Keçmişdən
səslər
Xalq yaddaşı - məhək daşı
Dövrünün böyük
mütəfəkkiri Nəriman Nərimanovun xatirə muzeyi
artıq 35 ilə yaxındır ki, fəaliyyət göstərir.
Ötən illər ərzində muzeyimizdə bu fenomenal insanın həyatı
və fəaliyyəti ilə bağlı 5300-dən çox eksponatın toplanması,
araşdırılıb öyrənilməsi onun
haqqında təsəvvürlərimizi daha
dəqiq və dolğun edib.
Nəriman Nərimanovun illər
keçdikcə zaman etibarilə uzaqlaşan, amma qoyub getdiyi zəngin
irsi mənimsədikcə bizə mənən daha çox
yaxınlaşan, məftunluq və heyrət doğuran təkrarsız
şəxsiyyətlərdən olmasına əminlik
yaradıb. Məşhur bəstəkar Bethovenin "insanın
insanları xoşbəxt etməkdən gözəl arzusu
yoxdur" deyimi ürəyi həmişə "bəşəriyyətin
geridə qalan hissəsinə var qüvvəsilə kömək
etmək" arzusu ilə alışıb yanan Nərimanov
haqqındadır sanki. Elə olmasaydı qəlbindəki bəşər
sevgisinin əzəmətindən bəhrələnən
coşqun, çoxşaxəli fəaliyyətinin miqyası,
amalının gerçəkləşməsi naminə həyatının
son dəqiqəsinədək apardığı gərgin
mübarizədəki mətinliyi və bütün bunlardan
dolayı xalq arasında qazandığı böyük
nüfuzu bu gün də hər kəsi təəccübləndirməzdi.
Hərdən elə anlar olur ki, Nərimanov
şəxsiyyəti ilə bağlı hər şeyi
bildiyimizi, əldə etdiyimizi güman edir, artıq nəyisə
axtarmağın səmərə verməyəcəyini
düşünürük. Lakin çox keçmir ki,
yanıldığımızı anlayırıq. Şahid
oluruq ki, qeyri-adiliyinin, şəxsiyyətinə azalmaq bilməyən
maraq və sevginin nəticəsində onunla bağlı sənədlər,
foto və əşyalar, eləcə də xatirə və
söhbətlər qiymətli bir miras kimi ən müxtəlif
ailələrdə nəsildən-nəslə
ötürülərək günümüzədək
çatdırılır. Bu səbəbdən də onun
haqqında yeni məlumatları təkcə rəsmi mənbələrdən,
arxiv və kitabxanalardan deyil, həm də xalqdan, müasirlərimizdən
öyrənirik. Bu zamansa insanı kövrəldən ən qəribə
məqam ondan ibarət olur ki, vəfatından keçən
dövr az qala bir əsri haqlasa da adamlar onun xatirə-ev muzeyinə
həyatda olan bir adamın evi kimi gəlir, əşyalar, sənəd
və fotolar gətirir, onunla bağlı böyüklərindən
eşitdikləri xatirələri danışır, fikirlərini
bölüşürlər. Xüsusilə öyrənəndə
ki, muzeyə rəhbərlik edən Kamilə xanım Nərimanovun
öz qızı kimi əzizləyib böyütdüyü
qardaşı Salmanın qızı İltifat xanımın nəvəsidir,
çöhrələri işıqlanır, uzun illər sonra
döğmasını tapmış adamlar kimi fərəhlənir,
ürək sözlərini deyərək təskinlik tapıb
rahatlanırlar. Vidalaşıb gedəndə də
böyük dəyər verdikləri Nərimanovun
çırağının sönmədiyinə əminlikdən
doğan xoş əhvalda olur, səmimiliklə yenə də
bu evdə, bu ocaqda görüşmək arzusunda
olduqlarını bildirirlər.
Dediklərimə sübut kimi
çox uzaq olmayan tarixdə - keçən ilin iyun ayında
şahidi olduğumuz və bizi çox mütəəssir edən
iki hadisəni sizə də danışmaq istəyirəm...
İyun ayının əvvəlləri
idi. Muzey qapısının zəngini vuran naməlum bir
qadın əməkdaşımıza bir məktub təqdim
etdi. Çox kədərli olan qadının söylədiklərindən
belə məlum oldu ki, məktubu onun keçmiş iş
yoldaşı və rəfiqəsi Əliyeva Adilə
Seyidibrahim qızı ağır xəstə olduğu zaman
böyük çətinliklə yazmış və muzeyə
çatdırmağı xahiş etmişdir. Lakin tərslikdən
məktubu itirən qadın onu Adilə xanımın vəfatından
xeyli keçəndən sonra tapmış və hər halda rəfiqəsinin
son arzusunu yerinə yetirmək qərarı ilə bizə gətirmişdir.
-"Adilə tez-tez məndən
soruşurdu ki, məktubu çatdırdınmı? Mənsə
onun güc -bəla ilə yazdığı məktubu
itirdiyimi deyə bilmirdim" - deyə qadın qəhərini
zorla boğurdu...
Uzaq keçmişin xatirələrinə
əsaslanan məktubda Adilə xanım atasına istinadən
bildirir ki, babası Seyid Əhməd "Hümmət" təşkilatının
üzvü imiş və xəstə qızını (yəni
Adilə xanımın bibisini) müalicə etmək
üçün Nərimanovu evinə dəvət edibmiş. O
zamanlar babasının ailəsi İçərişəhərdə
Şirvanşahlar sarayının yanındakı Qəsr
küçəsi-85 ünvanında yaşayırmış.
Müayinədən sonra Nərimanov adəti üzrə xəstənin
balışı altına pul qoyubmuş. Adilə xanım
universitetin kitabxanaçılıq fakultəsində oxuduğu
zaman onlara "SSRİ xalqlarının ədəbiyyatı"ndan
dərs deyən müəllimi Pənah Xəlilovun dilindən
də bu faktı eşitdiyini bildirir.
Vaxtilə Bakı Ekskursiyalar və
Səyahətlər Bürosunda I kateqoriyalı ekskursiya bələdçisi
işlədiyini və yaxşı işinə görə SSRİ
Mərkəzi Turizm İdarəsindən təşəkkür
aldığını qeyd edən Adilə xanım ekskursiyalar
zamanı yeri düşdükcə şəhərimizin
qonaqlarına N.Nərimanov haqda
danışdığını və onları Nərimanovun əzəmətli
heykəlini ziyarətə apardığını da söyləyir...
Beləliklə, Nərimanovun
xeyirxah əməllərinin təsdiqi olan daha bir xatirə ilə
tanış olduq. Nərimanovun bu jesti bəlkə kiməsə
adi görünə bilər, amma nəzərə alsaq ki, Nərimanovun
təmənnasız olaraq müayinə etdiyi, üstəlik dərman
almaq üçün pul verdiyi xəstələrin
sayı-hesabı olmayıb, istər-istəməz bir sual
yaranır. Görəsən indi də xəstəsini pulsuz
müayinə edən, üstəlik ona dərman
üçün pul verən neçə həkim tapmaq olar?
Onu da qeyd etməyi lazım bilirik ki,
sağlamlığını itirib son günlərini
yaşasa belə, vətəndaşlıq qeyrətini
heç zaman itirməyən, Nərimanovla bağlı bu xatirəni
bizə çatdırmağı özünə mənəvi
borc bilən və olsun ki, bizdən bir zəng, bir səda
gözləyən Adilə xanımla məktubun gecikməsi səbəbilə
görüşə bilməməyimizdən çox təəssüflənir,
ona rəhmət diləyərək ruhuna minnətdar olduğumuzu
bildiririk. Həyatının bu ibrətamiz məqamını
diqqətlərə çatdırmaqla həm
özümüzə, həm də ailəsinə təskinlik
vermək istəyirik...
Bu hadisədən çox
keçmədi ki, kollektivimiz yeni, xoş bir hadisə ilə
üzləşdi. "Salam, mən Nəriman Nərimanovun
yaxın dostu Hüseyn bəyin nəticəsi Həsənağayam,
bu isə anam Svetlana xanımdır." - deyə özlərini
təqdim edən qonaqlar bizi yaxşı mənada heyrətləndirdilər.
Məlum oldu ki, hazırda İsveçdə yaşayan və
vaxtaşırı vətənə dönən həmyerlilərimiz
bu gəlişlərində Nərimanovun ev muzeyini ziyarət
etmək fikri ilə təşrif buyurmuşlar. Söhbət
zamanı onu da öyrəndik ki, Həsənağa Fərzanə
ATU-nu bitirib pediatr ixtisası qazansa da daha çox jurnalistlik fəaliyyətilə
məşğul olur və onda babası ilə Nərimanovun
yaxın dostluq əlaqələrini sübuta yetirən xeyli
material var.
Həyatov Hüseyn Əhməd
oğlu 1871-ci ildə Şuşada anadan olmuş, Sank-Peterburq
Universitetini bitirmişdir. Həştərxanda neft
milyonçusu Şəmsi Əsədullayevin neft
satışı üzrə işlər müdiri olmuşdur.
Nəriman Nərimanov Həştərxan sürgünündə
olarkən onunla birlikdə Həştərxan şəhər
Dumasına deputat seçilmiş və onların bu şəhərdə
başlanan tanışlıqları sonralar möhkəm
dostluğa çevrilmişdir.
1918-ci ilədək Duma nəzdində
qızğın fəaliyyət göstərən Hüseyn bəy
Həştərxanda sovet hakimiyyətinin qurulmasından sonra həbs
olunur. Ancaq tezliklə bütün əmlakı müsadirə
olunmaq şərtilə azadlığa buraxılır. 1920-ci
ilin mayınadək Hüseyn bəy Həştərxan Neft
Komitəsinin mal nəqli şöbəsinin müdiri vəzifəsində
çalışır. Həmin il
mayın 9-da Nərimanova yazdığı məktubla ailəsilə
birgə Bakıya köçmək və işə düzəlmək
üçün kömək istəyir.
Beləliklə, elə Nərimanovun göstərişi ilə
də Hüseyn bəy münasib
işlə təmin olunmaq üçün
Azərbaycan Neft Sənayesi komissarı N.İ.Solovyovun sərəncamına göndərilir və "Azneftkom"un mal əmtəə şöbəsi müdirinə
köməkçi, 1921-ci ildə Azneftin əmtəə
idarəsinə, daha sonra
maliyyə-kommersiya idarəsinə rəis vəzifələrinə
təyin edilir. 1922-ci ildə o, yanacaq üzrə Zaqafqaziya - Xəzər vilayəti şöbəsinin
rəis müavini vəzifəsinə
təyin olunaraq həyatının sonunadək
orada işləyir. Eyni
vaxtda Azərbaycan SSR Ali
İqtisad Şurasının
tapşırığı ilə 1924-cü ilin
aprelindən "Azneftticarət" kontorunu
yaradır və ona rəhbərlik edir. O, həm də Dağ -mədənçilər
ittifaqının şəhər mühəndis şöbəsinin
üzvü imiş. Hüseyn bəy öz xidməti
postunda 1925-ci il iyulun 25-də neft
anbarları şəbəkəsinə baş
çəkməyə (yoxlamaya) gedərkən
dəniz yolunda avtodrezina
qəzası nəticəsində həlak olmuşdur.
Öz qohumlarından Məstan Həsənağa
qızı ilə ailə həyatı qurmuş,
Bilqeyis adlı yeganə qızları olmuşdur.
Həsənağanın təqdim
etdiyi çoxsaylı və olduqca maraqlı foto və sənədlər
həm vaxtilə (XIX əsrin 2-ci yarısından etibarən)
Şuşa şəhərində məskən salıb, elm və
mədəniyyətimizə dəyərli xadimlər bəxş
edən, hazırda isə fərqli soyadlarla Azərbaycanda, eləcə
də dünyanın ən müxtəlif ölkələrində
yaşayan böyük bir nəsildən söhbət
açır, həm də iki insanın - Nərimanovla
Hüseyn bəyin sədaqətli dostluğundan xəbər
verirdi.
Bu materialların bizimçün
daha əhəmiyyətli olan bəzi qismini əvəzsiz olaraq
muzeyimizin fonduna bağışlayacağına söz verən
Həsənağa vədinə xilaf çıxmayaraq ikinci dəfə
oktyabrın 25-də, bu dəfə həm də atası ilə
- Məşədi Hüseyn bəyin nəvəsi, tibb elmləri
namizədi, Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyə
kafedrasının dosenti Firuz Fərzanə ilə birgə
qonağımız oldu.
Səmimi söhbət edə-edə
muzeyin zallarını gəzərkən Firuz müəllim bir
şəklin önündə dayandı. 1913-cü ildə Nərimanovun
Həştərxan ziyalıları ilə birlikdə çəkdirdiyi
şəklə işarə edərək: "Baxın, bu
şəkildə Nərimanovun sağında əyləşən
babam Məşədi Hüseyndir" - dedi. Ekskursiyadan sonra
Firuz müəllim və Həsənağa əvəzsiz
olaraq muzeyimizə hədiyyə etdikləri sənəd və
əşyaları təqdim etdilər.
Hədiyyələrdən Nərimanovun
1913-cü ildə Həştərxandan Bakıya
qayıdacağı ərəfədə öz avtoqrafı ilə
Məşədi Hüseynə
bağışladığı iki fotoşəkil,
qardaşı qızı Asya Nərimanovanın Məşədi
Hüseyin bəyin qızı Bilqeyis xanıma
bağışladığı şəxsi fotoşəkli əsli
fotoşəkillər olduğu üçün olduqca dəyərlidir.
Bundan başqa bir sıra sənədlərin kserosurətləri,
xüsusilə Hüseyn bəyin Həştərxandan 1920- ci
il mayın 9-da N.Nərimanova yazdığı çox səmimi
bir məktubun surəti, N.Nərimanovun Azərbaycan Xalq Təsərrüfatı
Şurası Neft Komitəsinə Həştərxandan şəxsən
özünün dəvət etdiyi Hüseyn Həyatovun
münasib işlə təmin edilməsi təklifi ilə
göndərdiyi məktub heç də az əhəmiyyət
kəsb etmir və çox mətləblərdən xəbər
verir. H.Həyatovun Nərimanova məktubu öz işini
gözəl bilib vəzifə borcuna məsuliyyətlə
yanaşan, tərk etməyə hazırlaşdığı
müəssisəni ziyana salmaq istəməyən, yeni işi
də mükəmməl bildiyi üçün Azərbaycana
fayda verəcəyinə və onunçün ağız
açacaq adama başucalığı gətirəcəyinə
əmin olan bir mütəxəssisin, həm də ailəsini
düşünən, övladını vətəndə
böyütmək istəyən bir atanın məktubudur. Belə
bir ərkyanalıqla yazılmış məhrəmanə məktubu
ancaq hədsiz arxalandığın, ürək
qızdırıb etibar etdiyin, sözünü yerə
salıb səni pərt etməyəcəyinə əmin
olduğun birisinə ünvanlaya bilərsən. Öz növbəsində
Nərimanovun da məktuba reaksiyası Həyatovun
yanılmadığını sübut edir. Sənədlərdən
göründüyü kimi, Nərimanov çox çətin
zamanda, gərgin iş şəraitində işləməsinə,
vaxtın darlığına baxmayaraq yubanmadan məktubdakı
xahişə əməl edib tədbir görmüşdür.
Həyatovun məktubundan sətirləri diqqətinizə
çatdırırıq:
"Əziz Nəriman!
Çox şadam ki, nəhayət
salamatlıqla Bakıya gəlib çıxmısan və
ümidvaram ki, ilk fürsətdə bizim də Bakıya
köçməyimizə kömək edəcəyin barədə
mənə və arvadıma Həştərxanda verdiyin vədi
unutmamısan. Mən və arvadım bunu sənə
xatırladaraq artıq dərəcədə xahiş edirik ki,
öz köməyini bizdən əsirgəməyəsən.
Belə ki sənin kiməsə bircə kəlmə
sözün kifayət edər ki, mən artıq Bakıda
olum. Hal-hazırda mən burada neftkomun nəqliyyat şöbəsini
idarə edirəm, amma mənim olduqca hazırlıqlı bir
köməkçim var ki, işə zərər vurmadan məni
əvəz edə bilər. Mən Bakıya rəsmən,
birbaşa Bakı neft sənayesi komissarlığına
köçürülmə yolu ilə gəlmək istərdim
və əminəm ki, Bakıda neft işində respublikaya
daha faydalı ola bilərəm, nəinki burda. Belə ki, son
iki il ərzində neft təsərrüfatını yeni sovet
zəmini əsaslarında kifayət qədər öyrənmişəm.
Məni Bakıya köçməyə
vadar edən sənin də bildiyin digər səbəblər
də var: bunlar buranın ab-havasından daim əzab çəkən
Bilqeyis və onun sonrakı taleyidir...
Bir sözlə, çox möhtərəm
Nəriman, öz köməyini məndən əsirgəmə
və səndən rica etdiyimi sonraya saxlama. Sənin neft sənayesi
komissarı yoldaş Solovyova ikicə kəlmə deməyinlə
mən dərhal Bakıya keçirilə bilərəm,
etimadını doğruldacağımdansa tam əmin ola bilərsən,
çünki mənim işə vicdanlı münasibətim
yoldaş Kirova, Babkinə, Melanoviçə və sovet
respublikasının digər məsul partiya işçilərinə
çox yaxşı məlumdur. Hörmətli Gülsüm
xanıma və uşaqlara məndən, Məstandan və
Bilqeyisdən səmimi salamlar.
Sənə dərin hörmət bəsləyən
sənin Hüseynin
9/V.1920
Həştərxan şəhəri."
Firuz və Həsənağa Fərzanələr
bütün bunlarla bərabər muzeyimizə XIX əsrin
sonlarına aid olan mürəkkəbqabı, lampa, qəndqabı
kimi qədim əşyalar da bağışladılar.
Zənnimizcə bütün bu
deyilənlər nərimanovşünaslıqda öz orijinal dəsti-xətti
ilə seçilən tarix elmləri namizədi Firdovsiyyə
xanım Əhmədovanın bu fikrini bir daha təsdiq edir:
"Azərbaycan cəmiyyətinin həqiqi ziyalıları
zaman-zaman onun müdafiəsinə qalxsalar da, Nəriman Nərimanovu
günümüzədək yaşadan, sevdirən, uca edən
bir qüvvə olub, var və olacaqdır - xalq məhəbbəti,
xalq yaddaşı. Onun qədər xalq yolunda fədakarlıq
etmiş bir şəxsiyyəti xalq - canlı varislik mənbəyi
heç zaman unutmayacaqdır".
Biz də öz növbəmizdə
heç bir məcburiyyət olmadan könüllü və təmənnasız
olaraq muzeyimizin zənginləşməsinə kömək edən
bütün soydaşlarımıza hədsiz minnətdarlığımızı
bildirir və arzulayan hər kəsi hamının faydalana biləcəyi
məkanda - millətimizə mənsubluğundan
qürurlandığımız N.Nərimanovun xatirə
muzeyində gözləyirik!
N.Nərimanovun
xatirə muzeyinin böyük elmi işçisi Rəna Qəhrəmanova
Ədalət.-2012.-19
may.-S.22.