"İNTİZAR"ın
yaratdı, hər ürəkdə intizar...
(Firəngiz
Əlizadə yubiley astanasında)
Bu yazımı SƏSə - musiqiyə,
daha döğrusu, musiqi düzümçüsünə,
"milli mentalımız"dan irəli gələn
xüsusiyyətlərimizə uyğun olaraq hələ
özümüz zaman baxımından çox da uzaq olmayan bir
vaxtda kəşf eləməyimizə baxmayaraq, musiqi nümunələrilə
dünya çapında özünə layiqli yer tuta
bilmiş, tələbkar Avropa dinləyicisini, Okeanın
qarşı tərəfindəki məmləkətlərin,
elə Şərq dünyası xalqlarının
özünü də ecazkar musiqisinin cazibəsinə salmış
Azərbaycan bəstəkarı Firəngiz xanım Əlizadəyə
həsr etmək niyyətindəyəm.
Düzünü deyim ki, Firəngiz
xanım haqqda çoxdan bir yazı yazmaq istəsəm də,
bunu reallaşdırmaq üçün əlimdə
lazımı qədər məlumat və yazılı material
olmadığından, münbüt bir şəraitin
yaranacağına ümüd bəsləyirdim.
Nəhayət ki,
tanınmış Azərbaycan ziyalısı, Azərbaycanda
miniatür kitab çapının təşəbbüskarı
və dünyada bəlkə də analoqu olmayan, İçəri
şəhərdə yerləşən "Miniatür Kitab
Muzeyi"nin yaradıcısı və rəhbəri dəyərli
Zərifə xanım Salahovanın keçirdiyi növbəti
kitab təqdimatında Firəngiz xanımın da
iştirakçılar arasında olmasından bəhrələnərək,
onunla görüşüb bir yerdə şəkil çəkdirmək
və bu yazının ərsəyə gəlməsinə mənəvi
stimul almaq imkanına yiyələndim.
Firəngiz xanımın zəngin
tərcümeyi-halında yer almasa da, özü ilə
söhbətimizdən onun Bakı şəhərində təvəllüd
tapmasına baxmayaraq, atasının köklərinin "cənub
gözəli" Lənkarana, anasının səcərəsinin
isə digər sahələrlə yanaşı Azərbaycan
incəsənətinə də əvəzsiz simalar, o cümlədən
tanınmış musiqiçilər də bəxş
etmiş "dağlar gözəli" Şəkiyə
bağlı olmasını öyrəndim. Və söhbət
əsnasında, nəinki onun ata-anasının peşəkar
musiqi ilə əlaqələrinin olmamasının, hətta tərəflərin
heç birində belə bu sahədə fəaliyyət
göstərən kimsənin olmadığı məlumatını
ala bildim.
Deməli, Firəngiz xanımın
istedadlı musiqiçi olmağında əsas amil, onun qan
yaddaşındakı informasiya amili yox, Allahın məhz onun
şəxsən özünə bəxş elədiyi və əvəzində
ondan zaman-zaman yeni və bənzərsiz musiqi əsərləri
qismində aldığı "hesabat" əsas amildir.
Bəstəkarın əsərlərinin
məndə yaratdığı təəsüratdan
çıxış edərək bu yazını yazmağa
başlayarkən, yüksək kürsülərdən və
musiqi aləmində kifayət qədər tanınmış
dünya şöhrətli simaların Firəngiz
xanımın sənəti, onun ayrı-ayrı musiqi əsərləri
və əlbəttə ki, şəxsiyyəti barədə
söylədikləri müxtəlif dəyərli fikirlərin
yer aldığı müxtəlif kitab, məcmuə və
digər bu kimi dərgiləri əldə eləyib onlarla
yaxından tanış olsam və bu deyilənlərdən
yazımda istifadə eləmək istəsəm də, son anda
fikrimdən daşındım.
Daşınmadım ona görə
ki, bu fikirlər məni doydurmadı və ya onlardan istfadə
emək mexanizmini tapa bilmədim.
Daşındım ona görə
ki, birincisi - deyilmiş sözlərin təkrarçlığına
yol verməyim və bir də ona görə ki, mənim deyəcəklərim
musiqi professonallarının demiş olduqlarından fərqli
olmuş olsun.
İlk olaraq başlayaq ondan ki,
insanın şəxsiyyətini müəyyənləşdirən
amilləri - onun sənətinə olan peşəkar və təmənnasız
bağlılığını, bu sənətin
yaratdığı atmosferin cəmiyyətdəki əks-sədasını,
şəxsin cəmiyyət içərisindəki pay
tutumunu-xüsusi çəkisini, onun həyat tərzini,
davranışını, əhatəsində və vəzifəsi
varsa tabeliyində olan insanlara qarşı münasibətini -
qadınlığından və kişiliyindən
asılı olmayaraq - geyiminin onun xarici görkəmində
yaratdığı estetik gözəlliyini, təkəbbürsüzlüyünü,
sadə və mehribançılığını, zəngin
söz bazasının olmasını və bu bazadan məharətlə
istifadə etməklə, artıq əza hərəkətlərinə
yer vermədən və yerindən asılı olaraq,
xüsusi intonasiya və üz cizgilərinin müvafiq hərəkətlərilə
insanların bütün təbəqələrinin başa
düşə biləcəyi "dil"də təqdim edə
bilmək nitqini və daxili keyfiyyətləri ilə zahiri
keyfiyyətləri arasındakı fərqin
olmamağını - Mövlanə Cəlaləddin Ruminin məşhur
- "Olduğun kimi görün, göründüyü kimi
ol" - deyiminin "tələblər"inə cavab verməyini
görmədən, duymadan və ən başlıcası isə
buna əmin olmadan yazılan "Portret yazı" insan şəxsiyyətinin,
bu halda isə konkret sənətçinin fəlsəfi
dünyasını tamlıqla aça bilmək mümkün
deyil. Əlbəttə ki, Firəngiz xanım haqqında
yuxarıda sadaladıqlarımı bilmədən bu
yazını yaza bilməzdim.
Peşəkar bəstəkar olaraq,
klassik musiqinin əksər janrlarına - balet, opera, simfoniya,
konsert, kantata, etüd, kompozisiya, fantaziya və s. müraciət
eləyən Firəngiz xanım bir çox musiqi tərkibləri
üçün bəstələdiyi kimi, ayrı-ayrı
musiqi alətləri üçün də yaddaqalan musiqi
nömrələri yaratmışdır.
Firəngiz Əlizadənin,
professor Nərgiz xanım Paşayevanın Qarabağ həqiqətlərindən
bəhs edən Librettosu əsasında bəstələdiyi
"İNTIZAR" operası, zərb alətləri və
Kamera orkestri üçün nəzərdə tutulmuş
"İpək yolu" konserti, böyük türk şairi
Nazim Hikmətin sözlərinə yazdığı
"Ölümsüzlüyə səyahət"
Oratoriyası, iki pərdəli "Boş beşik" baleti,
11 ifaçı üçün
"Çarpazlaşma-2", Septet üçün "Dərviş",
Kvintet üçün "Abşeron", Simli kvartet, zərb
alətləri və sintizator üçün
"Muğamsayağı", İki arfa və maqnit
yazısı üçün "Deyişmə",
Violençellə piano üçün
"Habilsayağı", Solo violençel üçün
"Eşq havası", Solo gitara və orqan
üçün ayrı-ayrılıqda "fataziya",
Violençel və piano üçün(həm də okkardion
üçün) "Yanar dağ" və sair bu kimi
yazılmış irili xırdalı musiqi əsərləri
dediklərimə bariz nümunə ola bilər.
Eyni dildə danışan
insanların hər birinin fərd olaraq "öz dili"
olduğu kimi, yeddi notdan ibarət ümumi bir dili olan musiqi alətlərinin
də ayrı-ayrılıqda müfəssəl bir
"dil"i olduğunu qəbul eləsək, hər
adamın "dil"ini bilən tək-tək adamlar oluğu
kimi, hər musiqi alətinin "dil"ini bilən sənətçilərimiz
də var, az olsa da. Elə bu "az"lardan biri də Firəngiz
xanım Əlizadədir.
Bağban hər gülün, hər
çiçəyin, hər növ ağacın dilini, xasiyyətini,
fərdi xusisiyyətlərini və dəymədüşərliyini
yaxşı bildiyi, onlardan hər birininin nazını
özünəməxsus bir tərzdə çəkdiyi kimi,
Firəngiz xanım da ayrı-ayrı musiqi alətlərinin
nazını çəkə-çəkə, onları
sığallaya-sığallaya, dilbilməz körpə kimi
ana laylası ilə oxşaya-oxşaya, yeri gələndə
isə təhrik edərək dilləndirməyi və istədiyi
səs ilməsini alaraq bu ilmələrdən musiqi
naxışı, bənzərsiz çeşni yarada bilən
bir peşəkar türk bəstəkardıdır.
Firəngiz xanımın bəstələri
- kainatda mövcud olan 12 iqlimdən 9-nu havasında,
torpağında, suyunda ehtiva edən - bənzərsiz Azərbaycan
təbiəti ilə həmahəng, həmrəng və həmtəravətlidir
desəm, yəqin ki, yanılmaram.
Onun əsərlərində
Abşeronun Xəzrisi və Gilavarı, mavi gözlü Xəzərimizin
qırçınlı dalğalrının təlatümü,
hər cür havada Xəzərə çətir tutan ağ
qağayıların qıyı, izdehamlı
Bakımızın gecə görüntüsü, nənələrimizin
nizamsız şəkildə günə verdiyi yun layına bənzəyən
göy qurşağının saya gəlmiyən rəngi,
ildırımların çaxnaşması, göy gurultusu,
yer nəriltisi, dərələr boyu ilanbeli axan
çayların şırıltısı, dağ şəlaləsinin
daşlara dəyib yaratdığı əks-səda, bulaq sərinliyi,
bal şirinliyi, baharı kol dibidən boylanmağıilə
salamlayan boynubükük bənövşənin təravəti,
çəmənin ətri, yer ilə göy arasındakı
nəhayətsizlik, qaranlığın sükutu, günəşin
hərarəti, kənd ununun xəmirindən nehrə
yağı ilə yağlanmış sacda bişirilmiş fəsəlinin
dadı, gecə böcəyinin təranəsi, İsaq-Misaq
quşunun iniltili harayı, körpə məsumluğu, aqil
insanın əzmi, igid hünəri, duvağlı gəlinin
abrı, gələcyə inam, Qarabağ fəryadı,
İravan həsrəti, Təbriz çağrışı,
Dərbənd ayrılığı, Borçalı sevgisi, Dədə
Qorqud müdrikliyi, Nizami "XƏMSƏ"si, Füzuli
divanı, Nəsimi imanı, Şəhriyarın "Heydərbaba"sı,
Seyyid Əzimin sədası, Sabir həqiqəti, Vətən
sevgisi, həyat eşqi, milli təəsübkeşlik, azərbaycançılıq-türkçülük,
kübarlıq,.. açıq-aydın sezilməkdədir.
Mən Ulduz falına görə
birinci - "Qoç bürcü"nə aid olduğumdan, bu
bürcün fərdi xüsusiyyətlərinə uyğun
olaraq, hər işdə də birinciliyi sevdiyimi əsas
götürsək, elə Firəngiz xanımın
qarşıdan gələn yubileyi(28 may) münasibətilə
onu ilk olaraq təbrik eləmək istəyənin də mənim
olmağımın başadüşülən
olacağına şübhəm yoxdur.
Yaşın yaş üstə gəlməsi,
bir növ daşın daş üstə gəlməsinə bənzəyir.
Daş sırasının sayı
üsbə-üst çoxaldıqca, daha aşağı
sıralarda yer almış daşların möhkəmliliyi
artdığı kimi, yaş üstünə yaş gətirən
aqil insan da həyat təcrübəsindən doğan
kamilliyini cilalayır.
Zamanımızda beşdən
yüz götürən, yüzdən isə beş
götürə bilməyənlərin daha çox
olduğunu nəzərə alsaq, onda illərin sayının
şərtilik simvolu olduğunun fərqinə varmış
olarıq.
Qəhrəmanımın yüzdən
yüz götürən, faydalı iş əmsalının
isə vahidin vahidə bərabər olduğunu(1:1) qəbul eləsək(bu
belə də var), bərkiməkdə olan alt sıradakı
daşlar kimi, mənimsədiyi illərinin arasında
boşluğa yol vermədiyindən, deməli onu: - hələ
üst qatlarda düzməyə illər,
qarşılamadığı fəsillər, seyrinə
çıxmadığı çöllər, ətrini
duymalı olduğu güllər, gözünü oxşayacaq
mavi göllər, görüşünə getməli
olduğu ellər, çağlayan sellər, sərinlik gətirən
yellər, eşitmək istədiyi dillər, sıxmaq istədiyi
əllər, könül oxşayan zillər, fəth eləməli
könüllər, üstələməli ömürlər,
tükənməz xoş əməllər, hədəfə
tuşlanan millər... və nələr, nələr gözləyir.
Azərbaycan Respublikasının
xalq artisti, professor, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri Firəngiz xanım Əlizadə
təkcə filologiya elmləri doktoru-professor, Lomonosov adına
Moskva Dövlət Universitetinin rektoru, tanınmış
publisist və ssnarist Nərgiz xanım Paşayevanın
Librettosu əsasında yazdığı və premyerası
Heydər Əliyev adına Sarayda böyk anlşaqla
nümayiş etdirilən - Qarabağ həqiqətlərini
tamlıqla özündə ehtiva eliyən və
personajlarının dili ilə bu həqiqətləriin
dünya ictimaiyyətinin diqqətinə tuşlanmış
"İNTIZAR" operasını yazmış olsaydı, o
tarxin şanlı səhifəsində öz layiqli yerini tuta
bilərdi.
Mən bu yazımda qəhrəmanımın
ayrı-ayrı əsərləri barədə geniş fikir
söyləməsəm də, əsərlərinin sujet xəttinin
və şəxsən özünün fərdi xusisiyyətlərinin
portretini vermək istədiyim - "İNTIZAR"ın
yaratdı hər ürəkdə intizar" - adlı
şerimlə yubiley astanasında dayanan sevimli Firəngiz
xanımı səmimi qəlbdən təbrik edir, ona həyatda
intizarı üstələyən vüsallı günlər
və əlbəttə ki, bolluca yaradıcılıq
uğurları diləyirəm.
Rəssamın gördükləri
yüz rənglə gələr hala,
Otuz iki həriflə şairlər
tikər qala.
On bir pərdəli
sazın avazı könül oxşar,
Bəstəkar yeddi notla, səsi döndərər
bala.
***
"İNTIZAR"ın
yaratdı,
hər
ürəkdə intizar,
Çıxacaq
səyahətə,
dünyanı,
diyar-diyar.
Nərgiz - nərgiz ətrini,
hopdurdu
hər bir nota,
Qarabağ həqiqəti,
yayıldı
kainata.
Musiqidən toxudun,
bir
xonça, bir çələngiz,
Əlizadə Firəngiz!
***
Habil Kaman - kamanı,
inlətdi
pərdə-pədə,
"Segah"ı,
"Çahargah"ı,
məlhəm
gətirdi dərdə.
Heykəl qoydun Habilə,
eldən
gəldi sorağı,
Violençellə
piano,
çaldı
"Habilsayağı".
Yazıb, yaratmaq eşqin,
nəhayətsiz,
bir dəniz,
Əlizadə Firəngiz!
***
"Boş beşik" - niyə boşdur,,
hanı
onun balası?!
Havalanıb göylərə,
yenə
də "Eşq havası".
"Fantaziya"n
- "Orqan"a,
"Gitara"ya
yaraşır,
"Abşeron"
kvarteti,
"Yanar
dağ"la yarışır.
Rəğbətin,
hörmətin var,
xətrin
tutulur əziz,
Əlizadə Firəngiz
***
Klarnetlə, Vibrafon,
çalır
"Çarpazlaşma - 1",
"İki Arfa" üz-üzə,
"Deyişmə"
ifa edir.
Musiqindir can verən,
Nazim Hikmət sözünə,
"İpək
yolu" - yol alıb,
orkestrin
"izinə".
Hər əsərin duyğusal,
ən
şirin tam tək ləziz,
Əlizadə Firəngiz!
***
"İtirilmiş
zaman-ın,
arxasında"
sözün var,
Hər sətrində yüz hikmət,
mənasında
"Öz"ün var.
Çalır
"Simli kvartet",
budur,
"Muğamsayağı",
Elə bil Xəzər üstə,
nəğmə deyir qağayı.
Xidmətlərin tükənməz,
musiqin var, bənzərsiz,
Əlizadə Firəngiz!
***
Davranışın, yerişin,
kübar xanım vərdişi,
Üzündəki təbəssüm,
ilk baharın gəlişi.
Əllərinlə yazmısan,
sən tarixə adını,
Fəxrəddin, belə olar,
Azərbaycan qadını.
Gözəlliyə nümunə,
xoş çöhrəli, ağbəniz,
Əlizadə Firəngiz!
FƏXRƏDDİN
MEYDANLI
Ədalət.-2012.-17
may.-S.7.