Tamaşaçılar
"Qarabağ vaxtı"na kökləndilər
"Bu bizik" qrupundan növbəti
möhtəşəm layihə
Yuğ
teatrında "Qarabağ vaxtı" adlı interaktiv
tamaşanın ilkin təqdimatı oldu. İstedadlı gənclərdən
ibarət "Bu bizik" yaradıcı qrupunun
hazırladığı tamaşa tamaşaçılar tərəfindən
maraqla qarşılandı. Fərqli formada, posmodernist
yanaşmayla yazılmış vətənlə bağlı
şeirlərin bədii və səhnələşdirilmiş
şəkildə təqdim edildi.
Tamaşada
gənc yazarların, eləcə də Bəxtiyar Vahabzadənin,
Sabir Rüstəmxanlının, Dünya Gənc Türk
Yazarlar birliyinin başqanı, şair Əkbər
Qoşalının, gənc şair Kəramət
Böyükçölün şeirləri səsləndirildi.
Səhnələşdirilmiş
şəkildə təqdim edilən şeirlərin bəziləri
pantomim hərəkətlərinin və ya canlı ritmlərin,
zərb alətlərinin müşayiətilə ifa edilməsi
tamaşaçılarda ayrı bir ovqat yaratdı.
Gənc
aktyor Lamiyənin Sabir Rüstəmxanlının günəbaxana
həsr etdiyi və mənəvi həmrəylik mövzusundan
bəhs etdiyi şeir zalda əyləşmiş Sabir bəyi də
sanki keçmişə qaytardı.
Kontuziya
almış və yaddaşını itirmiş, cəmiyyətin
dəli hesab etdiyi keçmiş
döyüşçünün fikirləri isə insanı
düşünməyə məcbur edirdi. "Mənim
adım savaş, mənim adım barış.
Döyüş dostlarımı, bizləri oyuncaq
tapançalar öldürdü." deyən gənc
yaddaşını itirsə də, bir şeyə əmindir:
"Şəhidlər ölmürlər."
Tədbirin
əvvəlində ilkin səhnəciklərə heyran olan
korifey müğənnimiz Flora Kərimova ən xoş
sözlərini bildirərək iştirakçılara
gül dəstəsi bağışladı.
Qızlarla oğlanların deyişməsi formasında
olan şeir isə ailəni bütövləşdirən, cəmiyyəti
təşkil edən qadınlarla kişilərin ən
müsbət cəhətlərini ortaya çıxardı.
Zalda əyləşmiş şeir müəllifi Əkbər
Qoşalı zalda ayağa qalxaraq ifaçılara bu gözəl
ifaya görə təşəkkürünü bildirdi.
Qarabağ savaşında döyüşlərdə əlil
olmuş keçmiş döyüşçü isə daim
müharibə illəri ilə yaşayır. "Şikəstə
oxuduq, axırda da şikəst olduq"-deyən
döyüşçünü vicdanı rahat buraxmır.
Öz vicdanın səsinə qulaq verir. "Sən bu dərəni
keçməli, o dağı aşmalısan. O dərə,
dağ, o kənd sənindir..."-deyən vicdan onu yenidən
mübarizəyə, qələbə ilə bitəcək zəfərlərə
səsləyir.
Tamaşaçıları kövrəldən, eyni
zamanda inam yaradan bu səhnə alqışlarla müşaiyət
edildi.
Sonda Nailə
Binnətzadənin əlini açıb Qarabağ
üçün dua etməsi isə zalda xoş və kövrək
anların yaşanmasına səbəb oldu. Onun
"Allahım, nənəm deyir, sən bütün
duaları eşidirsən. Elə et ki, burdakı əmilər,
xalalar Qarabağı alsınlar. Axı Qarabağ da məni
kimi uşaqdır. Nənəm belə deyir."- deməsi əslində
bütün cəmiyyətin, Qarabağsız böyüyən
uşaqların arzusudur.
Tədbirdən
sonra Tamaşanın quruluşçu rejissoru Samir Salam
tamaşanın fərqli formatda təşkil edilməsindən
danışdı. Qeyd etdi ki, cəmiyyətimizdə daim
sözün, şeirin qüdrətinə yüksək qiymət
verilsə də, son vaxtlar şeir nədənsə populyar
deyil: "Halbuki sözün qüdrəti, gücü
çox şeyə qadirdir. Unutmamalıyıq ki, türkiyəli
qardaşlarımız bir "İstiqlal
marşı"ının - sözün gücü ilə
tarixi zəfərlər qazanıblar. Biz də
çalışdıq ki, sözün, şeirin verdiyi
imkanlardan bəhrələnib xalqımızı həmrəyliyə
çağıraq. Bu gün biz saatlarımızı, fəliyyətimizi
Qarabağ vaxtına kökləməliyik".
Yaradıcı qrupun və tamaşanın
iştirakçılarının isə ümumi devizi və
fikri belədir: "Bu gün biz hamımız Bakı
vaxtı ilə yaşayırıq. Saatlarımız Bakı
vaxtı ilə qurulur, işləyir. Bu, dinc dövrün,
sülh dövrünün vaxtı, saatıdır. Amma
unutmamalıyıq ki, biz torpaqları işğal edilmiş
bir millətik. Ona görə də indi Bakı vaxtı ilə
yox, Qarabağ vaxtı ilə yaşamaq bizim bir nömrəli
vəzifəmizdir. Elə bu andan etibarən hamımız
saatlarımızı Qarabağ vaxtına kökləməli,
hər günümüzü, hər dəqiqəmizi
Qarabağın azadlığı üçün
yaşamalı, çalışmalı, qələbə
gününü yaxınlaşdırmalıyıq. Bu isə
dünyadakı bütün azərbaycanlıların həmrəyliyindən
keçir."
Tamaşanın
iştirakçıları Tural Əhməd, Günel Lətif,
Əbülfəz Fətəliyev, Kəmalə
İsmayıllı, Sənan Əlləz, İlqar Babayev,
Elşad Quliyev (nağara), Şəhriyar Musayev (ud), Təbriz Əmrahov,
Raul Əliyev, Nailə Binnətzadə (dua edən
qızcığaz) kimi isedadlı gənclərdir.
Tamaşanın quruluşçu rejissoru istedadlı gənc
Samir Salamdır.
Gənclərdə,
əsgərlərdə, diasporumuzda, ümumən cəmiyyətimizdə
vətənpərvərlik hisslərinin gücləndirilməsi
üçün "Qarabağ vaxtı"nın universitetlərdə,
hərbi hissələrdə, diaspor mərkəzlərində
nümayiş etdirilməsi planlaşdırılır. Ən
sonda isə paytaxt teatrlarından birinin böyük səhnəsində
qala-təqdimat keçiriləcək.
Qeyd edək
ki, "Bu bizik" yaradıcı qrupu peşəkar və həvəskar
gənc aktyorlardan, bədii qiraətçilərdən ibarətdir.
Bu gənclər Vətənini sevən və öz istedad və
bacarıqları ilə Vətənə, xalqa xidmət etmək
istəyən fədakar insanlardır. "Bu bizik" qrupunun
adı kimi özü də çox maraqlı olan dəyərli
və səmimi bir kollektivi var. Və digər
yaradıcılıq mərkəzləri, teatr truppaları bu
mənada "Bu bizik" qrupunun kollektivinə qibtə edə
bilərlər.
Milli Qəhrəman
Mübariz İbrahimova həsr edilmiş "Sevgi
qurbanı" müzikli, tarixdən bu günə qədərki
bütün şəhidlərimizə, o cümlədən Gəncə
xanı Cavad xana həsr edilmiş "Ruhların
paradı" musiqili-ədəbi kompozisiyası "Bu
bizik" qrupunun gerçəkləşdirdiyi ən parlaq
layihələrdəndir.
Əfsanə
Bayramqızı
Ədalət.-
2012.- 31 mart.- S.21.