SÖZÜN
MÜHARİBƏ RƏNGİ
ƏDƏBİ
HƏYAT
Ədəbiyyatımızda
müharibə mövzusu, Qarabağda baş verən hadisələrin
bədii sözün obyektinə çevrilməsi artıq
ayrıca söhbət üçün yetərli
görünür. İndi 90-cı illərdən üzü bəri
yazılan, ədəbi ictimaiyyətin də tanış
olduğu ədəbi əsərlərə qiymət verməyin,
onları elmi-nəzəri tədqiqat hədəfinə
çevirməyin vaxtı çatmışdır. Artıq
bu mövzuda bəzi namizədlik dissertasiyaları da
yazılmış, məqələlər də çap
edilmişdir.
Bir oxucu və tənqidçi kimi
deyə bilərəm ki, müharibə mövzusunda yazılan
əsərlər kəmiyyətcə heç də az deyil. Xeyli
sayda şeirlər, poemalar, publisistik əsərlər içərisində
müharibə həqiqətlərini bədii sözün ahənginə
çevirən, sözün əsl mənasında bir
günün, bir ayın deyil, illərin, ayların, gələcəyin
bədii yaddaşına həkk oluna biləcək əsərlər
var Şeirə və publisistikaya nisbətən nəsrdə
bir az qıtlıq hiss olunur. Amma yenə sevinməyə dəyər.
Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov
doğula bilməz" povestini və "Dolu"
romanını oxuyandan sonra ürəyimdə dedim ki, bizdə
müharibə yazıçısı yetişir. Hüseynbala
Mirələmovun "Dağlarda atılan güllə"
romanı da mənə xoş təsir
bağışladı. Mən bu sıraya Elçin
Hüseynbəylinin "Əsirlər" povestini,
"Gözünə gün düşür" hekayəsini
də əlavə edə bilərəm.
Müharibədən yazmaq ilk
növbədə müharibə dövrünün psixologiyasına
dərindən bələd olmağı tələb edir. Adi
bir əsgərin də, yüksək rütbəli bir hərbiçinin
də, müharibədə iştirak etməsə də,
müharibəni içində yaşadan insanların da
duyğu və düşüncələrini bədii sözdə
reallaşdırmaq yazıçıdan dərin müşahidə
tələb edir. Yazıçı-publisist Nurəddin Ədiloğlunun
"Qara sarmaşıq" romanını oxuyandan sonra hiss
etdim ki, müharibə hələ də davam edir. Romanda əsl
müharibə əhval-ruhiyyəsi gördüm.
Romana ön söz yazan həmkarım
İsmayıl Vəliyev qeyd edir ki, bu əsər yüksək
bədii dəyərə malikdir, yaratdığı
obrazların fonunda incə, təsirli, bədii detallarla
Qarabağ hadisələrini canlandırmağı bacarıb.
Mən də bu fikrə şərikəm.
Janrını "kino-roman"
kimi müəyyənləşdirdiyi bu əsərdə
müəllif Nasir adlı bir
döyüşçünün taleyini izləyir. Biz onu gah
döyüş meydanında, gah Bakıda-hərbi qospitalda,
gah da müxtəlif adamların əhatəsində
görürük. Özümüzü doxsanıncı illərin
o qovğalı, xaos içində çabalayan bir ölkədə
hiss edirik. Təsvir edilən mənzərələr bizə
tanışdır. Həmin o ekstremal şəraiti çoxumuz
yaşadıq. Bir tərəfdən müharibə gedir,igidlərimizin
qanı tökülür, o biri tərəfdən daxili
çaşqınlıq və xaos hökm sürür. Bir tərəfdən,
sosial-mənəvi birlikdən, qüvvələri səfərbər
etməkdən danışılır, o biri tərəfdən
qırx partiya, altı yüzə yaxın qəzet milli-mənəvi
birliyi parçalamaqla məşğuldur. Bir tərəfdən
xalq əziyyət içində çabalayır,
qaçqınlıq, köçkünlük və
bunların yaratdığı sosial bəlalarla üzləşirik,
o biri tərəfdən vəzifə və kreslo uğrunda
ölüm-dirim mübarizələri gedir. Bax,
doxsanıncı illərin siyasi-ictimai mənzərəsi, mənəvi-əxlaqi
görünüşü belə idi. Biz o günləri
yaşadıq.Nurəddin Ədiloğlunun "Qara
sarmaşıq" romanında da həmin illərin heç
bir zaman unudulmayan mənzərələri ilə
qarşılaşdıq.
Nasir o illərin vətənpərvərlərindən
biri idi. Olsun ki, müəllif onun obrazını yaradarkən
konkret olaraq kimi isə nəzərdə tutub. Amma hətta
tanış cizgilər olsa belə, Nasir ümumiləşdirilmiş
surətdir. Bütün əsər boyu o, hərəkətdədir;
həm döyüşür, həm də fikirləşir. Həm
də kiminsə qayğısına qalır.
"..Bu saat, lap elə bu dəqiqə
onların səngərdə elədikləri söhbəti
müharibədən uzaq kəndlərdə, şəhərlərdə
də danışırdılar. Hardasa Şahnaz yaşında
xanım şəhid olmuş əsgər qardaşının
yasında ağı deyirdi. Bu cavan əsgərlərin
yaşıdları hansısa restoranda oturub, Vətənin qeyrətli
oğlanlarının sağlığına badə
qaldırırdılar. Abbas, Xıdır, Rüstəm, Zaur,
Sadiq yaşında gənclər gözaltı elədikləri
qızların yaşadıqları küçələrdə
gəzib-dolaşırdılar. Toy boğçalarında
saralan üzüklər neçə-neçə Nasirin,
Etibarın, Vahidin yolunu müharibə qurtaranacan gözləməyə
məhkum olunmuşdugMüharibədə məhəbbət də,
nifrət də iştirak edirdi. Düşmən üstünə
kiçik dəstə ilə hücuma keçən bu gənclər
təkcə tankla-topla, tüfənglə deyil, həm də
sevgi ilə silahlanmışdılar, Vətən sevgisi ilə.
Amma müharibədə sevgilər də həlak olurdu."
Bu mənzərə
tanışdır. Ümumiyyətlə, N.Ədiloğlu bədii-publisistik
manera ilə müharibənin insanların mənəviyyatına
vurduğu zərbələri bircə-bircə göz
önünə gətirir.
Romanda maraqlı obrazlarla
qarşılaşırıq. Nasirin
döyüşçü yoldaşlarının obrazları
ilə yanaşı, qadın obrazları da diqqətdən kənarda
qalmır. Qadın və müharibə!-doğrusu, müharibə
romanlarının əksəriyyətində biz bununla, yəni
qadınların müharibədə iştirakı ilə az
qarşılaşmamışıq. Bir az quru, ritorik təsir
bağışlasa da, Şahnaz müəllimə obrazı rəğbətlə
yaradılmışdır. O, müharibədən əvvəl
tarix müəllimi idi, şagirrdlərə Vətən
tarixini sevdirirdi, indi isə əldə silah, həmin o
şagirdləri ilə birgə səngərdədir. Azmı
belə qadınlarımız olub? Mən istər-istəməz
şair dostum Məmməd İlqarın böyük məhəbbətlə
yaratdığı Qaratel obrazını xatırladım.
Qaratel-uydurma obraz deyildi, cəngavər misallı bir
qızdı və Məmməd İlqar onu həyatdan, daha
doğrusu, müharibənin odları-alovları içərisindən
bədii ədəbiyyatın qəhrəmanı səviyyəsinə
qaldırdı. Qaratel indi Şəhidlər Xiyabanında uyuyur.
Romanda erməni qadını-Çiko
obrazı da var. Bu obraz haqqında söz açmamışdan
öncə deyim ki, bizim yazıçılar
sırf humanizm mövqeyindən çıxış
edərək, belə
qənaətdədirlər ki, düşmən millətin içində də humanist adamlar, ələlxüsus qadınlar
ola bilər. Bunu qeyri-məqbul saymaq olmaz. Yəni
doğrudan da, erməninin içində
də Uiko kimiləri ola bilər . Erməni əsilli (anası rus) Uiko da
belə qadınlardandır.
İlk andan o, əsl, türkə nifrət bəsləyən,
"görüm içərinizə
bomba düşsün!"
qarğışıyla yadda
qalır. Ancaq hadisələr inkişaf etdikcə elə öz erməniləri onu alçaldır, mənliyini tapdalayırlar.
Bu səbəbdən də,
ləyaqət hissi ona ermənilikdən üstün gəlir. O, başa düşür ki, Azərbaycana qarşı ədalətsiz
müharibə gedir. Nəhayət, o, içindəki
ermənilikdən tamamilə
təmizlənir və
bir faciənin qarşısını alır,
bunu Nasirə xəbər verir.
Əsərin
"Qara sarmaşıq"
adlandırılması da
təbiidir. Azərbaycan
da o dövrdə hər tərəfdən qara sarmaşıqla əhatə olunmuşdu. Romanda bu mənada
o dövrün bütün
hadisələri bircə-bircə
xatırlanır. Xaos və hərcmərclik dövrünün anlaşılmaz,
indi isə tam mənada anlaşılan mənzərəsi göz
önündə canlanır.
Gəncədə, Lənkəranda
baş verən hadisələr, Bakıdakı
mürəkkəb ictimai-siyasi
mənzərə fraqmental
şəkildə olsa
da, diqqətdən yayınmır.
Romanda simvolik DƏYİRMAN obrazı
var.
"Dünyanın
gözünü qan tutmuşdu; köhnə dəyirman kimi fırlandıqca, qoynuna təzə-təzə qanlar
ələnirdi, böyük-böyük
dərdlər üyüdən
iri daşları, insan əlinə həris olan dəmir dişli çarxları qanla hərəkət edirdi.".
Roman bu təhkiyeyi-kəlamla
başlayır və əsər boyu bu qoca Dəyirmanın
"insan əlinə
həris dəmir dişli çarxlarının"
hərəkət etdiyini
görürük. Sonda
da dəyirman fırlanmağında davam
edir: "Dünya təzə dəyirman kimi belə "bəlkələr" üzərində
fırlanırdı. Tarixsə
köhnə işindəydi.Hər
gün minlərlə
günahsız insan siyasətin və təbiətin qurduğu tələyə düşürdü;
kimisi ailəlikcə öz doğma torpağında qətlə
yetirilirdi, kimisi qasırğanın, suinaminin
hücumuna məruz qalırdı, evindən-eşiyindən
didərgin düşənlərin
çoxu canlı tabuta bənzəyirdigDünya
siyasətində artıq
heyvanlar aləmində
mövcud olan cəngəllik qanunları
hökm sürürdü.
Qara sarmaşıq ağzı qara canavar sürüsü kimi özündən zəiflərin isti yuvasına daraşmışdı."
Nurəddin Ədiloğlu ədəbiyyata
publisistikanın qanadlarında
gəlib. Onu yaxşı tanıdığımdan
deyə bilərəm
ki, uzun müddət Masallı və Bakıda nəşr olunan qəzetlərdə curnalist
kimi fəaliyyət göstərib. Amma hər curnalist publisist ola bilmir.
Publisistika çətin,
məsuliyyətli canrdır,
gərək həyatın,
gerçəkliyin nəbzini
tuta biləsən, ətrafında baş verən hadisə və olayları çevik və operativ şəkildə əks etdirməyi bacarasan. Təbii ki, publisistika özü də çoxçalarlıdır. Amma
Nurəddin Ədiloğlunun
publisistik yazıları
bədii publisistikaya yaxın nümunələridir.
Elə romanda da bu hiss olunur.Biz
roman boyu onun dünyada gedən ictimai-siyasi proseslər, Azərbaycanda baş verən olaylar, həmin dövrün mənzərəsi barədə
publisistik şərhlərlə
qarşılaşırıq. Bunların bir qismi romanda təsvir
olunan hadisələrin
məna və mahiyyətini açıqlamaq
xarakteri daşıyır.
Amma mən istəməzdim ki, müəllifin istedadla yaratdığı bədii
obrazları tez-tez publisistik bir dillə danışsınlar.
Bu, romanın bədii-emosional
təsir gücünü
azaldır. Onsuz da müharibə haqqında sənədli, faktlarla, informasiyalarla dolu publisistik əsərlər çoxdur.
Romanda Əziz müəllim obrazını da Nurəddinin bədii uğuru hesab etmək olar. Doğrudur, başqa obrazlarla müqayisədə
Əziz müəllim
çox xəsisliklə
təsvir olunub. Hətta belə olduğu təqdirdə də, bu obrazın romandakı yükünü
hiss etmək olur.
Əsərin sonunda məlum olur ki, Nasir
itkin düşüb.
Amma hamı inanır ki, o, sağdır, ölməyib.
Əlbəttə, müəllif
əsas qəhrəmanının
taleyini başqa cür də həll edə bilərdi. Amma fikirləşirəm ki, Nasir bir vətənpərvər
kimi romanda öz missiyasını şərəflə yerinə
yetirdi. "..Qəbristanlıqda
yan-yana qazılmış
qoşa məzarın
baş daşından
Əziz müəllimlə
Mübariz isə yola boylanırdılar. Elə bil hələ
də Nasirdən soraq gözləyirdilər.
Paytaxtda media nümayəndələri
isə atasının
qəfil ölümündə
işsiz-gücsüz oğlunu
suçlu bilirdi. Amma heç kim fərqinə vara bilmirdi ki,
"Şəhidlər Xiyabanı"nda
general olmaq arzusuyla yaşayan balaca Nasirlə rastlaşanda, heyrətdən Əziz müəllimin ürəyi
dayanmışdı. O, köksü
yeddi yerdən oxlanan orta əsr
cəngavərləri kimi
ölümlə təkbətək
çarpışsa da
son anda məğlub olmuşdu".
Oxucu inanır ki, Nasir sağdır və müəllifin dili ilə desək,
Bakıya məğlub
döyüşçü kimi qayıtmaq istəmir.
Elə biz də bunu arzulayırıq.
Vaqif YUSİFLİ
Ədalət.-2012.-19
may.-S.19.