, insanın
insana diqqəti üzərində qurulub bu dünya. Diqqət olmasa, insan məhv
olar. Tutaq ki, mən Əjdahayam və ağzımla göydə
quş tuturam, amma ətrafımdakılar
kor olduqlarından bunu görmürlər.
İndi mən ağzımla quş tutmaq bacarığımı ətrafımdakılara
necə sübut edim?
Bu sözləri özüm üçün bir həyat prinsipi götürmüşəm. Həqiqətən də insanın insana diqqəti üzərində qurulub bu dünya. Diqqət olmayanda...
Etibar CƏBRAYILOĞLU
Ədalət.-
2012.- 31 mart.- S.14.