Dan
yerində sevdalanan şeirlər
Ötər rüzgar
acı-acı,
Özündən ötürməz
məni.
Karvan-karvan yüküm bəlli,
Körpülər götürməz
məni.
Bu
yazını qələmə alanda Əsgəroğlu Ədalətin
son illərdə qələmə aldığı gəraylılarından
birini seçdim. Müasir poetik təfəkkür işığında
"qoca" gəraylının yeni bir çaları ilə
üzləşdim. "Qoca"
gəraylı XVI əsrdən bəri öz
poetik formasını qətiyyən dəyişməyib,
amma hər bir əsrdə
bu şeir formasına
müraciət edən şair təbii ki, həm öz bədii təfəkkürünün,
həm də zamanının poetik
ovqatını əks etdirir.
Bu baxımdan Qurbaninin, Tufarqanlının gəraylıları
ilə Aşıq Ələsgərin, həmçinin XX əsr
şairlərinin gəraylıları arasında fərqi
görmək heç də çətin
deyil. Fərq köhnə "formada yeni məzmun ifadə
etməkdə"dir. Ədalət Əsgəroğlunun da "Aynasında buta"
yeni şeirlər kitabındakı gəraylılar
məhz bu xüsusiyyətinə görə
diqqəti cəlb edir.
Şahə qalxar and-amanlar,
Silkələnər xanimanlar.
Sinəmi didər aslanlar,
Tülkülər bitirməz məni.
Köçündən yayınan
quşun,
Köksündə dayanar qurşun.
Çinar kimi şah duruşum,
Diz üstə gətirməz
məni.
Əsgəroğlum, ölüm
yalan,
Bu söz ki, çürüməz,
balam!
Dan yerində sevdalanan,
Sabahlar itirməz məni.
İndi sual edə bilərsiniz
ki, bəs bu gəraylının yeniliyi (məzmunca!) nədədir?
Bu gəraylı (eləcə
də kitabdakı digər gəraylılar) müasir irfani şeirin nümunəsidir.
Şeirin məzmununda haqq
aşiqinin öz Allahına qovuşmaq yolundakı dəyanəti
öz əksini tapıb. Niyə "müasir irfani
şeir" ifadəsini
işlətdim? Çünkü bizim poeziyada (xüsusilə, sovet dövründə) şeirdə
irfanilik qeybə çəkilmişdi. Kommunist təbliğatında
Allahsızlıq ideyası
öz amansız təzyiqini göstərməkdə
idi. Ancaq son 20 ildə irfani
şeirə qayıdış
başladı. Təsəvvüf fəlsəfəsi bu gün - keşməkeşli
zamanın təzadlı,
son dərəcə mürəkkəb
olayları içində
çırpınan, mütərəddid
hallar keçirən insana poeziyanın dililə əsl həqiqətin ünvanını
göstərir.
Ağam, məni sınağa çək,
Suallar sirr olan yerdə.
Alın yazım möhürlənir,
Mövlanə pir olan yerdə.
Sevənlər eşqdən
bayılır,
Qumrusu erkən ayılır.
Tikanlar güldən ayrılır,
Aşiqlər bir olan yerdə.
Əsgəroğlum, haqqın
qulu,
Sevdalıdır ömür yolu.
Qansızlar qan tökmür, durur,
Könüllər hürr olan
yerdə.
"Qansızlar qan
tökmür, durur, Könüllər hürr
olan yerdə - məncə, müasir irfani şeirin təlqinedici gücünü
də bunda axtarmaq lazımdır.
Insan mənən saflaşmalı,
haqqa gedən yolda Allah eşqinə tapınmalı, bu yolda tikanları güldən seçməyi
bacarmalıdır. İrfani yolu
seçənlərin hamısı
divanədir. Haqq
divanəsi... Bu yolda ölüm varsa, o da haqdan
gəlir.
Olum, ölüm haqq işidir,
O da gözəl, bu da gözəl.
Yarın yara can borcu var
Yar bağrımı, buda gözəl.
Sığmır, səbətə
hər çiçək
Tər çiçəyin özü
gerçək.
Söz də zamanında göyçək
Aynasında buta gözəl
Əsgəroğlum, eşqimdi
şah,
Şaxələnib budaq-budaq.
Qüdrətdən çəkilib
bu dağ
Könlümcədir bu dağ, gözəl.
Arzum budur ki, Ədalət
Əsgəroğlu irfani
şeir yolundan çəkilməsin. Hiss olunur ki, o, klassik irfan poeziyasından yaxşı
bəhrələnib. Həmin poeziyanın
rəmzlər və simvollar semantikasına bələdliyi var.
Ədalətin "Xocam Xocalı"! ikinci
yeni kitabini da oxudum. Burada onun
Xocalıya həsr etdiyi iki poeması
və "Qar üstə qırmızı
yazı var" silsiləsindən şeirləri
toplanıb. "Xocam
Xocalı" poemasını
oxumamışdan öncə
mən onun eyni mövzuda "Dərdimizin qan rəngi" poeması ilə tanış
olmuşdum. Xocalı faciəsi haqqında
onlarla şeirlər, poemalar, publisistik yazılar qələmə
alınıb və təbii ki, hələ alınacaqdır.
Həmin
yazıların əksəriyyətində
Xocalı faciəsi bütün dəhşətli
detalları ilə canlandırılıb. Bu da
lazımdır! O yazılarda
insanların qan rəngli üzünü görürsən, sınmış
qollar, ayaqlar səni sarsıdır. Ədalətin poemalarında isə
faciənin fəlsəfi
dərkinə meyl açıq-aşkar nəzərə
çarpır. Xocalı bir
obraz kimi metafikləşir. Dəhşət, faciə öz yerində, əsl faciə bu faciəni
içindən keçirən
insanın özündə
başlayır. 1992-ci ildən 2012-ci ilə uzanan, getdikcə unudulmaz olan dərd bitib tükənmir. Dərd üz-üzə
dayanır, o dərd bu dərdin qaysağını qoparır.
Nə qədər yaxınsan,
Xocam, Xocalı!
beləcə üz-üzə
dururuq hər
gün.
Mən başı aşağı,
Sən qaşqabaqlı,
Kəndirim dartınır
əlində qərbin.
Ədalət
Əsgəroğlu bu
poemalarda bir sətir, bir misra belə Xocalıdan ayrılmayaraq bu dərdin millətdə, xalqda, hər bir fərddə
oyatdığı intibahlardan
söz açır.
Görünür, Xocalı havası
bir dərd kimi çoxlarının içindən keçməyib.
Sanma daş ürəkdən
daş qoparırsan,
Sözü qanan kəsə
deyərlər şair!
Zalımlar görsə ki,
baş aparırsan,
Səni diri-diri
yeyərlər şair!
Məhşər ayağına
çəkərlər səni,
Gəzərsən könlü
boş,
başı havalı,
Havanı çaldırar
halvası dəymişin
zurna-qavalı...
Məncə
"Xocam-Xocalı!" həm
də ədalətsizliyə,
haqqın tapdanmasına
daxili bir üsyanın ifadəsidir.
20 il keçib.
Dünya
indi-indi Xocalı faciəsini dərk etməyə başlayır.
Susan vicdanlar ayılır.
Poemanın elegik notları
çox olsa da, Ədalətin nikbin notlarını da eşidirsən. O,
Xocalıya bir daha qayıdacağımıza
inamı artırır:
Dərdin görünməyən
İbrət dərsidi,
Alın yazısının
Sağdan tərsidi.
Səsin divanilər
Müqəddəsidi,
Sənsən haqq aşiqi
Hayana baxsam...
Baxsam, yeymi, Xocam!
Xoca... Azərbaycan mentalitetində Xoca
şəxsi insan adlarının ən yüksəyidir. Xocalı da
Ədalətin poetik təfsirində məhz belə bir məna
kəsb edir. Dərdin metafizik mənası, dərdin müqəddəsləşdirilməsi...
bax, budur məsələ.
Ədalət
Əsgəroğlunun bu
iki yeni kitabı onu sübut edir ki, o, poeziyada axtarışlar aparır,
dəbdə olan mövzularda belə təzə, tamam fərqli poetik obrazlar yaratmağa can atır.
Onun əvvəlki şeir kitablarında bu cəhətlər nəzərə çarpırdı,
son iki nəşrdə
isə bir az da irəliləyiş hiss olunur.
Və mən bu qeydlərimi
Ədalətin məşhur
şeirlərindən aşağıdakı
misralarla başa çatdırıram.
Min illik kədəri qara qat kəsib,
Bir ümid yoxdumu üz ağartmağa?
O hansı şairdi qara daş gəzir
Ovcunda sıxaraq can çıxartmağa.
Mənə babalardan dərd miras qalıb,
Üzümdə qəm tutub qocalıb günah,
Mənim dincliyimi bir zalım alıb,
Səndən Allahlığı
kim alıb,
Allah!
Mən şeir yazıram, min bir günahnan,
Günah taleyimdi, yazmasam olmur.
Vaqif YUSİFLİ
Ədalət.- 2012.- 31 mart.- S.19.