YADIMA DÜŞDÜ

 

   Oğlum Anara

     

   Dənizdə ləpə var, dağda bulud var.

   Gündə durna keçir göydən yüz qatar.

   Baxdım üfüqlərə həzin axşamlar.

   O məlul durmağın yadıma düşdü.

  

   Bax, yaşıl Krımda yarpaqlar solub,

   Elə bil təbiət işdən yorulub.

   Hərdən qərib-qərib gözlərin dolub,

   Boynunu burmağın yadıma düşdü.

 

   Hər günüm bir ildir sənsız, a bala.

   Gəlməyəsən görüm səni zavala.

   Gözlərim yumulub getdim xəyala.

   Min oyun qurmağın yadıma düşdü.

  

   Səhər-səhər tezdən açılıb yaxan,

   alnına inci tər düzülən zaman,

   Yuxudan duranda alışıb yanan

   o tunbul yanağın yadıma düşdü.

  

   Atamın, anamın istəkli soyu,

   Anan layla desin, heşıkdə uyu!

   Qaz balası kimi görəndə suyu

   əlini vurmağın yadıma düşdü.

  

   Sormasınlar var dərdli könüldən,

   Səni mən yuxumda görmüşəm dünən.

   Bir az uzananda yuxarı dönən,

   körpəcə dırnağın yadıma düşdü.

  

   Könlüm sənsiz ağlar, səninlə gülər,

   Ata olmayanlar bunu bilər.

   Tulub çarpayının yanından səhər,

   ayağa durmağın yadıma düşdü.

  

   Yenə səndən gəlmir çoxdandır soraq,

   O zalım ananda insafa bir bax!...

   Bir körpə əlini gövəndə bayaq,

   Çeçələ barmağın yadıma düşdü.

 

   Krım- Yalta, 1938

  

 

   ÇİNAR

  

   Gecə keçmiş, ulduzlar , göy qara!

   Söykənmişəm qocaman bir çinara.

   Bir yanımda ömür kimi axır su.

   Qaçmış bu gün təbiətin yuxusu.

   Budaqlarda sərin yelin xoş səsi.

   Yarpaqların həzin-həzin nəğməsi.

   Ürəyim bir qanadlanmış quş kimi

   Hey çırpınır, təsəllisiz, əsəbi.

   Hündür çinar budaq atmış, qol atmış,

   Öz ömründə çox əsrlər qocaltmış.

   Görkəmində qarlı dağlar vüqarı,

   Başı bütün ağaclardan yuxarı.

   Tufan qopar, yağış yağar, qar tökər:

   Od qamçılı ildırımlar göy sökər.

   Bəzən çayda daşlar daşı qovalar,

   Seldə gedər göy çəmənlər, ovalar.

   Yarğan yağar sinəsini dağların.

   Sular oyar binəsini dağların.

   Karvan çəkər göydə qara buludlar.

   Çovğun gələr, şaxta kəsər, buz donar.

   Xan çinarım əyməz məğrur başını.

   Kimsə bilməz xan çinarın yaşını.

   Gecə qara; durdum düşündüm bir az,

   Dedim nədən ulu çinar yıxılmaz?

   Birdən çinar dilə gəldi dedi: bax!

   Bu torpaqda dərindən kök salaraq,

   Hər tərəfə uzatmışam qolumu,

   Övladlarım bürüyüb sağ-solumu.

   Belə məğrur dayanmağa haqlıyam.

   Mən kökümlə bu torpağa bağlıyam.

 

   Yalta, 1935

   

 

   SƏDAQƏT

  

   Durnanın qatarı gör gəşəngdir!

   Səhər buludları lalərəngdir!

   Mehriban gözlərin yol çəkir yenə;

   Bir səs pıçıldayır: "gəlməyəcəkdir".

 

   Gecədir, yar gəlib gəzir otaqda.

   Qulağın səsdədir, fikrin uzaqda.

   Sevgilim, görüb eşqin, sorsana,

   qəlbin otağında tək ağlamaqda?

 

   Uzaq üfüqlərdə al günəş batır,

   Kölgələr dənizə nur-kəmənd atır.

   Hicranın gözləri oyaqdır yenə;

   gündüz dincəlir, gecə yatır.

 

   Həsrət tellərinə kimdir əl vuran?

   Göyərçin könlümdür yollarda duran.

   Yüz illik bir ömrü qurban verərdim

   xumar gözlərinə baxsaydım bir an.

 

   Bilirəm, sadiqsən anda, ilqara,

   Qoy çəkməsin fikrim könlünü dara.

   O böyük eşqinlə sağalacaqdır

   inan ki, aldığım ən dərin yara.

 

   Oxşa körpəmizi, dik tut başını!

   Çatılmış görməsin düşmən qaşını.

   Namərdlər içində sorağı gəlməz

   könül həmdəminin, can sirdaşının.

  

   Bəlkə bir gün məndən gətirdi soraq

   Qan ləkəsi düşmüş bir sarı yarpaq.

   Bil ki son şerimin ilk sözü sənsən,

   Bir can verdiyim bu ana torpaq.

  

 

   Krım, 1942.

  

 

   ŞEİR DİLİ

 

   Hər kim deyir, desin!

   Şer dili aydındır.

   İstəyirsən sevincdən,

   istəyirdən qəmdən yaz.

   Elə aydındır bu dil

   Nadan yüz yol oxusun -

   yenə bir şey anlamaz.

  

   1958

  

 

   VƏTƏNDƏN UZAQDA

 

   Deyirlər,

   Axşamlar kədər gətirir.

   Deyirlər,

   Can sıxır qaranlıq gecə.

   Deyirlər...

   Deyirlər...

   Gündüzlər necə?

 

   Gündüzlər

   səbiriz gözləyirik ki,

   bir axşam olsun,

   bir gəlsin gecə!...

  

   Qahirə, yanvar, 1959

  

 

   DÖRDÜMÜZÜN SÖHBƏTİ

 

   Sığınmışıq gəlbimə:

   Ümid,

   Şübhə,

   Kədər

   mən.

   Xeyli keçib gecədən.

   Yağış yağır.

   Külək əsir,

   Ümid deir:

   Yağış kəsəcək,

   külək kəsəcək.

   Qaranlıq əriyib

   sabah olacaq

   Qızıl telləri saçaq-saçaq.

   Şübhə deyir:

   haçaq?

   haçaq?

   Yağış qara çevrilə bilər.

   Külək tufana dönə bilər.

   Gecə uzana bilər.

   Kədər deyir

   Yağış qurusa da,

   səhər olsa da,

   külək kəssə ,

   təsəlli var,

   son var

   içimdəki yetim səsə.

   Ümid deyir...

   Şübhə deyir...

   Kədər deyir...

   Mən dinləyirəm:

   Ümidi,

   Şübhəni,

   Kədəri.

   Gözləyirəm səhəri.

   Doğsun günəş

   Qızıl telləri saçaq-saçaq.

   Soruşmuram haçaq.

   Danış, ümid!

   Danış!

   Köhnə tanış!

 

   Moskva, İyul, 1960

 

 

   DÜNYANIN DƏRDİ

 

   Bu gecə yenə yatmamışam.

   başım ağrıyır,

   xəstəyəm.

   Yatağım rahat.

   Döşəmədən tavana qədər

   Sükut var otağımda.

   Olsun ki, belə bir sükut içində,

   bir gün

   bizimlə vidalaşmadan,

   gedəcək ürək.

   Ancaq, bu deyil məni nigaran qoyan.

   Bu gün var olan

   bir gün yox olacaq axırısı.

   Məni yatmağa goymur

   dünyanın dərdi

   torpağın ağrısı.

 

   Mart, 1962

 

 

   BURUQLARIN SÖHBƏTİ

    

   Qoca buruq

   Yanındakı cavan buruğa dedi:

   Ayaqlarını möhkəm bas

   Polad döşməyə!

   Hazır ol!

   Fırtına gəlir

   dəmir çeynəməyə,

   polad köşəməyə.

   Cavan buruq dedi:

   - Niyə nigaransan?

   Qorxum yoxdur mənim

   Fırtınadan, tufandan.

   Bəlkə, paslanıb dirəklərin?

   Bəlkə dalğaların ləngəri

   qaynaqlarını qoparıb, töküb?

   Yoxsa canına

   cilovsuz küləklərin

   qorxusu çöküb?

   Qoca buruq dedi:

   - Mən uzun bir ömür yolu keçmişəm.

   Yıxılsam da qəm!

   Təkəbbür hünər deyil!

   Ağır gündə möhkəm dayan qoçaqsan!

   Mən getsəm, keçmişim qalar.

   Sən getsən,

   gələcəyini aparacaqsan.

 

 

  Rəsul RZA

 

  Ədalət.-2012.-19 may.-S.20.