İndi daha abad Sabirabad
Düz 2 il əvvəl - 2010-cu ilin
mayında bu rayon - Sabirabad təbii fəlakətin ilk günlərini
yaşayırdı. Dəli Kürün daşması nəticəsində
sel daşqınları rayonun Qaragüney, Mürsəlli,
Qasımbəyli, Bala Həşimxanlı, Şıxlar,
Ulacalı və digər kəndlərini öz ağuşuna
almışdı. Minlərlə ev, onlarla məktəb, tibb
müəssisələri, inzibati binalar daşqının
qurbanına çevrilmişdi. İnsanlar təbii fəlakətin
törətdiyi faciənin ən qorxulu, ən müdhiş
anlarını yaşayırdı.
Yaradılmış Dövlət
Komissiyasında Maliyyə Nazirliyinin nümayəndəsi kimi
iştirak edən, hazırda Şirvan şəhəri üzrə
Maliyyə İdarəsinin "xəzinə əməliyyatları"
sektorunun baş məsləhətçisi olan Nazim Məmmədov
o günləri ürək ağrısı ilə
xatırlayır. Deyir ki, bir sıra çox faciəli səhnələrlə
bərabər Bala Həşimxanlı kəndində su
basmış 60 evdən 20-sinin elə yolun içində
yaşamaqdan başqa çarələri qalmamışdı.
Körpə uşaqların gözlərindəki qorxu indi də
yadımdadır...
O vaxtdan indi düz 2 il keçir.
Respublika Fövqəladə Hallar Nazirliyi Komissiyasının
müəyyənləşdirdiyi
uçub-dağılmış, qəzalı vəziyyətə
düşmüş evlərin yerində artıq çox
böyük zövqlə 1400 ədəd mənzil inşa
edilmişdir. Daşqından çox böyük zərər
çəkən Ulacalı kənd sakinlərinə 50 evdən
ibarət bütün şəraiti olan yeni qəsəbə ərməğan
edilmişdir. Məktəblər, tibb müəssisələri,
inzibati binalar, körpülər tikilmiş və ya əsaslı
təmir edilmişdir. Həyat öz axarına düşsə
də, sel daşqınları nəticələrini tam aradan
qaldırmaq üçün yenə həmin kəndlərdə
Fövqəladə Hallar Nazirliyinin 4 komissiyası
araşdırmalar aparır, sonradan qəzalı vəziyyətə
düşən binalar müəyyənləşdirilir.
Təbii fəlakət hər
an baş verə bilər
Çox böyük gərginliklər,
ağır günlər
keçirən sabirabadlıların
özləri etiraf edirlər ki, çiy kərpicdən tikilmiş köhnə evlərin əvəzində
bu tezliklə bütün şəraiti
olan yeni mənzillərin inşa edilməsini ağıllarına
belə gətirmirdilər.
Daşqının nəticələrini tam aradan qaldırmaqdan ötrü Ölkə Presidenti İlham Əliyevin 29 mart 2012-ci ildə
"Kür və Araz çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakətin fəsadlarının aradan
qaldırılmasına dair
əlavə tədbirlər
haqqında" verdiyi
sərəncam burdakı
işlərin daha intensiv aparılmasına səbəb olmuşdur.
Təbii fəlakətdən ziyan çəkmiş sakinlərə
indiyə kimi dövlət tərəfindən
ev və əmlaklarına görə
8 milyon 31 min manat, əkin və həyətyanı sahələrinə
görə 4 milyon 627
min manat kompensasiya verilmişdir.
İndi Sabirabadda təbii
fəlakətin nəticələri
demək olar ki, aradan qaldırılmaq
üzrədir. Bununla bərabər
gələcəkdə baş
verə biləcək
sel daşqınlarının
qarşısını almaq
üçün qabaqlayıcı
tədbirlər görülür.
2012-ci ilin 1-ci rübündə
Kür-Araz Çaylarında
Bəndlərin İstismarı
İdarəsi bu məqsədlə Kür çayının sağ
və sol sahilləri boyunca 14,4 kilometr
məsafədə mühafizə
bəndlərinin təmiri
işlərini aparmışdır.
Yazda, yayın əvvəlində
Kür çayında su daha bol olur. Belə vaxtlarda suyun səviyyəsi
kifayət qədər yüksəlir. Torpaqların
suvarılmasını təmin etmək üçün
Sabirabadın bir sıra kəndində, o cümlədən
Çığırğan kəndində bir ədəd
şlüz quraşdırılmışdır. Suyu borular
vasitəsilə keçirmək üçün etibarlı
su keçidləri inşa edilmişdir.
Sabirabad rayonunda sel
daşqınları nəticələrini tam ləğv etmək
üçün fərdi evlərin, sosial obyektlərin
tikintisi, təmiri davam edir. Bu məqsədlə komissiya obyektlərə
baxış keçirir. Yəqin ki, yaxın vaxtlarda Sabirabad
bu qayğıdan tam azad olacaq.
Abad el yolundan bilinər
Paytaxtdan, eləcə də ölkənin
digər şəhərlərindən Sabirabad rayonuna yol
Şirvan şəhərindəki körpüdən
başlayır. Kür çayı üzərində 1961-ci
ildə inşa edilmiş bu körpü 2012-ci ilin əvvəllərində
təmirə dayanmağa məcbur oldu. İndi təmir
edilmiş, dəmir konstruksiyaları rənglənmiş
körpü insanların xidmətindədir. Kür
çayı üzərində yeni bir körpünün
inşası isə son mərhələdədir.
Respublika üçün çox
böyük əhəmiyyəti olan Hacıqabul-Bəhrəmtəpə-Horadiz
avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində
işlərin qızğın çağıdır.
İndi burda əsaslı təmir işləri
aparılır, körpülər tikilir.
Sabirabad rayonunda istifadəyə
verilmiş yeni Asfalt zavod, dəmir-beton məmulatları
istehsal edən 2 müəssisə yəqin ki, rayonun yol təsərrüfatına
öz töfhəsini verəcək.
Sabirabad şəhərinin mərkəzi
küçələri ilə yanaşı məhəllələrdəki
küçələr də daim yenilənir. Yağış
sularının küçələrdən axması
üçün su ötürücü kanallar çəkilir.
Ümumiyyətlə, son zamanlar Sabirabad rayonunda yolların
abadlaşdırılmasına xüsusi fikir verilir. Uzunluğu 68
kilometr olan, 18 kəndin
ərazisindən keçən Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı
avtomobil yolunun əsaslı
təmiri və yenidən qurulması Prezident
İlham Əliyevin 02 noyabr
2010-cu il tarixli sərəncamı
əsasında həyata keçirilmişdir.
22 kilometr uzunluğu olan Sabirabad-Qasımbəyli avtomobil
yolunun əsaslı təmirinin
açılışını bildirən
qırmızı lenti 05 may
2011-ci ildə Azərbaycan Prezidenti kəsmişdir.
Sabirabad rayonunda yolların təmiri
ilə bağlı aparılan işlər hər gün davam
etdirilir. Çünki abad yolların çox olması əlaqələrin
daim intensiv olması deməkdir.
Sabirabad
şəhəri simasını dəyişir
Ölkə Rəhbərinin
imzaladığı Regionların iqtisadi inkişafına dair
Dövlət Proqramı Sabirabad rayonunda da uğurla həyata
keçirilir. İqtisadiyyatın müxtəlif sahələrində
abadlıq-quruculuq işlərindən bunu aydın görmək
olur.
"Sabirabad, Saatlı,
İmişli, Ağcabədi və Zərdab rayonlarının
sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 may
2011-ci il tarixli Sərəncamı əsasında Sabirabad
rayonunda kifayət qədər iş
görülmüşdür. Şəhərin Heydər Əliyev
prospektindəki 15, 17, 118 saylı 5 mərtəbəli
binaların dam örtükləri dəyişdirilmiş,
binaya plastik pəncərələr qoyulmuşdur. S.Vurğun,
H.Ağayev, H.Həmidov küçələrindəki
yaşayış binalarının dam örtükləri yenilənmişdir.
Sabirabad rayonunun Pambıq zavodu adlandırılan
yaşayış massivindəki qəzalı vəziyyətdə
olan 2 mərtəbəli yaşayış binası əsaslı
təmir edilərək sakinlərin ixtiyarına verilmişdir.
(ardı gələn sayımızda)
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-19
may.-S.20.