AKİF QƏHRƏMANLI "SİYASİ OYUNLAR BİTMƏYƏCƏK" KİTABINI TƏQDİM EDİR (3)

 

   Girişsiz-filansız təqdim etmək istəyirəm bu yazını. Ona görə ki,mənim onun haqqında yazacağım bütün fikirlər öz kitabını təqdimin içində ifadə olunmaqdadır.Və üstəlik də geniş oxucu kütləsinə az tanış olan bu imzanın sahibini də onun özü bioqrafiyasından öyrənmək mümkündü.Yalnız bunu deyim ki, çox-çox illər öncəsindən tanıdığım Akif Qəhrəmanlı həqiqi anlamda "arxa planda" qalan və mütəvazi bir həyat yaşayan qələm sahibi olmuşdur.Və bütöv bir tərcüməçi nəsli onu gözəl tanıyır.O özü də bizim siyasi ədəbiyatımızda olan tərcüməçilərin arxa planda qalmasını ürək ağrısı ilə izah edir.  

   - Mən Sizi son dərəcə bilikli, məlumatlı və çağdaş bir ziyalı kimi tanıyıram. Bütün bu məziyyətləri əxz eləmək üçün hansı yolları keçmisiniz və Yoxsa hələ keçiləcək yollar da var?  

   - Ömrümdə o qədər bilikli adam görmüşəm ki, onlarla müqayisədə özümü çox biliksiz sayıram. Məlumatlı olmağımı ilk növbədə çox oxumağımla,sonra da müşahidə həvəsimin gücü ilə izah edərdim.   

   Özü də bunları başqalarının mənə dediklərinə əsaslanıb deyirəm.Bu məqamda yenə tərcüməçiliyin üstünlüyündən danışmalı olacağam.  

   Bəli, tərcümə işinin özü böyük bir məktəbdir.Tərcümə prosesində adam ən müxtəlif xalqların ən müxtəlif xarakterli və səviyyəli,əksər hallarda da yüksək səviyyəli nümayəndələrinin qələmindən çıxmış intellektual mətnlərlə işləyir və bu zaman o çağadək eşitmədiyi,yaxud bilmədiyi məlumatlarla qarşılaşır.

   Həqiqi mənada tərcüməçi olan kəs belə məqamda başqa millətin yazıçısının,müəllifinin fikrini öz millətinin oxucusuna çatdırmaq üçün axtarışlara başlayır.  

   Yəni tərcüməçi bir növ tədqiqatçıdır və beləcə, axtara-axtara, özü də biliyini artırıb getdikcə daha məlumatlı adama çevrilir,öz millətinin oxucusunu da yeni biliklərə qovuşdurur.Nə qədər çox və nə qədər rəngarəng mövzularda tərcümə etsən, biliklərin də bir o qədər çoxalacaq və zənginləşəcəkdir.  

   Məhz daim belə axtarışda olan,hər tərcümə zamanı yeni-yeni biliklərə yiyələnən tərcüməçi orijinalda söylənilən fikrin, təsvir edilən halın,hadisənin,- dilimizdə dəqiq qarşılığı yoxdursa.- ən çox uyğun gələn,ən münasib variantını təqdim etməyə qadir olur.  

   Tərcüməçi ona görə başqalarından çox məlumatlı olmalıdır ki, hər yeni mətnin tərcüməsinə girişərkən nələrlə qarşılaşacağını bilmir və qarşısına çıxacaq müxtəlif elmi,siyasi, bədii, idiomatik, məcazi,iqtisadi,texniki və sair saysız-hesabsız mətləblərə ilişib qalmasın,oxucusunun qarşısında rüsvay olmasın.  

   Axı oxucuların sayı çox, səviyyələri müxtəlifdir! Özünə,sənətinə hörmət edən tərcüməçi həm müəllif qarşısında,həm öz millətinin oxucusu qarşısında, nəhayət, bir sənətçi kimi həm də öz vicdanı qarşısında cavabdeh olduğunu bilir.Qısa və kəsə deyəsi olsaq,tərcümə tərcüməçinin simasıdır, onun biliyinin, dünyagörüşünün, savadının,hətta vicdanının aynasıdır.  

   Tərcüməçi heç olmasa həyatın bu günlə məhdudlaşmadığını bilirsə, bunu da bilməlidir ki, tək öz dövrünün oxucuları qarşısında yox,gələcək oxucu nəsilləri qarşısında da məsuliyyət daşıyır.   

   Sərt deyilmiş olsa da bu,həqiqətdir. Sualınızda toxunduğunuz ziyalılıq məsələsi də maraqlı diskussiya mövzusudur. Ziyalılıq tək bilik və məlumatla bağlı göstərici deyildir. Burada insanın tərbiyəsi, dünyagörüşü, mənəvi-etik durumu, fəlsəfi baxışları rol oynayır.   

   Bütün bu məziyyətləri əxz eləmək üçün şəxsi qabiliyyətlə yanaşı ilk növbədə sağlam mühit də vacibdir. Hər adam erkən yaşlarından başlayaraq ömür boyu müəyyən adamlarda görüb yaxşı hesab elədiyi davranış tərzini,xüsusiyyətləri təkrarlamağa, mənimsəməyə çalışır. Həyata baxışın düzgünlüyündən və sağlamlığından asılı olaraq insan da özünə nümunələr seçib ayırır.

   Mənəvi saflıq insanı həmişə düzgün seçimə istiqamətləndirir. Mənəviyatca saf olan adam öz davranışında heç vaxt pis əməllərə yol verə bilməz.  

   Nəhayət,bir neçə kəlmə də çağdaşlıq barədə.Dünyanın demirəm,lap öz cəmiyyətimizin hansı istiqamətdə inkişaf etdiyindən xəbərdar olmaq üçün gərək hadisələrin gündəlik axarını izləyəsən,yəni bilavasitə olmasa da dolayısı ilə həyatla ayaqlaşmağa çalışasan.Məsələn,"deyirlər,filan ölkədə yaman qıtlıqdır,görəsən düzdür?", yaxud "Suriyada vəziyyətin çox qarışıq olduğunu söyləyirlər, bilmirsən ki,nə baş verir?   

   -Kitabınızın çapında əlavə kimlərin xidmətini qeyd etmək istərdiniz?   

   - Görürəm, kitabımın çapı sizi çox maraqlandırmışdır. Üzünüzə demək olmasın, bu kitabın meydana çıxmasında Sizin xeyirxahlığınız da az rol oynamayıb. Görüşlərimizdə vaxtaşırı bu məsələ qalxırdı və Siz də həmişə məni ruhlandırırdınız.   

   Bəlkə bunu deməsəydim də olardı. Lakin necə deməyim ki, hətta mənə müvafiq və münasib nəşriyyatı da siz nişan vermisiniz.   

   Bu hesaba həm Elçin İsgəndərzadə kimi kifayət qədər alicənab ziyalı ilə bilavasitə tanış oldum, həm də kitabım çıxdı. Ona görə hamınıza minnətdaram. Hər halda məni tərəddüdlər girdabından çıxardınız.   

   -Oxuculara nə arzulayardınız?  

   - Oxuculara ilk növbədə sönməz mütaliə həvəsi və yaxşı əsərlərə rast gəlmək uğuru arzulayardım. Yuxarıda da qeyd etdiyim kimi,oxucular müxtəlif olurlar. Hər kəs öz marağına, biliyinə, dünyagörüşünə uyğun gələn, mənəvi tələbatını ödəyən əsərlər tapıb oxumaq istəyir.Bəzən yaxşı əsərə pis münasibət göstərən, zəif əsəri isə göylərə qaldıran oxuculara da rast gəlmək mümkündür. Elə bunun özü oxucunun şəxsiyyətinin, dünyagörüşünün göstəricisidir. Eybi yoxdur, yazıçılar da müxtəlifdir, oxucular da. Təki xalqımızın yazanları və oxuyanları çox olsun. Bütün hallarda hər yazı intellekt məhsuludur, ona görə də arzu edirəm ki, hamı kitab oxusun, "Kitab bilik mənbəyidir".    

   Akif Qəhrəmanlı kimdir?  

   Akif Əvəz oğlu Qəhrəmanlı 1942-ci ilin fevral ayında Vartaşen (indiki Oğuz) rayonunda anadan olub.  

   1959-cu ildə orta məktəbi bitirib.1964-cü ildə sovet ordusundan buraxıldıqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin axşam şöbəsinə qəbul olunub və 1969-cu ildə ali təhsilini başa çatdıraraq filoloq ixtisası alıb.  

   Tələbəlik illərində Bakının müxtəlif fabrik və zavodlarında fəhlə,çilingər, Bakı Metropolitenində yanğınsöndürən kimi işləyib.  

   1967-1982-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində(indi AzərTAc adlanır) tərcüməçi-redaktor,1982-86-cı illərdə Azərbaycan Dövlət Nəşriyyatında(Azərnəşr) siyasi ədəbiyyat şöbəsinin müdiri,1986-90-cı illərdə "Kommunist" qəzeti redaksiyasında Beynəlxalq həyat və tərcümə şöbəsinin müdiri, 1991-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri vəzifələrində çalışıb.  

   Əsasən ictimai-siyasi xarakterli onlarla kitabı ruscadan Azərbaycan dilinə tərcümə edib.S.Kərimovun "Niyazi", Q.Kərimovun "Şəriət və onun sosial mahiyyəti",G.Şvetsin "Mən marafon qaçıram",L.Medvedkonun və A.Germanoviçin "Allahın adı ilə",Branko Çopiçin "Özümüz zillətdə,xəyalımız cənnətdə",B.Oleynikin "Zülmət sultanı"kitablarının,habelə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "İslam" qısa məlumat kitabının və "Müsəlman bayramları" kitabçasının tərcüməsi də onundur.  

   Bir müddət Azərbaycan televiziyasında və radiosunda beynəlxalq mövzulara şərhlər verib. Müxtəlif mətbuat orqanlarında siyasi icmallar və şərhlərlə,publisistik yazılarla çıxış edir.   

   Kino mətnlərinin tərcüməsi ilə də məşğul olur. Üç övladı, altı nəvəsi var.

 

 

   Tofiq Abdin

 

   Ədalət.- 2012.- 31 mart.- S.15.