AĞCABƏDİDƏ
QALDIRILAN BAYRAQ
Bir anın yazısı
Həmin gün təbiət də
çox qəribə olmuşdu və bu qəribəliyin ən
diqqət çəkən məqamı göy
üzünün birdən-birə qara buludlara
bürünüb sonra da şaqqıltı ilə az qala
göz boyda damlalara çevrilib yağış şəklində
səpələnməsi idi. Bu məqamı ona görə
unuda bilmirəm ki, biz Ağcabədiyə gələndə əməlli-başlı
yay havası idi. İnsanlar artıq qış paltarından
çıxmışdılar. Hər tərəfdə həmişəkindən
də artıq bir səliqə-səhman
yaradılmışdı. İnsanlar xüsusi bir maraqla səhərin
açılmasını gözləyirdi. Bu səhərin
tarixə çevrilən bir adı olacaq idi. O adı, o tarixi
yaddaşa köçürmək təbii ki, hər kəsin
ürəyindən olduğundan havanın belə insanı
ütən, yandıran bir şəkildə may ayına xas
olmayan bir nəfəs üstündə köklənməsi
daxili bir narahatlığa da səbəb olurdu.
Biz Ağcabədidə olanda
tanıdığım insanlar, görüşdüyüm
dostlar havanın bu şıltaqlığına, qəribəliyinə
işarə vurub dedilər ki, ağlımız bir şey kəsir,
deyəsən yağacaq. Amma kaş sabah tədbir zamanı
yağış yağmayaydı, ürəyimiz istəyən
kimi keçirərdik bu tədbiri.
Deyəsən Tanrı bu
arzuları, bu diləkləri eşitdi və gecə Ağcabədiyə
həmin o göz boyda iri damlalardan ibarət bir gurşad ələndi.
Yağışın altında dayanmaq mümkün deyildi. Təsəvvür
edin ki, iri damlalar kövrək budaqları, gül
kollarını böyrü üstə yıxdı, neçəsi
qol-budaq oldu. Amma o çaxan şimşəklər də, o
yağan yağış da həm yazdan xəbər verirdi, həm
də torpağın ətri adamın ruhuna hopurdu. Elə
bilirdin ki, kimsə səni paklamaq üçün, təzələmək
üçün, qəlbini, duyğularını ram etmək
üçün səpir üstünə bu
gürşadı. Bax, beləcə yağdı mayın 7-dən
8-nə keçən gecə Ağcabədidə. Həmin gecənin
səhəri isə Ağcabədidə həmin o möhtəşəm
tədbir gerçəkləşdi...
Bu da Bayraq meydanı...hər tərəfdə
bir səliqə-səhman. Görülmüş işin ilk mənzərəsi
dərhal adamı özünə çəkir. Mən bura gələnə
qədər rayon mərkəzindəki cənnəti
xatırladan parkı da gəzib-dolaşdım. Bir-birinə
sarmaşan güllər, uşaqlar üçün əyləncə
qurğuları, karusellər, müasir oturacaqlar, yaşlı
insanların həmsöhbət olması üçün
düzəldilmiş ayrıca yerlər. Bir sözlə, dincəlmək
üçün bütün şəraitin
yaradıldığı həmin parkdan o qədər də
uzaq olmayan Bayraq meydanına qədjər küçə boyu
irəliləyən adamlara qoşulub mən də
qatıldım o tədbirə. Buadamlara qoşulmaqda bir məqsədim
var idi: onların söhbətlərini dinləmək, fiikrlərini
öyrənmək. Axı mayın 8-i Azərbaycanda son dərəcə
ağır bir itkinin anım günüdü. Bu il isə
ölkə prezidentinin sərəncamı ilə həmin
anım günü, yəni Şuşanın
işğalının 20 illiyi ölkənin hər yerində
müxtəlif səviyyələrdə, müxtəlif
formalarda qeyd olunur. Ağcabədidə isə bayraq
qaldırılır - Azərbaycan Respublikasının Dövlət
Bayrağı!
Mənimlə yanaşı
addımlayan tanımadığım insanların söhbətlərini
dinləyirəm. Orta yaşlı bir kişi həmsöhbətinə
deyir:
- Bu gün Şuşanın
işğalından 20 il keçir. Belə bir gündə
bayraq qaldırmağın nə mənası var ki?
Həmsöhbəti dərhal onun
sözünü kəsir:
- Elə əslində bayraq bu
gün qaldırılmalıdı. Bilirsən niyə? -
Sualı özü verib cavabını da özü deyir. Ona
görə ki, düşmən bizim bayrağımızın
dalğalandığını görsün.
Bu məntiq mənə çox
doğma gəldi. Elə mən də təqribən belə
düşünürdüm. Bu düşüncənin
üstündə köklənmişdim. Mənim kimi
düşünənlər var imiş. Bu mənə elə
bil ki, əlavə qol-qanad verdi. Özümü bayraq
meydanına daha tez çatdırmağa həvəsləndirdim.
Bayraq meydanında diqqəti çəkən
bir izdiham var. Mərasim açıq elan olunur, dövlət
himni səslənir. Tədbirdə çıxış edən
Ağcabədi rayon İcra hakimiyyətinin
başçısı Şahin Məmmədov qısa, amma son
dərəcə məntiqli və səmimi
çıxış edir. O, üzünü rayon sakinlərinə
tutub deyir:
- Əziz ağcabədililər,
mayın 8-i Azərbaycanın ən gözəl guşələrindən
biri olan Şuşanın işğal günüdür. Biz
dövlət bayrağımızı belə bir gündə
qaldırırıq. Bu da səbəbsiz deyil. Çünki
biz düşmənə , eləcə də bütün
dünyaya göstərmək istəyirik ki, Şuşada
müvəqqəti məğlub olsaq da, biz Şuşaya
qayıtmaq üçün qaldırdığımız bu
bayrağı əlimizə götürüb böyük
ürəklə Qarabağa, Şuşaya doğru gedəcəyik.
Ağcabədidə dalğalanan bayrağın davamı olan qələbə
bayrağı Şuşada dalğalanacaq. Düşmən nə
qədər fitnəkar, arxalı olsa da, biz Şuşada
endirilmiş bayrağı daha əzəmətli bir şəkildə
daha hündür bir nöqtədə yenidən
qaldıracağıq. Hamı görəcək ki, yüksələn
bayrağımız öz zəfər
yürüşünü, öz qələbə
yürüşünü necə qətiyyətlə davam
etdirir.
Bəli, Ağcabədidə
qaldırılan bayrağın və bütövlükdə
bayraq meydanının tikintisi Dövlət Neft Şirkətinin
imkanları hesabına gerçəkləşdiyindən rayon
sakinləri şirkətin nümayəndələrini də
alqışlarla qarşıladılar. Onlara öz rəğbətlərini
ifadə etdilər. Yenidən səslənən dövlət
himninin sədaları altında bayraq Qarabağ
döyüşçüsü olan Ağcabədi sakini ilə
Şuşadan olan qaçqının birgə
gücünün hesabına yavaş-yavaş göy
üzünə tərəf qaldırılır. Mənə
elə gəldi ki, müharibə veteranı ilə
şuşalı qaçqının birlikdə dövlət
bayrağını qaldırmasının da öz rəmzi mənası
var. Yəqin ki, bu şuşalıların tək olmadığına,
Qarabağın hamımız üçün müqəddəs
olduğuna və bu qələbəyə birlikdə
qovuşacağımıza bir işarə idi.
Dövlət bayrağının
qaldırılma mərasimində mən hər kəsin təkcə
üz-gözündəki ifadələri kağıza
köçürsəydim, sanballı bir kitab alınardı. Eləcə
də çıxışların mətnini sizlərə təqdim
etsəydim, o da bir rəngarənglik təsiri
bağışlayardı. Amma əvvəldə dediyim kimi, məhz
mayın 8-də bayrağın qaldırılmasının rəmzi
mənasının böyüklüyünü ifadə edən
sözləri sizə çatdırmaqla bu mərasimin nə qədər
möhtəşəm olduğunu yəqin ki, ifadə edə
bildim. O ki, qaldı Ağcabədinin bugünkü mənzərəsinə,
düşünürəm ki, bu gün inkişafın
göstəricisi kimi hansısa bir ünvan axtarmağa ehtiyac
yoxdur. Sadəcə, Ağcabədidə olmaq, bu rayonu gəzmək,
yerli sakinlərlə söhbət etmək, xüsusilə
Ağcabədinin gecə mənzərələrini seyr etmək
özü-özlüyündə heç bir təqdimatsız
hər şeyi ifadə edə bilər. Birmənalı şəkildə
onu xatırladım ki, həqiqətən Ağcabədi yeni
bir ömür yaşayır, öz qədim tarixinin üzərində
öz keçmiş ənənələrinə söykənib
yeni günün, müstəqil Azərbaycanın gəzməli-görməli
bir guşəsinə çevrilib. İnanmayanlar və yaxud
şübhəsi olanlar buyursnular, gedib Ağcabədini gəzib
görsünlər. Hər halda, peşman olmayacaqlar.
Əbülfət
MƏDƏTOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-15
may.-S.7.