"Elçiləri
gələndə anam daş atdı, başını tutdu
ki..."
Nüsrət Kəsəmənlinin
xanımı şairi xatırlayır
Fikirli gəlirəm, dalğın
gəlirəm,
Qayğılı gözlərin
çəkir şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə
kimi...
Bəlkə min suçumu bilmisən
mənim,
Birini üzümə vurmamısan
heç.
Eyhamla üzümə
gülmüsən mənim,
Bircə yol üzümə
durmamısan heç.
Bu şeirin həsr edildiyi qadın
bu gün həmin şeirin müəllifi haqda
danışır. Yeniyetmə çağlarımızda
dilimizin əzbəri olmuş bənzərsiz şair Nüsrət
Kəsəmənlinin xanımı Rəhilə Kəsəmənli
necə danışıbsa, eləcə təqdim etməyə
qərar verdim.
Nənə
təqaüdü ilə dolanan tələbə
Ata-anası evlənəndə
atasının 18, anasının 16 yaşı olub. Çox
seviblər bir-birlərini. Bu izdivacdan 1945- ci ildə Qazax
rayonun Kəsəmən kəndində Nüsrət dünyaya
gəlib. Nüsrət hələ dünyaya gəlməmiş
ata- anası qısqanclıq zəminində ayrılıblar.
Ağlı kəsəndə nənə-baba görüb,
ata-ana tanımayıb. Atasını qardaşı bilib,
çünki ata nənəsi ilə babası
uşağı özləri saxlayıblar.
Anasının ata-anası deyib ki,
gəncsən, sənin tayların heç ərə getməyib,
onların uşaqlarını da at üstlərinə, özləri
baxsın. Nüsrətin ata nənəsinin özünün
üç oğlu olub, üstəlik də körpə
Nüsrət. Ona nəvə deyilməyib, öz
övladları kimi böyüdüblər. Nüsrət 18
yaşına çatanda babası deyib ki, bunun anası var, biz
bu gün varıq, sabah yox, aparaq tanış edək,
anasını tanısın, yoxsa mən bu günahla o
dünyaya gedə bilmərəm. Aparıblar anasının
görüşünə. Anası keçmiş qayınata,
qayınanası ilə görüşüb, Nüsrəti
qaynı bilib-Arif, xoş gəlmisən, deyib. Baba deyib ki,
qızım, Arif deyil, Nüsrətdir.
Belə deyəndə
qadının ürəyi gedib. Bunları danışanda
Nüsrət daha maraqlı bir epizod da danışdı. Dedi
ki, filmə salınsa, hamı elə bilər ki, ssenaristin
fantaziyasıdır, amma bu, həqiqət idi. Deyirdi bu qadın
bir dəfə avtobusda yol boyu mənə baxıb
ağlayıb. Mən də düşünürdüm ki, yəqin
nə isə bir dərdi var, özünü avtobusda da
ağlamaqdan saxlaya bilmir. Deyirdi anamı görəndə
tanıdım ki, bu, həmin qadındır.
Sonralar mən qaynanamla tanış
olanda mənə Nüsrətsiz nələr
yaşadıqlarını danışdı. Deyirdi ki, Nüsrəti
əlimdən alıb babasıgilə verəndən sonra dəsmalları
büküb alıb qucağıma Nüsrət deyib layla
çalırdım.
Nüsrət çox ağır həyat
keçirib. Bakıya qəbul imtahanına gələndə
gecə Sabir adına bağda yatıb. Gecə yarısı
milis nəfərləri gəlib onu tutub şöbəyə
aparıblar. Nüsrət imtahan vərəqini göstərib
ki, abituriyentəm, sadəcə, qalmağa yerim yoxdur.
Görüblər ki, doğru-düzgün adamdır. Milisin
biri onu Politexnik İnstitutunun yataqxanasına aparıb, orda ona
yer düzəldib.
İmtahanları verincə Nüsrət
orda qalıb. Universitetin jurnalistikasına qəbul olandan sonra da
Nəsir İmanquliyev
ona dayaq olub. Tələbəsi imiş, tanıyıb
görüb ki, nənənin təqaüdü
ilə dolanır, amma qiymətləri əladır. Nüsrəti qiyabi şöbəyə
keçirib, "Bakı"
qəzetinə işə
götürüb. Bu minvalla həm oxuyub, həm işləyib Nüsrət.
Mən onu həyatda
necə tapmışdımsa,
elə də itirdim
Universitetə qəbul olan
gündən bu məni görüb nəzarətində saxlayıb.
Nüsrət axırıncı kursda oxuyurdu. Bizim qrupa gəlirdi, demə bunun mənə görə gəldiyini hamı bilir, məndən başqa. Mən də universitetdə
makinada yazırdım.
Bir gün bir oğlan
mənə bir şeir gətirdi ki, bunu yazarsınız?
Dedim yazaram. "Ona" adlı
şeir idi, altından da imzası- Nüsrət Kəsəmənli. Şeiri verən
isə özü deyildi, dostu imiş. Şeiri iki nüsxə
yazdım, birini özüm üçün
saxladım. Növbəti gün Nüsrət özü gəldi. Soruşdu ki, şeiri yazmısınız? Verdim,
əlyazmanı qaytarıb
verdi mənə,
makina variantını
apardı.
Düşündüm
ki, əlyazmanı niyə qaytardı görəsən?..
Sonra zəng elədi
mənə ki, başa düşmədin
niyə əlyazmanı
verdim sənə?
O şeir sənə həsr olunub. Elçiləri gələndə anam daş atdı,
başını tutdu
ki, mənim şairə veriləsi qızım yoxdur. Özü də bir qız,
gündə gələcəksən
üstümə ki, başqa qadınlara şeir yazır, oradan-burdan sorağı gəlir. Əl çəkmədi. Axırda anam dedi ki, qoy
əsgərliyə gedib
gəlsin, baxarıq. Qayıtdı əsgərlikdən, yenə elçi göndərdi. Bu dəfə Nəsir İmanquliyevlə xanımı
Gövhər xanım
gəldilər və dedilər ki, biz ailə tərəfindən
bu oğlana zaminik.
Gəlinlik paltarını
özüm almışdım
Çünki çox imkansız
idi. Təzə evlənən vaxtlar
çox maddi çətinliklərimiz oldu.
Nəsir müəllim
tez bir zamanda
bizə ev
aldı. Qoymadı kirayədə çox
qalaq. Kirayədə qalırdıq, hələ
tələbə idim.
Bir gün universitetdə oturub ağlayırdım ki, bu gün- sabah uşaq olacaq, neyləyəcəyik,
necə dolanacağıq?
Bir lotereya almışdım,
onu yoxladıq, gördük maşın udmuşuq. O vaxt maşın almaq da şübhəli idi, üstümüzə
əlində pul neçə-neçə adamlar
gəldi ki, lotereyanı satın alsınlar. Dedik ki, yox, bu, bizə Tanrının
qismətidir.
Səmimiyyət, məhəbbət olan ailəni Allah gec-tez mükafatlandırır.
İlk övladımız
olanda artıq maşın da var idi, ev də. Televiziyada Nüsrət bir-neçə
veriliş hazırlayıb
yaxşı qonorar alırdı. Hər şey
öz yerini aldı.
İllər uzunu hər
şeyi içimdə
qapayıb heç anama da deməmişəm.
Kimlərə şeir yazdı,
ordan gəldi, burdan getdi, qısqanmışam,
amma içimdə, üzə çıxartmamışam.
Özümə zülm eləmişəm,
çox əziyyətlər
çəkmişəm, amma
kimsəyə açmamışam.
Razı olmamışam ki, nə ailəm, nə Nüsrət haqda mənfi ictimai rəy yaransın. Ayrılsam belə Nüsrət
haqda mənfi heç nə deməzdim, o, mənim ailəmin başçısıdır,
nüfuzuna xələl
gəlməsinə razı
olmazdım.
Adamın Allahı var, ailəyə çox bağlı, çox istiqanlı adam
idi. Bizi heç vaxt
ikinci dərəcəli
tutmayıb, bunu hiss etməmişəm. Həmişə görmüşəm ki, ailəsi, uşaqları onun üçün birinci dərəcəlidir.
Olub ki, gecə yarısı
gəlib evə, içimdə çox asıb-kəsir, götür-qoy
edirdim. Nə edəcəyimi düşünürdüm.
Elə ki, maşınının
qapıda dayandığını
eşidirdim, ürəyim
yumşalırdı, bağışlayırdım
onu. Qapını heç vaxt
döyməzdi, zəngi
basmazdı, qapının
üstündə ritmlər
çalardı. Açırdım
qısılıb qapının
küncünə özünü
danlaya-danlaya yavaşca
girirdi evə: "Utanıram, buna bax, yenə gec gəldim evə, qoymurlar da vaxtında gəlim evimə, ailəmə çıxam".
Məni gülmək tuturdu.
Gecə saat 2 olsa da
bişirdiyim xörəkdən
yeyib deyirdi ki, istədiyim elə bu idi.
Heç
vaxt əliboş gəlməzdi evə.
Gecə yarısı əlində
çörək alıb
gətirirdi. Ondan narazılığım
olmayıb. Bircə narazılığım
gec gəlməyində
idi, onu da elə nəzakətlə
malalayırdı ki, bütün narazılığım
ötüb keçirdi.
Bəzən oturub o qədər
söhbət edirdik ki, bir də
görürdük hava
işıqlaşıb. Evinə çox yaxşı baxıb, uşaqlarını
çox istəyirdi.
İndi də uşaqlar bir şey olanda
"Nüsrət bizi
yaman yerdə qoyub, getdi" deyirlər. Ona çox bağlı
idilər. Onlarla
dost idi. Elə bil ata-oğul
yox, üç qardaş idilər.
Həyatıma bixəbər gəldiyi kimi bixəbər də getdi
İranda müalicə olunmağı
özü seçdi.
Dedi ki, Təbrizə müalicəyə
gedəcəm. Ürəyindən əməliyyat yaxşı
keçmişdi, özünü
yaxşı hiss edirdi.
Birdən-birə böyrəkləri funksiyasını itirdi.
Təbrizdə onu çox
sevirdilər, ona görə oranı seçdi. Oradakı xəstəxanada bir ilə yaxın
yatdı. İçəri buraxmırdılar, gənclər,
tələbələr yatdığı
palatanın pəncərələrinə
"skoç"la qızıl
güllər yapışdırırdılar.
Özünü
yaxşı hiss edən
kimi ali
məktəblərə tələbələrlə
görüşə dəvət
edirdilər, gedirdi. İynə vurdurub gedirdi ki, ağrı tutmasın onu. Evdən yemək bişirib aparırdım, onu yeyirdi. Yaxşı qulluq da olunurdu, amma həkimlər dedilər ki, böyrək bütün qanı zəhərləyib, gecdir,
əlimizdən gələni
edirik. Dedim elədirsə, qoyun gedək Bakıya.
Mənə dedilər ki, bir-iki
gün sonra sizi yola salarıq, gedərsiniz. Bir gün gətirilən
güllərdən seçirdim ki, sabah Bakıya qayıdanda
aparaq özümüzlə. Məni yanına buraxmırlar ki,
özümüz hazırlaşdırırıq. Sonra da məni
bayıra çağırdılar. Çıxıb
gördüm ki, qara maşında üstünə qara ipək
atılmış tabut, üstü bütün
gül-çiçək, məni də həmin
maşına dəvət etdilər. Necə
çığırdımsa, çənəm əyildi.
Sonralar da düzəlmirdim, bütün dişlərim
sınmışdı. Adamı sənə sağ-salamat verəcəklərinə
hazırlayıb ölüsünü verirlər, insan bunu necə
qəbul edə bilər?..
Bunu onlara bağışlaya bilmirəm,
niyə məni yanına buraxmadılar son iki-üç
günü... Dedilər yaxşıdır, demə vəfat
edib. Gül seli də ona görə imiş. Bəlkə nə
isə sözü vardı, vidalaşacaqdı. Həyatıma
necə gizlin gəlmişdisə, elə də getdi.
İnandığım bir həqiqət var, o dünyada məni
gözləyir, gedəcəyəm yanına, bir yerdə
olacağıq. Hərdən uşaqlara deyirəm ki, həyatda
ona hər şeyi bağışladım, amma bilsəm ki,
orda məni yox, başqasını gözləyir - bunu
bağışlamaram.
Qoyduğu əmanətə -
övladlarına onun da əvəzinə qayğı göstərməyə
çalışıram.
Sevinirəm ki, günbəgün
onun dünyasına yaxınlaşıram.
Hər kəs taleyile gəlir həyata,
Demirəm, ürəyi yumşaq
olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl
uşaq olmuşam.
Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsen.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...
Üzümdə
kədərdən bir
iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.
Bir kövrək şeirimdən
gözlərin dolub,
Nə deyim, özgədən
çox yazıb qələm.
Nə qədər düyünlü
günümüz olub,
Düyünlü
qaşını görməmişəm
mən...
Bir əlin mətbəxdə
qabda-qaşıqda,
Bir gözün istidə,
tüstüdə olub.
Bir əlin beşikdə
oğul-uşaqda,
Bir gözün həmişə
üstümdə olub.
Yollar çarpaz-çarpaz, yollar
qarışıq...
Gecə yol gedirəm qulağı
səsdə.
Bizim pəncərədən süzülən
işıq-
Gözümün nurudur yolumun
üstə.
Fikirli gəlirəm, dalğın
gəlirəm,
Qayğılı gözlərin
çəkir şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə
kimi...
Ramilə Qurbanlı
(Kulis.az)
Ədalət.-2012.-16
may.-S.6.